Düsen Kaseinov: “Azərbaycan haradasa çıxış edirsə, bilməlidir ki, onun arxasında özbək, qazax və digər türkdilli xalq dayanır, ona dəstək verir”
   
   Gələn il türkdilli ölkələrin UNESCO-su hesab edilən TÜRKSOY-un fəaliyyətə başlamasının 20 ili tamam olacaq. 1992-ci ilin oktyabrında Ankarada türkdilli ölkələrin dövlət başçılarının birinci zirvə toplantısında TÜRKSOY (Türk Kültür ve Sanatları Ortak Yönetimi - 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) təsis olunmuş, 1993-cü ildə Almatıda təşkilatın fəaliyyət prinsipləri haqqında anlaşma imzalanmışdır. Ötən 20 ildə təşkilat türkdilli ölkələr arasında mədəni əməkdaşlığa, zəngin türk mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verib. 2008-ci ildən qurumun baş katibi qazaxıstanlı tanınmış mədəniyyət və dövlət xadimi Düsen Kaseinovdur. Onunla budəfəki söhbətimizdə ötən dövrə və gələcəyə nəzər saldıq. Müsahibəyə başlayarkən ilk diqqətimi çəkən isə həmsöhbətimin türkcə səlis danışması oldu.
   
   - Düsen bəy, xatırlayırsınızsa, sonuncu dəfə Sizdən 2010-cu ilin payızında müsahibə almışdım. O zaman türk dilində danışmırdınız...
   - Mən artıq türk dilini öyrənmişəm. Bir vacib məqamı da vurğulayım ki, azərbaycanlılarla çox yaxın dostluq etdiyimdən bəzən mənə deyirlər ki, sən türk dilində Azərbaycan ləhcəsi ilə danışırsan. Bu yaşımda məmnuniyyətlə dil öyrənirəm və bunu gənclərə də tövsiyə edirəm. Həm də necə ola bilər ki, TÜRKSOY-un rəhbəri olam, amma türk dilini bilməyəm. Diplomatiyada belə bir qayda var: məsələn, əgər diplomat İngiltərəyə çalışmağa gedirsə, ingilis dilini mütləq bilməlidir. Mən də qardaş ölkəyə işləməyə gələndə türk dilini öyrənməyi özümə borc bildim.
   - Yeri gəlmişkən, türkdilli xalqların dilləri eyni kökdən olsa da, onların bir-birilərini daha rahat anlaya biləcəyi ümumtürk dilinin yaradılması fikri də ara-sıra gündəmə gətirilir. Sizin bu məsələyə münasibətiniz necədir?
   - İlk növbədə türkdilli ölkələrin hamısı latın əlifbasına keçməlidir. Əlbəttə, zamanla bu baş tutacaq. Ümumi türk dili məsələsinə gəldikdə isə, fikrimcə, bu, mümkün deyil. Ona görə ki, hər bir türkdilli xalq - məsələn, qazax, qırğız öz dilini inkişaf etdirmək, zənginləşdirmək istəyir. Belə olan halda biz ona deyirik, sən öz dilinin problemlərini kənara qoy, gəl, ümumi türk dili ilə məşğul olaq. Bu, düzgün deyil. Digər tərəfdən, bəzən bizim türkiyəli qardaşlarımız “ümumi dil türk dili olsun” deyəndə, mən onlara deyirəm ki, bu vaxtilə SSRİ-də müttəfiq respublikalarda rus dilinin yayılmasına bənzəyir. Yəni “böyük qardaş” prinsipi ortaya çıxır. Onda dostluq da pozular. TÜRKSOY isə deyir ki, azsaylı qaqauzlardan başlayaraq bütün türkdilli xalqlarla birlikdə biz hamımız bərabərik. Bərabər əlaqələr mövcud olanda iş də görülür, inkişaf da olur. Dillər inkişaf edir, yeni sözlər isə biz istəmədən meydana gəlir. Əgər bu sözlər ümumi olarsa, o zaman türkdilli xalqlar daha da yaxınlaşar. Məsələn, əvvəllər bizdə «təyyarə» sözü işlənilirdi, indi isə türklər kimi «uçak» deyirik. Demək istəyirəm ki, məsələn, əgər Azərbaycanda işləyən qazax Azərbaycan dilini bilsə və ya əksinə, Qazaxıstanda çalışan azərbaycanlı qazax dilini öyrənərsə, bu, çox gözəl olar. Mən Türkiyədə işləyirəm, türk dilini bilirəm. Xanımım və nəvəm türk dilini öyrənirlər. Bu ki yaxşıdır. Əgər ticarətimiz, iqtisadiyyatımız, mədəniyyətimiz yaxşı inkişaf etsə, qarşılıqlı əlaqələrimiz daha da genişlənəcək. Hər il türkdilli ölkələrdən Türkiyəyə nə qədər mütəxəssis gəlir və türk dilini öyrənir.
   - TÜRKSOY-a rəhbərliyiniz dövründə qurumun fəaliyyəti genişlənib, həyata keçirilən layihələr ən müxtəlif istiqamətləri əhatə edir. Təşkilatın 20 illik yubileyi ərəfəsində geriyə baxdıqda nələri görürsünüz?
   - Artıq 4 ildir ki, TÜRKSOY-a rəhbərlik edirəm. Ötən müddətdə qurumun fəaliyyəti, türkdilli ölkələrin mədəni əməkdaşlığı daha da inkişaf edib. Konfranslardan, ayrı-ayrı tədbirlərdən daha geniş işlərə keçdik. Mən musiqiçi kimi bilirəm ki, mahnı yazılıbsa, səhnəyə çıxıb ifa etmək, teatr tamaşaya qoyulubsa, onu göstərmək, şəkil çəkilibsə, nümayiş etdirmək lazımdır. Bir sözlə, mədəni iş görmək və onu xalqa göstərmək. Mən nəzəriyyəçi deyil, praktikəm. Bəzən bizdə nəzəri baxımdan çox danışırlar, amma praktikaya gələndə az iş görülür. İsmayıl Qaspralının məşhur deyimi var: “Dildə, fikirdə, işdə birlik”. Mən isə birinci «işdə birlik», sonra «fikirdə birlik» məfhumlarını qoyuram. Ona görə ki, fikirlər çoxdur. Hər kəs evdə əyləşib fikirləşir və sonra onları danışır. Bəs bütün bunları kim edəcək? 20 il az vaxt deyil. Siz özünüz də bilirsiniz ki, uzun müddət türkdilli xalqlar arasında əlaqələr olmayıb. Uzun fasilədən sonra bu əlaqələri qurmağa başladıq. Bunlar asan illər deyildi. İndi əlaqələrimiz, əməkdaşlığımızın səviyyəsi göz qabağındadır, hətta ümumi dildən danışırıq.
   - İsmayıl Qaspralının «Dildə, fikirdə, işdə birlik» kəlamını xatırlatdınız. Bu günlərdə TÜRKSOY-un koordinasiyası ilə Trabzonda Türk Dünyası Mühəndislik, Memarlıq və Şəhərsalma Qurultayı məhz bu deviz altında keçirildi. Bu tədbirin ərsəyə gəlməsində Sizin böyük əməyiniz olub...
   - Bu barədə kiçik bir hadisəni yada salmaq istərdim. Mən Türkiyəyə gələnə qədər bu qurum sadəcə Türkiyə Memarlar və Mühəndislər Birliyi adlanırdı. 2008-ci ildə onlar qurultay keçirdilər. Sonra belə bir sual yarandı: növbəti qurultay harada keçirilsin? Təklif etdim ki, türk dünyası arxitektorlarının XXI əsrin yeni paytaxt şəhərində, böyük tikinti işlərinin aparıldığı Astanada bir araya gəlməsi daha maraqlı olar. Onlar bunu sevinclə qarşıladılar. Çünki o zaman Türkiyə Memarlar və Mühəndislər Birliyinə indiki kimi böyük dəstək yox idi və təşkilat beynəlxalq miqyasda geniş tanınmırdı. Mənim məqsədim qurultayın imkanlarını türkdilli xalqların arasında genişləndirmək, eyni zamanda, dövlət rəhbərlərimizin diqqətini bu quruma cəlb etmək idi. Astanada keçirilən qurultayda Türkiyə və Qazaxıstan prezidentləri iştirak etdilər. Qurultaydan sonra quruma daha böyük diqqət göstərildi və belə bir qərar qəbul olundu ki, o, Türk Memarlar və Mühəndislər Birliyi adlandırılsın. Bu il Trabzonda keçirilən tədbirə gəlincə, Türkiyənin iki naziri, bir çox millət vəkilləri, türk dünyasının memarlar birliklərinin rəhbərləri, tanınmış sənətkarların iştirak etdiyi qurultayda geniş müzakirələr aparıldı, maraqlı layihələr gözdən keçirildi.
   - Düsen bəy, gənclik illərinizdən mədəniyyət sahəsində çalışmısınız. Gözəl skripka ifa edirsiniz, Almatı Konservatoriyasının direktoru, Qazaxıstanın mədəniyyət naziri kimi vəzifələrdə işləmisiniz. Bir sözlə, bu sahədə böyük təcrübəniz var. Maraqlıdır, TÜRKSOY-a rəhbərlik Sizə nə verdi, hansı təcrübəni qazandırdı?
   - Bu illərdə türk dünyasından TÜRKSOY-un fəaliyyətinə minlərlə insanı cəlb edə bildik. Bu işə xüsusilə gəncləri daha çox cəlb etməliyik. Gənclərimiz həm öz xalqına, həm də bütün türk dünyasına hörmət ruhunda böyüməlidirlər. TÜRKSOY-u təkcə öz xalqlarımız arasında qapatmaq yox, onun qüvvələrini, ümumi mədəniyyətimizi Avropaya, Amerikaya daha geniş yaymaq lazımdır. Hazırda biz bununla məşğuluq. Ötən 4 ildə işlərimizi də bu yöndə qurmuşuq: yəni TÜRKSOY sadəcə türkdilli ölkələr üçün deyil, dünya üçün çalışsın, türk, azərbaycanlı, özbək, qazax, qırğız, türkmən və s. hamısı bir yerdə müştərək mədəniyyətlərini dünyaya göstərsinlər. Ona görə biz Avropada, Amerikada tədbirlər keçiririk. Novruz bayramını Parisdə, Strasburqda nümayiş etdirdik. Bununla dedik ki, görün, türk dünyası coğrafi baxımdan necə geniş və zəngindir. Xalqlarımız necə yüksək mədəniyyətə malikdir.
   - Həyata keçirilən bu tədbirlər müqabilində necə düşünürsünüz, dünya türkdilli ölkələrin mədəniyyətini yetərincə tanıyırmı?
   - Bunun üçün minlərlə tədbirlər keçirməliyik. Məsələn, Hyustonda musiqiçilər, rəqqasələr, əl sənətkarlarının təmsil olunduğu İpək Yolu festivalını keçirdik. Orada insanlar respublikalarımızın adlarını səhv salırdılar. Biz özümüzü tez-tez sakitləşdirir və deyirik ki, bizi bütün dünya tanıyır. Ona görə də mən deyirəm, bağışlayın, bizi hələ də az tanıyırlar. Pafos lazım deyil. Əgər vəziyyət belədirsə, gəlin, bir vətənpərvər kimi öz xalqımızı tanıdaq. Dünya qloballaşır, xalqlarımız mənəvi baxımdan yaxın olmalıdır. Azərbaycan haradasa çıxış edirsə, bilməlidir ki, onun arxasında özbək, qazax və digər türkdilli xalq dayanır, ona dəstək verir. Türk dünyasının tanınmış adamları Türkiyə sənətçisinə mənəvi dəstək verirsə, məgər bu pisdir? Buna görə biz çox işləməliyik. Güclərimizi birləşdirsək, mədəniyyətimizi daha geniş təbliğ edə bilərik.
   - Bəs TÜRKSOY türkdilli ölkələrdən hansı dövlət dəstəyi görür?
   - 2009-cu ildə türkdilli ölkələrin Naxçıvanda keçirilən zirvə görüşündə Türkdilli Dövlət Başçıları Şurası yarandıqdan sonra bizim üçün işləmək bir qədər asan oldu. Əlbəttə, burada Azərbaycanın mühüm xidməti var. Naxçıvanda zirvə toplantısı çox gözəl təşkil edilmişdi, o tarixi tədbir oldu. Təbii ki, türkdilli dövlət başçılarının siyasi dəstəyini aldıqdan sonra TÜRKSOY-un fəaliyyətində daha böyük irəliləyişlər oldu. Bakıya gedərkən Azərbaycan Prezidenti ilə görüşən zaman o mənə deyəndə ki, necəsən, nə kömək lazımdır, bu mənim üçün çox xoş olur. Əgər mən desəm ki, nəsə lazımdır, Prezident bizə dəstək verəcək. 20 il əvvəl biz tək idik. O zaman ölkələrimiz üçün çətin vaxtlar idi. İndi biz tək deyilik, imkanlarımız daha genişdir. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təklifi ilə Astanada Türk Akademiyası yaradılması, Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə TÜRKSOY Fondunun yaradılması və s. bütün bunlar türkdilli ölkələrin rəhbərlərinin təşkilata verdiyi dəstəkdir.
   - TÜRKSOY-un fəaliyyətində yeniliklərdən biri də türkdilli ölkələrin mədəniyyət paytaxtı layihəsidir. Belə bir layihənin həyata keçirilməsində məqsəd nədir?
   - Biz istədik ki, hər il türkdilli ölkələrin mədəniyyət nümayəndələri məhz bir türk şəhərində görüşsünlər, bir araya gəlsinlər. Bu görüş onlara impuls verir. Gələn il Novruz bayramında mədəniyyət paytaxtı funksiyasını Türkiyədə Əskişəhər öz üzərinə götürəcək, bu şəhərdə çoxlu mədəniyyət tədbirləri keçiriləcək. 2014-cü ildə mədəniyyət paytaxtı Kazan olacaq. TÜRKSOY-un bayrağı altında Avropada da tədbirlər keçirəcəyik. Ümumiyyətlə, tədbirlərin coğrafiyasını genişləndiririk. Çinin mədəniyyət naziri ilə görüşdə dedim ki, Uyğur Muxtar Vilayətində çoxlu türk yaşayır. Onların da mədəniyyəti var. Məsələn, bu il Çindən gələn 45 nəfərdən ibarət uyğur ansamblı bizim tədbirlərdə iştirak etdi. Biz də öz növbəmizdə Çinə getməyə hazırlaşırıq.
   - Azərbaycan-TÜRKSOY əlaqələri haqqında nə deyə bilərsiniz? Bildiyimizə görə, 2009-2010-cu illərdə TÜRKSOY-un təşkilatçılığı ilə dahi Üzeyir bəyin “Koroğlu” operası türkdilli ölkələrin sənətçilərinin iştirakı ilə səhnəyə qoyulub. Bu il isə TÜRKSOY-da Azərbaycanın böyük yazıçı-dramaturqunun xatirəsinə Mirzə Fətəli Axundzadə ili elan edilib...
   - Azərbaycan mədəniyyəti çox zəngindir, biz də bu mədəniyyətin türkdilli ölkələrdə, dünyada yayılmasına öz töhfəmizi veririk. Qeyd etdiyiniz kimi, Üzeyir Hacıbəylinin məşhur «Koroğlu» operasının librettosunu qazax, qırğız, başqırd, xakas, qaqauz dillərinə (çevirəni professor Əflatun Nemətzadə) tərcümə etdik və türkdilli dövlətlərin istedadlı sənətçilərinin ifasında möhtəşəm opera tamaşasını səhnəyə qoyduq. Bu, böyük zəhmət idi və bunu layiqincə bacardıq. Tamaşa 2009-cu ildə Bişkekdə, Almatıda, Ankarada, Bakıda, 2010-cu ilin iyulunda isə I Beynəlxalq İstanbul Opera Festivalında nümayiş etdirildi. Bu il “Mirzə Fətəli Axundzadə ili” çərçivəsində böyük dramaturqun “Müsyö Jordan və dərviş Məstəli şah» əsəri qazax dilinə tərcümə olunub və Karakanda şəhərində səhnəyə qoyulub. Bir sözlə, işlərimiz davam edir, çalışırıq ki, Azərbaycanla əlaqələrimiz gələcəkdə daha da genişlənsin.
   
   Söhbətləşdi: Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar