“İndiki uşaqları səhnədə parça üzərinə çəkilmiş təsvirlərlə maraqlandırmaq qeyri-mümkündür”
   
   Rasim Aşın 1968-ci ildə Türkiyənin Salihli şəhərində (Manisa vilayəti) dünyaya gəlib. Televiziya sahəsində çalışıb. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsində təhsil alıb. Tələbəlik illərində görkəmli sənətkar Vaqif İbrahimoğlunun “Yuğ” teatrı ilə əməkdaşlıq etməyə başlayıb. Teatrda “Müsafir”, “X məqamı”, “Midasın qulaqları”, “Olsun” kimi bir-birindən fərqli səhnə əsərlərinə quruluş verib. Artıq yeddi ildir, “Yuğ” teatrında “Uşaq Teatrı Araşdırmaları Laboratoriyası”nın və “Oyun” uşaq teatrının rəhbəri kimi intensiv yaradıcılıq axtarışları ilə məşğuldur. “Buğac xan” tamaşası ilə Braziliyada keçirilən Dünya Uşaq və Gənclər Tamaşaları Festivalında uğurla iştirak edib.
   Rejissor Azərbaycanda çalışdığı illərdə elmi işə də vaxt tapıb. Bu il ikinci ali təhsil aldığı Bakı Slavyan Universitetində “Təhsildə teatr prosesi” mövzusunda dissertasiya müdafiə edib. Bizimlə söhbətə də bu mövzudan başladı.
      
   - Dissertasiyamın əsas mövzusu teatr elementlərinin təhsildə istifadəsidir. Bu elmi iş həm də ustadım Vaqif İbrahimoğlunun istəyi idi. Ona görə də diplomumu alandan sonra gedib onun məzarını ziyarət etdim və dedim: “Ustad, narahat olma, sənə söz vermişdim, sözümə də əməl etdim”.
   - Azərbaycan teatr səhnəsində ilk tamaşanız “Müsafir” oldu. Bakıya müsafir kimi gələn Rasim Aşın bu illər ərzində nələr öyrəndi və nələri öyrədə bildi?
   - Azərbaycan teatrından həm nəzəri, həm də praktiki şəkildə çox şey öyrəndim. Bakıda olduğum müddətdə bütün teatrlar mənə şərait yaradırdılar ki, məşqlərdə və tamaşalarda iştirak edim, öyrənim. Əsas işim uşaq teatrı olduğu üçün ”Yuğ”un nəzdində “Uşaq teatr studiyası” açdım. Çox vaxt elə uşaq teatrı deyərək bu mövzunun üzərindən keçirik. Amma müxtəlif yaşda - 5 yaşla 8 yaş, 10 yaşla 13-15 yaş arasında uşaqların maraqları fərqli olur. Bu baxımdan da ilk gündən belə qərara gəldim ki, tamaşaları uşaqların yaş psixologiyası üzərində qurmalıyam. Ancaq bunun üçün pedaqoji psixologiyanı bilməyə ehtiyac duyulurdu. Bu səbəbdən də elmi işlə məşğul olmağa başladım.
   - Niyə məhz uşaq teatrı yaratdınız?
   - Oyun məfhumu uşaqlar üçün bir anlamdır. Uşaq oynaya-oynaya öyrənir, oynaya-oynaya dünyanı dərk edir. Bu mövzu məni çoxdan maraqlandırırdı. Mədəniyyət və İncəsənət Universitetində təhsil aldıqdan sonra magistraturaya daxil olaraq "Uşaq teatrı necə olmalıdır?" mövzusu üzərində işlədim. Elmi ədəbiyyatla, dünya teatrının təcrübəsi ilə tanış oldum. Azərbaycanda Kukla Teatrı, Gənc Tamaşaçılar Teatrı var. Bu teatrlardan da bəhrələnib özüm üçün müəyyən nəticələr əldə etdim. Bu da mənim üçün bir qazancdır. Bu gün öyrəndiklərimi, əldə etdiklərimi paylaşmağa, başqalarına öyrətməyə çalışıram.
   - Bildiyimizə görə, müəyyən müddət pedaqoq kimi də fəaliyyət göstərmisiniz...
   - Bakı Slavyan Universitetində və Dövlət Dillər Universitetində çalışdım. Hər iki universitetdə teatr klubu yaratdım. Məqsədim gənclərin cəmiyyətdə özlərini daha fəal ifadə etmək imkanı yaratmaq, istedadları üzə çıxarmaq idi. Bu işlərim universitetlərin rəhbərləri tərəfindən də bəyənildi. Bununla da teatrın təhsil prosesində istifadə elementlərinin əhəmiyyətini əyani olaraq sübut etmiş olduq. Rəhbərlik bu ideyamı dəyərləndirərək elmi işimin praktiki həyata keçirilməsi üçün şərait yaratdı. Təbii ki, layihə yeni təhsil sistemi üçün gözəl bir başlanğıcdır. Elmi işlə bağlı fikirlərimi müxtəlif dərgilərdə məqalələr şəklində paylaşdım. Bu məqalələrə öz mövqeyini bildirən azərbaycanlı pedaqoqların müzakirələri də ortaya çox maraqlı təkliflər çıxardı. Bununla da belə bir nəticəyə gəldik ki, mövzu təhsilə yeni qapı aça bilər.
   - Bu gün Rasim Aşının əsas fəaliyyəti nədən ibarətdir?
   - Hazırda əsas fəaliyyətim “Yuğ” teatrının nəzdindəki “Oyun” uşaq teatrı ilə bağlıdır. Uşaqlar üçün hazırladığımız tamaşalar və həmin tamaşalarla xarici ölkələrə qastrol səfərlərimiz bir daha göstərir ki, “Oyun” uşaq teatrı tam zamanında yaranıb. Bu teatrda ilk olaraq Azərbaycan və türk nağılları əsasında ortaq nağıl qəhrəmanlarını səhnəyə gətirdik. Sonra "Azərbaycanın nağıl qəhrəmanları səyahətdə" adı altında ilk səfərə Türkiyədən başladıq. Türkiyənin 27 şəhərində Azərbaycanı anlatdıq, Azərbaycandan bəhs etdik. 4 yaşdan 12-14 yaşadək uşaqlara maraqlı tamaşalar təqdim etdik. Təsəvvür edin ki, hər yaş üçün ayrıca tamaşa hazırlayırıq. Deyək ki, "Tülkü, tülkü, tünbəki, quyruq üstə nəlbəki" tamaşasını hazırlayırıq. Bu tamaşanı 4-5 yaşlı uşaqlar üçün bir cür, 6-7 yaşlı uşaqlar üçün bir qədər geniş formada - onların davranışına, psixologiyasına uyğun formada səhləşdiririk.
   - Yəni hər yaş qrupunun öz tamaşası olmalıdır?
   - Tamamilə doğrudur. Bilirsinizmi, mən dəfələrlə uşaq teatrlarında olmuşam və hər dəfə də görmüşəm ki, fərqli yaşda olan uşaqlara təqdim olunan tamaşa onlar tərəfindən fərqli qəbul olunur. Kimisi baxmaq istəmir, kimisi dostu ilə birgə maraqla seyr etmək istəyir, başqa biri isə onlara mane olmaq istəyir və s. Eyni yaşda uşaqlar artıq bir-birlərini yaxşı anlayır və təqdim olunan tamaşa da onların ürəyincə olur. Eləcə də zaman məsələsi önəmlidir. Məsələn, bəzən bir saatlıq tamaşa uşaqlar üçün yorucu olur. Bundansa yarım saatlıq bir neçə tamaşa hazırlamaq və uşaqların marağını cəlb etmək daha uyğundur.
   - Bu işi necə qurdunuz?
   - İlk əvvəl pedaqoq və psixoloqlarla birlikdə mətnləri yazdıq. Tamaşaları qruplaşdırdıq. Zəngin ədəbiyyatımızdan nümunələr, öz nağıllarımız əsasında uşaqların psixoloji baxışlarına uyğun olaraq mətnlər hazırladıq. İlk işimiz Mövlana Cəlalləddin Ruminin hekayələrindəki fikirləri 4-6 yaşlı uşaqlara uyğun mətnləşdirməkdən başladı. Sonra bunun müsbət nəticəsini görüb laboratoriyada işimizi davam etdirdik. İndiyədək 10-dan artıq tamaşa ilə uşaqları sevindirmişik və bu işdə də heç bir təmənnamız olmayıb. Hətta gördüyümüz işin reklamına belə ehtiyac duymadıq. Uşaq teatrı ilə məşğul olan hər bir şəxs anlamalıdır ki, estetik zövqlər dəyişib, indiki uşaqları səhnədə parça üzərinə çəkilmiş təsvirlərlə maraqlandırmaq qeyri-mümkündür, çünki onlar virtual oyunlar zamanı özləri məkan qururlar. Səhnədə parça üzərində rəssamın çəkdiyi təsvirlər isə onun təxəyyülünü muzey anlamından uzağa aparmayacaq. Yeri gəlmişkən, Türkiyədə belə dekorasiyalı tamaşaları elə bu cür adlandırırlar - “Muzey tamaşası”. Türkiyənin də teatr sistemində çatışmayan cəhətlər az deyil. Məsələn, elə götürək bir teatr truppasında həm dram, həm komediya, həm də pantomim aktyorlarının birləşməsini. Məncə, Azərbaycandakı kimi bütün bu janrlar ayrı-ayrı teatrlarda ifadə olunmalıdır.
   - Bir az da Türkiyə-Azərbaycan teatr əlaqələrinə nəzər salaq.
   - İndiyə qədər ölkələrimizin mədəni əlaqələrinin inkişafı ilə məşğul olan yaradıcı insanlar çox olub, indi də var. Amma teatr sahəsində belə insanlar azdır. Rəhmətlik Vaqif müəllim deyirdi ki, biz öz peşəmiz çərçivəsində bu sahədə nələrsə etməliyik. O, özü ötən əsrin 80-ci illərində Ankara teatrında “Arşın mal alan”, Bursa teatrında isə “O olmasın, bu olsun” komediyalarını səhnələşdirmişdi. Belə ortaq layihələr çox vacibdir. Bir neçə il əvvəl “Mən, sən, biz” layihəsini gerçəkləşdirdik. Vaqif müəllim uşaq teatrının inkişafına marağımı hər zaman dəstəkləyirdi, insanı ruhlandırırdı. Türkiyədə keçirilən bütün festivallara Azərbaycan adından qatıldım və buradakı araşdırmalarımı da hər zaman Azərbaycan adından çıxış edərək tanıtdım. Bir sözlə, məni hər iki ölkənin teatr səfiri kimi qəbul edirlər.
   - Bu gün “Uşaq Teatrı Araşdırmaları Laboratoriyası” Türkiyədə “Oyun” çocuk tiyatrosu” kimi fəaliyyətini davam etdirir. Gələcək planlarınız necədir?
   - “Oyun” uşaq teatrı artıq özünü təsdiq edib. Bu, könüllülər komandasıdır. Tamaşalarımızdan heç bir gəlir götürmürük. 7 ildə Türkiyənin 36 şəhərində 300-ə yaxın seans oynamışıq. Bundan başqa, Türkiyə səfirliyinin dəstəyi sayəsində ötən il Əhmədlidə, Xırdalanda Azərbaycan məktəbliləri üçün də seanslar təşkil olunmuşdu. Bu tamaşalar müxtəlif yaş kateqoriyasından olan uşaqların teatr haqqındakı təsəvvürünü doğru istiqamətə yönəltməkdən savayı, digər vəzifələri də öz üzərinə götürür. Məsələn, “Sizə salam gətirmişəm” tamaşası uşaqlara Azərbaycan haqqında bilgi vermək, maraqlandırmaq və araşdırmaya sövq etmək üçün, “Səyyah” və ya “Gəzgin” tamaşaları uşaqlara teatr sənəti haqqında bilgi vermək, onlarda turizm haqqında anlayış yaratmaq üçün hazırlanıb. Turizmlə teatrı bir-biri üçün daha da əhəmiyyətli etmək məqsədilə yeni bir layihə həyata keçirmək istəyirəm. Manisa vilayətinin Sardes qəsəbəsinin turizm məkanı olduğunu əsas götürüb orda ildə iki dəfə “Dionis bayramları” adlı festival təşkil etmək fikrindəyəm. Bunun üçün uyğun bir tikili inşa edilməlidır. Artıq ideya təqdirlə qarşılanıb, teatr mərkəzinin yaradılması üçün rəsmi qurumlar tərəfindən müvafiq ərazi ayrılmışdır. Hazırda bu layihə ilə məşğuluq.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar