Bəli, Xalq artisti, professor Zamiq Əliyev əsl insan və sənətkara vacib olan bu xüsusiyyətləri özündə birləşdirir. Onun haqqında danışan məşhur sənət adamları - Xalq artistləri Habil Əliyev, Əlibaba Məmmədov, Arif Babayev, Mələkxanım Əyyubova, akademik Vasim Məmmədəliyev, bəstəkar Azər Rzayev, Əməkdar artist Simarə İmanova və başqaları da elə ilk olaraq Zamiq müəllimin bu keyfiyyətlərini vurğulayırlar. Mayın 25-i görkəmli musiqiçinin doğum günüdür. Bu münasibətlə maraqlı həmsöhbət olan Zamiq müəllimlə hazırladığımız müsahibəni oxucularımıza təqdim edirik.
   
   - Zamiq müəllim, səhnəyə aparan yolunuz necə olub və tar sizin üçün nədir?
   - Mən sadə azərbaycanlı ailəsində dünyaya gəlmişəm. Valideynlərim həssas insanlar idilər, musiqiyə həvəsimi görüb bu yolda mənə maneçilik törətmədilər. Uşaqlıq illərimin “musiqi alətləri” anamın oxlovu, kəfgiri olub. Sonralar tar qəlbimin yaxın sirdaşı oldu, sinəmin üstündə dilə gəlib danışdı. Tar mənim üçün əziz, doğma musiqi alətidir, onu heç nəyə dəyişmərəm. O mənə təkcə sənət üçün yox, eyni zamanda həmdəm kimi yaxındır. Tənha qalanda, kövrələndə, yaxşı əhvali-ruhiyyədə olanda tarımla danışıram. Bu aləti sinəmə sıxanda onu dindirməmiş anlayıram, o, əlimin hənirtisinə, ürəyimin döyüntüsünə, ağlımın gücünə tabedirsə, mən onun simlərinin ahənginə, məlahətli səsinə vurğunam.
   Tara uşaqlıq illərindən bağlanmışam. 132 saylı məktəbdə təhsil alır, həm də Y.Qaqarin adına Pionerlər Sarayına gedirdim. Az vaxtda qabiliyyətimlə yaşıdlarımdan seçildim. Həm rəqs dərnəyində, həm səhnələşdirilmiş kiçik əsərlərin ifaçılığında, həm də tar çalmaq məşqlərində fəal idim. Öyrəndiklərimi cilalayıb püxtələşdirməyə çalışırdım. İlk səhnə həyatım da elə burdan başladı. 1968-ci ildə məşhur “Artek” pioner düşərgəsində “Cücələrim” ansamblı ilə nüfuzlu musiqi yarışlarında iştirak edib qızıl medala layiq görüldük. Əlbəttə, bu uğur məni ruhlandırmaya bilməzdi.
   Sonra İncəsənət İnstitutuna daxil oldum. Tələbə ikən xoş təsadüf məni Dövlət Filarmoniyasına gətirdi. Hələ ikinci kursda ikən burada işə düzəldim. Ali təhsili başa vuranda artıq Filarmoniyada tanınırdım. Elə ona görə də təyinatım ora verildi. Sonra bir il Uzaq Şərqdə hərbi xidmətdə oldum. Hərbi hissənin mədəniyyət evinin səhnəsi də mənim üçün sınaq meydanı oldu. Geri qayıtdıqda, əlbəttə ki, doğma Filarmoniyaya döndüm. İlk fəaliyyət göstərdiyim heyət Ağası Məşədibəyovun ansamblı oldu. Böyük səhnəyə 1970-ci ildə gəldim. Filarmoniya nəhəng musiqi ocağı idi, burada canlı ifalar olurdu, hərədən bir şey öyrənirdik. Azərbaycanın korifey sənətkarları Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Tükəzban İsmayılova, Arif Babayev, Əlibaba Məmmədov və başqalarını konsertlərdə, el şənliklərində böyük həvəslə müşayiət etmişəm.
   - “Dan ulduzu” instrumental ansamblında çalışdığınız dövrü yada salaq.
   - Filarmoniyadakı fəaliyyətim nəticəsində xeyli populyarlaşmışdım. Bir gün Əməkdar incəsənət xadimi Gülarə xanım Əliyeva məni yanına çağırıb təklif etdi ki, onun ansamblının üzvü olum. Buna dərhal razılıq verdim. Onda “Dan ulduzu” tez-tez televiziyada çıxış edir, xarici ölkələrdə qastrollarda olurdu. Bu ansamblla dünyanın bir çox ölkələrinə səfərlər etmişəm. Bu kollektivdə çalışarkən daha da püxtələşdim. İlk olaraq tarla solo ifamı bu kollektivin müşayiətilə lentə yazdırdım.
   Onda tanınmış sənətçimiz Zeynəb Xanlarova “Dan ulduzu”nun müşayiətilə konsertlər verir, televiziya proqramlarında çıxış edirdi. O, ayrı-ayrı ansamblların müşayiətilə səhnəyə çıxırdı. Bir dəfə söhbət əsnasında sevimli müğənniyə təklif etdim ki, ayrıca ansambl yaratsın və səhnəyə daimi sənətçilərin müşayiətilə çıxsın. Əvvəlcə tərəddüd etsə də, sonra mənimlə razılaşdı. Və özümü də ansambla dəvət etdi. Bu kollektivə az bir zamanda Aftandil İsrafilov, Vəli Qədimov, Sadıq Zərbəliyev kimi istedadlı musiqiçilər cəlb olundu. Ansambl az vaxtda çox böyük nailiyyətlər əldə etdi. Biz dünyanın 50-dən çox ölkəsində ən böyük səhnələrdə Azərbaycan mahnılarını, mədəniyyətini tanıtmışıq.
   - Bəs niyə həmin kollektivdən ayrıldınız?
   - Bəzən insan nə qədər nailiyyət əldə etsə də, özündə daha böyük potensial, güc hiss edir. Elə ona görə də ansambldan getdim. Yaxın dostlarım Ağaxan Abdullayev, mərhum Ədalət Vəzirovla birgə Zülfü Adıgözəlov adına muğam üçlüyü yaratdıq. Bir çox ölkələrdə qastrollarda olub muğamımızı təbliğ etdik. Qərara gəldik ki, peşəkar musiqiçilər kimi gənc ifaçıları üzə çıxaraq. Bu xoş niyyətə nail olduq. 1997-ci ildə A.Zeynallı adına Musiqi Texnikumunun tələbəsi olan Simarə İmanovanın iştirakıyla Səmərqənddə keçirilən “Şərq təranələri” adlı beynəlxalq muğam festivalında iştirak edib 45 ölkə arasında “Qran-Pri” mükafatına layiq görüldük. Vətənə dönəndə üçümüz də Əməkdar artist adına layiq görüldük. Ulu öndər Heydər Əliyev özü bizi qəbul etdi, söhbət əsnasında dedi: “Mən inanırdım ki, Azərbaycan musiqisi belə mükafata layiqdir”.
   - Bir vaxtlar televiziyada veriliş də aparırdınız...
   - Bəli, altı il “Lider” telekanalında “Qızıl səslər” verilişinin müəllifi və aparıcısı olmuşam. Burada musiqi dünyamızın korifey sənətkarlarını bir daha efirə gətirib onları örnək kimi təbliğ etmiş, problemlərimizdən danışmışam. Düşünürəm, hər birimizin borcudur ki, özümüzü özümüzə dərk etdirək.
   - Zamiq müəllim, indi həm də gözəl bəstələrin müəllifi kimi tanınırsınız.
   - Artıq 50-dən çox mahnının müəllifiyəm, onlar tez-tez efirdə səslənir, insanlar dodaqlarında zümzümə edirlər. Mən yaradıcılığımda çoxşaxəliliyə üstünlük verirəm. İstəyirəm ki, potensialımdan tam istifadə edim. Buna nə qədər nail olmuşamsa, xalqımız qiymət verə bilər. Bir sıra şairlərin sözlərinə musiqi bəstələmişəm. Son vaxtlar Əməkdar incəsənət xadimi Kəmalə Ağayevanın (onun sözlərinə yazdığım “Elin Mehriban qızı” musiqili kompozisiyası muğam müsabiqəsinin qaliblərinin ifasında səslənib), Tağı Sadiqin şeirləri (“İlham alıram”, “Yada salarsanmı məni”, “Olaydı”, “Dilin dediyini ürəyin demir, “Bəlkə mənə yar olacaq” və s.) məni daha çox cəlb edir. 2009-cu ildə mahnılardan ibarət “Vurulmuşam” adlı diskim işıq üzü görüb. Daha biri də, yəqin ki, payızda hazır olacaq. İlk diskin ifaçısı Mələkxanım Əyyubova idi, ikincidə isə müxtəlif ifalar olacaq. Mahnılarımıza çəkilən xeyli kliplər də var.
   - Mədəniyyət və İncəsənət Universitetində professorsunuz, instrumental ifaçılıq kafedrasına rəhbərlik edirsiniz, Əbilov adına Mədəniyyət Mərkəzində ansamblla məşğul olursunuz. Bütün bunlara necə vaxt tapırsınız?
   - İstəyirəm bildiklərimi, məndə olanları, korifeylərdən görüb-götürdüklərimi gənclərə öyrədim. Universitetdəki tələbələrimə də Əbilov adına Mədəniyyət Mərkəzinə gəlməyi tövsiyə edirəm ki, ansamblla işləməyi öyrənsinlər. Proqramlar tərtib edib dərs vəsaiti hazırlayıram. Ötən il tar alətinin tədrisi üçün “Xalq çalğı alətlərinin öyrənilməsi” kitabını, yazdığım mahnılardan ibarət “İlham alıram” məcmuəsini də tələbələrimizin ixtiyarına vermişik. Müəllif kimi daha bir kitabımla öyünə bilərəm. Bu, “Səhnəarxası görüşlər” toplusudur. Ulu öndərin 85 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə buraxılmış kitabda ümummilli lider Heydər Əliyevin tədbirlərdən sonra incəsənət adamları ilə olan söhbətlərinin, görüşlərinin təfsilatı öz əksini tapıb.
   - Övladlarınızdan sizin yolunuzla gedəni varmı?
   - Xeyr, Əkbər də, Murad da İqtisadiyyat Universitetini bitiriblər. Musiqi duyumları olsa da, mən heç vaxt onları sənətə gəlməyə təhrik etməmişəm. Seçim özlərinindir.
   - Oxucularımıza sözünüz...
   - İstedadlı gənclərə demək istəyirəm ki, çətinliklərdən qorxmasınlar, sənətə gəlsinlər. Əgər ürəklə bir işə girişsən, ona vicdanla yanaşsan pillə-pillə yüksəlib vətən üçün layiqli övlad ola biləcəksən. Bu gün müstəqil Azərbaycanımızda tariximizə, mədəniyyətimizə, musiqimizə böyük diqqət yetirilir, onların inkişafına lazımi dəstək verilir. Muğam sənətinə göstərilən ehtiram heç vaxt belə yüksək olmayıb. Bu gün layiqli sənətkarlarımız öz qiymətlərini alıblar. Bu sahədə ölkəmizin birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. İnanıram ki, bu, gələcəkdə də belə davam etdiriləcək. Bir də istəyirəm ki, oxucular, dinləyicilər həmişə bayağı “əsərlər”dən, yazılardan qaçsınlar. Ancaq yaxşıları qəbul edib, onlara yüksək qiymət versinlər.
   - Sizi ad gününüz münasibətilə təbrik edir, cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.
   - Sağ olun, bu gün münasibətilə oxucularla məni görüşdürdüyünüz üçün təşəkkür edirəm. Gün o gün olsun ki, torpaqlarımızı işğaldan azad edib sözümüzü orada deyə bilək. Adil Mürşüdoğlunun sözlərinə yazdığım “Ümid nəğməsi” o yerlərə möhtəşəm dönüşümüzü tərənnüm edən mahnı ilə əvəz olunsun.
   
   İradə Əsədova