Sonaxanım Mikayılova: “Tələbələrimə görə özümdə məsuliyyət hiss edirəm. İstərdim ki, hər biri əsl sənət yolu keçsin”
Sonaxanım Mikayılova 1957-ci il fevralın 2-də anadan olub. Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsil aldıqdan sonra Bakıya qayıdaraq yaradıcılıq fəaliyyətinə başlayıb. Ziyafət Abbasovun “Onun bəlalı sevgisi” filmində Xalidə rolu ilə kinoda professional addımını atıb. “Qəm pəncərəsi”, “İmtahan”, “Köhnə bərə”, “Pəri qala”, “Cavid ömrü”, “Tərsinə çevrilmiş dünya”, “Sahə”, “Qala” və s. filmlərdə bir-birindən fərqli obrazlar yaradıb. 1989-cu ildən “Yuğ” teatrında çalışır. “Albalı bağı” (Ranevskaya), “Salam” (qadın), “Kafkadan salam” (ana), “Qəbir qazma üsulu” (mələk) və digər tamaşalarda maraqlı rollar oynayıb. 2011-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.
Uşaqlıqdan sənətə marağı olub. “Lakin ağlıma da gəlməzdi ki, Moskvada ali təhsil alacağam” deyir: “Kinematoqrafiya İnstitutunda Yevgeni Matveyevin kursunda təhsil alırdım. Fərhad İsrafilov, Ötkəm İskəndərov, Ömür Nağıyev, Həmidə Ömərova, Fərqanə Quliyeva kimi tanınmış aktyorlarla birgə oxumuşam”.
- Aktrisa olmaq istək oldu, yoxsa təsadüf?
- Sənətə gəlməyimdə həm anamın, həm də atamın rolu olub. Atam kinonu çox sevdiyindən bizi daim kinoteatra aparardı. Anam mədəniyyət evində xalq teatrlarında iştirak edirdi, pyeslər yazırdı. Tez-tez anamın iş yerinə gedirdim. Yəqin sənətə o vaxtdan vuruldum. İncəsənət elədir ki, o aləmə düşdünsə, geri qayıtmaq olmur. Məktəbin son siniflərində oxuduğum zaman “Azərbaycanfilm” kinostudiyasında aktyorluq kursları haqqında elanı oxudum. Yaşım az olduğundan məni içəri buraxmırdılar. Qapıda rejissor Elxan Qasımovla qarşılaşdım, o məni içəri keçirdi və mən kurslara qəbul olundum. Amma atam buna qarşı idi. Aktrisa olmağımı istəmirdi. Kinostudiyada çox insanlarla tanış oldum. Adil İsgəndərov, Həsən Seyidbəyli, Muxtar Manıyev kimi sənətkarları gördüm. İkinci kursun sonunda aktyor kurslarının rəhbəri Ziyafət Abbasovun məsləhəti ilə Ümumittifaq Kinematoqrafiya İnstitutuna imtahan verdim. Orada kino və dram aktyorluğu ixtisası üzrə ali təhsilimi davam etdirdim.
- Kino aktrisası kimi tanındınız. Sonra teatra gəldiniz...
- Ailə həyatı qurandan sonra bir müddət sənətdən uzaqlaşmalı oldum. Qayıdandan sonra da bir neçə filmə çəkildim. O zamanlar kinostudiyada kinoaktyor studiyasının teatrı var idi. Orada müxtəlif rejissorlar gəlib tamaşalar hazırlayırdılar. Vaqif İbrahimoğlu Cəfər Cabbarlının “Dönüş” əsərini hazırladı. Hiss etdim ki, sənətdə ondan çox şey öyrənə bilərəm. O zamanlar hələ “Yuğ” teatrı açılmamışdı. Teatr açılanda isə mən “Yuğ”da çalışmağa başladım.
- Teatra gəlməyiniz sizi kinodan uzaqlaşdırdı?
- Vaqif İbrahimoğlu yaxşı mənada bizi səhnə aləminə qapatdı. İlk tamaşamız “Salam” məni teatra elə bağladı ki, xeyli müddət filmə çəkilmək təkliflərindən imtina etdim. Teatrda daha maraqlı işlər oldu. Kino yaxın ola bilərdi, əgər ürəyimcə olan təkliflər edilsəydi. Teatr yükünün ağır olmasına baxmayaraq maraqlı idi.
- Ən çox yadınızda qalan və indi yenidən oynamaq istədiyiniz rolunuz hansıdır?
- Anton Çexovun “Albalı bağı” pyesindəki Ranevskaya obrazı. Çexovu çox sevirəm. Bu obrazı bir neçə dəfə oynamışam. Bu yaxınlarda tamaşa yenidən oynanılacaq.
- Əvvəlki oynadığınızla sonrakılar arasında fərq var?
- Hər dəfə fərq olur. Aktyorun halı, daxili durumu, həyat təcrübəsi, yaş və s. oyuna təsir edir. Bizim teatrın oyun tərzi də fərqlidir.
- Bəs sənətçi qadının ruhu başqalarından nə ilə fərqlənir?
- Həmişə ruhi qatda, məkanda oluruq. Uzaqlaşdıqda elə bil o ruhi qida çatmır. Ona görə sənətdə olan qadın evə məhkum oluna bilməz. Daim ruhi qida almalıyam. Bu olmasa, özümü yox hesab edirəm.
- İki oğlunuz var. Hər ikisi incəsənətdədir... Sizin arzunuz idi?
- Mən incəsənəti çox sevirəm. Nə qədər çətinliyi olsa belə. Lakin çalışırdım hər şeyi balansda saxlayım. Həm ailəni, həm sənəti. Oğlum Mikayıl uşaq vaxtı mənimlə teatra gələrdi, məşqlərdə olardı. Hazırda teatrda rejissor işləyir. O biri oğlum Anar Opera və Balet Teatrının solistidir. Hər ikisi sənət adamları ilə ailə qurublar. Demək olmaz ki, mən onları istiqamətləndirdim. Lakin uşaqlıqdan məşqlərdə yanımda olurdular. Düşünürəm ki, həm özlərinin marağı oldu və həm də müəyyən mənada mənim təsirim var.
- Pedaqoji fəaliyyətlə də məşğulsunuz. Tələbələr gözləntilərinizi doğruldur?
- İstedadlı gənclər çoxdur. Onlarla işləmək lazımdır. Əgər tələbə ali məktəbdən çıxdıqdan sonra işləmədisə, o artıq çox şey itirir. Tələbələrimə görə özümdə məsuliyyət hiss edirəm. İstərdim ki, hər biri əsl sənət yolu keçsin.
- Onları hansısa teatrlara istiqamətləndirirsiniz?
- Çalışıram. Bəzən bu mümkün olur, bəzən də olmur.
- Sənət adamı üçün şərait önəmlidir, yoxsa onun istedadı?
- Hər ikisi. Deyirlər ki, istedad istənilən yerdə ortaya çıxacaq. Ancaq onu boğsalar, o necə üzə çıxar. Mən gənclərlə çox işləyirəm. Onlar həvəslənirlər, nə isə etməyə can atırlar. Aktyor uşaq kimidir, daxili çox zərifdir. Bəzən adi sözdən inciyib kənara çəkilə bilirlər.
- İstənilən rolu oynaya bilərsiniz?
- Mənim üçün amplua yoxdur. Bizim teatrda eyni zamanda həm dramatik, həm komediya aktyoru olmaq mümkündür. Bizim üçün sərhəd yoxdur.
- Sənət aləmində narazı olduğunuz nədir?
- İstərdim ki, dünya teatrlarına nəzər salaq. Yeni üslublara can ataq. Təəssüf ki, bizdə bu gün elə müəllimlər var ki, köhnə üslubda işləyirlər. Hər şey dəyişir və bu dəyişikliklə ayaqlaşmaq lazım gəlir.
- Bəs bu gün teatrlarımızda sizi razı salan nədir?
- Bir çox teatrlarda qaynar iş gedir, canlanma var. Dünyaya çıxmaq üçün səylə çalışırlar. İndi deyəcəklər, öz teatrını tərifləyir, lakin deyərdim ki, “Yuğ” teatrı daim yeniliyə can atıb. Teatrlarda maraqlı aktyorlar var. İstərdim ki, teatr direktorları, rejissorlar ali məktəblərə gəlsinlər, yeni istedadları görüb aparsınlar yanlarına, inkişaf etdirsinlər.
- Əgər hər şeyi yenidən başlamaq imkanı verilsəydi, nədən və haradan başlayardınız?
- Yenə də bu sənətə gələrdim. Aktyor səhnədə başqa bir aləmdə olur, o aləmdə yaşayır. Məqam var ki, tamaşaçı qarşısında dayanırsan və hiss edirsən ki, işini vicdanla yerinə yetirdin. Bu həm də mənəvi zövqdür.
- Sonda nə demək istərdiniz?
- İstərdim ki, hər bir sənətçi üçün öyrənəcəyi insan olsun. Mən bu şəxsiyyəti gec tapdım, tez də itirdim. Vaqif İbrahimoğlunun mənim teatr aktrisası kimi formalaşmağımda böyük rolu olub. Onunla çalışdığım 20 il müddətində çox şey öyrəndim. Allah ona rəhmət eləsin. Mənim üçün o tək idi. Rejissor kimi, şəxsiyyət kimi. Taleyimə minnətdaram ki, onunla rastlaşdım. O, qəlbimizdə daim yaşayacaq.
Söhbətləşdi: Reyhan İsayeva