Zərifə Məlikova: “Muzey eksponatları canlı varlıq kimidir. Onlar nə qədər yaxşı mühafizə olunsa da, zaman öz sözünü deyir”
   
   Dünyada mövcud olan çoxsaylı peşələrin mahiyyətinə görə bir-birinə oxşarlığını nəzərə alsaq, bərpaçını təbiblə müqayisə etmək olar. Hər iki sənət sahibinin başlıca amalı qarşısındakı varlığın ömrünü uzatmaqdır. Fərq ondadır ki, təbib müasiri ilə üz-üzə dayanıb onun dərd-sərini dinləyə bilirsə, bərpaçı keçmişlə, tarixlə üz-üzə qalmalı olur. Xəyalən ötən əsrlərə qayıdır, eksponatlarla “dərdləşir”, onun yaşaması üçün bacardığını edir...
   
   Respublikamızda muzey sərvətlərinin elmi bərpasına başlanılması XX əsrin 50-ci illərinə təsadüf edir. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əsası ilk professional bərpaçı-rəssam Fərhad Hacıyev tərəfindən qoyulub. O, 1957-ci ildə R.Mustafayev adına İncəsənət Muzeyinin zirzəmisində ilk bərpa emalatxanasını açıb. XX əsrin 80-ci illərində emalatxanaya mərkəz statusu verilib və bədii irsin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayan bərpaçılar bir araya gəliblər. Hazırda tətbiqi incəsənət, rəngkarlıq, qrafika və elmi-tədqiqat şöbələrindən ibarət mərkəzdə müxtəlif muzeylərdən gətirilən eksponatlar elmi əsaslarla bərpa və konservasiya olunur.
   Həmsöhbətimiz 55 yaşını tamamlayan Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikovadır.
   
   - Zərifə xanım, istərdim, ilk növbədə “Xilas olunmuş gözəllik” layihəsindən danışaq...
   - 2007-ci ildə Muzey Mərkəzində əməkdaşlarımız tərəfindən bərpa edilmiş eksponatların sərgisini təşkil etdik. Sərgi çox maraqla qarşılandı və geniş ictimaiyyət mədəniyyət nümunələrindən zövq almaqla bərabər bərpaçıların çətin əməyinin nəticələrini gördülər. Sonradan Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi tərəfindən belə bir təşəbbüs irəli sürüldü ki, biz bu işi regionlarda təşkil edək. İndiyədək Lənkəran, Quba, Şəki, Qax və Qusarda seminar-treninqlər keçirmişik. Bundan əlavə, Saatlı, Sabirabad, Şirvan və digər rayonların muzeylərində səyyar sərgi-seminarlar təşkil etmişik, gördüyümüz işləri, əldə olunan nəticələri nümayiş etdirmişik. Bu tədbirlər respublikamızın muzeylərində saxlanılan maddi-mədəni irs nümunələrinin qorunması, konservasiyası üçün lazımi tədbirlərin görülməsi, bu istiqamətdə maarifləndirmə işlərinin aparılması, habelə rayon muzeylərində çalışan rəssam-bərpaçıların peşə səriştələrinin artırılması məqsədilə keçirilir.
   - Muzeylərimizdə bərpaya ehtiyacı olan eksponatlar çoxdur?
   - Son vaxtlar bizə edilən müraciətlər göstərir ki, həm bərpa, həm də konservasiya edilməli eksponatların sayı çoxdur. 25 bərpaçı rəssamımız var. Çalışırıq ki, üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələk. İndi hər bölgədə muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni binalarla təchiz olunması eksponatların lazımi şəraitdə saxlanılmasına imkan verir. Onu da deyim ki, eksponatın vaxtında bərpa olunmasından da çox şey asılıdır. Bəzən yubanma tarixi bir əşyanın məhvi ilə nəticələnir.
   - Eksponat üzərində bərpa və ya konservasiya işlərinin zəruriliyini necə müəyyənləşdirirsiniz?
   - Bərpa üçün gətirilmiş hər hansı sənət nümunəsi və ya əşya ilk növbədə dezinfeksiya olunur, onun adına elmi pasport açılır, gətirdiyi vəziyyətdə fotoşəkli çəkilir. Mütəxəssislər bərpa metodunu müəyyənləşdirəndən sonra bərpaçılar həmin əsər üzərində zərgər dəqiqliyi ilə işə başlayırlar. Mərkəzin alim və sənət adamları, mütəxəssislərdən ibarət Elmi-Bərpa Şurası bərpaçılara zəruri tövsiyələr verir. Əvvəlcə eksponat nəzərdən keçirilir, onun bərpa və ya konservasiya olunması müəyyənləşdirilir. Nəinki bərpaçı rəssamların, hətta mühəndis, bioloq və s. tövsiyələri nəzərə alınır.
   - Mərkəzin fəaliyyətinə gənclər cəlb olunurmu?
   - Son illər sıralarımızda gənclərin sayı artıb. Onlar böyük maraq və həvəslə bərpaçılıq sənətinin sirlərini öyrənirlər. Onu da qeyd edim ki, Rəssamlıq Akademiyasında bu ixtisas üzrə təhsil alan tələbələr mərkəzdə təcrübə keçirlər. Onlar muzey eksponatları olmayan xalçaların, keramik məhsulların üzərində işləyir, praktik vərdişlərə yiyələnirlər.
   - Niyə bəzən zədələnmiş eksponatın digər eksponatlardan ayrı tutulması tövsiyə olunur?
   - Çünki zədələnmiş xalça və ya digər eksponat özündə zərərverici həşəratları yaşadır. Bu baxımdan “xəstə” eksponatın digərlərindən ayrı tutulması vacibdir. Əks halda həmin ziyanvericilər başqa eksponatlara da zərər verə bilər. Yeri gəlmişkən, bu barədə elmi məlumat kitabçası hazırlamışıq. Onu çap edib muzeylərə verəcəyik. İnsan doğulandan dünyasını dəyişənədək müntəzəm olaraq səhhəti ilə əlaqədar həkimə müraciət edir. Muzey eksponatı da sanki canlı bir varlıqdır. Eksponatlar muzeydə nə qədər yaxşı mühafizə olunsa da, zaman öz sözünü deyir və nə vaxtsa bərpaçıya möhtac olur. Muzeylərdə əsas problem odur ki, hər hansı eksponat sınanda və ya zədə alanda muzey işçiləri necə gəldi onu yapışdırır, tikirlər. Onlar hesab edirlər ki, bu üsulla eksponatı xilas edirlər. Amma həmin eksponat bərpa üçün gətiriləndə işimiz çətinləşir. Bu səbəbdən zədə almış eksponatı vaxtında bərpa mərkəzinə gətirmək lazımdır.
   - Son illərdə mərkəzin beynəlxalq səviyyədə əməkdaşlığı genişlənib. Dünya ölkələrində bu sahədə vəziyyət necədir?
   - Xarici ölkələrin bərpa mərkəzləri və bu sahədə çalışan sənətkarlarla əlaqələr saxlayır, təcrübə mübadiləsi aparırıq. İCOM (Beynəlxalq Muzeylər Şurası) və İCCROM (Mədəni Sərvətlərin Mühafizəsi və Qorunması üzrə Beynəlxalq Mərkəz) kimi nüfuzlu təşkilatlarla sıx əməkdaşlıq edirik. Düzdür, Avropa ölkələrində qabaqcıl texnologiyalar çox inkişaf edib, amma bizim ustaların təcrübələri çox vaxt əcnəbilərin böyük marağına səbəb olur. Öz tarixinə, mədəniyyətinə, keçmişinə biganə qalmayan hər bir ölkə bu sahədə ixtisaslaşmağa çalışır. Məsələn, Gürcüstanda belə bir mərkəzin yaradılmasına başlayıblar. İtaliyada bərpaçılıq institutları var. Rusiyada Dövlət Bərpaçılıq İnstitutu mövcuddur. İnstitutun elmi nəşrində bizim əməkdaşların da məqalələri dərc olunur. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi dünyanın bir sıra ölkələrində tanınır. Əməkdaşlarımız vaxtaşırı olaraq xarici ölkələrdə treninqlər keçirlər. ABŞ, İtaliya, Türkiyə, İran və başqa ölkələrdə təcrübə mübadiləsi keçmiş, müxtəlif kurslarda iştirak etmişik. Bu, respublikada yeganə mərkəzdir ki, bütün növ incəsənət əşyaları bərpa olunur. 55 il ərzində mərkəzdə 11 mindən artıq müxtəlif muzey eksponatı bərpa və konservasiya olunub, muzeylərə qaytarılıb.
   - Bölgələrdə mərkəzin bölmələrinin açılması gözlənilirmi?
   - Mədəniyyət və Turizm Nazirliyi gələcəkdə dörd bölgədə - Naxçıvan, Lənkəran, Quba və Şəkidə mərkəzin bölmələrinin açılmasını planlaşdırır. Amma ilk növbədə ixtisaslı kadrlar yetişməlidir. Yerlərdə mütəxəssislər hazırlanmalıdır. Ola bilsin bölgələrdə ilk olaraq kurslar açaq. “Xilas olunmuş gözəllik” layihəsi də müəyyən mənada bu amala xidmət edir. Onu da deyim ki, bölgələrdə də istedadlı bərpaçılar var.
   
   Ceyhun Zərbəliyev