Lətifə Quluzadə: “Teatr rəssamı tarixi də, musiqini də, ədəbiyyatı da bilməlidir”
   
   Lətifə Quluzadə yaradıcılığının ən parlaq dövrünü Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına bağlayıb. Burada işlədiyi müddətdə (1976-1995) bir çox tamaşaların (T.Qarabağlının «Du-du, yol verin», R.Moskovanın «Hara qaçırsan, dayça?», Y.Oleşanın «Üç gombul», C.Məmmədquluzadənin «Pırpız Sona» və s.) rəssamı olub.
   
   Macarıstanda, Türkiyədə, İranda, Pakistanda, Litvada, Rusiyada, Özbəkistanda, Gürcüstanda festival və sərgilərdə iştirak edib. Akademik Milli Dram, Rus Dram, Gənc Tamaşaçılar, Kamera, Musiqili Komediya teatrlarında səhnə əsərlərinin quruluşçu rəssamı olub. 2000-ci ildən yenidən Azərbaycan Dövlət Kukla Teatrına qayıdaraq baş rəssam təyin olunub. Ötən dövrdə M.Seyidzadənin «Cırtdan», T.Ağayevin «Qoçaq Əhməd», A.Puşkinin «Qızıl xoruz», E.Baxışın «Məlikməmməd», Ş.Perronun «Qırmızı papaq» və başqa tamaşalara tərtibat verib. Kukla teatrında ilk dəfə aktyorları tamaşaçılardan «gizlədən» pərdədən tamaşanın iştirakçı obrazı kimi istifadə edib. 2008-ci ildə Gənc Tamaşaçılar Teatrında tərtibat verdiyi «Pər-cadu» tamaşasına görə «Zirvə» mükafatına layiq görülüb.
   Azərbaycan Dövlət Kukla Teatrının baş rəssamı Lətifə Quluzadə ilə yeni tamaşaya hazırlıq ərəfəsində görüşdük. İlk olaraq bizi yeni səhnə əsərinin qəhrəmanları ilə tanış etdi. Hələ tamaşaçı qarşısına çıxmamış kuklalar rejissor Rəhman Əlizadənin hazırladığı «Dəli Domrul» tamaşasının qəhrəmanlarıdır. Sonra rəssam «Dəli Domrul»un qaralama eskizlərini göstərir. Maraq hazırladığımız sualların hamısını unutdurur. Kukla sexinə gedirik. Lətifə xanım kuklaların hazırlanma prosesini, mərhələlərini izah edir. Öyrənirik ki, əvvəlcə plastilindən hazırlanan kuklalar sonra gipsə köçürülür. Daha sonra kağız yapışqan məmulatdan yüngül çəkili kuklalar hazırlanır. Söhbətə nə zaman keçdiyimizi hiss etmirik...
   - Lətifə xanım, kuklaların hazırlanmasında onların funksionallığının, sözsüz ki, təsiri olur...
   - Çox böyük təsiri var. Amma bu özü də rejissorun seçimidir. Elə tamaşa var ki, ora çox da əl-qol hərəkəti olmayan kuklalar lazım olur. Elə kuklalar var ki, gözləri oynamalıdır. «Dəli Domrul»da kuklalarda gözlər və ağızın hərəkət etməsinə ehtiyac yoxdur. Bu, epos olduğu üçün rejissor qərara gəldi ki, əsas yük mətnin üzərindədir və qəhrəmanlar bir simvol, obraz kimi assosiasiya olunsalar daha yaxşı olar. Kuklalardan əlavə, ənənəvi dekor olaraq şirmadan istifadə olunacaq. Bunu mən qurama şəklində işləmişəm.
   Mənim üçün iş prosesi uzunmüddətli olmur. Artıq təxəyyülümdə obrazı görəndən sonra köçürmək elə də vaxt aparmır. Rejissor öz fikrini, öz konsepsiyasını dəqiqləşdirirsə, rəssama işləmək daha asan olur. «Dəli Domrul» ikiplanlı tamaşa olacaq - həm canlı plan olacaq, həm də bayaq sizə göstərdiyim parker kuklalardan istifadə olunacaq. Rapid kuklalar aşağıdan idarə olunan kuklalardır, parker kuklalarsa elədir ki, aktyorlar kuklaların əlini öz əllərinə əlcək kimi geyinir və kuklanın arxasında gizlənirlər.
   - Rəssam-rejissor münasibətləri maraqlı bir məqamdır. Rəssamla rejissorun fikirləri uzlaşmayanda nə baş verir?
   - Təbii ki, mübahisələr də yaranır. Olur ki, sən nə isə hazırlayırsan, amma rejissor bəyənmir. Həmfikir olmaq, məxrəcə gəlmək lazımdır. Rəssam həm rejissor fikrinə tabedir, həm də rejissor fikrini tamamlamalıdır. Əgər rəssamın ideyası maraqlıdırsa, rejissor bundan yalnız udar.
   - Rəssam işindən imtina edən rejissorlar var. Yəni tamaşanı öz bildiyi kimi qurur. Amma necə olsa, rejissor rəssam qədər rəngləri, məkanı hiss edə bilməz. Bu barədə siz nə fikirdəsiniz?
   - Mən çox rejissorlarla işləmişəm. Elə rejissor var ki, rəssama önəm vermir, ona elə gəlir ki, hər şeyin yaxşısını özü bilir. Amma rejissor nə qədər yaxşı işləsə belə, tamaşada rəssam işi, rəssam baxışı olmalıdır. Rəssam mətndən, məşqlərdən son mərhələyədək bütün proseslərdə iştirak etməlidir. Yoxsa tamaşa hazırladım, rəssam da gəlsin tərtibat versin - belə olmaz. Amma ümumiyyətlə, mənim işlərim bu sarıdan uğurlu alınıb.
   - Bir qədər geri qayıdaq. Necə oldu ki, kukla teatrı rəssamı olmaq fikrinə düşdünüz?
   - Kukla teatrına təsadüfən gəldim. Əslində heykəltəraşlığa, keramika ilə işləməyə böyük marağım vardı. Azərbaycan Dövlət Teatr İnstitutunda dekorativ-tətbiqi sənət fakültəsində oxudum, keramikanı öyrəndim. Bir dəfə Rəssamlar İttifaqından Kukla Teatrında işləyən bir rəssam məni bu işə dəvət etdi. Bayaq təsadüf dedim, amma bilirsiniz, həyatda heç nə təsadüfən olmur. Mən uşaqlıqda plastilindən heyvanlar, kuklalar, nağıl qəhrəmanları düzəldirdim və kibrit çöplərini tutacaq kimi keçirib onları oynadırdım. O vaxt kukla tamaşasını uşaq bağçasında görmüşdüm. İş də elə gətirdi ki, bu teatra gəldim və bura mənə çox xoş oldu. Qalıb işlədim. Çox diplomlar, mükafatlar aldım. Yəni uğurlarım oldu və bu da məni ruhlandırdı.
   - Lətifə xanım, siz canlı-dramatik tamaşalara da tərtibat vermisiniz. Kuklaçı rəssamın işinin spesifikası nədən ibarətdir? Hansısa ümumi prinsiplər varmı?
   - Ümumi prinsip odur ki, kukla teatrında əsasən şərtilik var. Yəni rəssam bu şərtiliyi həyata keçirir. Əgər kuklanı aktyor canlandıra, öz hisslərini ona ötürə bilməsə, bu mahiyyətini itirir. Bunun özü şərtilikdir. Kukla teatrında çox kompakt dekorasiyalar olmalıdır. Əgər kukla tamaşasında qəhrəman çox çevikdirsə, onun bir neçə nüsxəsini hazırlamaq lazımdır. Məsələn, bizdə Cırtdan gah səhnənin sağından, gah solundan görünür. Aktyora bu məsafəni fırlanıb keçmək uzun başa gəlir. Ona görə bir neçə nüsxə kukla hazırlayırıq ki, gecikmə olmasın.
   Dekorasiyadan kuklalaradək bu şərtiliyi rəssam hansısa formada həll etməlidir. Hərçənd canlı teatrda da şərtilik ola bilər. Amma bizim teatrın sadaladığım çətinlikləri var.
   - Kukla teatrının tamaşaçılarının çoxu balacalardır. Bu, işi daha məsuliyyətli edir. Axı tamaşalar həm də onların zövqünü formalaşdırır...
   - Bütün teatrlar zövqü formalaşdırır, tərbiyə edir. Mən Moskvada bir tamaşada olmuşdum. Rəssam gərək ki, Çindən olan sənətkar idi. Səhnədə pərdə açıq idi və tamaşa başlamamış tamaşaçılar dekorasiyanı görürdülər. Mən dekorasiyanı, o gözəlliyi, estetikanı görəndə, biixtiyar gözlərim heyranlıqdan yaşardı. Rəssam elə etmişdi ki, tamaşaçı əvvəldən əhvalata köklənib, duyğulanmışdı.
   Elə tamaşalar var ki, tarixi mövzudadır, şərti üslubdadır, amma geyimlər elə gözəl hazırlanıb ki, rəssam bir ştrixlə o tarixin ab-havasını yarada bilir. Bilirsiniz, rəssam tarixi, musiqini, ədəbiyyatı, hətta poeziyanı da bilməlidir. Onun mükəmməl biliyi olmalıdır ki, dramaturji materialı oxuyanda nəsə onun üçün naməlum olmasın. Mən bu məsuliyyəti hiss edirəm. Balaca uşaq gəlir teatra. Onda neqativ hisslər yaranırsa, o, ikinci dəfə teatra gəlməyəcək. Ələlxüsus ki, uşağın alternativ əyləncəsi var, bəyənməsə, teatra gəlmək istəməyəcək.
   Bilirsiniz, tərbiyə məsələsində teatrın rolu hər şeydən çoxdur. Teatr insanın daxili-mənəvi aləminə təsir etməkdə əvəzsizdir. Kukla teatrı da həmçinin. İnsanda həmişə özünü kənardan görməyə, sual verib cavab almağa çalışıb. Bu, insan üçün çox vacibdir. Kukla da belə yaranıb.
   - Bu sənətdə hansısa yeni texnologiyalar varmı? Məsələn, 2011-ci ildə Bakıda beynəlxalq kukla teatrı festivalı keçirildi. Təcrübələrinizi bölüşdünüzmü?
   - Bu sahədə hamının işlətdiyi, necə deyərlər, özünü doğrultmuş texnika - papye-maşe maşını var. İndiyədək teatrların əksəri bundan istifadə edir. Əlbəttə, rezin kuklalar istehsal edən müəssisələr var. Mən xaricdən gələnlərlə də danışıram. Müasir məmulatlardan istifadə edənlər olur. Biz də lazım olduqca bu yenilikləri tətbiq edirik.
   Kukla teatrları festivalına gəlincə, Bakıda keçirilən bu festival çox gözəl ideya idi. Yəni bizim mühitimizdə kukla teatrına ikinci, üçüncü dərəcəli bir yanaşma var idi. Festivalla kukla teatrına ciddi bir maraq yarandı. Çox yüksək statuslu belə bir festival bizə lazım idi. Onu da deyim ki, bu il Bakıda ikinci belə festival keçiriləcək.
   - Teatrdan başqa sərbəst olaraq rəssamlığın digər növləri, məsələn, bayaq qeyd etdiyiniz keramika ilə məşğul olursunuzmu?
   - Əlbəttə. Qrafik təsvirlər çəkirəm. Peyzajlar işləyirəm. Mən bu işlərdən zövq alıram...
   
   Aliyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar