Elçin Əliyev: “Əgər tarixi üslubda bina yaratmağa qadir deyiliksə, onda, gəlin, müasir memarlıq üslubunda işləyək”
   
   Bakının 2000-ci ilədək hazırlanan Baş planında sənaye zonası ilə ayrılan (şərq və qərb) tikinti rayonlarının memarlıq-planlaşdırma cəhətdən birləşdirilməsi, istifadə olunmayan, nefti tükənmiş mədənlərin ləğvi, eləcə də bir sıra sənaye müəssisələrinin köçürülməsi nəticəsində boşalan sahələrdən tikinti üçün istifadə edilməsi nəzərdə tutulurdu. Planda göstərilirdi ki, Bakının sərhədlərinin genişlənməsi, böyük ərazidə yaşayış massivlərinin salınması şəhərin coğrafi görkəmini və miqyasını dəyişdirəcək, memarlıq simasını yeniləşdirəcəkdir. Bu gün paytaxtımızın siması həqiqətən də dəyişib, yeni bir şəhər yaranıb. Həmsöhbətimiz Bakı memarlığı haqqında kitabların müəllifi, memar Elçin Əliyevdir. Onunla söhbətimiz də paytaxtımızın memarlıq xüsusiyyətləri barədə oldu.
   
   Elçin Tofiq oğlu Əliyev 1967-ci ildə Bakıda anadan olmuşdur. 1989-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmçinin 1987-1988-ci illərdə Slovakiya Ali Texniki Məktəbində (SVST, Bratislava) istehsalat təcrübəsi keçmişdir. Memarın “Bakı şəhərinin mərkəzi hissəsinin sosial-fəza həlli» adlı diplom layihəsi 1989-cu ildə Moskvada keçirilən beynəlxalq müsabiqədə I mükafata layiq görülmüşdür.
   Ali təhsili başa vurandan sonra E.Əliyev doğma institutda, eləcə də Qərb Universitetində müəllim işləməyə dəvət edilmişdir.
   1989-cu ildən Azərbaycan Memarlar İttifaqının, 1994-cü ildən ittifaqın İdarə Heyətinin üzvü və qurumun nəzdində ölkənin Gənc Memarlarla İş üzrə Komissiyasının sədridir. 1997-ci ildən Azərbaycan Gənc Memarlar Assosiasiyasına rəhbərlik edir. 2001-ci və 2004-cü illərdə Memarlar İttifaqı tərəfindən “İlin ən yaxşı memarı” seçilmişdir. 2002-ci ildə onun layihəsi əsasında Bakı şəhərində pravoslav “Jen Mironosets” kilsəsi bərpa olunmuşdur. E.Əliyev yeganə azərbaycanlı memardır ki, Rus Pravoslav Kilsəsinin mükafatına layiq görülmüşdür.
   1998-ci ildə memarlıq namizədi alimlik dərəcəsi alıb, 2006-cı ildən AMEA-da sənətşünaslıq doktorantıdır. 2008-ci ildə Gürcüstan Memarlar İttifaqının keçirdiyi müsabiqənin qalibi olmuşdur. Bundan əlavə, Rusiya, İran, ABŞ, Türkiyə, Almaniyada müxtəlif diplomlarla təltif olunmuşdur. 2011-ci ildə “Bakı memarlıq abidələrində fasad heykəltəraşlıq nümunələri” kitabına görə Beynəlxalq Memarlar İttifaqı Assosiasiyasının I dərəcəli diplomuna layiq görülmüşdür. 70-dən çox memarlıq və şəhərsalma, dizayner layihələrinin, 8 kitabın, 50-dən çox elmi məqalənin müəllifidir.
   
   - Elçin müəllim, Bakının fasad heykəltəraşlığının spesifik xüsusiyyətləri nədədir?
   - Mən memarlığı çox sevən bir insanam. Eynilə də bu şəhəri çox sevirəm. Uşaqlıqdan foto sənəti ilə məşğul olduğum üçün şəhərin çoxlu görüntülərini çəkmişəm. Ömrümün 20-30 ilini foto işinə həsr etmişəm. Həmin fotoları müqayisə edəndə şəhərdə nə qədər dəyişikliklərin baş verdiyini gördüm. 5-10 il əvvəlki fotolara baxanda görürük ki, şəhərdəki memarlıq nümunələri, ayrı-ayrı binalar zaman-zaman təmir-bərpa olunarkən fasadlarda dəyişikliklər, müxtəlif əlavələr edilir və binalar ilkin görünüşlərini itirirlər. Bu səbəbdən qərara gəldim ki, ən əvvəl bir vətəndaş kimi bu işə yanaşmalı və paytaxtın fasad memarlığının tarixi haqqında kitab hazırlamalıyam. Kitabı çap etməkdə məqsədim bu idi ki, həmin memarlıq nümunələri olan fasadları sənədləşdirəm və hansısa mərhələdə bu tarixdən istifadə edərək binaları qoruya bilək. Məsələn, şəhərdə memarlıq nümunələri olan ayrı-ayrı binaların birinci mərtəbələrində mağazalar yerləşir. Bir də görürsən ki, təmir adı altında binanın çox qiymətli fasad hissəsini dəyişdirirlər. Bu cür işlərə biganə qalmaq olmur. Memarlıq abidəsinə müdaxilə etmək olmaz. Şəhərdən kənarda da gözəl abidələrimiz var. Onlar da bu cür müdaxilələrə məruz qalırlar. Təəssüf ki, bu halın qarşısını almaq çətindir. Bu cür binalarda işlər aparılarkən mən inşaatçılara təmənnasız məsləhət verməyə də hazıram.
   - Hazırda inşa olunan binaların əksəriyyətində müxtəlif, yad ornamentlərə rast gəlirik. Buna münasibətiniz necədir?
   - Mənim 11 yaşlı oğlum oyuncaq maşınların vurğunudur. Çoxlu maşın modelləri kolleksiyası var. Amma tutaq ki, biz gedirik zavoda və deyirik ki, bizə 1911-ci ilin modelində maşın lazımdır. Təbii ki, bizə güləcəklər ki, indi 1911-ci ilin maşını nə gəzir. Memarlıqda da belədir. Biz memarlar bu günün texnologiyalarına uyğun layihələr yaratmalıyıq. İndi bəzən layihələri 100 il əvvəlin memarlığına oxşar hazırlayırlar. Müasir memarlardan Nəriman İmaməliyev, İlqar Bəylərov və başqaları bugünkü memarlığa və texnologiyaya uyğun layihələr işləyirlər. Bəzən görürsən ki, memarlar elə layihələr işləyirlər ki, guya tarixi memarlıq üslubundadır, amma tamamilə qeyri-normal görüntü yaranır. Təəssüf ki, şəhərdə belə binalara rast gəlirik. Günah ilk növbədə biz memarlardadır. Əgər tarixi üslubda bina yaratmağa qadir deyiliksə, onda, gəlin, müasir memarlıq üslubunda işləyək. Memarlar tarixi bilməlidirlər. Gərək köhnə tikililərin yerində yenisi tikiləndə həmin ərazi haqqında memarın məlumatı olsun. Yeni yaşayış binasının özülünü qoyanlar da istəyərlər ki, tikdirdikləri bina gözəl olsun.
   - İndi 100 il bundan əvvəlki binalara baxanda biz sənət nümunəsi görürük. 100 il sonra indiki binalara baxanlar nə düşünəcək?
   - 100 il, hətta 50-60 il əvvəl Sabir bağının ətrafında 1-2 mərtəbəli binalar var idi. Tarixi binalar idi. 50 il keçdi, indi biz Bakını Sabir bağı olmadan təsəvvür edə bilmirik. Zaman dəyişir, köhnənin yerinə təzəsi gəlir. Mən yeni memarlığın əleyhinə deyiləm, əksinə, istəyirəm ki, bu iş keyfiyyətli olsun. Məşhur italyan memarı H.Sofsata deyir ki, hər bir memarlıq nümunəsi yerləşdiyi ərazinin, küçənin tarixini göstərməli, əks etdirməlidir. Yazıçılar bunu qələmlə edirlər, memarlarsa öz layihələri ilə. İndi biz memarlar da layihələrimizi işləyərkən çalışmalıyıq, bunu göstərə bilək. Ərazinin tarixini bilməliyik, tanımalıyıq. Əgər sən bölgədən, şəhərdən məlumatsızsansa, necə layihə çəkə bilərsən?
   - Sözünüzə qüvvət, XX əsrin əvvəllərində Bakı milyonçularının məşhur binalarını əcnəbi memarlar layihələndiriblər. Amma bu gün o binaların qiyməti yoxdur. Həmin dövrdə Bakıda “neoqotika”, “neobarokko”, “klassisizm”, “ampir”, “modern” üslublarında binalar inşa olunmağa başlandı. Eyni zamanda, Şərq üslubundan, milli memarlıq elementlərindən istifadə olunurdu.
   - Faktiki tarix təkrarlanır. Bir əsr sonra yenidən neft sənayesi sürətləndi. Necə ki, yüz il əvvəl Polşa, Almaniya və s. ölkələrin memarları Azərbaycana gəlib gözəl binalar yaratmışdılar, bu gün də xaricdən dəvət olunan memarlar Bakıda möhtəşəm binalar tikir. Bəlkə də 100 ildən sonra bu tikililər də tarixi memarlıq nümunələri adlandırılacaq. 100 il əvvəlki binalara qayıtsaq - mən bir il olar ki, həmin binaların bioqrafiyası üzərində çalışıram - Ploşko, Skipinski və başqa memarlar işlərinin peşəkarı olaraq, bu şəhəri sevərək, mühitə uyğun işləyiblər. Onların binalarına nəzər salanda görürük ki, Avropa memarlığı üslubunda olan bir layihədir, amma orada milli kolorit və milli elementlər vəhdət təşkil edir.
   - Sovet dövründə tikilən binaların özünəməxsusluğu nədədir?
   - 1920-1930-cu illər memarlıqda konstruktivizm dövrü adlanır. Sovet İttifaqı yarananda dünyaya yeni memarlıq üslubu gəlmişdi. O dövrdə Moskva, Sankt- Peterburqda və Bakıda həmin layihələr həyata keçirilirdi. Bakı həmin dövrün ən dəbdəbəli memarlığının mərkəzi idi. Hətta mən sizə deyim ki, bu gün dünyanın bir çox ölkələrində Bakını “Qız qalası”, “Şivanşahlar”la deyil, məhz konstruktivizmin mərkəzi kimi gözəl tanıyırlar. Həmin dövrdə bu işləri həyata keçirən aparıcı memarlar dövrün müasir memarlığını yaradıblar. Əfsuslar olsun ki, həmin binaların əksəriyyəti sökülüb, bəziləri isə qalmaqdadır. Məsələn, “Dinamo” idman cəmiyyətinin binası o dövrün məşhur tikilisi olub. “Azərnəşr”in binası məşhur rus memarı Semyon Pen tərəfindən 1931-ci ildə inşa edilib. Bu, Bakının tanınan binalarından biridir. Səlim Omaroviç Xanmaqomedov adlı məşhur memarlıq tarixçisi var. Onun dünyanın ən məşhur binaları haqqında kitabı nəşr edilib. Bu bina da həmin kitaba daxil edilib. Amma hazırda həmin binanın girişinin yanında 4-5 mərtəbəli avtodayanacaq tikilir. Axı bu memarlıq abidəsinin görünüşünə xələl gətirir. Digər bir nümunə məşhur V.Vesnin qardaşlarının layihəsi olan, hazırda bp-Azərbaycan şirkətinin yerləşdiyi binadır. Bu cür tarixi memarlıq nümunələrini qorumaq lazımdır.
   - 150-dən artıq binanı tədqiq etmisiniz. Hansı maraqlı faktlarla rastlaşmısınız?
   - Maraqlı detallar çox olub. Məsələn, Bəşir Səfəroğlu küçəsində bir bina var. Vaxtilə o binada rəssamlar yaşayıblar və memar da binanın üzərində palitra rəsmli medalyon çəkib həkk edib. Hansısa dövrdə rekonstruksiya zamanı həmin medalyon ləğv edilib. Onu təmizləyən fəhlə nə bilsin ki, palitra nə deməkdir və həmin binanın üzərində niyə məhz bu şəkilli medalyon var.
   - Bölgələrimizdəki memarlıq layihələri barədə nə deyə bilərsiniz?
   - Sevindirici haldır ki, bu gün həm paytaxtımız, həm də bölgələrimiz inkişaf edir. Bu inkişaf memarlıqda da özünü göstərir. Mən özüm bölgələrdə işləməyi çox sevirəm. Hazırda rayonlarımızda da yeni memarlıq üslubunda binalar inşa olunur. Tarixi, mədəniyyəti yaxşı bilən, dəyərləndirən yerli rəhbərlərin zövqü yaxşıdırsa, bu zaman dəyərli işlər ortaya qoyulur. Əvvəllər bölgələrdə ictimai şura var idi və hansısa layihənin tikilməsinə də onlar qərar verirdilər. Belə olsa daha yaxşı olar. Amma istənilən halda hazırda respublikamızın bölgələrində də çox maraqlı memarlıq nümunələri yaranır və bu da inkişafın nəticəsidir.
   
   Söhbətləşdi: Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar