Sentyabrın 14-də yazıçı-dramaturq Aslan Qəhrəmanlının 73 yaşı tamam olur
   
   Azərbaycan tamaşaçıları onu daha çox “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” televiziya tamaşalarının müəllifi kimi tanıyırlar. Üstündən 31 il keçsə də, əfsanəyə çevrilmiş bu tamaşa hələ də yaddaşlarda, xatirələrdə yaşayır. Hələ də Elçinlə Gülnarın sonrakı taleyi insanları düşündürür.
   
   “Görəsən, indi o haradadır? Toyu oldumu? Bəlkə Vasifə zəng edib soruşum? Yox, soruşmağın mənası yoxdur. Fərli bir cavab verməyəcək, fikirləşəcək ki, Elçinin başı xarab olub... Mən o qızla cəmi beş dəfə görüşmüşəm. Beş dəfə. Amma bu görüşləri ən kiçik təfərrüatına qədər xatırlayıram. Yadımdadır, hər şey bir adi yaz günündən başladı...” (“Səni axtarıram”).
   Beləliklə, müsahibimiz Aslan Qəhrəmanlıdır.
   
   - Aslan müəllim, düz 16 il bundan əvvəl sizə “Aslan Qəhrəmanlı kimdir?” sualını vermişdim və siz “Adi bir müəllim, Azərbaycan Dövlət Neft Akademiyasının dosenti. Bir də hərdən yazı-pozu ilə məşğul olan, hekayələr, povestlər yazan bir adam. Bir də böhran şəraitində özünü oda-közə vurub uşaqlarını saxlamaq istəyən bir ata” cavabını vermişdiniz. 16 ildən sonra bu suala necə cavab verərdiniz?
   - Neft Akademiyasından çıxmışam. Vergilər Nazirliyinin “Azərbaycanın vergi xəbərləri” aylıq elmi jurnalında 7 il baş redaktor işlədim. Yeddi ilin tamamında, yeddinci ayın yeddisində ərizə yazıb işdən çıxdım. Azərbaycan Universitetinin riyaziyyat və informatika kafedrasında dosent işlədim. Bir müddətdən sonra məni Azərbaycan Universitetinə rektor təyin etdilər. Bir il yarıma yaxın bu vəzifədə işləyəndən sonra təqaüdə çıxdım.
   - Vəzifədə işləməyiniz yaradıcılığınıza necə təsir elədi?
   - Mənim üçün vəzifənin heç bir əhəmiyyəti yoxdur. Heç vaxt vəzifə dalınca qaçmamışam, əksinə, vəzifədən qaçmışam. Müxtəlif vəzifədə işləməyin yaradıcılığa o mənada təsiri var ki, çox adam tanıyırsan, müxtəlif xarakterli insanlarla qarşılaşırsan, fərqli insan tipləri ilə tanış olursan. Yaradıcı insan üçün bunlar gələcək qəhrəmanlarının həyatdakı prototipidir.
   - Yəni obrazlarınızı həyatdan götürürsünüz.
   - Mütləq. Başqa cür ola da bilməz. Əsərdəki qəhrəmanlarımın əksəriyyəti tanıdığım adamlardır. Hətta nağıllarımdakı qəhrəmanlar belə o adamların xüsusiyyətlərini daşıyır.
   - Siz o xoşbəxt sənətkarlardansınız ki, çox əminliklə “heç vaxt yazdıqlarımdan utanmamışam” deyirsiniz.
   - Doğrudan da elədir. Lap elə çap olunmamış yazılarım var ki, mən onu götürürəm, görürəm ki, indi çap elətdirsəm utanmaram. Çünki mən fikirləşdiyimi yazıram, kimin isə xoşuna gəlməsi üçün yazmıram.
   - 16 il bundan əvvəl beş kitabınız işıq üzü görmüşdü. Yəqin ki, bu illərdə kitablarınızın da sayı artıb?
   - İndiyədək 26 kitabım çıxıb. Ancaq bu kitabların təxminən yarısı bədii əsərlərdir, qalanı isə dərsliklər, dərs vəsaitləri və monoqrafiyalardır.
   - Sizin həmmüəllifi olduğunuz “Vergi mədəniyyəti” kitabını görmüşəm. Maraqlı adı var.
   - Azərbaycanda da, digər sovet respublikalarında olduğu kimi, vergi problemləri yalnız müstəqillik qazanıldıqdan sonra öyrənilməyə başlanıb. Bu kitabı da, iqtisadiyyata və vergilərə aid olan elmi məqalə və dərslikləri də görkəmli alim Akif Musayevlə birlikdə yazmışıq. Vergiyə aid tövsiyələr, məlumatlar, müxtəlif ölkələrdə hansı vergilər olub, vergini neçə yığırlar, necə ödəyirlər, bir sözlə, vergi haqqında bu kitabda çox dəyərli məlumatlar var. Orta məktəb şagirdləri üçün də bizim üç dərsliyimiz işıq üzü görüb. Üçüncü-beşinci sinif şagirdləri üçün “Vergilərin əhəmiyyəti və ya yeddi nağıl axşamı”, yuxarı sinif şagirdləri üçün isə “Vergilər” adlı iki kitabımız çap olunub.
   - İlk kitabınız 1971-ci ildə işıq üzü görsə də, on il sonra “Səni axtarıram” televiziya tamaşası müəllif kimi sizi daha çox məşhurlaşdırdı. Artıq tarixə çevrilmiş bu tamaşanın öz tarixi də maraqlıdır.
   - O vaxtlar Azərbaycan Dövlət Televiziyası respublikamızda yeganə telekanal idi. Televiziyada “Hekayə axşamı” adlı veriliş vardı və biz də hamı kimi axşamlar bu verilişə baxardıq. Verilişdə iki-üç hekayədən səhnəcik hazırlayardılar. Bir dəfə yenə bu verilişə baxırdıq, gördük ekranda yazıldı: Aslan Qəhrəmanov. “Bir otaqda beş nəfər”. Bu hekayəm “Ədəbiyyat və incəsənət” qəzetində çap olunmuşdu. Hekayə xoşlarına gəlib, götürüb səhnələşdiriblər. Sonra məni axtarıb tapdılar, dedilər, sənin hekayələrin tamaşa üçün əlverişlidir. Xüsusilə də dialoqlar xoşlarına gəlmişdi. Bir neçə hekayəmi səhnələşdirib verdim.
   “Səni axtarıram” mənim sayca yeddinci televiziya tamaşam oldu. Ondan qabaq müxtəlif rejissorlar altı hekayəm əsasında tamaşa hazırlamışdılar. Ramiz Həsənoğlunun hazırladığı tamaşalar daha maraqlı idi. “Bir payız axşamı” tamaşasında əsas rollarda Kamal Xudaverdiyevlə Yaşar Nuri çəkilmişdilər. “Müsabiqə” hekayəsinin motivləri əsasında hazırlanmış tamaşada Hamlet Qurbanov, Hamlet Xanızadə iştirak edirdilər. Hər iki tamaşa çox uğurlu alınmışdı. Rejissor Tahir Tahirov “Spektr”i hazırlamışdı. Bu tamaşada Yaşar Nuri ilə Amaliya Pənahova oynayırdılar. Tariyel Vəliyevin və Həsən Əblucun tamaşaları da baxımlı idi.
   “Səni axtarıram” pyes şəklində yazdığım ilk əsər idi. Pyesin öz yazılma tarixçəsi var. Rəhmətlik Tariyel Vəliyev bir gün dedi ki, tamaşa hazırlamaq istəyirəm, iki nəfər üçün bir pyes yaz. Yazdım. Ədəbi dram redaksiyasının baş redaktoru Nahid Hacızadənin, həmin redaksiyanın redaktorları Aydın Qurbanoğlunun və Həbibə Məmmədxanlının çox xoşuna gəldi. Tariyel müəllim pyesi oxuyan kimi dedi ki, Elçin rolunda Yaşarı görürəm. Dedim elə mən də Yaşarı təsəvvür eləmişəm. Çünki mən cavan vaxtı bir az Yaşara oxşayırdım.
   Ancaq Gülnar roluna aktrisa tapılmadı. Tariyel müəllim bir ildən sonra hansısa verilişdə Firəngiz Mütəllibovanı görüb bəyənmişdi, gəlib bizə dedi ki, Gülnarı tapmışam.
   Tamaşa 1980-ci ilin axırlarında çəkildi. Həmin ilin qışı qarlı, çovğunlu keçirdi. Montajda Tariyel müəllimlə yanaşı, mən də, Nahid Hacızadə də iştirak edirdik. Elə olurdu ki, səhərə kimi montaj otağından çıxmırdıq. Tamaşada o dövr üçün riskli məqamlar vardı. Nahid Hacızadə də, televiziyanın rəhbəri Elşad Quliyev də narahat idilər ki, tamaşa yuxarılarda necə qarşılanacaq. "Səni axtarıram" 1981-ci ilin əvvəllərində efirə getdi, “letuçka”ya 5-10 dəqiqə qalmış Mərkəzi Komitədən zəng gəldi ki, tamaşa yaxşı tamaşadır, xoşumuza gəldi. Doğrudan da uğurlu bir tamaşa oldu və böyük səs-küy yaratdı.
   - 31 ildən sonra deyə bilərsinizmi tamaşanın uğuru nədə idi?
   - Tamaşada pyes, rejissor işi, aktyorlar, musiqi bir-birini tamamlayırdı. Bütün məşqlərdə və çəkilişlərdə özüm də iştirak etmişdim. Tariyel Vəliyev olduqca həssas, məsuliyyətli, yüksək zövqlü bir rejissor idi. Hər kadrın üstündə əsirdi, tamaşaya musiqi seçəndə onun necə düşünüb-daşındığını, dəfələrlə seçim etdiyini yaxşı xatırlayıram. Tamaşadan sonra televiziyaya o qədər məktublar gəlirdi ki, oxuyub qurtara bilmirdik. Tariyel müəllimin bir “diplomat”ı vardı, məktubları ona doldurub aparırdı evə. Tamaşaçılar məktub yazıb qəhrəmanların sonrakı taleyi ilə maraqlanırdılar. Televiziyanın rəhbərliyindən təklif gəldi ki, bu tamaşanın davamını yazmaq lazımdır. Çətin deyildi, həyat həmişə davam edir. Beləliklə, ikinci hissə - “Bağışla” və üçüncü hissə - “Səndən xəbərsiz” yarandı.
   - Elə bu son illərə kimi tamaşaçılar Elçinlə Gülnarın trilogiyadan sonrakı taleyini gözləyirdilər.
   - Belə bir məsələ var idi. Sovetlər dağılandan sonra bu tamaşanın davamını çəkmək istədilər. Dedim ki, lazım olsa yazaram. Ancaq maddi vəsait olmadığından bu arzu gerçəkləşmədi. Bir neçə il əvvəl yenə təşəbbüs oldu, bu dəfə mən istəmədim, dedim ki, çox keçib, daha gecdir.
   - Qəhrəmanlarınızdan sizə daha yaxın olanı hansıdır?
   - Hərəsinin öz yeri var. Elçin müəllimi daha çox istəyirəm.
   - Çexov deyirdi ki, ədəbiyyat ağrının özüdür. Bu gün ədəbiyyat o ağrıları daşıya bilirmi?
   - Ədəbiyyat ağrıları həmişə daşıyıb, amma hansı səviyyədə daşımağı var. Elə vaxt olub ki, o ağrıları çiyninə alıb, bükülə-bükülə daşıyıb, elə vaxtlar olub ki, əyləncə kimi daşıyıb. Müxtəlif yazıçıların, dövrlərin ədəbiyyatı var. Puşkin dövrü, Tolstoy dövrü, Dostoyevski dövrü... Ədəbiyyat elə bil əvvəlki missiyasını itirib. Ancaq yenə də o ağrıları daşımağa çalışır.
   - Hər yazıçının özünəməxsus yazı üsulu var. Siz necə yazırsınız?
   - Qəhrəmanlarımı gözümün qabağına gətirirəm, deyirəm, filanı xoşbəxt olacaq, filanı öləcək. Yazıram, sonra baxıb görürəm ki, “öldürmək” istədiyim qəhrəman əsərin sonunda sağ-salamatdır. Yazdığım fikirləşdiyim kimi alınmır.
   - Bilirik ki, hazırda memuar yazırsınız. Bu barədə nə deyərdiniz?
   - Xatirələrimi yazıram. Bəzi hissələri çap olunub. Bu klassik formada memuar deyil, xırda miniatür hekayələrdir. Adı da belədir: “Baxdım bu dünyanın pəncərəsindən”
   - İllər öncə özünüzə nə arzulayardınız sualına “Dözüm!” cavabını vermişdiniz. Ömrünüzün 73-cü payızında özünüzə nə arzulayardınız?
   - Dözüm, bir də cansağlığı.
   
   Redaksiyamızın qonağı olan Aslan müəllimi yola salanda sevimli yazıçımızdan “Bir də qismət olarsa, 16 ildən sonra görüşərik” diləyi ilə ayrıldım. Gülüb, arzuma qoşuldu.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar