Qələmiylə aləmi bəzəyib, qəlbini gözəyən Çəmənli!..
   
   Tələbəlik illərimizdən keçən bu qırx ildə toydan-vaydan savay, bir əməlli-başlı görüşüb-söhbətləşə bilmədiyim açıq-aydın dostumuz, gün aydın!
   O iki virtual görüş ünvanlarımızın da ki birində səs-küydən, o birində hüzndən macal tapıb bir doyunca təmənnəşib-həmənləşə bilmədiyimiz sadiq-salim həmvətənlim, salamlar!

   
   Necə ki, «Nazim qırx il, düz qırx il dünyanın şeir-sənət limanlarına Türkiyə yükü boşaltdı» (və «bəs ondan şairə nə çatdı?!»), sən də düz dörd onillikdir sənətsevər qəlblərə mədəniyyət-mənəviyyat məhsulları bəxş edirsən (birazdan söylərsən görək, bəs bundan sənə - tanınmış nasir-publisistə nə çatıb?).
   
   Gəlirəm, Mustafa Çəmənli. Hər gün sənin sadə-sayalı ziyalıyana gedib-gəldiyin marşrut avtobuslarından biriylə ağıryana-ağayana yaxınlaşmaqdayam iş yerinə. Uşaqdan-ağsaqqala - hamısının əlində telefon olan bu sərnişinlər içərisində məni belə bir fikir də götürüb ki, bəs o Mustafa Çəmənli (və başqaları) bu qədər kitabı niyə yazıb, onun çalışdığı nəşriyyat (və digərləri) bu qədər nəşrləri nə üçün çap edir?
   Hə, başı «Oxu, gözəl!» kimi gözəl kitablar yazmağa qarışdığından daha gözəl, daha qayğıkeş ata, daha istiqanlı qohum, daha fədakar dost ola bilməyən Mustafa Çəmənli! Salam, xoş, beş, on beş və əyləş görək, nə var-nə yox...
   - 65 yaşın qutlu və mutlu!
   - Təşəkkür...
   - «Böyük» repressiya «qardaş»ımızdan düz 10 il sonra doğulubsan; valideyninin, siyasi qohum-əqrəbanın, kitab-dəftərlərin söyləmələrinə görə o illər necə illər imiş?..
   - Bu barədə «Burdan bir atlı keçdi» kitabımda yazmışam. O illər anamın dayısı Musa kişini Sibirə sürgün etmiş, bağ-bağatının yerində pambıq əkmişdi. O illər kəndimizdə silah axtarışına da çıxmış, elin ağır ağsaqqalı Məşədi Mahmud kişini günün günorta çağı güllələmiş və məhz onun güllələndiyi yerdə (!) Stalinin nəhəng heykəlini qoymuşdu. Kənd orta məktəbimiz də o heykəlin önündə idi və Xruşşov dövründə bir səhər o məktəbə gələndə o heykəli yerində görmədik. Qarabağın adlı oğullarından olmuş, böyük vəzifələrdə çalışmış Çəmənli Bahadur bəyi (Vəlibəyov) də elə o illərdə güllələmişdilər.
   - Bəs sənin öz deməyinə görə, həmin o Ağdamın həmən o Çəmənlisində indiki vəziyyət?
   - Hərdən televiziya kanallarında Ağdamın yarı o yan-yarı bu yanlıq mənzərələrini seyr edir və o yan-bu yanlıq oluram. Yolum Çəmənliyə düşəndə kənd məscidinin minarəsinə çıxıb salam-dualar edir, dörd bir yana göz gəzdirə-gəzdirə, bəzən, saatlarla “sayğı sükutu”na dalıram... Ağdama baxmaq mənimçün bir tamaşa-faciədir... Vəssalam!
   - Böyük ədəbiyyata gələnə qədər böyük həyatın 2 zavodunda işləmiş, 1 universitetində oxumuş, 2 nəşriyyatında çalışmısan. O illərdən qısa xatirələr...
   - Kənddə doğulan bütün uşaqlar kimi, mən də lap balacalıqdan zəhmətə alışmışam. Atamı bir yaşım olanda itirdiyimçün həyatın hər yükünü özüm çəkməli, buna vərdiş etməli olmuşam. Universitet təhsilindən əvvəl, universal bir həyat dərsi almışam. Mingəçevirdə, Bakıda zavodlarda işləmişəm. Amma həmişə oxumağa, təhsil almağa can atmışam. Sovet dövründə mən taledə olanları hörmətli sovet «professor»ları çox halda «konkurs»a salırdılar. Ancaq mən də bir çox inadkarlar, özünə inananlar kimi, dayanıb-durmadım. Ədəbiyyata lap uşaqlıqdan can atırdım. Mingəçevirdə yaşadığım illərdə «Kür» ədəbi dərnəyində hekayələrimlə çıxış edirdim. İlk hekayəm də «Mingəçevir işıqları» qəzetində çap olunub. On dörd il «Yazıçı» nəşriyyatında işləmiş, 14 il «Gənclik» nəşriyyatının baş redaktoru olmuşam. Bu gün də «Təhsil» nəşriyyatında işləyirəm. Təkcə nəşriyyatlarda keçən günlərimi, gördüyüm işləri qələmə alsam, bir kitaba sığışmaz.
   - Gəlib çıxdıq «gözəlim ədəbiyyat»a - 320 («Ruhların üsyanı»), 358 («Xallı gürzə»), 432 («Leyli və Məcnun» - 100 il səhnədə») səhifələrlə çıxası kitablarının ilki olan 115 vərəqlik «Mənim dünyamın adamları»na...
   - Hə, «Yazıçı» nəşriyyatının direktoru, rəhmətlik Əjdər Xanbabayev «Mənim dünyamın adamları»nın (1982-ci il, on min tiraj!) əlyazmasından üç vərəqlik «Ləpirlər» hekayəmi oxuyur, xoşuna gəlir. Hətta onu nəşriyyatın baş redaktoru Ə.Kürçaylıya da oxutdurur və rəhmətlik Əliağa müəllim də ərizəmin üstünə «Uğurlu yol» həcmində dərkənar yazır. Bir müddət sonra həmin hekayəm Əfqanıstanda da çap olunmuşdu.
   - Növbəti sual-cavablarda növbəti kitablarına toxunacağıq. Amma əvvəlcə, bir məni başa sal görüm, «Yazıçı» və «Gənclik» kimi «başqaşınmaz» nəşriyyatlarda çalışa-çalışa, qaçqın qohum-əqrəbanın filçəkməz problemlərinə qarışa-qarışa, «sağ-solsuz» dostların, «Uğurlu yol»suz ədəbi gəncliyin yollarında alışa-alışa bu 20 kitabı yazmağa necə macal tapmısan, canım?
   - (Gülümsünür) Bu füzun suala qıs-qıvraq cavab olaraq deyim ki, ayağın sayalıdır, qardaşım! Elə indicə - görüşümüzdən az əvvəl, 21-ci kitabımın - «Ölüm mələyi» adlı tarixi romanımın siqnal nüsxəsini almışam.
   - «Siqnal» təbrik məndən, mətbuata «siqnal» açıqlama səndən...
   - XVI əsrdən - I Şah Təhmasibin ömrünün son günlərindən bəhs edir bu roman. Hörmətli oxucularımız onun Qəhqəhə qalasında dustaq etdiyi və atasının ölümündən sonra Səfəvilər taxtına çıxmış II Şah İsmayılın qeyri-adi həyatı, tarixi olayları, ədəbi-bədii detallarla verməyə çalışdığım obrazıyla tanış olacaqlar.
   - Uğurlu olsun!
   - «Uğurlu olsun» dedin, bundan öncəki sualında toxunduğun «uğurlu yol» məsələsi yadıma düşdü. Bu barədə onu deyə bilərəm ki, sovet dönəmində cavanlar üçün bu, ədəbi «pasport» rolunu oynayırdı. Doğrusu, o dövrdə hansısa canlı klassikə «Uğurlu yol» yazdırmağa heç vaxt cəhd etməmişəm. Bu sarıdan bir az utancaq, qılıqsız olmuşam. İşlədiyim nəşriyyatlar mənə çox şey verdiyi kimi, çox şeyi də alıb. Vaxtımı, enerjimi... Bununla belə, ömrü boşa verməmişəm. İnsanın işi çox olanda daha məhsuldar işləyir. Hər gün, heç olmasa, 2 saat işləmək lazımdır. Yaradıcılıqla məşğul olmağın başqa yolu yoxdur. Axı biz sözün fəhləsiyik.
   - Son 30 ildə sənətkar-ifaçılar haqda bir neçə kitab, bir çox məqalə, xeyli kino-tele ssenarilər yazmısan ki, oxuyanlar oxuyub, baxanlar baxıb. O kitab və lentlərdən qısdığın elə bir gizlincin varmı ki, bizim qəzetə açasan?
   - Deyim ki, məndə sənin bu sualına bir kitablıq söz var. Sən «Mədəniyyət»ə gələnədək mən bu qəzetdə «Ürəyimdən kimlər keçdi», «Ürəyimdə qalan sözlər» silsiləsində xeyli xatirə-məqalələr çap etdirmişdim. «Mədəniyyət» qəzeti ilə əməkdaşlıq mənimçün çox xoşdur və inşallah, dediyim “bir kitablıq” gizlinclərimi də yavaş-yavaş açaram.
   - Yaşın o yaşdır ki, «nəsillər-fəsillər» səltənətində də gəzişə bilərsən. Yəni, səni - çoxşaxəli mövzular müəllifini uşaqlar («Çahargah»), gənclər («Səsin ruhu», «Fred Asif») və qocalar («Muğam dünyasının Xanı», «Oxu, gözəl!») haqda kitablarının qısa «açma»larına dəvət edirəm...
   - Doğrusu, sənət adamları haqqında yazdığım kitabların janrını müəyyənləşdirməkdə həmişə çətinlik çəkmişəm. Əslində, bu kitabların hamısını sənədli nəsr hesab etmək olar. Təəssüf ki, bizim tənqidçilərimiz sənədli nəsr nümunələrini təhlilə çəkmir, ən optimal halda isə o yazılar jurnalist yanaşması sərhədini aşmır. Mənim iki dəfə nəşr olunmuş «Fred Asif» sənədli romanım Qarabağ hadisələrindən bəhs edən ilk sənədli nəsr əsəridir. Mənə qədər bu sahədə ancaq şəhidlər haqqında ensiklopedik sorğu kitabları vardı.
   Ölməz müğənnimiz Şövkət Ələkbərovaya həsr olunmuş «Oxu, gözəl!»in iki nəşri olub - müğənninin sağlığında və onun 80 illik yubileyində. 2-ci nəşrinə görə Mədəniyyət və Turizm Nazirliyinə böyük təşəkkür və minnətdarlıq edirəm.
   «Muğam dünyasının Xanı» kitabımda 42 nəfərin xatirələrini qələmə almışam. Kitab ədəbi söhbət janrında yazılsa da, tənqidçilərimiz onu «əvvəli və sonu bilinməyən roman» adlandırmışdılar. Mən bu kitabda həm də xatirə söyləyənlər haqqında ensiklopedik məlumat vermişəm. Bu tərtibdə kitab da ancaq bəndənizə məxsusdur. Uşaqlar üçün yazmağıma gəlincə... Ümumiyyətcə, muğamı bədii sözə çevirmək olduqca çətindir. Buna görə də mən ancaq «Çahargah» hekayəsini yazdım. Əslində, bu hekayədə müəyyən tarixi rəvayətlərə əsaslanaraq «Çahargah» muğamının «bətnində» gizlənmiş Mənsur adlı qəhrəmanın taleyinə işıq tutmuşam. Yeri gəlmişkən, vaxtilə sizin qəzetinizdə «Muğamlarda «bayatı» gizlinci» adlı yazılarımda Azərbaycan muğamlarının əvvəlində gələn «bayatı» kəlamını incələmişəm. «Səsin ruhu»nu rəhmətlik Səxavət Məmmədova həsr etmişəm. Mən gecələr sakitlikdə onun səsinə qulaq asır və hiss edirdim ki, səsin də ruhu var.
   - Yazdıqların bəlli. Bir balaca da yazmadıqların («gərək o yazıda onu da yazaydım, bunu da deyəydim...» xiffətlərin) haqda...
   - Mən necə yazıram, - deyə bilmərəm, amma nə yazmışamsa, ürəkdən yazmışam. Bu sarıdan elə bir ciddi xiffətim yoxdur. Ancaq sənət adamlarına, xüsusən jurnalistlərin «və ilaxır və sair»ləri içərisində «unutduqları» adamlara qarşı qəlbimdə dərkolunmaz bir nostalji, rəhm hissi var. «Leyli və Məcnun» - 100 il səhnədə» bədii ensiklopedik kitabımla əlaqədar arxivlərdə işləyəndə proqramlarda adlarına rast gəldiyim, lakin barələrində yazılı bir mənbə tapmadığım üçün heyifsiləndiyim anlar çox olub. Bu baxımdan, inanıram ki, sənət adamları haqda yazdığım kitabların dəyəri zaman keçdikcə daha da artacaq.
   - Yaxşı, bəs ədəbiyyata, mədəniyyətə qırx ilə yaxın xidmət eləyən, yüzlərlə kitabın redaktoru, tərtibçisi, «ön söz» müəllifi olan Mustafa Çəmənli öz əməyini lazımınca dəyərləndirilmiş hesab edirmi?
   - «Yaddaş», «Dan ulduzu», «Uğur-2008» mükafatları laureatıyam, 2010-cu ildə Prezident təqaüdçüsü olmuşam...
   - Yaşın yetmişinə - əqlin, zəkanın tamam-kamal yetişmişinə doğru gedirsən. Yaxşı yol. Və o növbəti müsahibəmizdə yeni söz deməyə yeni materiallar, «Mən olmayanda dostum ol»lar olacaqmı?..
   - İnşallah, köhnə dost! Səninlə 70 illiyimdə - növbəti müsahibəmiz zamanı Qarabağda, Cıdır düzündə görüşərik. Bir də çox istərdim ki, dostlarım məndən sonra da vəfalı qalsınlar! Var ikən dost olmağa nə var ki?..
   
   Tahir Əhmədalılar







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar