Sərhat Kabaklı: “Qarabağ hər birimizin qəlbində yaradır, amma Allahın köməyi ilə biz o yaranı sağaldacağıq”
   
   Həmsöhbətim bu günlərdə Azərbaycana ilk dəfə səfər edən, “Mən Bakını gəzərkən qürur duydum”, - deyən Türkiyənin dəyərli insanlarından biri, şairlik iddiasında olmasa da, ruhuna qonan şeirləri Tanrının neməti sayıb, hər kəslə paylaşan Sərhat Kabaklıdır. Könül evi zəngin olan bu insanla sizləri də tanış etmək qərarına gəldim.
   
   Sərhat Kabaklı türk ədəbiyyatının görkəmli nümayəndəsi, böyük mütəfəkkir, ədəbiyyatşünas və yazar Əhməd Kabaklının qardaşı oğludur. Deyir ki, biz ailədə dörd uşaq olmuşuq. Atamız bizi işçi maaşı ilə böyüdüb. Üç qardaş, bir bacı, hamımız müəllimlik sənətini seçmişik. “Biz tək məktəb müəllimi deyil, həyat müəllimi, ömür müəllimi olduq, öyrənməyə ehtiyacı olan insanlardan köməyimizi əsirgəmədik”, - deyən Sərhat Kabaklı sosial bilgilər üzrə təhsil alsa da, poeziyaya sonsuz sevgisi var.
   - Mənə deyirlər ki, şeir nədir? Deyirəm ki, şeir Allahın nəfəsidir. O nəfəs sənin ruhuna qonur. Bir gün dönüb yazdığın şeirlərə baxanda “bu şeirləri mənmi yazdım?” - deyib təəccüblənirsən. Çünki o bir ilhamdır, nəfəsdir.
   - Biz uşaq olanda əmim Əhməd Kabaklıya xoş gəlmək üçün nə isə düşünərdik. Əmim oğlu Əsəd saz çalar, türkü söyləyərdi, mən bunu bacarmazdım, ona görə də iki qatar şeir yazıb əmimin yanına gedib soruşardım ki, bu necə şeirdir? Əmim hər dəfə məni ürəkləndirərdi. Elə bir gün gəldi ki, əmim şeirimi Türkiyənin ən böyük ədəbiyyat jurnalında çap etdirdi. O vaxt 18 yaşım vardı. Bundan sonra məsuliyyətim daha da artdı. Daha gözəl şeirlər yazmalı idim ki, əmimin etimadını doğruldum.
   - Yəqin ki, türk dünyasında geniş yayılan, türk insanına onun böyüklüyünü xatırladan, ruhunu oyadan “Oğlum” şeirinin də öz tarixçəsi var?
   - 1981-ci ilin aprel ayında oğlum dünyaya gəldi. Həmin gecə “Oğlum” şeirini yazdım. 

   Gün gələndə, ay gələndə gəl, oğlum,
   Cahan yanar sən güləndə, gül, oğlum.
   Bir yol vardı, haqq yoludur, bul, oğlum,
   Yeri bilmək, göyü bilmək, bil, oğlum.
   Çabuk böyü, çabuk yetiş, tez, oğlum,
   Çaqqal gəzən bu dağlarda gəz, oğlum.
   
   Bu şeirdə demək istəmişəm ki, bu dağlarda indi çaqqal gəzir, amma dağlar qurda layiqdir. Sən tez böyü, o dağlardan çaqqalları qov.
   Şeiri əmimə təqdim elədim, o da jurnalda çap elədi. Sonra onu sıradan bir şeir kimi unutdum. Bir gün təqvimi vərəqləyərkən gördüm ki, onu kimsə jurnaldan götürüb təqvimin səhifəsində yerləşdirib. Əmim oğlu Əsəd dedi ki, mən bu şeirə musiqi bəstələyəcəyəm. Elə də etdi. Odur ki, bu şeirin tanınması, yayılması və sevilməsində Əsədin böyük zəhməti var. O, öz bəstəsi ilə bu şeirin tozlu rəflərdə qalmasına imkan vermədi. “Oğlum” türk dünyasına çağırış, oyanış oldu.
   - Bəzən Əsəd bəy bu türkünü oxuyarkən şeirin sözlərində xoş bir dəyişiklik edir ki, bu da qəlbimizdəki Qarabağ həsrətini göynədir...
   - Qarabağ hamımızın qəlbində bir yaradır, amma Allahın köməyi ilə biz o yaranı sağaldacağıq. Biz sülh tərəfdarıyıq, sülh göyərçinləriyik, amma kimsə qarşımıza çıxıb “Qarabağ mənimdir”, - desə, o zaman savaşın qartalıyıq. Həmin türküdə də şeir belə səslənir:
   
   Çabuk böyü, çabuk yetiş, tez, oğlum,
   Çaqqal gəzən bu dağlarda gəz, oğlum.
   Gəz oğlum!
   Qarabağa göz dikəni əz, oğlum.
   Dostun kim, düşmənin kim? - sez, oğlum,
   Tarixini şərəfinlə yaz, oğlum.
   Yaz, oğlum!
   
   - Bildiyimizə görə, “Öncə göyərçinləri vurdular” adlı kitabınız işıq üzü görüb. Bu kitabda nələr var?
   - “Öncə göyərçinləri vurdular” kitabı fərqli bir kitabdır. Kitabda həm sevgi şeirləri, həm də vətən şeirləri yer alıb. Sevgi şeirlərini yazdığın zaman xoşuna gəlir, amma sonra onlardan utanırsan, vətən şeirləri isə mənə çox uğur qazandırdı.
   - Sərhat bəy, hər açılan sabahdan yeni bir yol başlayır. Şeirləriniz qanad açıb uçarkən yeni bir işə başladınız. Bildiyimizə görə, müəllimlik sənətinə olan sevginiz sizi bir müddət yaradıcılıqdan uzaqlaşdırdı.
   - 15 il qələmi əlimə alıb heç nə yazmadım. Bu, məni çox narahat edirdi. 15 ildən sonra iki roman, iki dram əsəri yazmışam. İnşallah, bundan sonra yaradıcılığımı davam etdirmək arzusundayam.
   - İlk dəfə Azərbaycana gəldiniz. Təəssüratlarınız necədir?
   - Uşaqlığımızda biz Azərbaycanı qolları zəncirlənmiş igid kimi xəyal edərdik və inanardıq ki, vaxt gələcək, Azərbaycanı xilas edəcəyik. Sovet gücü o vaxt xəyallarımızın gerçəkləşməsinə mane olurdu. Gün gəldi ki, Azərbaycan müstəqilliyini qazandı, özü özünə sahib çıxdı, biz Azərbaycanın hər uğurunu can - könüldən izlədik. Mən Bakını gəzərkən qürur duydum, bu gözəlliyi, bu əzəməti, bu şah əsəri görüb belə bir türk dövləti ilə fəxr etdim.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar