Seyit Əhməd Arslan: “Çiyin-çiyinə fəaliyyətimizlə dünyada  Türkiyə və Azərbaycanın həm mədəni, həm də turizm baxımından daha güclü inkişafını təmin edə bilərik”
   
   Azərbaycanla Türkiyə arasında çoxsahəli qardaşlıq münasibətlərində mədəniyyət və turizm əlaqələri də prioritet önəm təşkil edir. İki ölkənin Mədəniyyət və Turizm nazirliklərinin təşəbbüsü və iştirakı ilə gerçəkləşən müxtəlif tədbirlər də buna bariz sübutdur. Son aylar bu əlaqələri daha da genişləndirmək məqsədilə bir sıra layihələr gerçəkləşdirilib. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyit Əhməd Arslanla müsahibədə iki qardaş ölkə arasında mədəniyyət və turizm əməkdaşlığının bu gününə və perspektivlərinə nəzər saldıq.
   
   - Əhməd bəy, bu ilin əvvəlindən Bakıda işləyirsiniz və bu müddətdə aktiv çalışmalarınızın şahidi olmuşuq. Hətta iyun ayında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Kulturoloqların II Bakı Beynəlxalq Forumunda Türkiyə Böyükelçiliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi səmərəli fəaliyyətinə görə nazir Əbülfəs Qarayev tərəfindən diplomla təltif edildi. Ötən dövrdə həyata keçirilən layihələr barədə nə deyə bilərsiniz?
   - Ölkələrimiz arasında mədəniyyət və turizm əlaqələri bir-birini tamamlayır. Çiyin-çiyinə fəaliyyətimizlə dünyada Türkiyə və Azərbaycanın həm mədəniyyət, həm də turizmi baxımından daha güclü inkişafını təmin edə bilərik. O üzdən Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə də çox sıx əməkdaşlığımız var. Mən özümü bu nazirliyin bir işçisi kimi hiss edirəm, tez-tez oradakı dostlarla görüşür, fikir mübadiləsi aparır, birgə layihələri müzakirə edirik. Əlbəttə, cənab nazir Əbülfəs Qarayevin, nazirliyin işçilərinin xoş münasibəti bizi çox məmnun etməklə yanaşı, işimizə də əlavə stimul verir. İki ölkənin Mədəniyyət və Turizm nazirliklərinin çox səmimi işbirliyi var. Bütün bunların nəticəsidir ki, ötən müddətdə bir çox layihələr, birgə tədbirlər həyata keçirmişik.
   Bu vəzifəyə təyinatımdan az sonra, mart ayında Mədəniyyət və Turizm Nazirliyi ilə birgə turizm-təhsil proqramını gerçəkləşdirdik. Bundan başqa, media nümayəndələri, sənətçilər və turizm işçilərinin iştirakı ilə «Türkiyənin turizmdə başarı öyküsü» adlı tədbir keçirdik. Məqsəd Türkiyənin turizm nailiyyətlərini burada geniş ictimaiyyətə çatdırmaq idi.
   Bildiyimiz kimi, İstanbul bu gün artıq həm mədəniyyət, həm də turizm sahəsində bir dünya şəhəri kimi tanınır və bu istiqamətdə çoxlu işlər görülür. Onlardan da biri artıq ənənə halını alan İstanbul alış-veriş festivalıdır. Bu il “İstanbul Shopping Festival”da Azərbaycan ziyarətçi sayına görə İrandan sonra ikinci sıraya keçdi. Hətta Azərbaycana birinci deyə bilərik. Çünki İrandan gələn ziyarətçilərin də əksəriyyəti azərbaycanlılar idi. Bununla yanaşı, Ankaranın turizm imkanlarını önə çıxarmaq məqsədilə təşkil edilən Ankara alış-veriş festivalına da Azərbaycandan mətbuat nümayəndələrini göndərdik. İki ölkə arasında diplomatik münasibətlərin 20 illiyi münasibətilə jurnalistlər arasında təşkil edilən «Azərbaycan-Türkiyə: qardaşlıqdan doğan tərəfdaşlıq» adlı məqalə müsabiqəsi də yaddaqalan önəmli hadisələrdən oldu. Müsabiqə qalibi olan 10 media nümayəndəsinin İzmirə səfərini təşkil etdik. Beləliklə, 2020-ci ildə EXPO dünya sərgisinə ev sahibliyi etmək üçün yarışan İzmirin tarixi, mədəni yerlərinin təqdimatı üçün bir proqram tərtib etdik. Bu arada reklam fəaliyyətlərimiz də genişlənməkdədir. Sadəcə Bakıda deyil, Sumqayıt, Xaçmaz, Gəncə, Lənkəran, Şirvan, Mingəçevir kimi böyük şəhərlərdə də bilbordlarda reklamlar yerləşdirdik. Azərbaycanda üç ay boyunca bütün televiziya kanallarında Türkiyə ilə bağlı reklamlar, filmlər göstərildi. İnternet saytlarda, habelə şəhər nəqliyyatında (avtobuslarda) reklamlarımız yer aldı. Əlbəttə, işimizin mühüm bir hissəsi də «Mədəniyyət» qəzeti də daxil olmaqla, Azərbaycanın kütləvi informasiya vasitələri ilə sıx əlaqələr qurmaq oldu. Azərbaycan jurnalistlərinin bir qrupunu Türkiyədə qış turizmi ilə tanış olmaq üçün Ərzuruma, Çanakqalaya, habelə Türkiyənin termal turizm imkanlarını görmək üçün Afyona göndərdik.
   - Ölkəmizin mətbuatı və televiziyası vasitəsilə Türkiyə kifayət qədər tanıdılır. Maraqlıdır, bəs Azərbaycan necə, Türkiyə KİV-ində təbliğ olunurmu?
   - Biz bununla bağlı da çox işlər görürük. Türkiyədə ən nüfuzlu telekanallardan biri olan “CNN Türk”-də «Ləzzət durakları» adlı proqramda Azərbaycandakı önəmli restoranlarda Azərbaycan mətbəxi ilə bağlı lentə alınmış süjetlər bir neçə dəfə göstərildi. Sentyabrın 3-dən etibarən ATV-də nümayiş etdirilən «Cəsur gözəllər meydanı» proqramının bölümlərinin Türkiyənin cənnət məkanlarından olan Muğlada çəkilişlərini təmin etdik. Bu işlər gələcəkdə də davam edəcək.
   - Türkiyənin bir sıra şəhərlərində Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bu günlərdə Kocaeli şəhərində Azərbaycan Mədəniyyət evinin açılışı oldu. Bu layihələrin qarşılıqlı əlaqələr baxımından əhəmiyyətini necə qiymətləndirirsiniz?
   - Təbii ki, belə gözəl təşəbbüslər əlaqələrimizə mühüm töhfədir. Məlumat üçün bildirim ki, Bakıda yaxın zamanda Yunus Əmrə Mədəniyyət Mərkəzi, Ankarada isə Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyət Mərkəzini açacağıq. Biz istəyirik ki, hər iki ölkənin bütün böyük şəhərlərində, bölgələrində qarşılıqlı mədəniyyət mərkəzləri açılsın. Bu, ortaq tariximizin, bir millət olmağımızın üzərimizə qoyduğu bir vəzifədir. Gün gələr, bu arzular da gerçəkləşər.
   - Yaxın gələcəkdə ölkələrimiz arasında hansı qarşılıqlı mədəniyyət tədbirlərinin keçirilməsi planlaşdırılır?
   - Yalovada “Türk Dünyası Şairlər Odası” adlı bir muzey qurulur. Həmin muzeydə Azərbaycandan da dörd şairin adı yer alacaq. Bu yöndə çalışmalarımız olub. Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyasının Türk xalqları ədəbiyyatı şöbəsi ilə də yaxın işbirliyimiz var. Şöbə ilə birlikdə Azərbaycanda 2013-cü ildə Yunus Əmrə simpoziumu keçirəcəyik. Mətbuat Şurası ilə birlikdə İsmayıl Qaspralıya həsr olunmuş tədbir keçirmək niyyətimiz var. Bildiyiniz kimi, müşavirlik olaraq Mirzə Fətəli Axundzadənin Şəkidə keçirilən 200 illik yubiley tədbirlərində iştirak etdik və tədbir çərçivəsində Şəki ilə Türkiyənin Meram (Konya vilayəti) şəhəri arasında qardaşlaşma anlaşması imzalandı. Çox təqdirəlayiq haldır ki, Məram bələdiyyəsi tərəfindən «Azərbaycan-Şəki dostluq parkı» adlı bir park salındı. Bununla yanaşı, Bakıda keçirilən bir sıra konfranslarda, tədbirlərdə iştirak etmişik. Bu günlərdə türkdilli ölkələrdən alimlərin iştirakı ilə keçirilən “Türk dünyasının ortaq problemi - Qarabağ” konfransı bu qəbildən maraqlı tədbirlərdən idi.
   - Hələ bir neçə il əvvəl Türkiyənin Azərbaycandakı Böyükelçiliyinin Mədəniyyət və Tanıtım Müşavirliyinin Bakıda “Kitab evi” açmaqla bağlı layihəsi də vardı. Amma nədənsə bu layihənin gerçəkləşməsi ləngiyir...
   - Əvvəlcə Yunus Əmrə Mədəniyyət Mərkəzinin açılmasını gözləyirik. Bununla bağlı zəmin hazırdır. “Kitab evi”nin açılmasını da bundan sonra gerçəkləşdirəcəyik. Əlbəttə, biz kitaba çox önəm veririk. Məsələn, ötən həftə Lənkəran kitabxanasına Türkiyədən gətirilən kitabları bağışladıq, Lənkəran Dövlət Universitetində görüşlər keçirdik.
   - Ölkələrimiz arasında turizm sahəsində əlaqələrlə bağlı nə deyə bilərsiniz?
   - Bu sahəni də müxtəlif vasitələrlə genişləndiririk. Məsələn, bu yaxınlarda hər iki ölkənin Mədəniyyət və Turizm Nazirliklərinin dəstəyi ilə “Birinci Bakı Sağlamlıq Turizmi və İşbirliyi Günləri” adlı tədbir keçirildi. Tədbirdə Türkiyədən 50-yə yaxın xəstəxana, tibb və termal-müalicə mərkəzinin, turizm şirkətinin nümayəndələri iştirak edirdi. Azərbaycanda hər il apreldə keçirilən beynəlxalq turizm sərgisində iştirak edirik. Bu il sərginin tərəfdaş ölkəsi kimi çıxış etdik. Qış turizminə də önəm veririk. Qeyd etdiyim kimi, Qarsa, Ərzuruma, Çanaqqalaya KİV nümayəndələrini göndərdik. “Dünya mirasının 40-cı ilində 40 ölkə ilə UNESCO-Sivas görüşü” adlı tədbirə də Azərbaycandan mətbuat nümayəndələri və Azərbaycanın UNESCO nümayəndəsini göndərdik. Məlumat üçün bildirim ki, Afyona Sağlamlıq Turizmi ilə bağlı bir infotur planlaşdırırıq. Turoperatorlar və mətbuat nümayəndələrindən ibarət 15 nəfərlik bir heyət göndərəcəyik. Gördüyümüz işlərdə mətbuat olmazsa, bunun heç bir önəmi də olmaz. Mətbuat bizim görən gözümüz, tutan əlimiz, eşidən qulağımızdır. Əl-ələ verib işləmək lazımdır.
   - Maraqlıdır, nə üçün Türkiyə sağlamlıq turizminə böyük önəm verir?
   - Türkiyənin son dövrlərdə gerçəkləşdirdiyi böyük işlərdən biri də sağlamlıq turizmidir. Dövlət sağlamlıq turizmini özəl sektorun üzünə açdı. Dünya ilə rəqabət apara biləcək işlər görülür. Türkiyə dünyada termal su imkanları baxımından 7-ci yerdədir. Afyonda beşulduzlu 8 termal hotel var, lakin əlavə hotellərə ehtiyac var. Türkiyə dünya turizmində 6-cı sıradadır. Əvvəllər ilk onluğa girmək istəyirdik. İndi isə ilk beşliyə düşməyi hədəfləyirik və inanırıq ki, bu, yaxın zamanda gerçəkləşəcək. Çünki Türkiyə öz potensialı, imkanları, dinamik özəl sektoru ilə buna malikdir.
   Turizm dedikdə, ilk olaraq dəniz, günəş, qum yada düşür. Amma zaman keçdikcə alternativ turizm növləri yarandı. Məsələn, indi kənd turizmi çox önəmlidir. Türkiyəyə 2010-cu ildə 31,5 milyon turist gəlib. Bu sayın 10 milyonu İstanbula aiddir. Təbii ki, turistlər İstanbula dəniz üçün deyil, tarix, mədəniyyət yerləri, habelə sağlamlıq turizmi üçün gəlir. İzmirdə turizm dedikdə antik mədəniyyət önə çıxır. Amma Antalya dedikdə dəniz önə çıxır. Türkiyə turizminə baxdıqda yarısı tarix, mədəniyyət, yarısı da dəniz, qum kimi təsnifləşdirmək olar. Amma mənim dənizim, qumum yoxdur, deyə kimsənin əl-qolunu bağlamağa haqqı yoxdur, başqa turizm növlərini inkişaf etdirmək lazımdır. Azərbaycanın da bu baxımdan çox ciddi bir potensiala malik olduğunu düşünürəm. Məsələn, Bakının memarlığını, Azərbaycan mətbəxini, folklorunu, bölgələrinizin turizm imkanlarını göstərmək olar. Bir sözlə, gələcəkdə Azərbaycanı turizm sahəsində bölgənin parlayan ulduzu olaraq görmək istərdim.
   
   Mehparə Sultanova







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar