UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti, Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Sənubər Bağırova Azərbaycan muğamının dünyada təbliğində xüsusi xidmətləri olan insanlardan biridir. O, 30 ildən artıqdır Azərbaycan xalq musiqisinin - muğamların, aşıq sənətinin öyrənilməsi və təbliği ilə məşğuldur. 2002-ci ildə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə şöbəsinin təklifi ilə Azərbaycan muğamı üzrə fayl hazırlayıb. 2003-cü ildə muğam UNESCO-nun "Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri" siyahısına daxil edilib.
   2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin tapşırığı ilə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsi üçün Azərbaycan aşıq sənəti üzrə fayl hazırlayıb. 2009-cu ildə aşıq sənətimiz qurumun qeyri-maddi mədəni irs siyahısına salınıb.
   Muğam və aşıq sənəti üzrə xarici ölkələrdə məqalələri dərc olunub. "Azərbaycan muğamı" ikicildlik kitabın müəllifidir. Nüfuzlu beynəlxalq simpozium və konqreslərdə elmi məruzələrlə çıxış edib, xarici universitetlərdə (ABŞ, Böyük Britaniya) Azərbaycan musiqisi üzrə mühazirələr oxuyub. 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin təklifi ilə "Muğam aləmi" I Beynəlxalq Bakı festivalının təşkilində elmi simpoziumun koordinatoru olub. Tədbirdə dünyanın 40-a yaxın tanınmış alimləri, musiqi jurnalistləri və menecerləri iştirak edib. Onun təklifi və iştirakı ilə BBC radio korporasiyası 2007 və 2008-ci illərdə London radiosunda Azərbaycan xalq musiqisi haqqında üç veriliş hazırlayıb. 2008-ci ildən 2012-ci ilədək Böyük Britaniyada, Avstraliyada və İtaliyada muğamlarımızın kompakt disklərinin, Fransada aşıq musiqisi antologiyasının buraxılmasına nail olub. Professional əlaqələrindən istifadə edərək, Azərbaycan musiqiçilərinin xaricdə konsertlərinin təşkilinə, Böyük Britaniya, ABŞ, Almaniya, Fransa, Avstraliya, Yeni Zelandiya, İtaliya, İspaniya və digər ölkələrdə nüfuzlu beynəlxalq festivallarda iştirakına köməklik göstərib.
   
   Sənubər Bağırova tanınmış şərqşünas, türkoloq, tarix elmləri doktoru, professor Yusif Bağırovun ailəsində dünyaya gəlib.
   
   - Mən Moskvada anadan olmuşam. Atam üç institut bitirmişdi, rus, fransız, türk və fars dillərini bilirdi. O, 40-cı illərin ikinci yarısı - 50-ci illərin əvvəllərində Moskvada SSRİ Xarici İşlər Nazirliyində, SSRİ Ali Sovetində şöbə müdiri vəzifəsində işləyirdi, ömrünün son 25 ilini isə elmə sərf etdi. O hələ sovet vaxtı Azərbaycan-Türkiyə münasibətləri haqqında kitab yazmışdı. Atam çox vətənpərvər idi. Bəlkə ona görə ki, həyatının çox illərini vətəndən uzaqda keçirmişdi. Qəribçilikdə insan vətənin dəyərini daha çox bilir. Bir gün atam qərara gəldi ki, vətənə dönsün. Muğamı çox sevərdi və çox zamanlar onu evdə avazla oxuyardı. O, Nizaminin, Xaqaninin, Füzulinin, Vahidin qəzəllərini yaxşı bilirdi.
   
   Sınaqlar, yollar, uğurlar
   
   Sənubər Bağırova körpəlikdə anasını itirir. Azərbaycanın ilk professional qadın bəstəkarı Ağabacı Rzayevanın bacısı Ruqiyyə xanım onun ikinci anası olur.
   - Mən uşaqlıqdan Ruqiyyə xanımı görmüşəm, ona ana, Ağabacı xanıma xala demişəm. Xalam Ağabacı xanım uşaq vaxtı mənim musiqi duyumumu yoxlayıb dedi ki, bunu mütləq musiqiyə yönəltmək lazımdır. Mən də əvvəlcə Bülbül adına orta ixtisas musiqi məktəbini, sonra Asəf Zeynallı adına Musiqi Texnikumunu və Azərbaycan Dövlət Konservatoriyasının musiqinin nəzəriyyəsi və tarixi fakültəsini bitirdim.
   XX əsrin əvvəllərində yaşamış Avstriya bəstəkarı Qustav Malerin yaradıcılığından diplom işi yazdım. Diplom işinin müdafiəsinə Leninqrad Konservatoriyasının professoru Anatoli Dmitriyev gəlmişdi. İşi yüksək qiymətləndirdi və dedi ki, bu elə dissertasiyadır.
   
   1976-cı ildə o, sənədlərini aspiranturaya təqdim edir. Qərb musiqisinə bələd olan gənc tədqiqatçı bu dəfə muğama üz tutur və bu mövzuda elmi iş götürür.
   - Muğamı, onun qəzəllərini dinləyə-dinləyə, öyrənə-öyrənə, tərcümə edə-edə həm də Azərbaycan dilinin incəliklərinə dərindən bələd olurdum. Bir musiqiçi kimi başa düşürdüm ki, muğam şedevrdir. Muğamın musiqi forması unikaldır. Onu təhlil etmək üçün heç bir Avropa üsulu uyğun gəlmir. Mən yeni bir analitik üsulu tapmağa məcbur oldum. Belə forma, dinamik profil yaratmaq, zilə doğru hərəkət, zildə tam ekstaz halına gəlmək - bütün bunlara görə muğamın dramaturgiyası çox böyük təsir gücünə malikdir. Dissertasiyam üç fəsildən ibarət idi: muğamın yaranma tarixi, nəzəriyyəsi və fəlsəfi ideyası. Dissertasiya üzərində çox zəhmət çəkdim, onun üç müxtəlif variantını yazdım.
   
   Beləliklə, Sənubər Bağırova 1984-cü ildə Azərbaycanda muğam üzrə ilk dissertasiya müdafiə edərək sənətşünaslıq elmləri namizədi adını qazanır. O vaxtdan indiyədək AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” şöbəsində böyük elmi işçi vəzifəsində çalışır.
   İlk dəfə öz elmi fikirlərini 1978-ci ildə Səmərqənddə beynəlxalq simpoziumda təqdim edib. Sonralar dünyanın müxtəlif ölkələrində 30-dan çox beynəlxalq elmi konfrans və konqresdə çıxış edib. 1992-ci ildə Almaniyada Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın sessiyasına dəvət olunub. Orda böyük məruzə ilə çıxış edib. “Azərbaycan muğamının bədii, ideya və struktur xüsusiyyətləri” adlı məqaləsi çap olunub. İndi də xaricdə tələbələr muğamatı bu məqalə əsasında öyrənirlər.
   
   Bəşəriyyətin şah əsərlərindən biri - muğam
   
   - Musiqi üzrə üç nominasiyamız - muğam, aşıq sənəti və bu yaxınlarda tar ifaçılıq sənəti UNESCO-nun siyahısına salınıb. İlk hazırladığım nominasiya muğam idi. İndiyədək yadımdadır ki, 2002-ci ildə UNESCO-nun qeyri-maddi mədəni irs şöbəsinin müdiri Azərbaycana gəldi. Bakıda üç gün qaldı. Bu müddət ərzində mənimlə hər gün görüşür və saatlarla muğama dair müxtəlif suallar verirdi. Sonda mənə bir sual verdi ki, "Siz necə sübut edə bilərsiniz ki, Azərbaycan muğamı unikaldır, yəni yalnız sizin xalqa məxsusdur?" Yəni ərəb və ya fars muğamından törəmə deyil. Bu yeganə sual idi ki, məni çaşdırdı. Çünki biz uşaqlıqdan şəksiz bilirdik ki, Azərbaycan muğamı unikaldır, bunun isbatına ehtiyac yoxdur. Bunu biz aksiom kimi qəbul etdiyimizdən, onun sübutuna nə vaxtsa ehtiyac olacağını düşünməmişik.
   Onda mən dedim ki, "Hər xalqın öz dili olduğu kimi, musiqi dili də var. Heç kim deyə bilməz ki, bir xalqın musiqi dili başqasından üstündür. Bu bizim muğamdır, çünki Azərbaycan musiqi dilində ifadə olunur. Başqa xalqlar öz emosiyalarını musiqidə başqa dildə ifadə edirlər". Bu cavab onu qane etdi. Bundan sonra o da təklif etdi ki, muğamın namizədlik faylını hazırlamaq mənə tapşırılsın. Bu fayla muğamın elmi tərifi, müxtəlif lent yazıları, fotoşəkillər və sənədli film daxil idi.
   2003-cü ildə muğam UNESCO-nun "Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri" siyahısına daxil edildi.
   Aşıq sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına təqdim edilməsi ilə bağlı çox iş gördük. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Aşıq sənətinin çağdaş problemləri” üzrə dəyirmi masanın keçirilməsi, sonra Aşıqlar Birliyinin V Qurultayının təşkili, namizədlik faylının elmi mətninin yazılışı, aşıq sənətinin yayılma dairəsinin xəritəsinin çəkilməsi, sənədli filmin ssenarisinin hazırlanması və s. Bu işlərdə filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı mənə yaxından kömək edirdi. 2009-cu ildə aşıq sənəti UNESCO-nun siyahısına daxil edildi.
   Bundan başqa, Fransada aşıqlarımızın konsertlərini təşkil etdik, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Aşıq antologiyası" adlı iki diskdən ibarət albom işıq üzü gördü. 2011-2012-ci illərdə İtaliyada Azərbaycan muğam ifaçılarının dörd diskinin, o cümlədən görkəmli tarzənimiz Ramiz Quliyevin solo diskinin buraxılmasına nail olduq. Bu günlərdə isə UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Parisdə keçirilən 7-ci sessiyasında Azərbaycan tar ifaçılıq sənəti Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildi. Bunların hamısı Azərbaycan mədəniyyətinin uğurudur.
   
   Dünyanın yeni kəşf etdiyi gizli xəzinə
   
   - Orta və Şərqi Asiya musiqisi XX əsrin əvvəllərindən başlayaraq Avropaya ayaq açmağa başladı. Bu musiqi Avropa dinləyicisi tərəfindən tez bir zamanda qəbul edildi. Hazırda avropalılar ərəb, hind, çin, yapon, iran və türk musiqisi ilə kifayət qədər tanışdırlar. Sovet İttifaqının dəmir pərdəsi Azərbaycan musiqisinin Avropada səslənməsinin qarşısını alırdı. Halbuki ötən əsrin əvvəllərində Avropaya Şərq musiqiçiləri arasında ilk olaraq bizim musiqiçilər ayaq açıblar. Polşada, Fransada, Almaniyada Məşədi Fərzəliyevin konsertləri olub. Bundan başqa, Cabbar Qaryağdıoğlunun Avropada qrammofon valları yayılırdı. Stalin dövründən başlayaraq Azərbaycan xanəndələrinin Avropa ilə əlaqəsi itdi.
   İlk dəfə 1989-cu ildə Dünya Mədəniyyətləri Evi tərəfindən Parisdə Alim Qasımovun konserti təşkil edildi. Ondan sonra Fransada bir neçə konsert oldu və disklər buraxıldı. Dövlət müstəqilliyimizin bərpası Azərbaycan musiqisinin dünyada daha geniş tanıtımına imkan yaratdı.
   2010-cu ilin noyabrında BBC radiosunun "Dünya yolları" verilişinin 10 illik yubileyində Qoçaq Əsgərovun çıxışından sonra Londonun nüfuzlu "Songlines" jurnalının baş redaktoru Azərbaycan musiqisinə münasibətini bildirərək dedi ki, dünyada hind musiqisi deyiləndə, insanlar təxminən söhbətin hansı musiqidən getdiyini bilirlər. Türk, İran, ərəb, çin, yapon musiqisi də müəyyən mənada tanınır. Azərbaycan musiqisi isə, sən demə, gizli xəzinə imiş.
   Dünyanın bir çox ölkələrində olmuş Sənubər Bağırova Azərbaycan musiqisinin möhtəşəmliyindən də danışdı:
   - Mən təkcə Azərbaycan musiqisi deyil, həmçinin Avropa musiqisi içində böyümüşəm. Mən bunu tam obyektiv deyə bilərəm ki, Azərbaycan musiqisinin bədii dəyəri çox yüksəkdir. Tayvandan Amerikaya qədər insanların musiqimizə necə heyranlıqla qulaq asdıqlarını görmüşəm. Dünya musiqi fəzasında Azərbaycan musiqisi artıq layiq olduğu yerini tutmaqdadır.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar