Dekabrın 8-də Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcovun 55 yaşı tamam olur
   
   Duyğularımı şeirlə anlada bilmərəm, çünki şair deyiləm,
   Özümü kölgə və işıqlarla ifadə edə bilmərəm, çünki rəssam deyiləm,
   Düşündüklərimi hərəkətlərlə də ifadə edə bilmərəm, çünki rəqqas deyiləm,
   Lakin bunların hamısını musiqi ilə edə bilərəm.

   Volfqanq Amadey Motsart
   
   O, uzun illərdir ki, Üzeyir Hacıbəylinin ev-muzeyində işləyir və bu müqəddəs ocaqda xidmət etməkdən şərəf duyur...
   O, illərdi ki, Üzeyir bəyin irsini tədqiq edir, it-bata düşmüş əsərlərini zərgər dəqiqliyi ilə tapıb-toplayır...
   O, illərdi ki, ən gözəl əsərlərini bu ocaqda bəstələyir...
   O, hamı tərəfindən birmənalı olaraq sadə, saf, səmimi insan kimi qəbul edilir...
   Ən nəhayət, o, Allaha bağlılığı, sözübütövlüyü, sadiqliyi ilə Üzeyir bəyin mənəvi övladı sayılır...
   
   Dekabrın 8-də Sərdar Fərəcovun 55 yaşı tamam olacaq, o isə “Ömür gənclikdən keçmişdir” - deyib dünəndən - sevimli müəllimlərindən, böyük Üzeyir bəydən və bir az da özündən danışdı.

   
   - Bakının dəmiryolçular qəsəbəsi olan Biləcəridə anadan olmuşam. Atam dəmiryolçu idi. Ancaq o zaman Biləcəri qəsəbəsində uşaqların, yeniyetmələrin üz tutduğu iki yer vardı: musiqi, bir də idman. Qardaşım idmançı oldu, mən isə musiqini seçdim. Musiqi məktəbinin tar sinfində oxuyurdum. Yuxarı siniflərdə cəhd edirdim ki, musiqi yazım. Amma fikrimi heç cür kağız üzərində ifadə edə bilmirdim. Çox adam fikirləşir ki, bəstəkar olum, şöhrət tapım, mənim gənclik arzum isə bu idi ki, ürəyimdəki melodiyaları kağıza köçürməyin sirrini öyrənim.
   Musiqi məktəbini bitirəndən sonra 1973-cü ildə Asəf Zeynallı adına Musiqi Texnikumunun tar sinfinə daxil oldum. O zaman texnikumun direktoru görkəmli bəstəkarımız Vasif Adıgözəlov idi. Onun yanına gedib bir neçə əsərimi göstərdim, ikinci ixtisas kimi məni bəstəkarlıq sinfinə qəbul etdilər və paralel olaraq iki ixtisasa yiyələndim. Bəstəkarlıq sahəsində mənim ilk müəllimim isə mərhum bəstəkarımız Əziz Əzizov oldu. Nəhayət, onun rəhbərliyi altında fikirlərimi yazmağa başladım. Bu əsərlər bu gün çox sadə görünə bilər, ancaq onlar sonrakı inkişafım üçün ilk kərpiclər idi.
   1977-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil oldum, Xəyyam Mirzəzadə kimi böyük ustadın sinfində oxudum. Mən taleyimdən çox razıyam ki, böyük müəllimlərim olub. Xəyyam müəllim tələbələrinə o qədər əziyyət çəkib ki, cənnəti bu dünyada qazanıb. Xəyyam müəllimdən özümə qarşı tələbkarlığı, müəyyən bir uğur qazanmışamsa, onunla qane olmamağı, bir işə baş qoşmuşamsa, o işə var qüvvəmi sərf etməyi və sona çatdırmağı öyrənmişəm. Uzun illər keçməsinə baxmayaraq, onun zəhmi bu gün də bizim üstümüzdədir.
   Artıq ikinci kursda oxuyanda ilk əsərlərimdən biri - “Fortepiano üçün variasiyalar” bəstəkarların VI qurultayında səsləndirildi, “Trio” əsərim Zaqafqaziya festivalında uğur qazandı, laureat adına layiq görüldüm. Konservatoriyanı uğurla bitirdim, hərbi xidmətə getməmişdən əvvəl Moskvada keçirilən müsabiqəyə əsərimi göndərdim. Bir ildən sonra mənə teleqramlar gəldi ki, sənin simfoniyan ümumittifaq müsabiqəsində laureat olub. SSRİ Mədəniyyət Nazirliyinin, SSRİ Bəstəkarlar İttifaqının möhürü ilə laureat diplomuna layiq görüldüm. Bu uğurlar sözsüz ki, məni sevindirirdi. Amma bununla yanaşı, çalışırdım ki, axtarışlarımı davam etdirim.
   1984-cü ildə hərbi xidmətimi başa vurdum. Onu da deyim ki, hələ konservatoriyada oxuduğum illərdə Biləcəridə - məni yetişdirən musiqi məktəbində dərs deyirdim. Namiq Abdullayev adlı bir dostum məni Üzeyir bəyin ev-muzeyinə dəvət etdi. Üzeyir bəyin evinə qədəm qoyanda bu ocağın tilsiminə düşdüm. Qərara aldım ki, burada işləyim. Bu evdə həm Üzeyir bəyin, həm də muzeyin zəngin kitabxanası var idi. İstər-istəməz bu mühit məni bir insan, bir vətəndaş, bir musiqiçi kimi formalaşdırdı. Muzeydə işləməklə yanaşı, əsərlər yazmağa imkan tapırdım. Allah rəhmət eləsin, muzeyin ilk direktoru Ramazan Xəlilov çox yaxşı insan idi, mənə etibar edirdi, royal olan salonun açarını vermişdi ki, burda qalıb musiqi yazım. Üzeyir Hacıbəylinin ev-muzeyi mənə hərtərəfli dəstək verdi. Bu ocağa çox minnətdaram.
   
   Bəstəkarın ev-muzeyində işləyən bəstəkar
   
   - İstər-istəməz Üzeyir bəyin adı olan yerdə onun ev-muzeyinin bir işçisi kimi mənim də adım çəkilirsə, bu özü böyük xoşbəxtlikdir. Bu muzeydə Üzeyir bəyin ruhu yaşayır, bu evdə Üzeyir bəyin nəfəsi duyulur. Həmişə hiss edirəm ki, Üzeyir bəyin ruhu mənə kömək olur. Bu, taleyin işidir. Hələ tələbə olarkən görürdüm ki, dünya klassiklərinin cild-cild əsərləri nəşr olunub, fikirləşirdim ki, niyə Üzeyir bəy, Qara Qarayev, Fikrət Əmirov kimi dahiyanə bəstəkarlarımızın külliyyatı çap olunmur. Üzeyir bəyin evinə gələndən sonra öyrənib bildim ki, Üzeyir bəyin əsərlərinin çapına dəfələrlə cəhd olunub. 1964-1965-ci illərdə dörd cildi çap olunub, 1985-ci ildə 100 illiyi ərəfəsində də 4 cildi çıxdı.
   Üzeyir bəyin sağlığında külliyyatı çap olunmamışdı. Ölümündən bir neçə ay əvvəl “Arşın mal alan” çap olunmuşdu. 100 illiyində “Koroğlu”nu çap eləmək üçün cəhd olundu, yenə alınmadı. “O olmasın, bu olsun” kimi məşhur əsər ifa olunurdu, amma çap olunmamışdı. “Ər və arvad” unudulmuşdu, “Şah Abbas və Xurşudbanu”nun adı var idi, özü yox. Bura gələndən sonra başa düşdüm ki, kimsə bu yükü, missiyanı çiyninə götürməlidir. Əvvəlcə “O olmasın, bu olsun”u nəşrə hazırladım. İlk notundan, sonuncu notuna qədər öz əlimlə yazdım. Çünki bu əsərin bir-birindən fərqli beş redaktəsi vardı. Bu texniki iş olmadı, bədii işlə yanaşı, elmi iş oldu. Çox çətin idi, çünki Üzeyir bəyi həyatda görən adamlar rəhmətə getmişdilər, kimdənsə məsləhət ala bilmirdim. Meydanda tək qalsam da, özüm öz vicdanım qarşısında bu məsuliyyəti çiynimə götürdüm. Sağ olsunlar, Mədəniyyət və Turizm Nazirliyi 2007-ci ildə ”O olmasın, bu olsun”u nəfis şəkildə nəşr etdi. Onun ardınca “Leyli və Məcnun”u operanın 100 illiyinə nəşrə hazırladım. Daha əvvəl Üzeyir bəyin vətənpərvərlik mahnılarını çap elədik, “Arşın mal alan” operettası Bakıda ingilis dilində nəşr olundu. Bu kitabın da redaktoru oldum. Üzeyir bəyin “Ər və arvad” operettasını bərpa etdim, 20 nömrədən ibarət tam operetta kimi təhvil verdim. Üzeyir bəylə bağlı 10-dan çox kitabın redaktoru və tərtibçisi olmuşam. Bunlar çox ağır zəhmət hesabına başa gəlsə də, mən bununla fəxr edirəm.
   
   “O insanın ki içində musiqi duyğusu yoxdur və qəlbi səslərlə riqqətə gəlmir, onun hissləri gecə kimi qaranlıqdır". 
   Uilyam Şekspir

   
    “Bu əsərlər mənim arzularımdan doğdu”
   
   - Bir bəstəkar kimi özümdən çox narazıyam, çünki yazmadığım əsərlər yazdıqlarımdan daha çoxdur. Ancaq bunu deyə bilərəm ki, əsərlərimin hamısı mənim arzularımdan doğub. Bu əsərləri yazmağı arzulamışam. Mənim üçün çox önəmli əsərlərimdən biri də ikinci simfoniyam olan “Şah Xətai”dir. Bu əsər həm keçmiş qurultayımızda, həm də beynəlxalq simpoziumda səslənib. Şah İsmayıl Xətaiyə üç əsər həsr etməyi arzulamışam: “Şah Xətai” simfoniyası, “Xətai nəğmələri” oratoriyası, “On il sonra” operası. Allahdan macal istəyirəm ki, bu trilogiyanı tamamlayım.
   İnsan öz üzərində çalışdıqca, musiqinin dərinliklərinə getdikcə heç kimi təkrar etmək istəmir, özünü axtarır, özünü öz içindən çıxarmaq istəyir. Müxtəlif janrlarda musiqi yazmışam. 50-dən çox tamaşaya musiqi bəstələmişəm. Uşaqlar üçün xeyli əsərin müəllifiyəm. “Fortepiano” albomum yenicə nəşr olunub. İndi tar, kamança, başqa alətlər üçün yazdığım əsərləri toplu halında ayrı-ayrı nəşr etdirmək arzusundayam. Haradasa 50-60 mahnım var. Filmlərə musiqilərim azdır. “Cavad xan” bədii filminə və Azərbaycan televiziyasında çəkilən çoxseriyalı “Koroğlu” televiziya filminə musiqi yazmışam.
   Orta məktəbdə oxuyanda ədəbiyyata çox böyük marağım vardı, şeir də yazırdım. Musiqini seçsəm də, ədəbiyyata olan marağım heç vaxt azalmadı. “Ömür gənclikdən keçmişdir” adlı şeirlər kitabım neçə vaxtdır hazır olsa da, hələ nəşr olunmayıb. Kitabı dostum Hüseynağa Atakişiyevin ruhuna həsr etmişəm. Bu yaxınlarda məqalələr kitabım çap olunub. Elmi məqalələr də yazıram, şeir də yazıram, hətta səhnə üçün əsərlərim də olub. Üzeyir bəyin xatirəsinə həsr etdiyim “Qu nəğməsi” radio-pyesim “Qızıl fond”da saxlanılır. Üzeyir bəyə həsr olunmuş “Əbədi iftixarımız” sənədli televiziya filminin ssenarisini yazmışam. Qəribədir ki, sözün demədiyini musiqi deyir, amma söz də var ki, onu heç nə ilə əvəz etmək mümkün deyil. Allaha çox şükürlər olsun ki, fikirlərimi həm musiqi, həm də sözlə deməyə mənə imkan verib. 

   “Bir millətin xarakterini bilmək istəyirsinizsə, o millətin musiqisini dinləyin”
   Konfutsi
   
   - Azərbaycan xalqının təbii sərvət baxımından da, mənəvi sərvət baxımından da bəxti çox gətirib. Muğamlarımız elə bir dünyadır. Bəstəkarlarımız, o cümlədən Üzeyir bəy əlçatmaz zirvələrdir. Yaxşı həmişə az olub. Yaxşıların yaxşısını Allah bizə qismət eləyib. Mən də çalışmışam ki, ürəyimi, ruhumu çirklənməyə qoymayım. Belə olanda çox işlərdən uzaq olursan, çox işlərə baş qoşmursan, çox günahlara getmirsən, ruhun incimir, nə isə yaratmaq istəyəndə, sənə kömək eləyir.
   
   Doğum günü və Yeni il gecəsi
   
   - Bir balaca mistikaya uymuşam, hər il dekabrın 8-də ya şeir yazıram, ya da musiqi bəstələyirəm. Hərdən o melodiyalar, şeirlər sonradan karıma gəlir. Bir də Yeni il gələndə, əqrəb-əqrəbə yaxınlaşanda kimsə badə qaldırır, mən pianinonun arxasına keçib yeni bir melodiya bəstələyirəm. 
   
  Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar