O, rejissorluq sənətini sənət kimi çox sevir...
   O, “səhnə mənim üçün bir obrazdır” - deyir...
   O, tamaşanı nəyin naminə hazırladığını tapana qədər əzab çəkir...
   O, arzusunda olduğu beş əsərin hələ də sirrini, kodunu axtarır...  

   Bəhram Osmanov 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. 1987-ci ildə Dövlət Akademik Milli Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyətə başlayıb. T.Uilyamsın "Şüşə heyvanxana", B.Vahabzadənin "Hara gedir bu dünya?", Y.O’Nilin "Qarağaclar altında məhəbbət", V.Babanlının "Ana intiqamı", Ə.Əmirlinin "Ağqoyunlular və Qaraqoyunlular", "Varlı qadın", "Mesenat", C.Cabbarlının "Ədirnə fəthi", U.Şekspirin "Kral Lir", Sofoklun "Şah Edip", N.Həsənzadənin "Pompeyin Qafqaza yürüşü", H.İbsenin "Oyuncaq ev" və daha neçə-neçə əsərini özünəməxsus yozumu ilə səhnələşdirib.
    İstedadlı rejissor həmçinin Füzuli Dövlət Dram Teatrında "Diribaş adamlar" (V.Şukşin), Gəncə Dövlət Dram Teatrında "At ilinin birinci ayı" (R.Novruzov), Lənkəran Dövlət Dram Teatrında "Yudif" (A.Tammsaars), "Günahsız müqəssirlər" (A.Ostrovski), Dövlət Gənc Tamaşaçılar Teatrında "Cəza" (Ə.Əmirli), Azərbaycan televiziyasında "6 saylı palata" (A.Çexov), "Bəyaz gecələr" (F.Dostoyevski), "Yurd yeri" (E.Mehrəliyev), "Qu quşunun məhəbbəti" (Şahin) və s. tamaşalara maraqlı quruluş verib.
 
   Həmsöhbətimiz Əməkdar incəsənət xadimi, tanınmış rejissor Bəhram Osmanovdur.
   
   - Bəhram müəllim, söhbətimizə Mirzə Fətəli Axundzadənin 200 illik yubileyindən başlayaq. Yəqin ki, bir rejissor kimi ötən illər ərzində Axundzadə yaradıcılığına müraciət etmisiniz...
   - Axundzadə yaradıcılığına daha çox Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətini tədris edərkən müraciət etmişəm. Böyük dramaturqun 6 komediyasından müxtəlif parçaları tələbələrlə hazırlamışam. Peşəkar səhnədə isə 12 il bundan əvvəl Gənc Tamaşaçılar Teatrında Axundzadənin "Sərgüzəşti-mərdi-xəsis" komediyası əsasında “Hacı Qara” tamaşasını hazırlamışam və hazırda teatrda bu tamaşanı bərpa etmişik.
   Məlum olduğu kimi, Mədəniyyət və Turizm Nazirliyi Axundzadənin 200 illiyi münasibətilə teatr festivalı təşkil edib. Ədibin yubileyinə bayram çələngi kimi bütün teatrlar öz töhfəsini verəcək. Gənc Tamaşaçılar Teatrında hazırladığım “Hacı Qara” və Musiqili Komediya Teatrında "Hekayəti-Molla İbrahimxəlil kimyagər" komediyası əsasında hazırladığım “Kimyagər” tamaşası da festival çərçivəsində nümayiş olunacaq.
   - "Hekayəti-Molla İbrahimxəlil kimyagər" uzun illərdir ki, səhnəyə qoyulmurdu. Necə oldu ki, bu əsərə müraciət etdiniz?
   - Səhv eləmirəmsə, bu əsər axırıncı dəfə ötən əsrin 50-ci illərinin sonunda tamaşaya qoyulub. Sevindirici haldır ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bu il Axundzadənin bütün əsərləri tamaşaya qoyuldu. Hər bir kollektiv, hər bir rejissor da həmin əsərləri fərqli yozumlarda tamaşaçılara təqdim etmək arzusundadır. O ki qaldı “Kimyagər”ə, bu, o dövrdə xurafatın əleyhinə yazılmış qiymətli bir əsərdir. Komediyada az işləyib çox qazanmaq sevdasına düşən, nəfsinin quluna çevrilən insanlardan bəhs olunur. Ancaq əsərə bu günün gözü ilə baxanda görürsən ki, İbrahimxəlil fırıldaqçı olsa da, əslində bu əsərdə hər kəs bir-birini aldatmaqla yaşayır.
   Tamaşanın libretto müəllifi Əjdər Ol, musiqi tərtibatçısı Siyavuş Kərimidir. Tamaşanın hazırlanmasında Əjdər müəllim mənə çox kömək etdi. Siyavuş müəllimin tamaşaya yazdığı musiqi isə hadisələri daha qabarıq şəkildə göstərməyə imkan yaradır. Hansı cəmiyyətdə tamah öndə gedirsə, həmin cəmiyyətdə qarmaqarışıqlıq hökm sürür. Qarmaqarışıqlıq hökm sürəndə fırıldaqçılar həmişə ön planda - “qəhrəman” olur. Tamaşada bu detalları göstərməyə çalışmışıq.
   
   “Komediyanı komediya kimi hazırlamağı sevmirəm”
   
   - Komediya fərqli bir janrdır. Yaradıcılığınızda bu janrın yeri...
   - Komediyanı janr kimi sevirəm. Bu janr zalı tamaşaçılarla doldurmağı bacarır. Antik ədəbiyyat faciə ilə başlasa da, ondan 50 il sonra komediyanın atası sayılan Aristofan çoxlu sayda komik əsər yazdı. O dövrdə insanlar həyati problemlərini dəf etmək üçün teatra gedirdilər, sonra da evə gedib məişət problemlərini həll edirdilər. Mən komediyanı komediya kimi hazırlamağı sevmirəm. Komediyada elə bir dramatik məqam axtarıb tapıram ki, bu günlə səsləşsin və sözünü desin. 50 il bundan əvvəl “Hacı Qara”nı xəsislik mövzusunda yazılmış bir əsər kimi dəyərləndirirdilər. Ancaq bu gün məlum olur ki, Axundzadənin bu pyesində XXI əsrə gərək olan xeyli gizli məqam var. Mən bu məqamlardan bəhrələnmişəm. Axundzadənin komediyaları iki əsrdir ki sözünü deyib, yəqin yüz illər bundan sonra da öz sözünü deyəcək.
   - Bəhram müəllim, bir qədər də ötən illərə nəzər salaq. Bildiyimizə görə, orta məktəbdə oxuyarkən səhnədə rollar oynamısınız.
   - Gəncə Dövlət Dram Teatrında uşaq rolları oynamışam. Ona aktyorluq deməzdim. Sadəcə, bir həvəs idi. Yaşımdan böyük rollar oynayırdım. Əmək kitabçamda ilk iş yerim də bu teatrdır. Ancaq orta məktəbi bitirəndə aktyor yox, rejissor olmaq qərarına gəldim. Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirdim. Diplom işi kimi T.Uilyamsın “Şüşə heyvanxana” tamaşasını hazırladım. Bu tamaşada SSRİ Xalq artisti Hökümə Qurbanova, tanınmış aktyorlar Fuad Poladov, Hamlet Xanızadə iştirak edirdilər. İnstitutumuzun rektoru mərhum Aslan Aslanov o vaxt təhsil naziri Qurban Əliyevi də bu tamaşaya dəvət etmişdi. Tamaşa bəyənildi. Hərbi xidmətdən qayıdandan 3-4 gün sonra məni Akademik Milli Dram Teatrına çağırdılar. Həsənağa Turabov teatra yenicə direktor təyin olunmuşdu. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev üç günün içində iş məsələmi həll etdi. Mənim taleyimdə, sənətdə qalmağımda bu şəxslərin mühüm rolu olub. Uzun illər keçsə də, mən bu gün ilk dəfə olaraq qəzetiniz vasitəsilə bu minnətdarlıq hissini qeyd etmək istəyirəm.
   - Və beləcə, xeyli sayda tamaşaya uğurlu səhnə həyatı verdiniz...
   - O gündən bu günə işləyirəm. Elə mövsüm olub ki, altı tamaşa hazırlamışam, elə mövsüm olub ki, beş tamaşa hazırlamışam, elə mövsüm olub ki, bir tamaşa da hazırlamamışam. Amma onu deyə bilərəm ki, Azərbaycan teatrının sevilməsi, çiçəklənməsi üçün nə qədər gücüm var çalışmışam və çalışacağam. Hazırda Azərbaycan teatrında olan aktyor nəsli 140 illik Azərbaycan teatrında heç vaxt olmayıb. Bu gün hər bir teatrda truppanın yarısı işləməyi bacaran sənət adamlarıdır. Onları qorumaq, onlara qayğı göstərmək lazımdır.
   - Adətən premyeradan sonra hansı hissləri keçirirsiniz?
   - Tamaşa hazırlayıb təhvil verəndən sonra artıq beynimdə başqa bir əsər formalaşır. Yəqin bu bir vərdişdir. Ancaq mən hələ arzuladığım tamaşaları hazırlamamışam.
   - Maraqlıdır, bunlar hansı əsərlərdir?
    - Beş əsər var ki, onlardan hər hansı birini hazırlamaq istərdim. Bilmirəm, bəlkə heç ömür vəfa etmədi...
   
   “Teatrlarımızın kamil dramaturgiyaya ehtiyacı var”
   
   - Sənətinizdə dönüş nöqtəsi nə vaxt yarandı?
   - 40-dan sonra işləmək bir qədər çətin olsa da, ləzzətlidir. Bu yaşda sənəti anlayırsan və çalışırsan ki, zəif əsəri tamaşaya hazırlamayasan.
   - Klassika, yoxsa müasir əsərlər sizin üçün daha maraqlıdır?
   - Klassikanı sevirəm. Ancaq klassika daha çox aktyor yetişdirmək üçün lazımdır. Teatr müasir əsərsiz yaşaya bilməz. Hər dövrün öz dramaturqu olmalıdır ki, tamaşaçı ona inanıb teatra gəlsin. Müasir əsər səhnəyə həm də yeni nəslin ədəbi zövqünü gətirir.
   - Bu gün səhnəmizdə hansı əsərlərə ehtiyac var?
   - Janrından asılı olmayaraq teatrlarımızın kamil dramaturgiyaya ehtiyacı var. Bu gün Azərbaycan dramaturgiyasında XXI əsrin tələblərinə cavab verən Xalq yazıçısı Elçin, Əli Əmirli, dramaturgiyada sınaqdan çıxan Əjdər Ol, Elçin Hüseynbəyli, dramaturgiyaya gəlmək istəyən gənc yazıçımız İlqar Fəhmi və neçə belə istedadlı dramaturqlar var.
   - “Teatr məbəddir” fikrinə münasibətiniz: teatr doğrudanmı məbəddir?
   - “Teatr məbəddir” fikri orda işləyən insanlara aid deyil. Tarixin səhifələrinə daha çox kilsə, məscid və teatr tikən memarlar düşüblər. Teatr yeganə sənət növüdür ki, tamaşaçılar könüllü olaraq məscidə, kilsəyə, ibadətxanalara getdikləri kimi, evlərindən çıxıb bu sənətə tamaşa etməyə gəlirlər.
   - Teatra gəlib baxanların ruhu necə, təmizlənirmi?
   - Bəli. Əgər səhnədəki ifaçılarla tamaşaçılar arasında gözəgörünməz enerji mübadiləsi yaranırsa, onlar təmizlənib gedir.
   
   “Səhnə mənim üçün bir obrazdır”
   
   - Aktyorluq çətindir, yoxsa rejissorluq?
   - Mənim üçün aktyor sənətindən böyük sənət yoxdur. Aktyor sənətinə pərəstiş edirəm, ancaq teatrın düşünən beyni rejissordur.
   - Rejissor həm də diktatordur...
   - Teatr sənəti, ümumiyyətlə, qarşılıqlı diktaturanı istəyir. Aktyor sənəti ilə məşğul olan illər keçdikcə o diktaturanı qəbul edirsə, mənim fikrimcə, böyük aktyor olur.
   - Nə vaxtsa bu sənətə gəldiyinizə görə peşman olmusunuz?
   - Xeyr. Bu sənətə gələndə bilirdim ki, məni nələr gözləyir. Amma mən bu sənəti sənət kimi çox sevirəm. Hərdən mənə elə gəlir ki, bütün teatrların giriş qapısına bu sözlər yazılmalıdır: özünü sənətdə yox, sənəti özündə sev.
   - Tamaşa yeni başlayanda daha çox həyəcan keçirirsiniz, yoxsa tamaşa başa çatanda?
   - Əsərin lazım olan nöqtəsini - tamaşanı nəyin naminə hazırladığımı tapana qədər əzab çəkirəm. Bəzən bu, illərlə uzanır. Və bəzən ayılırsan ki, arzuladığın və hazırlamaq istədiyin tamaşada baş rolda görmək istədiyin aktyor artıq həyatda yoxdur. Peşəkar sənətimin 23 ili Akademik Milli Dram Teatrında keçib. Mən o teatra gənc ikən gəlmişdim. Mənimlə yaşıd olan aktyorlarla birgə yaşlaşmışam. Bu müddət ərzində mən düşünürdüm ki, filan aktyorun 70 yaşı olanda filan pyesdə oynayacaq. Bir gün ayılıb görürəm ki, arzuladığım aktyor artıq həyatda yoxdur...
   - Səhnədə ən çox sevdiyiniz obraz.
   - Elə səhnə mənim üçün bir obrazdır. Bayaqkı sualınıza cavab olaraq hazırlamaq istədiyim tamaşalardan birinin adını çəkmək istəyirəm. Uzun illərdir ki, Şekspirin “Üçüncü Riçard” pyesi üzərində çalışıram. 32 yaşımda Şekspirin “Kral Lir”ini tamaşaya qoymuşdum. İmkan olsa “Maqbet”, “Üçüncü Riçard” əsərlərini də tamaşaya qoyaram. Mənə elə gəlir ki, bu əsərin lazım olan kodunu, sirrini tapmışam.
   - Uzun illər səhnədə bir-birindən maraqlı tamaşalar hazırlayandan sonra deyə bilərsinizmi, ilk dəfə hansı tamaşadan heyrətlənmişdiniz?
   - 5-6-cı sinifdə oxuyanda Gəncə Dövlət Dram Teatrında Polşa yazıçısı Yan Saloviçin “Qəribə dilənçi” əsəri əsasında hazırlanmış tamaşaya baxmışdım. Onda mən o sehri gördüm. Teatr, ümumiyyətlə, sehrli aləmdir...
   - Öz həyatınızdan tamaşa hazırlasaydınız onu hansı janra aid edərsiniz?
   - Deyə bilmərəm...
   
   Təranə Vahid