Noyabrın 5-6-da keçirilən II Bakı Beynəlxalq Teatr Konfransının iştirakçıları arasında tanınmış yazıçı-dramaturq Əli Əmirli də vardı. Onun konfransla bağlı təəssüratlarını öyrəndik.
   
   - Əli müəllim, II Bakı Beynəlxalq Teatr Konfransı bir dramaturq kimi sizin üçün nə ilə yadda qaldı?
   - Səviyyəsindən, statusundan asılı olmayaraq, teatrla bağlı istənilən tədbiri alqışlayıram. II Bakı Beynəlxalq Teatr Konfransı isə hər cəhətdən əlamətdardır. Dünyanın müxtəlif ölkələrindən gəlmiş mütəxəssisləri dinləmək, onlarla ünsiyyətdə olmaq, fikir mübadiləsi aparmaq, müasir dünya teatrının vəziyyəti və problemləri ilə tanış olmaq özünü, öz teatrını düzgün qiymətləndirməyə kömək edir. Bir dramaturq kimi məni maraqlandıran, fikrimi məşğul edən bir sıra məqamlar oldu ki, bu da dramaturqla teatrın bu gün daha sıx işləməsinə ehtiyacın dilə gətirilməsi və ya yeni teatr modellərinin axtarılması fikirləri oldu. Bir kənd səviyyəsində miflərə, rəvayət və əhvalatlara söykənən dramaturgiyanın yaradılması və bu əsasda hazırlanmış tamaşalarda yerli sakinlərin də iştirak etməsi. Fikrimcə bu, özfəaliyyətin yeni və daha fəal növüdür.
   - Dünya teatrlarında baş verən proseslərin Azərbaycan teatrına təsiri barədə nə deyərdiniz?
   - Əlbəttə ki, Avropa tipli teatr Azərbaycana gəlmədir, buna baxmayaraq bizdə teatra məhəbbət xeyli millidir. Artıq azərbaycanlı tamaşaçının vərdiş etdiyi, tanıdığı və sevdiyi bir Azərbaycan teatrı var, biz onun ötən 140 ildə formalaşmış ənənələrini qorumaqla bərabər, dünya teatrına da bir nəfəslik açmalıyıq. Son illər bu nəfəslik xeyli genişlənib. Artıq ənənə halını alan Bakı Teatr Konfransı da bu əlaqələrə mühüm töhfədir. Bu gün Azərbaycan teatrında böyük bir canlanma var. Dünya dramaturgiyasının ən yaxşı nümunələri tamaşaya qoyulur, dünyanın ünlü rejissorları, səhnə rəssamları, xoreoqrafları teatrlarımıza dəvət olunurlar. Yaxşıya doğru inkişaf göz qabağındadır.
   - Polşa rejissoru və dramaturqu Kşiştof Zanussi konfransda belə bir ifadə işlətdi ki, əgər izləyici səhnə əsərinə baxdıqdan sonra kamilləşirsə, onun təsirindən çıxmaq istəmirsə, onda tamaşanın uğurundan danışmaq olar. Bu mənada sizə elə gəlmir ki, teatr əslində asılqandan yox, dramaturgiyadan başlayır.
   - Ümumiyyətlə, konfransın işində dünyanın məşhur teatr xadimlərinin iştirakını yüksək qiymətləndirirəm. Kşiştof Zanussinin bu fikrini isə birmənalı şəkildə qəbul edirəm. İyirmi ildən artıq teatr təcrübəsi olan bir dramaturq kimi mənim bir qənaətim var: hər bir tamaşanın qiymətini tamaşaçı verir. Tamaşaçının münasibəti hər şeydir, necə deyərlər, müştəri, indiki halda tamaşaçı həmişə haqlıdır. “Tamaşaçı məni başa düşmür” və ya “Tamaşaçının səviyyəsi aşağıdır” kimi yekəxana fikirləri qəbul etmirəm.
   - Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının baş katibi Mişel Vais çıxışında bildirdi ki, “teatrın azadlığa ehtiyacı var?” Söhbət hansı azadlıqdan gedir?
   - Nəinki teatra, bütün sənətlərə azadlıq lazımdır. Azad söz, azad fikir, müstəqil konsepsiya və düşüncə olmayanda sənət axsayır. Fikrimcə, Mişel Vais çıxışında həm siyasi, həm mənəvi, həm də sənətkarın daxili azadlığını nəzərdə tutur, çünki bu azadlıqların hamısı bir-birlərini tamamlayırlar.
   - Konfrans günlərində Cənubi Afrika Respublikasının teatr nümunəsi olan “Qadın intizarı”, Səudiyyə Ərəbistanının Taif Teatrının quruluşunda “Vağzal heç yerə getmir” tamaşaları nümayiş olundu. Bu tamaşalar sizdə necə təəssürat yaratdı?
   - Bu tamaşalar həm coğrafi baxımdan, həm də mədəniyyətlər baxımından çox fərqli ölkələrin teatrlarının tamaşaları idi: Cənubi Afrika Respublikasından gəlmiş teatr və Səudiyyə Ərəbistanın Taif Teatrı. Şübhəsiz ki, hər iki tamaşa haqqında fikirlər kifayət qədər yüksəkdir. Amma bu tamaşalar bir daha göstərdi ki, Azərbaycan teatrı dünyanın ən ünlü teatr festivallarında cəsarətlə çıxış edə bilərlər.
   
   Təranə Vahid






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar