Elmir Mirzəyev: “Müasir musiqi kifayət qədər mürəkkəbdir, hər bir əsərin ifası ekzistensial xarakter daşıyan bir kulturoloji hadisə kimi nəzərdə tutulur”
   
   Əsərləri bir çox ölkələrdə, müxtəlif festivallarda ifa edilən bəstəkar, kulturoloq Elmir Mirzəyev hazırda Vətəndən uzaqda yaşasa da, ölkəmizdə baş verən mədəniyyət hadisələrindən kənarda qalmır. Bakıda beynəlxalq musiqi layihələrinin həyata keçirilməsində, Bakı Musiqi Akademiyasında müəllimi, elmi rəhbəri professor Fərəc Qarayevlə birgə konsertlərin təşkilində iştirak etmiş, Azərbaycanın müasir musiqi palitrasında yeniliklərə nail olmuşdur.
   
   1994-cü ildə Bakı Musiqi Akademiyasında bəstəkarlıq ixtisası üzrə təhsilini başa vurmuş, 1998-ci ildə aspiranturanı bitirmişdir. 1994-cü ildə bəstəkarlar James Dillon və Ole Lützow-Holmun rəhbərliyi altında Göteborqda (İsveç) ixtisaslaşma keçmiş, 1999-cu ildə Appeldoornda (Hollandiya) Louis Andriessen, Michael Smetanin və Ensemble de Ereprijs tərəfindən təşkil edilən Gənc Bəstəkarların V Görüşünün iştirakçısı olmuşdur. 2004-cü ildə Ferens List adına Veymar Konservatoriyasında gənc bəstəkarların seminarında, 2006-cı ildə alman bəstəkarı Karlhayns Ştokhausenin Kürtendəki ustad kurslarında iştirak etmişdir. 2007/08-ci il mövsümündə professor York Höllerin dəvətilə Almaniyanın DAAD (akademik təhsil mübadiləsi) təşkilatının proqramı çərçivəsində Köln Konservatoriyasının bəstəkarlıq kafedrasında dərs demişdir. Əsərləri Avropa və MDB ölkələri, ABŞ və Yaponiyada keçirilən festivallarda səslənmiş, Almaniya, Çexiya, Rusiya, Türkiyə, Gürcüstan və s. ölkələrdə mühazirələr oxumuşdur.
   Noyabrın 22-də bəstəkarın bas klarnet, kontrabas və kamera ansamblı üçün yazılmış "Simurq əfsanəsinin keçici mərhələləri" ("Die Verganglichkeit der Zustande des Phönix-Mythos") adlı yeni əsəri Vyananın müasir musiqi kollektivi - “Ensemble Reconsil Wien” tərəfindən səsləndirildi. Əsər kollektivin 10 illik yubileyi ilə əlaqədar xüsusi sifarişlə yazılmışdı. Bəstəkarla söhbətimizdə ilk sualımız da bu barədə oldu:
   
   - Necə oldu ki, Vyana ansamblı yubileyi ilə bağlı musiqi əsərini sizə sifariş etdi?
   - Bu kollektivin yaradıcılarından biri, bəstəkar və dirijor Roland Frayzitser (Freisitzer) ilə uzun illərdir dostluğumuz var, eyni zamanda yaradıcılıq sahəsində əməkdaşlığımız olub. Bir il əvvəl o, məndən kollektivin 10 illik yubileyinə bir əsər yazmağımı xahiş etdi. Konsepsiya da bundan ibarət idi ki, əsər mütləq iki solist və kollektiv üçün nəzərdə tutulsun. Təklifi qəbul etdim, yazdığım əsər bu il noyabrın 22-də Vyanada, “Arnold Schönberg” mərkəzində ifa edildi. Bu, Vyanada ən məşhur müasir musiqi məkanlarından biridir. Solist qismində təcrübəli musiqiçilər - klarnetçi Tomas Şön (Thomas Schön) və kontrabas ifaçısı Barbara Tanzler çıxış etdilər. Doğrusu, bu əsərimin belə bir məkanda səslənməsi mənim üçün ilin ən vacib hadisəsi idi və buna görə az həyəcanlı idim. Əsər maraqla qarşılandı. Bundan başqa, ilin yaddaqalan məqamlarından biri oktyabrda, Lvovda keçirilən XVIII “Kontrastı” beynəlxalq müasir musiqi festivalında “Gözəlliyin itirilmiş səs-küyünün verdiyi ağır estetik təcrübə” simfoniyasının növbəti ifası oldu. Bu əsərin premyerası keçən il Bakıda keçirilmişdi. Nyu-York şəhərində pianoçu Barbara Podgurskinin ifasında “Piano üçün 5 üslub” əsərimin Amerika premyerası da bu sıradandır. Bu əsər 2006-cı ildə çox gözəl pianoçumuz Gülşən Ənnağıyevanın tövsiyəsi ilə yazılmışdı, elə o zaman da Moskvada ilk ifası olmuş, sonradan bir çox ölkələrdə səslənmişdi.
   Müasir musiqi kifayət qədər elitar və mürəkkəbdir, əsərlərin hər birinin ifası qeyri-adi ekzistensial xarakter daşıyan bir kulturoloji akt, hadisə kimi nəzərdə tutulur, bunun üçün də nəinki ifaçıların, həm də dinləyicilərin daxilən maksimal konsentrasiyası tələb olunur. Bu ifa zamanı yaranan vəziyyəti ifaçılarla dinləyicilər arasında gərgin, “daxili” bir dialoq kimi qiymətləndirmək olar.
   - Müasir musiqidən söz düşmüşkən, bu gün Azərbaycanda bu sahədə vəziyyəti necə dəyərləndirirsiniz?
   - Doğrusu, hələ 10-15 il əvvələdək ölkədə bu barədə elə də nikbin danışmaq mümkün deyildi. 90-cı illərdə bir sıra sənət adamları xaricə getdi. Onların arasında musiqiçilər də az deyildi. Amma hazırda Azərbaycanda yeni bir nəsil yetişib. Mən 2000-ci ilə qədər Bakı Musiqi Akademiyasında çalışmışam, o vaxt və sonra məşğul olduğum gənc bəstəkarlardan üçü beynəlxalq müsabiqələr laureatı adını qazanıb. Özü də hər üçü müsabiqələrin ən ali mükafatına layiq görülüb, bu da təbii ki, bizim hamımızın uğurudur. İlk olaraq Məhəmməd Ənsari Moskvada P.İ.Yurgenson adına Gənc Bəstəkarların III beynəlxalq müsabiqəsinin qalibi oldu. Firudin Allahverdi artıq tanınmış bəstəkardır, 2008-ci ildə İsveçrədə IV Pre-Art beynəlxalq bəstəkarlıq müsabiqəsində birinci mükafata layiq görüldü. Keçən il isə Ayaz Qəmbərli Amerikada gənc bəstəkarların çox məşhur - ALEA III müsabiqəsində birincilik qazandı. Onların bu qələbələri şəxsən məni çox sevindirir. Və bunda əməyimin olması mənim üçün ikiqat sevincdir.
   Bundan başqa, istedadlı gənclərin - Səid Qəniyev, Türkər Qasımzadə, Tahir İbişovun adlarını çəkə bilərəm. Bu ilin oktyabr ayında Drezdendə “TonLagen” müasir musiqi festivalında Azərbaycanın gənc bəstəkarlarının əsərlərindən ibarət, xüsusi konsert layihəsi təşkil edilmişdi. Beş gənc bəstəkarın - Firudin Allahverdi, Tahir İbişov, Türkər Qasımzadə, Ayaz Qəmbərli və Səid Qəniyevin əsərləri səsləndi. Həmin festivala mən master-klass keçirmək üçün dəvət edilmişdim. Konsert çox maraqlı keçdi və alman mətbuatında işıqlandırıldı. Gənc musiqişünaslarımız - Aybəniz Məmmədova və Sara Muradovanın adını çəkə bilərəm. Onların istedad və gələcəyinə, musiqimizin inkişafı üçün böyük işlər görə biləcəyinə inanıram. Yəni demək istəyirəm ki, hazırda müasir musiqi sahəsində inkişaf və yaxşı perspektivlər var. Bu gün dünya hamıya açıqdır, gənclərin dünyaya inteqrasiyası mümkündür, sənət adamları bu mənada sərbəst seçimdədirlər.
   - Bir neçə musiqi layihəsinin müəllifisiniz. Hazırda hansı yeni layihələr və əsərlər üzərində işləyirsiniz?
   - 1995-ci ildən bəri 10 il ərzində SoNoR müasir musiqi ansamblının rəhbəri idim. Kollektivin adı da əsas ifaçıların - pianoçu Samir Mirzəyev, klarnetçi Nizami Zeynalov və gitaraçı Rövşən Məmmədovun isimlərinin anaqramması idi. Həmin kollektivlə bir sıra qastrollarda olduq, Qərb ölkələrində festivallarda iştirak etdik, musiqimizin təbliği üçün səmərəli işlər görə bildik. Son illərdə isə iştirak etdiyim ən böyük layihələr Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə həyata keçir.
   Professor Fərəc Qarayevin rəhbərliyində Qara Qarayev adına Kamera Orkestrinin iştirakı ilə “Zamanla üz-üzə” adlı layihə həyata keçirildi. Burada Azərbaycan musiqisi çox geniş əhatə edilmişdi. Layihəyə Avropadan solistlər dəvət edilmişdi, keçirildiyi dövr ərzində bəstəkarlarımız yeni-yeni əsərlər yaratmış oldular. Layihə ilk dəfə 2007/08, ikinci dəfə isə 2010/11-ci il mövsümündə keçirildi və fikrimcə, musiqimizin inkişafına təsirsiz ötüşmədi.
   Bundan başqa, ən əhəmiyyətli hadisələrdən biri Qara Qarayev adına müasir musiqi festivalının bərpası oldu. Sonuncu dəfə bu festival 1990-cı ildə keçirilmişdi. 2011-ci ildə nazirliyin dəstəyi ilə festivalın bərpasına nail olduq. Düşünürəm ki, dahi bəstəkarın adına beynəlxalq festivalın olması önəmli hadisədir, belə böyük şəxsiyyətlərimizi dünyaya tanıtmaq baxımından çox vacibdir. 2011-ci ildə Fərəc Qarayevin bədii rəhbərliyi ilə festival uğurla keçirildi, gənclərə də böyük təsiri oldu.
   Layihələr, həqiqətən də, çoxdur. Bir neçə yeni əsər üzərində çalışıram. Bəziləri hələlik ideya şəklindədir, bəzilərinin üzərində isə artıq iş gedir. Müasir bəstəkar üçün bu gün artıq nəyisə sadəcə düşünüb yazmaq çətindir. Çünki çağdaş dünya sürətlə inkişafdadır, hər hansı bir əsərin ərsəyə gəlməsi üçün mütləq impuls da olmalıdır. Vacib bir nəsnə olmalıdır ki, sənət adamını yeni əsər yaratmağa sövq etsin. Bu ya sifariş ola bilər, yaxud hansısa bir tədbirdə səslənən gözəl ifa ola bilər. Bu günün dinləyicisində maraq oyatmaq kifayət qədər mürəkkəbdir, çağdaş dövrdə musiqi əsərinin yaradılması bədii konsepsiya və estetik təmayülündən asılı olmayaraq, müstəsna intellektual yatırım və ruhi gərginlik tələb edir. Sözsüz ki, yaradıcılığımda bütün bu məsələləri nəzərə almağa çalışıram.
   
   Lalə Azəri 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar