Tural Mustafayev: “Uğurlu iş böyük yaradıcı mübahisələrdən yaranır”
   
   Bölgə teatrlarında yaradıcılıq ab-havası necədir? Aktyorlar, rejissorlar hansı əsər üzərində işləyir? N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Tural Mustafayevlə bu barədə söhbət etdik.

   
   Qeyd edək ki, gənc rejissor müxtəlif vaxtlarda Bakı və Sumqayıt teatrlarında «Çevrilmə» (F.Kafka), «Şah» (Ə.Haqverdiyev), «Rəhm» (M.Füzuli), «Qızıl xoruz» (A.Puşkin) kimi tamaşalara uğurlu quruluşlar verib. Bu səhnə əsərləri özünəməxsus üslubu, fərqli yanaşma və yozumları ilə teatr ictimaiyyətində müzakirələrə səbəb oldu.
   Həmsöhbətimdən əvvəlcə özü haqqında qısa məlumat verməsini xahiş etdim.
   
   - 1980-ci ildə anadan olmuşam. Necə deyərlər, gözümü teatrda açmışam. Anam Almaz Mustafayeva Gənc Tamaşaçılar Teatrında işləyib. Atam Vaqif Mustafayev də rəssam idi. O, Moskvada Vyaçeslav Zaytsevin kursunu bitirmişdi. Filmlərdə, tamaşalarda rəssam işləmişdi. Əlbəttə, teatr adamının ailəsində doğulmağın da mənfi və müsbət tərəfləri var. Bir dəfə aktyor tanışımla bu barədə söhbət edirdik. O mənə dedi ki, valideynləri teatrda çalışan uşaqlar bu sənət ocağını ilk dəfə görən adamın keçirdiyi heyranlıq hissini keçirə bilmirlər. Çünki onun üçün teatr gündəlik və adi bir məkandır. İnsan gərək bu sənətə, teatra heyran olub gəlsin. Mən onunla razılaşmadım. Zənnimcə, ailəsi teatrla bağlı olan bu uşaqlar genetik olaraq teatra heyran olurlar, bu sevgi onların qanında olur.
   - Qardaşınız Mustafa da rəssamdır və teatrda birgə işləriniz olub. Sumqayıt teatrında hazırladığınız «Şah» tamaşasında maraqlı dekorlar yaratmışdı. Ailədən biri ilə yaradıcı sahədə çalışmaq necədir?
   - Deyim ki, bizim yaradıcılqla bağlı çox mübahisələrimiz olur. Amma bu işimizin xeyrinə olur. Ümumiyyətlə, uğurlu iş böyük yaradıcı mübahisələrdən yaranır.
   - Sizcə, tamaşada rəssam rejissor fikrinə tabedirmi?
   - Adətən belədir. Əlbəttə, hər şey rejissor ideyasından başlayır. Hətta yaxşı olar ki, bu mübahisələrdə bəstəkar da iştirak etsin. İşi başlayanda onlarla başlamaq lazımdır.
   - Lənkəran Dövlət Dram Teatrında baş rejissor işləyirsiniz. Gənc rejissor üçün paytaxtın teatr mühitindən bölgəyə gəlmək çətin olmadı ki?
   - Buraya gəlməzdən öncə teatrla bağlı layihə ilə əlaqədar bir müddət Polşada oldum, təcrübə keçdim. Bakıya qayıdandan az sonra Lənkəran teatrına göndərildim. Əlbəttə, paytaxt və əyalət arasında fərq var. Paytaxtda həyat qaynayır, bölgədə isə ritm dəyişir. Yaradıcılıq baxımından da fərqlər var. Paytaxtda aktyorların inkişaf üçün imkanları daha genişdir. Amma mən işimdən, buradakı yaradıcı heyətdən razıyam. Biri var ki, sən boş bir məkana gəlirsən və öz istədiyini etməyə başlayırsan, hansısa bir truppanı formalaşdırırsan. Bir də var ki, sənin gəldiyin teatrın formalaşmış ənənəsi, müəyyən qayda-qanunu var. Bunları pozmaq cəhdi teatr üçün pis nəticələr verə bilər. Düşüncə fərqi ola bilər. Əsas odur ki, kollektivdə sənətə heyranlıq olsun. Sən aktyora onun indiyədək çalışmadığı maraqlı bir ideya, metod təklif edirsən və o, ilk mərhələdə səni tam anlamasa belə işə qoşulur. Hiss edir ki, bu, nə isə başqa bir yoldur, başqa bir tərzdir.
   - Hazırda Lilian Voyniçin məşhur «Ovod» əsərini tamaşaya hazırlayırsınız. Bundan öncə Lənkəran teatrında hansı tamaşaya quruluş vermisiniz?
   - Uşaqlar üçün «Qış nağılı» adlı tamaşa hazırlamışam. Bu tamaşa mənim üçün sınaq kimi bir iş idi.
   - “Ovod”un məşqləri necə gedir? Bu əsərin sizə görə nə kimi məziyyətləri var?
   - Sosiumda baş verən bütün hadisələrin içində əsas olan ata-oğul münasibətləridir. Münasibətlərdəki problemin mənşəyi isə eqoizmdir. Yəni mən “eqo”mdan keçə bilmərəm, amma səndən keçərəm. Bu sadə münasibətlər deyil.
   - Əsəri teatr üçün kim işləyib? Əsas qəhrəmanları kim oynayır?
   - Bu işi mən özüm etmişəm. Qəhrəmanlara gəlincə, Montanelli rolunu Qabil Quliyev və Təvəkkül Əliyev məşq edir. Ovodu Sücəddin Mirzəyev və Səyyad Əliyev oynayacaq. Cemma obrazını isə Gülər Kərimova və Aynur Əliyeva ilə işləyirik. Tamaşada nələr etdiyimi danışmayacağam. İnşallah gəlib baxarsınız. Tamaşanı dekabrda təqdim etməyi nəzərdə tuturuq.
   - Teatrın repertuarı barədə nə deyə bilərsiniz? Gələcək planlarda nələr var?
   - Teatrımızın repertuarında klassik əsərlər var. Klassika vacibdir. Eduardo de Filipponun «Kabuslar»ına müraciət etməyi düşünürəm. Hesab edirəm ki, monumental əsərlərdənsə bir qədər kompakt əsərlərə üstünlük verməliyik.
   
   Aliyə 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar