2013-cü ilin 29 may - 1 iyun tarixlərində Bakıda II Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Azərbaycan, UNESCO, İSESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və Avropa Şurasının Şimal-Cənub Mərkəzinin nümayəndələrindən ibarət Forumun Beynəlxalq İşçi Qrupu tədbirlə bağlı hazırlıq işlərinə başlayıb.
Xatırladaq ki, sözügedən qurumların tərəfdaşlığı ilə I Dünya Mədəniyyətlərarası Dialoq Forumu 2011-ci il aprelin 7-9-da Bakıda keçirilib. Birinci Forumda 102 ölkədən nümayəndə, 10-dan çox beynəlxalq qurumdan rəhbər şəxslər, 20-yə yaxın ölkədən nazir, dünyanın bir çox nüfuzlu beyin mərkəzlərinin və media təşkilatlarının əməkdaşları, ümumilikdə 500-ə yaxın xarici ölkə vətəndaşı iştirak edib.
Prezident İlham Əliyevin 2011-ci il 27 may tarixli Fərmanına əsasən, Dünya Mədəniyyətlərarası Dialoq Forumunun iki ildən bir Azərbaycanda keçirilməsi qərara alınıb, tədbirin əlaqələndirici qurumu funksiyası isə Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub.