Lətifə Məmmədova: “Kitabxanaçıların ümumrespublika müşavirəsində əldə olunan nailiyyətlər, problemlər, kitabxanaların cəmiyyətdə rolu geniş müzakirə olunacaq”
   
   Dekabrın 14-də Azərbaycan kitabxanaçılarının II Ümumrespublika müşavirəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova qəzetimizə müsahibəsində müşavirəyə hazırlıq, kitabxana işi sahəsindəki yeniliklər, mövcud problemlər barədə danışdı.
   
   - Lətifə xanım, öncə ümumrespublika müşavirəsi haqqında bir az geniş məlumat verməyinizi istərdik.
    - Kitabxanaçıların birinci ümumrespublika müşavirəsi 2005-ci ildə keçirilmişdi. Həmin tədbirdə ancaq kitabxana işçiləri iştirak etmişdilər. Bu dəfə isə müşavirənin formatını genişləndirmişik. Müşavirədə rayon-şəhər icra başçılarının müavinləri, mədəniyyət və turizm şöbələrinin rəhbərləri, bütün rayon və şəhərlərin kitabxana rəhbərləri iştirak edəcək. Tədbirə millət vəkilləri, mədəniyyət xadimləri, alimlər dəvət olunublar.
   Dekabrın 14-də “Park İnn” hotelində keçiriləcək tədbirin açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxışı gözlənilir. Həmçinin Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun, tanınmış elm xadimlərinin çıxışları nəzərdə tutulur. Müşavirədə kitabxanalarımızın fəaliyyəti, əldə etdikləri nailiyyətlər, problemlər, kitabxanaların cəmiyyətdə rolu geniş müzakirə olunacaq. Həmçinin indiyə qədər öz həllini tapmayan məsələləri də gündəmə gətirəcəyik. Bir sıra qabaqcıl kitabxanaçılarımızın məruzələri dinləniləcək. Onlar beynəlxalq konfranslarda iştirak ediblər, xarici ölkələrin təcrübəsi ilə tanışdırlar və bilirlər ki, kitabxana özünü cəmiyyətə hansı formada təqdim etməlidir, hansı yeni iş üsulları ilə işləməlidir.
   Müşavirə plenar iclasdan sonra işini seksiyalarda davam etdirəcək. Seksiyalar Milli Kitabxanada, Diplomatiya Akademiyasında, Prezident Kitabxanasında və Turizm İnstitutunda keçiriləcək. Məqsədimiz budur ki, iştirakçılar həmin müəssisələrdə kitabxana işi sahəsində yeniliklər, müasir texnologiyaların tətbiqi, elektron kataloq və kitabxana sistemləri ilə tanış olsunlar. Bu gün oxucular bizim kitabxanaların saytlarına daxil olaraq müxtəlif məlumatlar əldə edə bilirlər. Seksiyalardakı dinləmələri də mobil formada, konkret və konseptual şəkildə keçirməyi düşünürük. Bu dinləmələr yorucu olmamalı və konseptual məsələləri gündəmə gətirməlidir. Kitabxana cəmiyyətdə özünü necə təqdim etməlidir, hansı metodlarla işləməlidir, hansı yeni üsulları tətbiq etməlidir - bu barədə fikir mübadiləsi aparılacaq.
   - Müşavirədə hansısa qərar və ya sənəd qəbul olunacaqmı?
   - Müşavirənin yekununa dair bəyannamə qəbul ediləcək. Bəyannamədə 2012-2020-ci illərdə kitabxanaların qarşısında duran məsələlər öz əksini tapacaq. Yəni bu gün 8 il sonranı fikirləşməliyik ki, kitabxanalar gələcəkdə hansı yöndə fəaliyyətlərini davam etdirməlidirlər. Qeyd edim ki, ötən illərdə MDB məkanında bir çox kitabxanalar bağlanıb, qalanlar da bələdiyyələrin balansına verilib. Bələdiyyələrə verilən kitabxanaların da çoxu sonradan fəaliyyətini dayandırır. Amma Azərbaycanda bu 20 il ərzində səbəbsiz olaraq heç bir kitabxana bağlanmayıb. Lakin kitabxanaların birləşməsi nəticəsində Mərkəzi Kitabxana Sistemləri yaranıb. Əgər bir kənddə, qəsəbədə iki-üç kitabxana varsa, bunların içində ən yaxşı kitabxana digərlərini özündə cəmləşdirib. Biz çalışırıq ki, kitabxanaların yeni qaydalara uyğun yeni şəraitdə işləməsini təmin edək.
   - Yeni qaydalar dedikdə nə nəzərdə tutulur?
   - Məsələn, fandreyzinq üsulunun tətbiqi. Bu nə deməkdir? Yəni kitabxana oxucularla işləyərək nə cür pul qazana bilər, maliyyə gətirə bilər. Bu həm kitabxana üçün müsbət nəticədir, həm də oxucular üçün.
   - Bu bir növ kitabxana işinin marketinq tərəfidir...
   - Bəli, kitabxana fandreyzinqi haqqında çoxlu ədəbiyyat da mövcuddur. Nədənsə bizim kitabxanalarda bu sahədə passivlik var. Oxucuları cəlb edə bilmirlər. Bunun üçün işləmək lazımdır, təşəbbüskarlıq göstərilməlidir. Sadəcə, oturub nazirlikdən göstəriş gözləyənə isə nəsə etmək lazım deyil. Amma işləyəndə işin bəhrəsini də görmək olur. Kitabxana elə bir yerdir ki, oraya məktəbli də, alim də, yaşlı da, gənc də - bir sözlə, hər kəs müraciət edir. Məktəbliyə dərs zamanı ədəbiyyat lazım olur, o kitabxanaya müraciət edən zaman evdən anası da ona deyir ki, mənə də filan kitabı gətir. Bu artıq ailə abonementi adlanır. Şəxsən özüm oxucu kimi kitabxanaya getməyə vaxt tapmıram. Amma bu o demək deyil ki, mən kitab oxumuram. Uşaqlar kitabxanaya getdikləri zaman onlara mənə lazım olan kitabları gətirmələrini tapşırıram. Bu zaman mən artıq passiv oxucu sayılıram. Bir də var aktiv oxucu, o özü gedib kitabxanadan istədiyi ədəbiyyatı seçir.
   - Bəs kitabxanalar bu gün hansı yöndə fəaliyyət göstərməlidirlər ki, müasir tələblərə cavab versinlər?
   - Müasir zamanda kitabxanalar müxtəlif yollar axtarmalıdırlar. Bu baxımdan gecə abonementini də misal gətirə bilərəm. Əgər kitab bir nüsxədirsə, oxu zalında saxlanılır və ələ verilmir. Gecə abonementi pullu xidmətdir. Oxucu cüzi miqdarda pul ödəyərək həmin bir nüsxəli kitabı bir gecəlik götürə bilər ki, ona lazım olan məlumatı rahat şəkildə əldə edə bilsin. Hazırda bizdə bu sistem pulsuz olsa da, kitabxanalarımız bu üsuldan istifadə etmirlər. Bizim kitabxanalar bəzən ancaq hansısa kitabın təqdimatı ilə kifayətlənirlər. Halbuki kitabxanalarda müxtəlif tədbirlər təşkil edərək oxucularda kitabxanalara olan marağı artırmaq olar. Bir daha qeyd edirəm ki, bir çox kitabxanaçılarımız işlərində passivdirlər. Onlar gözləmə mövqeyindədirlər ki, nə vaxt nazirliyin sektorundan onlara zəng vurulub deyiləcək ki, sən filan tədbiri həyata keçir. Bu, düzgün deyil. Nazirliyin işi konseptual məsələləri həll etməkdən ibarətdir. Biz kitabxana sahəsində dövlətin siyasətini həyata keçiririk. Odur ki, “Mədəniyyət” qəzeti vasitəsilə passiv kitabxana rəhbərlərinin diqqətinə çatdırmaq istəyirəm ki, müşavirədən sonra işlərində zəif olan kitabxanalar barədə də müvafiq tədbirlər görüləcək.
   - Kitabxanalarımızda hansı yeniliklər tətbiq olunur. Bir az da bu haqda məlumat verərdiniz.
   - İndi kitabxanalarımızda hüquqi informasiya mərkəzləri açılıb. Çox maraqlı layihədir. Biz bunu Moskvanın iş praktikasına əsasən həyata keçirməyə başladıq və tətbiq etdik. Bu xidmət vasitəsilə oxucular müxtəlif hüquqi məsələlər, qanunlar barədə məlumat ala bilərlər. Hazırda C.Cabbarlı adına kitabxanada bu xidmət fəaliyyətdədir. Biz istəyirik ki, həmin mərkəzlər rayonlarda da fəaliyyət göstərsin. Bu məqsədlə 3-4 il əvvəl bütün bölgələrin kitabxana rəhbərlərini Bakıya dəvət etdik və bu metodun istifadəsinə göstəriş verdik. Amma nəticələr qənaətbəxş deyil Oxucunu sevmək lazımdır. Onu kitabxanadan boş qaytarmaq olmaz. Hər kəs öz peşəsinə uyğun ədəbiyyatdan istifadə edir. Kitabxanaçılarımız tariximizi, mədəniyyətimizi yaxşı bilməlidirlər. İnanıram ki, müşavirədə bütün qeyd etdiyim bu məsələlər qaldırılacaq, maraqlı müzakirələr olacaq.
   - Kitabxanaçılarımız mütəmadi olaraq beynəlxalq tədbirlərə qatılırlar. Bu barədə nə deyə bilərsiniz?
   - Hər il kitabxanaçılarımız kitabla bağlı müxtəlif səpkili konfrans, müşavirə və sərgilərdə iştirak edirlər. Onları bu tədbirlərə göndərməkdə məqsədimiz dünya praktikasının öyrənilməsi, görüb tanış olduqları yeniliklərin respublikamızda tətbiq edilməsidir. Çünki bu gün kitabxanaları informasiya texnologiyaları olmadan təsəvvür etmək mümkün deyil. Elektron Kitabxanaların Beynəlxalq Assosiasiyası var və bizim kitabxanalarımızın çoxu həmin qurumun üzvüdür. Elektron kitabxanalar da daim nəzarətimizdədir. 10 il əvvəl Krımda beynəlxalq konfransda iştirak etdim və qayıtdıqdan sonra orada gördüklərimi kitab şəklində yazdım. Əhəmiyyətli konfranslarda əldə etdiyimiz bilikləri mütləq bölüşməliyik və iş sistemimizdə tətbiq etməliyik. Bu həm maraqlı, həm də çox lazımlıdır.
   - Neftçalada yeni bir layihə həyata keçirirsiniz. Bəlkə oxucularımızı da bu barədə məlumatlandıraq?
   - Hazırda pilot layihə kimi Neftçala kitabxanasında memuar iş üsulunu həyata keçiririk. Burada kəndin tarixi, kənddə baş verən maraqlı və qeyri-adi hadisələr qələmə alınaraq tarixə yazılır. Belə düşünürük ki, layihə əsasında kəndin əhalisinin kitabxanaya marağı artacaq. Bilinqvistik layihələr də vacib məsələlərdən biridir. Həmin kitablar iki-üç, hətta deyərdim ki, dörd dildə dərc olunaraq dünya kitab sərgilərində nümayiş etdirilməlidir. Bizim qədim tariximiz var və bu tarixi konfranslar zamanı müxtəlif dillərdə çap olunmuş kitablar vasitəsilə dünyaya tanıtmalıyıq.
   - 2012-ci il başa çatır. Bu il görülən işlər barədə ümumi məlumatı da oxucularımızla bölüşməyinizi xahiş edirəm.
   - Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidentinin 6 oktyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” artlıq beş ildir ki, icra olunur. 2008-2012-ci illər ərzində gördüyümüz işlər barədə geniş hesabat hazırlamışıq. İşlərin əhatə dairəsi hədsiz dərəcədə genişdir. Nazirliyin sistemində M.F.Axundzadə adına Azərbaycan Milli, C.Cabbarlı adına Respublika Gənclər, F.Köçərli adına Uşaq kitabxanaları, Respublika Gözdən Əlillər Kitabxanası, regionlarda 8 şəhər və 64 rayon MKS-si, Bakı şəhərində 74 kütləvi kitabxana və 2 MKS, Naxçıvan MR-də 2 respublika əhəmiyyətli kitabxana və 7 MKS fəaliyyət göstərir. Ümumilikdə kütləvi kitabxanalar şəbəkəsinə 164 müstəqil kitabxana və 4220-dən artıq kitabxana filialı daxildir. Dövlət Proqramına uyğun olaraq müasir dövrdə elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini təşkil edən kitabxana xidmətlərinin təkmilləşdirilməsi və s. məsələlər təsdiqlənmişdir. Bu səbəbdən də bu il görülən işlərimiz sırasında kitabxana-informasiya sahəsinin inkişafı və modernləşdirilməsi fəaliyyətimizin əsas istiqamətlərindən biri olub. Nazirlər Kabinetinin 2011-ci il 11 oktyabr tarixli “Azərbaycan Respublikasının şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştat vahidləri” qərarının icrası məqsədilə respublikanın bütün şəhər və rayon MKS-lərinin strukturunun təkmilləşdirilməsi və kitabxana filiallarının birləşdirilməsi işi həyata keçirilib. Layihənin icrasında şəhər və rayon MKS-lərinə tərəfimizdən hərtərəfli metodiki və təşkilati dəstək göstərilib. 2012-ci ildə gördüyümüz işlərdən biri də yeni pilot layihədir. Dövlət Proqramına uyğun olaraq ilk dəfə Qəbələ rayonunda kitabxana-informasiya şəbəkəsinin yeni dislokasiya xəritəsinin hazırlanması və kitabxana filiallarının birləşdirilməsinə dair pilot layihə həyata keçirilməyə başlanıb. Hazırda bu iş respublika üzrə yekunlaşdırılır və respublikanın kitabxana-informasiya şəbəkəsinin dislokasiya xəritəsinə daxil olacaq. Qısaca onu da deyim ki, bir sıra şəhər və rayonlarda kitabxana işinin inkişafına xüsusi önəm verirlər. Misal olaraq Xaçmaz, Göyçay, Ağdaş, Masallı, Füzuli, Xızı və Sumqayıtı göstərə bilərəm. Bu məqsədlə Xaçmazda 2, Şabranda və Masallıda 1 nümunəvi kitabxana yaradılıb. Son olaraq bütün kitabxanaçılarımıza səmərəli fəaliyyət, uğurlar arzulayıram.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar