Mustafa Kandil: «Dünya memarlığı sanki Bakıda yarışır»
   
   “Tarixi abidələri qorumaq şəhərin hafizəsini, tarixini qorumaq deməkdir. Əgər bunları yenidən inşa edərik desəniz, demək ki, şəhərin tarixi yaddaşını silmiş olursunuz”
   
   Memarlıq və onun fəlsəfəsi haqqında istər Qərb, istərsə də Şərq filosofları maraqlı fikirlər səsləndiriblər. Məsələn, məşhur alman mütəfəkkiri Höte deyirdi: «Memarlıq donmuş musiqidir», Çin filosofu Tao-Te isə memarlığın məqsədinin binanın içərisindəki boşluq olduğunu deyir və bununla interyeri, məkanı nəzərdə tuturdu. Memar Sinan isə məscidin günbəzini dənizin üzərindəki gözəl su köpüklərinə bənzədirdi.
   
   Əlbəttə, bütün bunlar zamanında gözəl memarlıq əsərləri ilə bağlı deyilmiş fikirlərdir. Maraqlıdır, müasir dövr memarlığına yanaşma, eləcə də memarlıq irsinin qorunması sahəsində vəziyyət necədir? Müsahibimiz Trabzon Texniki Universitetinin memarlıq fakültəsinin dekanı Mustafa Kandildir. Onun Türkiyə və dünya memarlıq irsiylə yanaşı, Azərbaycan paytaxtındakı yeni memarlıq nümunələri ilə bağlı fikirlərini öyrəndik.
   
   - Dünya memarlığı tarixində Türk-İslam memarlığını necə dəyərləndirirsiniz?
   - Türk-İslam memarlığı dünya memarlığının önəmli parçasıdır. Biz, məsələn, Türkiyə-Anadolu sintezi deyilən 11 min illik bir dövrdən bəhs edə bilərik. Bu dövr içərisində bir memarlıq anlayışı var. Bu gün biz Türkiyədə Roma, Səlcuq, Osmanlı memarlığından bu günə qədər olan memarlığı qoruyuruq.
   - Zəngin sənət nümunələri olan Türkiyə memarlığının müasir ideologiyası nədir?
   - Çağdaş Türkiyədə təkcə mədəniyyətin, memarlığın deyil, bütövlükdə ölkə həyatının ideoloji əsası böyük öndər Atatürkün banisi olduğu Cümhuriyyət ideologiyasında təşəkkül tapıb. Bu ideologiyanın iki təməl prinsipi var: müasirləşmək, millətləşmək (uluslaşmaq). Cümhuriyyət adına bina edilən bütün işlər də bu iki təməl prinsipə əsaslanıb. Memarlığa gəlincə, Türkiyə Cümhuriyyəti qurulduqdan sonra Ankaranın paytaxt elan olunması, şəhərin inkişafı buna nümunədir. Müasir Ankara memarlıq və şəhərsalmada bu ideologiyanın sübutu olaraq yaradıldı. Türkiyədə 1930-cu illərdə milli memarlıq deyilən bir cərəyan meydana gəlsə də, 1940-cı illərdə o zəiflədi. II Dünya müharibəsindən sonra Amerikanın dünya meydanında hegemon dövlətə çevrilməsi bir çox sahələrdə, eləcə də dünya memarlığında özünü göstərdi. Türkiyədə də modernist Amerika memarlığı yayılmağa başladı. Qeyd edək ki, Atatürkün yeni Türkiyə quruculuğunda önəm verdiyi memarlıq da modernist memarlıq idi. Lakin bu həm də klassik türk memarlığının yeni oyanışı demək idi.
   Atatürk dönəmində bir çox əcnəbi memarlar Türkiyəyə dəvət olundular. Onların hamısı modernist memarlığın qurucuları idilər. Bu memarlar Türkiyədə həm çalışdılar, həm təhsil verdilər, layihələr həyata keçirdilər. 1950-ci illərdən sonrakı dövrdə Türkiyədə Amerika memarlıq tərzi üstünlük təşkil edib. 70-ci illərdə artıq modern memarlıq sona çatdı və öz yerini postmodern memarlıq dövrünə verdi. Bu dövrdə isə memarlıqda artıq yüksək texnologiyalar yer aldı. Məsələn, Türkiyədə son illər bu sahədə böyük layihələr həyata keçirildi. Ümumiyyətlə, ölkəmizdə memarlıq sahəsinə böyük önəm verilir. Təkcə onu demək kifayətdir ki, Türkiyə Memarlar Odasının 45-50 minə yaxın üzvü var. Bunun özü bir daha göstərir ki, biz böyük memarlıq ənənələrinə sahibik.
   - Hazırda dünyanın bir çox gözəl memarlıq nümunələri Türkiyədə inşa edilir. Maraqlıdır, türk memarları buna necə nail olur, hansı təcrübədən yararlanır?
   - Biz hazırda ünsiyyət dünyasında, sürətli informasiya zamanında yaşayırıq. Həyatın, sənətin bir çox sahələri kimi, dünya memarlığındakı yenilikləri də internet vasitəsilə izləmək mümkündür. Türkiyənin çağdaş memarlığı yenilikçi texnologiyadan istifadə edən memarlıqdır. Ölkəmizdə həm klassik Türk-İslam memarlığı, həm də çağdaş memarlıq sahəsində mütəxəssislərimiz var. Ümumilikdə bu sahədə zəngin ənənələrimiz, memarlıq mədəniyyətimiz var. Çünki Türkiyə memarlığının üzərində dayandığı, söykəndiyi böyük memarlıq irsi - Səlcuq, Osmanlı memarlığı, Cümhuriyyət dövrü memarlığı mövcuddur. Qeyd etdiyiniz kimi, dünyanın gözəl binalarının Türkiyədə tikilməsi də məhz bu təcrübəyə, bazaya əsaslanır.
   - Türkiyə də daxil olmaqla, dünyada müasir şəhərsalma prinsipləri öz-özlüyündə nəyi ehtiva edir, onun prinsipləri nədir?
   - Müasir dövr şəhərsalma ixtisaslaşma deməkdir. Yəni bu işlə sırf mütəxəssislər məşğul olmalıdırlar. Amma burada çox incə məqamlar da var. Məsələn, Roma tarixi mərkəzində müasirliyi necə yaratmaq olar? Və ya Parisin mərkəzində deyil, kənarında bir boş sahə var ki, orada da Amerika ilə yarışırlar, yüksək göydələnlər tikilir. Amma şəhərin mərkəzində bunu etmək olmaz. Anadoluda 11 min illik memarlıq mirası var. Bu tarixi miras bizim üçün önəmlidir, çünki o böyük bir mədəni sərvətdir. Odur ki, müasir şəhər memarlığını yaradarkən tarixi mirası qorumaq lazımdır. Parisin kənarında tamamilə başqa, müasir bir Paris var. Bu vəziyyət Roma, İstanbul və digər qədim tarixi şəhərlərdə eynidir və bu düzən pozulmamalıdır. Belə ki, müasir tikili, yeni yerləşmələr üçün yeni sahələr açmaq lazımdır. Eyni zamanda tıxacların yaranmaması üçün yollar da geniş olmalıdır. Əks halda şəhərin estetikası da pozulur. Tarixi abidələri qorumaq şəhərin hafizəsini, tarixini qorumaq deməkdir. Əgər bunları yenidən inşa edərik desəniz, demək ki, şəhərin tarixi yaddaşını silmiş olursunuz.
   - Bu sahədə hansı çətinliklər ortaya çıxır?
   - Bir toplumda nələrin yaşandığını bilmək üçün onun dilinə baxmaq lazımdır. Çünki dil ən önəmli mədəniyyət daşıyıcısıdır. Qərb dillərinə baxdıqda “City”, “Civil”, “Civilization” kimi sözlər var. City - şəhər, sivil şəhərdə yaşayan insanlar, sivilizasiya isə həmin yerdə meydana gələn mədəniyyətdir. Şərq dilləri arasında ərəb dili önəmli mədəniyyət dilidir. Mədinə - şəhər mərkəzi, mədəni - şəhərdə yaşayan, mədəniyyət onların yaratdıqlarıdır. Türkcə bu, şəhər, şəhərli, mədəniyyət, uyqarlıq deməkdir. Bəzən deyirlər ki, biz köçəri xalq olduğumuzdan bizdə şəhər mədəniyyəti yoxdur. Amma Buxara və Səmərqəndə baxanda möhtəşəm tikililər var. Səlcuq dövründə 120 il içində ağlasığmaz memarlıq nümunələri yaradıldı. Anadoluda birinci Roma, ikincisi isə Səlcuq dövrü memarlığı hesab olunur. Təbii ki, zaman keçdikcə memarlıq nümunələri də dəyişir. Məsələn, XX əsrin əvvəlində Bursada gözəl qırmızı damlı evlər, küçələr, üzərində çiçəklər olan hasarlar var idi. Görənlər deyirdilər, türklər cənnətdə yaşayır. 50-ci illərdə yeniliklər dönəmi başlandı. İndi həmin illərdən çox az nümunə qalıb. Bir sözlə, insan yaşadığı yerdə gözəl yaşamaq istəyir və bu həm də gözəl memarlığı ehtiva edir.
   - Özündə Şərq və Qərb memarlıq ənənələrini birləşdirən Azərbaycan memarlığı haqqında hansı məlumata maliksiniz?
   - Mən Bakıya ötən il gəldim və şəhərin memarlığını çox bəyəndim. İçərişəhər, Şirvanşahlar sarayı məndə böyük təəssürat oyatdı. Bakıda tarixi memarlıq, İçərişəhər də gözəl qorunur, məncə, burada restavrasiya işlərini davam etdirmək lazımdır. Çünki o şəhərin yaddaşıdır. Bakıda məni çox təəccübləndirən məqamlardan biri də neft milyonçularının tikdiyi gözəl binalar oldu. O zaman Azərbaycan zənginləri Avropadan memarları Bakıya gətiriblər. Burada möhtəşəm memarlıq ansamblı yaradılıb. Eyni zamanda, şəhərdə möhtəşəm müasir tikililər var. Tanınmış memar Zaha Hadidin layihəsi əsasında tikilən Heydər Əliyev Mərkəzi məndə xüsusilə böyük heyranlıq doğurdu. Şəhidlər xiyabanı yanında “Üç alov” tikilisi də məni heyran etdi. Bu gün sanki dünya memarlığı Bakıda yarışır.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar