Rəhman Əlizadə: “Şərt “Hamlet”i səhnələşdirmək deyil, “Cırtdan”ı da elə tamaşaya qoymaq olar ki...”
   
   A.Şaiq adına Dövlət Kukla Teatrında premyera həyəcanı hökm sürür. Az sonra rejissor
   Rəhman Əlizadənin «Dədə Qorqud» dastanının «Dəli Domrul» boyu əsasında hazırladığı eyniadlı tamaşa nümayiş olunacaq.
   Tamaşa öncəsi baş rejissorla söhbət edirik.
   
   - Rəhman müəllim, «Dəli Domrul» uşaqlar, yoxsa böyüklər üçün nəzərdə tutulub?
   - «Dəli Domrul»da uşaqlar böyüklər üçün nəzərdə tutulub. Axşam seanslarında göstərəcəyik. Dastanın mövzusu aktualdır. Domrul “taxta parçasını qurumuş çayın üstünə atıb keçəndən otuz üç axça, keçməyəndən 40 axça alacağam” - deyir. O, saymazyanalıq, qudurğanlıq edir, «burda mənəm, Bağdadda kor xəlifə» prinsipi ilə yaşayır. Ana ideya insanın gec və ya tez cəzasına çatmasını komik formada tamaşaçıya çatdırmaqdır. Domrul kimə zülm edibsə, ona adekvat da cavab alır. Bilirsiniz ki, “Dəli Domrul” “Kitabi-Dədə Qorqud”un ən gülüş doğuran boyudur. Mən özüm komediyanın vurğunuyam, bir də mövzunun müasirliyi məni cəlb edir.
   - Ümumiyyətlə, ölüm mövzusuna münasibətiniz necədir? Bu dastanda ölümü gözə almama, saymazyanalıq elementləri var.
   - Mənim belə bir deyimim var, hələ gəncliyimdə qeyd etmişdim - «ölüm mən yaşda, mən boyda, mən ağıldadır». İnsan buna hazır olmalıdır. İnsan öz ölümünü içində gəzdirir. Yaşlanmağın, müdrikliyin də bura aidiyyəti yoxdur. Müdriklik yaşla deyil, müdriklik də, istedad da insana ya verilir, ya verilmir. O ki qaldı Dəli Domrula, mən bunu “ölümə meydan oxumaq” kimi dəyərləndirməzdim. Dəli Domrul insanları saymır. Bu əslində qudurğanlığın təzahürüdür. Tamaşada Domrulun digər naqis cəhətlərini də görürük. Bu qorxaq adamdır. Öz canının əvəzinə atasının və anasının canını vermək istəyir. Dəli Domrul qəhrəman deyil. O, antiqəhrəmandır.
   - Rəhman müəlim, müdriklik yaşla deyil, dediniz. Amma uzun illərin təcrübəsi, müşahidələri var sizdə. Nələr barədə qənaətiniz dəyişib və ya möhkəmlənib?
   - Əvvəllər də belə fikirləşirdim, indi də bu fikrin üzərində qalıram: insan mənən təmiz insandırsa, dürüstdürsə, o, ömrü boyu dürüstlüyə doğru inkişaf edəcək, nadürüstdürsə, onun zirvəsinə doğru can atacaq. Ümumiyyətlə, heç birinin də hüdudu yoxdur. İnsan öz dürüstlüyündən həzz alırsa, bu, ömrü boyu ondan əl çəkməyəcək. Əksinə, öz yaramazlığından xoşhal olursa, onun arxasınca da gedəcək. Mən insanın tərbiyələnməsinə inanmıram. İnsan özü özünü tərbiyə edir. Əksinə olsaydı, səmavi kitablar insanları islah edərdi. Mən heç vaxt pis adamın dönüb yaxşı olmağını görməmişəm. Görmüşəm ki, pis daha da pisləşib, yaxşı daha da saflaşıb, durulaşıb. Və hər kəs özünü özünə sərf edən kimi tərbiyə edir.
   - Film üçün ssenarilər necə, yazırsınızmı?
   - Kinossenari yaza bilərəm, amma bu elə işdir ki, gərək sənə ssenarini sifariş edələr. Bu ayrıca bir janrdır. Mən ilk növbədə dramaturqam. Yazdıqlarımın da az qala yarısı komediyadır. Mən dramaturgiyanı və poeziyanı 7-8-ci sinifdən oxumağa başlamışam. Doqquzuncu sinifdə M.Qorkinin, B.Brextin, A.Çexovun bütün pyeslərini oxumuşdum. Qaldı mövzuya, bu insanın daxilindən gəlir, məsələlər barədə fikirləşirsən, hadisələri daha dərindən dərk etməyə çalışırsan, özünə sual edirsən - bu, necə oldu ki, qorxaq oldu, yaxud da yaltaq?!
   Mənim «Uzunqulaq» adlı bir komediyam var. Pyes boyu ana öz oğlunu axtarır. Məlum olur ki, oğlu istixarə nəticəsində uzunqulağa çevrilib ki, paradı o başlasın. Uzunqulaq elə bilir ki, o qabaqda qaçdığına görə şöhrətlənəcək. Halbuki onun sahibi təriflənir, məşhurlaşır. Pyesin axırında ana oğlunu tapır və soruşur: «A bala, necə olur ki, biz sizin adınızı «Aslan» qoyuruq, «Qartal» qoyuruq, «Bəbir» qoyuruq, siz axırda gəlib uzunqulaq olursunuz? Əslində, bunun səbəbi onsuz da pyes boyu görünür.
   Yazıçı hər şeyin yaxşı olduğunu yazırsa, “hər şey əladır” devizi ilə hərəkət edirsə, riyakarlıq edir, demək, özü də pisliyin içindədir. Bütün cəmiyyətlərdə naqisliklər olur. Dramaturq, yazıçı isə olanları görməli və göstərməlidir.
   - Şeir və hekayələr də yazırsınız...
   - Üç cilddə pyeslərim çap olunub. Dördüncü kitab şeirlərim, hekayələrim və deyimlər olacaq. Yüzə qədər deyim var. Bunlar seçilmiş deyimlərdi. Şeirlərin janrı müxtəlifdir. Əksəriyyəti cavanlıqda yazdıqlarımdır. 500-dən yuxarı şeirim var və onların arasından 200-nü seçdim.
   - Pyes yazırsınız, bəzənsə onu tamaşaya qoyursunuz. Pyesi yazmağa başlayanda onu tamaşa kimi görürsünüz, yoxsa necə?
   - Ümumiyyətlə, pyes yazmaq nə qədər çətindirsə, onu tamaşaya hazırlamaq ondan ikiqat çətindir. Mövzu beynində əvvəlcədən «bişməlidir». Tamaşaya başlayanda yozumu, konsepsiyanı görməliyəm, aktyoru görməliyəm. Bir də görürsən teatrda Hamlet yoxdur, amma «Hamlet»i səhnəyə qoyurlar. Quruluşçu rejissor mizan verən deyil, rejissor aktyoru görməlidir, onunla işləməlidir. Bilməlidir ki, bu aktyordan Hamlet alınar, ya yox. Axı Hamlet tək Smoktunovskinin (aktyor) deyil, həm də Kozintsevin (rejissor) Hamletidir. Şərt «Hamlet»i səhnələşdirmək deyil, «Cırtdan»ı elə yaxşı tamaşaya qoymaq olar ki...
   - Tamaşada rəssam işi nə deməkdir sizin üçün? Onu həmmüəllif kimi tanımaq olarmı?
   - Tamaşanın müəllifi rejissordur. Rəssam istəsə də, istəməsə də icraçıdır. O, rejissorun dediklərini icra edir. Onun ideyası ola bilməz. Yəni gərək o miqyasda rəssam ola ki, rejissoru inandıra bilə. Məsələn, Robert Sturuanın işlədiyi rəssam var, ona çox inanır.
   - Son vaxtlar sizi təsirləndirən film, kitab, tamaşa...
   - Təxminən bir ay əvvəl vaxtilə baxdığım bir filmi “Mədəniyyət” kanalında bir daha göstərdilər. Bu, Mixalis Kakogiannisin çəkdiyi «Zorba yunan» filmi idi. Bu film məni çox təsirləndirdi. Film yunanların adət-ənənələrini, naqisliklərini elə göstərir ki, artıq kiminsə irad tutmağa sözü qalmır. Yeri gəlmişkən, bu kanala təşəkkür edirəm. Bu film məni dəhşətə gətirdi...
   
   A.Dadaşova






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar