Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayır. Belə qurumlardan biri də əsası hələ 1989-cu ildə qoyulan Belarus Azərbaycan İcmaları Konqresidir. 15 ildir bu quruma rəhbərlik edən Natiq Bağırov xaricdəki ən fəal diaspor rəhbərlərimizdəndir. O həm də tanınmış idmançıdır. Dəfələrlə cüdo və sambo üzrə Avropa və dünya çempionu, cüdo üzrə Belarusda baş məşqçi olub, bu ölkənin Əməkdar idman ustasıdır. Onunla söhbətimizdə Belarus Azərbaycan İcmaları Konqresinin tarixi, bugünkü fəaliyyəti, həyata keçirdiyi layihələr barədə söhbət etdik.
   
   - Belarusda Azərbaycan diaspor təşkilatının yaradılmasından 23 il keçir. Ötən illərə nəzər saldıqda, necə düşünürsünüz, hədəflərinizə nail ola bilmisinizmi?
   - Belarusda Azərbaycan diasporu bu illərdə mühüm təşkilatlanma yolu keçərək ölkənin ictimai-mədəni həyatında layiqli yer qazanıb. Ötən müddət ərzində Azərbaycan gerçəkliklərinin dünyaya çatdırılmasında, mədəniyyətimizin təqdimi və təbliğində, eyni zamanda bu ölkədə yaşayan soydaşlarımızın bir araya gəlməsində bir çox işlər görüb. Bu baxımdan hesab edirəm ki, bizim cəmiyyətimiz Azərbaycan diaspor təşkilatları arasında birincilər sırasındadır. Bu illər ərzində həm Azərbaycan, həm də Belarus hökuməti tərəfindən dəstək görmüşük. Öz fəaliyyətimizlə müasir Azərbaycanın imicini, nüfuzunu yüksək səviyyədə saxlamağa çalışırıq. Belarus Mədəniyyət Nazirliyi, Milli Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edirik. Belarusda ənənəvi olaraq milli azlıqların festivalı keçirilir. Qeyd edim ki, ölkədə yaşayan soydaşlarımız bu tədbirdə çox fəal iştirak edərək dəfələrlə laureat adına layiq görülüblər. Soydaşlarımız bu ölkədə keçirilən müxtəlif yaradıcılıq tədbirlərində, sərgilərdə də aktivlik nümayiş etdirirlər. Təbii ki, bu işlərdə Belarus Azərbaycan İcmaları Konqresi yaxından iştirak edir. Ölkənin hər bir regionunda bizim qurumun nümayəndəlikləri aktiv fəaliyyət göstərir. Ümumiyyətlə, son vaxtlar Azərbaycanla Belarus arasında münasibətlər daha da intensivləşib və biz də diaspor təşkilatı olaraq bu əməkdaşlığa töhfə verməyə çalışırıq.
   - Belarus Azərbaycan İcmaları Konqresinin fəaliyyətində əsas prioritetlər nədən ibarətdir?
   - Bu ölkədə on minlərlə soydaşımız yaşayır. Onların arasında bizneslə məşğul olanlar, müəllim, musiqiçi kimi fəaliyyət göstərənlər və hətta dövlət işlərində çalışanlar da var. Bizim var-dövlətimiz soydaşlarımızdır. Qeyd etdiyim kimi, Belarusda Azərbaycan diasporu 1989-cu ildən fəaliyyət göstərir. Doğrudur, ilk illərdə bir qədər dağınıqlıq, passiv fəaliyyət nəzərə çarpsa da, sonradan aktivlik müşahidə olunmağa başlayıb. Sevindirici haldır ki, diasporumuzun fəaliyyəti ildən-ilə güclənir. Azərbaycan həqiqətlərini Belarus ictimaiyyətinə çatdırmaq fəaliyyətimizin başlıca prioritetidir. Bu gün Azərbaycan dinamik şəkildə inkişaf edir. Biz də çalışırıq ki, ölkəmizin nailiyyətlərini Belarusda yaşayan xalqlara çatdıraq. Belarus Respublikasında yaşayan soydaşlarımızı birləşdirən Azərbaycan İcmaları Konqresi milli diasporumuzun tam formalaşması, təşkilatlanması, Azərbaycanın dövlət maraqlarının qorunması, təbliğ olunması istiqamətində ardıcıl və məqsədyönlü iş aparır. Bu gün tam məsuliyyətlə deyə bilərik ki, Belarusda Azərbaycanın və azərbaycanlıların milli maraqlarına tam cavab verə bilən güclü və mütəşəkkil diasporumuz formalaşıb. Təbii ki, həlli vacib məsələlər də yox deyil. İşlərimiz çox yaxşı getsə də, hesab edirik ki, hələ də boşluqlar var. Çünki biz gördüyümüz işlərlə kifayətlənsək, elə bir yerdə də dayanacağıq. Odur ki, nə qədər çox iş görsək, hesab edirik ki, hələ də qənaətbəxş deyil. Yəni özümüzə daha çox tənqidi yanaşırıq.
   - Natiq müəllim, bir çox ölkələrdə fəaliyyət göstərən diaspor qurumlarımızın qarşısında dayanan mühüm problemlərdən biri həmin ölkələrdəki erməni təbliğatı, erməni dairələrinin Azərbaycan əleyhinə kampaniyasıdır. Belarusda bu problem nə dərəcədə aktualdır?
   - Belarus elə bir ölkədir ki, burada milli azlıqlar arasında problemlər yoxdur. Dövlət də çalışır ki, bu zəmində münaqişələr ortaya çıxmasın. Təbii ki, biz buradakı soydaşlarımızı daha mütəşəkkil etməyə çalışırıq, bu xüsusda internet imkanlarından, sosial şəbəkələrdən də istifadə edirik. Bu yolla da gördüyümüz işlər, planlarımızla bağlı informasiyanı bir-birimizə daha tez ötürə bilirik. Eyni zamanda, başqa ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor qurumları ilə əlaqələrimiz var. Bir-birimizin təcrübəsindən istifadə edir, qarşılıqlı mübadilə, ünsiyyət əsasında yararlanır, faydalanırıq.
   - Xaricdə fəaliyyət göstərən bəzi diaspor qurumlarımız dövlətin onlara daha çox dəstək verməsini istəyirlər. Bu işdə böyük təcrübəyə malik insan kimi necə hesab edirsiniz, dövlət-diaspor münasibətləri necə tənzimlənməlidir?
   - Diaspor dövlətdən yardım gözləməməlidir. Biz fəxr edirik ki, bu günə qədər dövlətdən yalnız mənəvi dəstək almışıq, bir çox işləri öz gücümüz hesabına həyata keçirmişik. Amma mənəvi dəstək də böyük qüvvədir. Bu baxımdan, Prezident İlham Əliyev və dövlət strukturlarımız tərəfindən hər zaman böyük dəstək görmüşük. Müstəqil ölkəmizin yüksəlişi və möhkəmlənməsi, şübhəsiz ki, hər bir azərbaycanlının ürəyini fərəh hissi ilə doldurur. Qürbətdə yaşayan soydaşlarımız üçün isə bunun böyük əhəmiyyəti var. Əlbəttə, bu bizim üçün böyük gücdür. Azərbaycan İcmaları Konqresi ölkəmizin müvafiq dövlət strukturları ilə sıx əlaqə saxlayır. Belarus hökuməti və Belarus xalqı da Azərbaycan diasporunun qayğı və problemlərinə, onun qaldırdığı bütün məsələlərə daim həssaslıqla yanaşır. Digər tərəfdən, əllərimizi yanımıza salıb, yalnız dövlətdən kömək ummaq absurd olardı. Hər kəs ilk növbədə özündən başlamalıdır. Özünə sual verməlidir ki, mən xalqım, Vətənim üçün nə iş görmüşəm?
   - Həyata keçirdiyiniz layihələrə, tədbirlərə Belarusda yaşayan soydaşlarımızın marağı necədir?
   - Qeyd etdiyim kimi, Belarusda on minlərlə azərbaycanlı yaşayır. Sözsüz ki, hər kəs diaspor işində fəal ola bilməz. Bizim aparıcı gücümüz Azərbaycan İcmaları Konqresinin idarə heyətidir. Onun üzvləri çox fəaldır. Bu sahədə müəyyən təcrübəyə malik şəxs kimi deyə bilərəm ki, hər hansı ölkədə azərbaycanlı icmasının fəallığı aparıcı təşkilatların fəaliyyətindən asılıdır. Əks halda diasporun say tərkibi elə də həlledici rol oynamır. Biz də müəyyən tədbirlər keçirməklə Belarusda yaşayan soydaşlarımızı fəallaşdırır, diaspor işinə cəlb edirik. Hər il Minskdə və ölkənin böyük şəhərlərində Novruz bayramı, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Milli Qurtuluş, Respublika, Müstəqillik günləri, eləcə də digər əlamətdar bayramlarımız geniş şəkildə qeyd olunur. Belarusda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin, nüfuzlu elm və sənət adamlarının da bir qayda olaraq iştirak etdikləri belə tədbirlər, sözsüz ki, Azərbaycan həqiqətlərini dünyaya tanıtmaq baxımından çox vacibdir. Milli-mənəvi dəyərlərimizə daimi diqqət fəaliyyətimizin əsas istiqamətindən biridir. Diasporumuzun imkanları ilə yaradılan Azərbaycan milli rəqs və musiqi kursları, ənənəvi olaraq keçirilən “Şərq rəqs festivalları” və s. mədəniyyət layihələri çoxsahəli fəaliyyətimizdən xəbər verir. Belarus Pedaqoji Universitetinin nəzdində Bazar günü məktəbi açmışıq. Həmin universitetdə Azərbaycan dili və Mədəniyyət Mərkəzi də fəaliyyət göstərir. Çalışırıq ki, tədbirlərimizi orada keçirək. Bir mühüm məqamı da qeyd edim ki, bütün tədbirlərimizi, Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə başda olmaqla, səfirliyin digər əməkdaşları ilə birlikdə gerçəkləşdirməyə çalışırıq. Bu günlərdə Belarusda keçirilən Azərbaycan Mədəniyyəti Günlərində də səfirliklə birlikdə iştirakımız bunu bir daha təsdiqlədi. Azərbaycanımızın zəngin mədəni irsi bizim də qürur mənbəyimizdir və biz də bu zənginliyi Belarus cəmiyyətinə çatdırmağa çalışırıq.
   
   Mehparə Sultanova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar