Ceyran Mahmudova: “Ən böyük problemimiz tədris korpusundakı darısqallıqdır”
Ötən il 100 illiyini qeyd edən, zəngin ənənələrə malik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) bir əsrlik fəaliyyəti dövründə mədəniyyətimizin inkişafına mühüm töhfələr verib. Bu gün ölkəmizdə mədəniyyətin bütün sahələrində çalışan insanların əksəriyyəti bu təhsil ocağının məzunlarıdır.
Müsahibimiz ADMİU-nun rektoru musiqişünas-alim, sənətşünaslıq elmləri doktoru, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudovadır.
– Ceyran xanım, ADMİU 101-ci tədris ilinə necə başlayıb?
– Ötən il universitetin 100 yaşı qeyd edildi. Bu, kollektivimiz üçün çox əhəmiyyətli, yaddaqalan hadisə oldu. Möhtərəm Prezidentimizin sərəncamı ilə universitetin yubileyi dövlət səviyyəsində qeyd edildi. Dekabr ayında dövlət başçımız təhsil ocağının bir qrup professor və müəllimini təltiflərlə sevindirdi. Bu təltifləri bütün kollektivə verilən dəyər kimi qəbul edirik.
Digər tərəfdən, 100 illik yubiley fərqli formatda qeyd edildi. Hər fakültə öz tədbirlərini keçirdi: tamaşalar, konsertlər, sərgilər... Eyni zamanda ölkəmizin 10-dan çox universitetində də yubileyimizlə bağlı tədbirlər təşkil olundu. Yubiley ilinə müəllim və tələbələrimizin iştirakı ilə hazırlanan V.Şekspirin “Maqbet” tamaşası ilə yekun vurduq.
Universitet elə bir canlı orqanizmdir ki, burada hər gün hər hansı bir yeniliyin olması hökm deyil. Amma daimi inkişaf strategiyası var. Biz sahib olduğumuz ənənələrə əsaslanaraq müasir dövrün tələblərinə uyğun şəkildə təhsili inkişaf etdirməliyik. Ətrafımızda baş verənlər, müasir dövrdə mədəniyyətimizin qarşısında qoyulan məqsəd və vəzifələr universitetdə tədris prosesində mütləq nəzərə alınır.
– Yeni ixtisaslar yaradılırmı?
– Bəli, son illər universitetimizdə bir sıra yeni ixtisasların tədrisinə başlanılıb. Animasiya rejissorluğu, animasiya rəssamlığı, mədəniyyət sahəsində menecment. Sonuncu qeyd etdiyim ixtisas artıq üç ildir uğurla tədris olunur. Dərslər Azərbaycan və ingilis dillərində aparılır. Biz tələbələri qəbul edəndə mütləq sonradan onların hansı sahədə işlə təmin olunacaqlarını düşünməliyik. Bununla bağlı, ilk növbədə, Elm və Təhsil Nazirliyi, həmçinin müəssisələri üçün kadr hazırladığımız Mədəniyyət Nazirliyi ilə davamlı əməkdaşlıq edirik.
Yeri gəlmişkən deyim ki, Azərbaycanda ilk dəfə mədəniyyət və incəsənət sahəsində biznesin təşkili və idarə olunması üzrə bilik və təcrübələr əldə etməyə imkan verən MBA proqramı Mədəniyyət və İncəsənət Universitetində təşkil edilib. Hazırda bu sahəyə maraq çoxdur. Birinci il biz 10 yer ayırdıq. Yerlərin hamısı doldu. Sonra gördük bu ixtisasa gələnlər daha da artır, ingilis dilində də bölmə açdıq və yerlərin sayını çoxaltdıq.
Məzunlarımızın 70-85 faizi işlə təmin olunur
– 2024/2025-ci tədris ili üçün universitetə tələbə qəbulu üzrə neçə yer ayrılmışdı?
– 660 yer vermişdik. 600 nəfər qəbul olundu. Hər il təxminən bu qədər qəbul olur.
Bütün fakültələrimiz üzrə qəbul var.
– Məzunlarınızın təxminən neçə faizi işlə təmin oluna bilir?
– İllər üzrə bu rəqəm fərqli olur. İstəyirəm oxucular da bilsin ki, sovet dövründən fərqli olaraq indi universitetlərdə təyinat yoxdur. Universitet tələbələrin sonrakı yerləşdirilməsinə cavabdeh deyil. Biz bu öhdəliyi üzərimizə götürə bilmərik. Biz, sadəcə, tədrislə məşğuluq. Məzunlarımızın 70-85 faizi işlə təmin olunur. Bu da əsasən ixtisasdan və istiqamətdən asılıdır. Hazırda universitetdə 21 ixtisas tədris olunur. Təsəvvür edin bütün bu ixtisaslarla bağlı fərqli vəziyyət var. Biz öz vəzifəmizi onda görürük ki, çalışıb dövrün tələblərinə uyğun olaraq yaxşı təhsil verək. Təbii ki, biz məzunlarımızın taleyi ilə maraqlanırıq. Bəzi məzunlarımız elə universitetdə işlə təmin olunur. Rektor olduğum dövrdə 20-yə yaxın məzun bizdə işlə təmin edilib. Bunların sırasında müəllim, inzibati iş, tədris və yardımçı işlərdə çalışanlar var.
– Bir qədər də universitetin beynəlxalq əlaqələrindən danışaq. Xaricdəki təhsil ocaqları ilə ikili diplom proqramı varmı?
– Mədəniyyət və İncəsənət Universitetində tədris prosesi dünyanın qabaqcıl ali təhsil müəssisələrinin proqramlarına uyğun təşkil edilir. ADMİU ilə Şimali Kipr Türk Cümhuriyyətinin Arkın Yaradıcı Sənətlər və Dizayn Universiteti (ARUCAD) arasında bağlanmış əməkdaşlıq protokoluna əsasən, aktyor sənəti ixtisası üzrə ikili diplom proqramı həyata keçirilir. Magistr hazırlığında isə Qazaxıstanın Jurqenov adına Milli İncəsənət Akademiyası ilə teatrşünaslıq üzrə ikili diplom proqramımız mövcuddur. Bundan əlavə, bir sıra beynəlxalq layihələrin iştirakçısıyıq. Bu il iki “Erasmus” mübadilə proqramını qazanmışıq. “Jean Monet Modulu”nun iştirakçısıyıq. Azərbaycanda bir neçə universitet bu layihəyə qoşulub. Müxtəlif ölkələrin mütəxəssisləri universitetimizdə ustad dərsləri keçir, mühazirələr oxuyurlar. Bu, mütəmadi xarakter daşıyır. Demək olar ki, hər il Rusiya Dövlət Teatr Sənəti İnstitutundan (QİTİS) mütəxəssisləri dəvət edirik. Onlarla çox yaxşı münasibətimiz var. Eyni zamanda Qazaxıstandan olan magistrantlar hər il müxtəlif ixtisaslar üzrə gəlib bizdə təcrübə keçirlər. Müəllimlərimiz də bir sıra ölkələrdə ixtisasartırma kursunda iştirak edirlər.
Bir sözlə, universitetimizin həyatı yetərincə dinamikdir. İlin sonuna qədər ustad dərsləri və müxtəlif ölkələrdən olan müəllimlərin mühazirələri reallaşacaq. İstanbul Nişantaşı Universiteti pedaqoqlarının keçdikləri silsilə ustad dərsləri yekunlaşıb və kinofestival layihəsi reallaşır. 6-15 dekabr tarixlərində İstanbul Nişantaşı Universiteti və ADMİU-nun birgə təşkilatçılığı ilə “Film heç bitməsin” adlı birinci beynəlxalq kinofestivalı keçiriləcək. Eyni zamanda tələbələrimiz TÜRKSOY-un xətti ilə təşkil edilən festivalda, Rusiyada, Türkiyədə və digər ölkələrdə keçirilən tələbə film festivallarında uğurla iştirak edirlər. Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi bu proseslərdə bizə dəstək olurlar.
– Vahid tələbə kartı. Son vaxtlar bu məsələ daha çox aktuallıq qazanıb...
– Biz də bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyan bu layihəyə qoşulmuşuq. Oktyabr ayında artıq müqavilə imzalamışıq. Tələbələrin xeyrinə olan bütün layihələrə qatılırıq.
– Bir qədər də SABAH qruplarından danışaq.
– Aktyor, operator, bu ildən isə ssenari üzrə SABAH qruplarımız var. Bu qruplar çox uğurla fəaliyyət göstərir. SABAH qrupu məzunlarının hazırladığı tamaşalar dəfələrlə xarici ölkələrdə festivalların qalibi olub. Onların bir çoxu təhsilini magistraturada davam etdirir, bəziləri də aparıcı teatrlarımızın truppalarında çalışırlar. Yəni SABAH çox uğurlu layihədir. Hazırda ssenari üzrə 8 nəfər tələbə təhsil alır. Onların kurs rəhbəri İlqar Fəhmidir. Onların da ümidləri doğruldacağına inanıram.
Söz verilib ki, tədris teatrımızın yeni binası bir ilə tikiləcək
– Ümumiyyətlə, universitet olaraq qarşılaşdığınız əsas çətinliklər nələrdir?
– Ən böyük problemimiz tədris korpusunun imkanları ilə bağlıdır. Tədris korpusumuz universitetin kontingenti üçün yetmir, yerimiz darısqaldır. Bu bina vaxtilə Energetika Texnikumuna aid olub. Bizim maksimum 660 plan yeri verməyimizin səbəbi də budur. Yer olmadığı üçün bundan artıq plan verə bilmirik. Tədris teatrımızın binası sökülüb, yenidən tikiləcək. O da bizim üçün çox böyük bir gözləntidir. Bizə söz verilib ki, bina bir ilə tikilib təhvil veriləcək. Ənənəvi problemlər isə həmişə var: daha yaxşı avadanlıqlar, kameralar, musiqi alətləri, texniki təchizat... İstəyirik ki, tələbələr üçün ən yaxşı şəraiti yaradaq.
– Təhsil ocağında mədəniyyətimizin bir sıra tanınmış simaları çalışır. Onların hər hansı bir kaprizləri varmı?
– Mən buna kapriz deyil, yaradıcı şəxsiyyətin özünəməxsusluğu deyərdim. İstedadı olan hər bir şəxs fərqlidir. Onun öz dünyası var. Adi insanlar səhnədə obraz yarada, tabloda rəsm, musiqidə ifa edə bilməz. Onlara xüsusi yanaşma nümayiş olunmalıdır. Mən ailəmizdə belə insanların əhatəsində böyümüşəm. Bu səbəbdən də mənə yaradıcı insanlarla ünsiyyətdə olmaq çətinlik yaratmır, əksinə, daha xoşdur.
Musiqişünas kimi fəaliyyətimi “dondurmuşam”
– Söhbətimizi bir qədər də yaradıcılığa sarı yönəldək. Vaxtilə bir sıra mövzular üzrə ən çox müraciət etdiyim musiqişünas olurdunuz. Rektor olandan sonra isə vaxt qıtlığınız yarandı. İdarəçilik və yaradıcılıq. İkinciyə vaxt ayıra bilirsinizmi?
– Rektor olduğum bu 6 ildə yaradıcılıqla müntəzəm məşğul olmağa vaxt ayıra bilmirəm. Musiqişünas kimi fəaliyyətimi, demək olar ki, “dondurmuşam”. Çünki bu, mümkün deyil. Bu təyinatın məsuliyyəti mənim üçün çox böyükdür. Bütün düşüncəm, fikrim, enerjim universitetin işlərinə yönəlib. Halbuki vaxtilə kitablarım çıxırdı, verilişim də var idi, redaktor kimi də fəaliyyət göstərirdim. Elmlər doktorluğu dissertasiyası müdafiə etmişdim, professor adı almışdım. Amma 6 ildir ki, rektorluq fəaliyyətim üzərində dayanmışam və bunu düzgün hesab edirəm. Təbii ki, öz fəaliyyətim üçün darıxıram. Hər iki sahədə işimi çox sevirəm. Kollektivimiz üçün faydalı tədris mühiti yaratmağa çalışıram.
– Universitet olaraq qarşıda nə kimi hədəfləriniz var?
– Hədəflərimiz gündəlik işimizin parçasıdır. Hər il dövlət başçısının sərəncamı ilə təyin edilən əlamətdar ilə uyğun olaraq tədbirlər planı hazırlayırıq. Bu il may ayında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, COP29-a həsr olunan gözəl bir sərgi təşkil etdik, dekabr ayında da tədbirlərimiz olacaq. Bundan əlavə, müəllimlərimiz böyük mədəni layihə və tədbirlərdə iştirak edirlər, könüllülərimiz də aktivdirlər. Bir sözlə, kollektiv mütəmadi olaraq bütün mədəni layihələrdə yaxından iştirak edir.
– Müsahibəyə görə təşəkkür edir, işlərinizin avand olmasını arzu edirik.
– Mən də “Mədəniyyət” qəzetinin kollektivinə uğurlar arzulayıram.
Lalə Azəri