Səidə Əbülfəz qızı Quliyeva 1957-ci ildə Bakıda anadan olub. Uşaqlıqdan sənətə maraq göstərib. Orta məktəbi bitirdikdən sonra Dövlət İncəsənət İnstitutuna qəbul olunub. 1978-ci ildən Akademik Milli Dram Teatrında aktrisa kimi fəaliyyətə başlayıb. Aktrisa səhnə ilə yanaşı, televiziya tamaşalarındakı rolları ilə geniş tamaşaçı rəğbəti qazanıb. Onun “Atayevlər ailəsi” tamaşasında Reyhan, “Yollar görüşəndə” lirik dramında Çiçək, “Kökdən düşmüş pianino”da Gülər, “Qonşu qonşu olsa”da Balacaxanım, “Bala, başa bəla”da İzzət Nəfisli və başqa obrazları bu gündə maraqla baxılır.
İstedadlı aktrisa kinoda ilk dəfə rejissor Arif Babayevin 1979-cu ildə çəkdiyi “Bizi bağışlayın” filmində Klara obrazının gəncliyini oynayıb. Kinorejissor Vaqif Mustafayevin “Yaramaz” filmində Hətəmin keçmiş arvadı, “Fransız”da Əlibalanın nişanlısı, “Milli bomba”da Əbdülqəninin qızı, “Yoxlama”da qonşu qadın və başqa rolları da tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Səidə Quliyeva teatr, televiziya, kino fəaliyyəti ilə yanaşı, dublyajda da çalışır, fərqli səs tembri ilə yerli və xarici filmlərin səsləndirilməsində yaxından iştirak edir. İstedadlı aktrisa sənətdə göstərdiyi xidmətlərə görə 2000-ci ildə “Əməkdar artist” adını alıb, Prezident İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli sərəncamı ilə “Xalq artisti” adına layiq görülüb.


Bu bir həqiqətdir ki, bədii əsərlərin, kinossenarilərin mahiyyəti, hadisələrin reallığı yazıçı, ssenarist təxəyyülü, rejissor yozumu ilə düşünülsə də, tamaşa və filmləri bizə sevdirən aktyorlardır. Müəlliflərin ideyaları məhz onların ifasında açılır, təsdiqlənir. Azərbaycan teatr və kino sənətində maraqlı obrazlar yaradan istedadlı aktrisalarımızdan biri də Səidə Quliyevadır. Xalq artisti martın 5-də doğum gününü qeyd etdi. Onunla söhbətimiz ad günü və 8 Mart qadınlar bayramı ərəfəsinə təsadüf etdi.

- Səidə xanım, bayramlar ayı olan mart ayında dünyaya gəlmisiniz. Sizə cansağlığı, yaradıcılıq uğurları arzulayırıq...
- Çox sağ olun. Mart ayı həqiqətən də mənim üçün əlamətdar aydır. Mart ayında Azərbaycan teatrının 140 illik yubileyi də tamam olur. 10 mart peşəkar teatrımızın yarandığı gündür. Fürsətdən istifadə edib bütün həmkarlarımı, teatrsevərləri bu bayram münasibətilə təbrik edirəm.
- Artıq 35 ildir ki, sənətdə, peşəkar səhnədəsiniz. Gəlin, sənətə meylləndiyiniz o illərə qayıdaq. Necə oldu ki, məhz aktyorluq peşəsini seçdiniz?
- Uşaqlıq illərimdə sənətə çox böyük sevgim var idi. Hələ o vaxt qərara almışdım ki, aktrisa olacağam. Lakin bu istəyi öz ürəyimdə saxlayırdım. Düzdür, evimizdə sənətə böyük məhəbbət var idi. Ancaq atam heç vaxt istəməzdi ki, qızı aktrisa olsun. 1973-cü ildə Azərbaycan teatrının 100 illiyi münasibətilə tanınmış sənətkarlar mənim oxuduğum 199 saylı məktəbə gəlmişdilər. Onların arasında Leyla Bədirbəyli, İsmayıl Dağıstanlı da vardı. Onlar görkəmli Azərbaycan şairi Səməd Vurğunun “Vaqif” tamaşasından bir parça oynadılar. Biz də səhnəciklər hazırlamışdıq. Leyla xanıma yaxınlaşanda o mənim haqqımda xoş sözlər söylədi. Bu mənə qol-qanad verdi, qürur hissi yaşatdı. Həmin anda qət etdim ki, mən mütləq aktrisa olacağam. Məktəbi bitirdikdən sonra sənədlərimi Azərbaycan Dövlət İncəsənət İnstitutuna verdim, yaxşı qiymətlərlə instituta qəbul oldum. Bəxtim bir də onda gətirdi ki, mənim kurs rəhbərim SSRİ Xalq artisti Adil İsgəndərov oldu.
- Həm Milli Dram Teatrının səhnəsində, həm də televiziya tamaşalarında görkəmli sənətkarlarla çiyin-çiyinə çalışmısınız. Sizin də rol aldığınız “Kökdən düşmüş piano”, “Qonşu qonşu olsa”, “Yollar görüşəndə” və digər televiziya tamaşalarına baxanda yaxşı mənada qibtə etdim və düşündüm ki, Səidə xanımın zəngin yaradıcılığı var. Məncə, əsl sənət məktəbi peşəkar sənətkarlarla bir səhnəni bölüşməkdir.
- İstedadlı rejissor Ramiz Həsənoğlunun çəkdiyi televiziya tamaşalarında oynadığım rollar mənə uğur gətirib. İlk televiziya rejissorum isə Lütfi Məmmədbəyov olub. İlyas Əfəndiyevin əsəri əsasında səhnələşdirilən “Atayevlər ailəsi” televiziya tamaşasında Reyhan obrazını oynamışam. Kamera qarşısına ilk dəfə baş rollardan birinin iştirakçısı kimi çıxmışam. Allah Lütfi müəllimə rəhmət eləsin. O, mənə etimad göstərdi. Təcrübəm az olsa da, hər sözümü, hər hərəkətimi izləyə-izləyə bu rolu uğurlu oynamağıma kömək etdi.
- Niyə kinoda az çəkilirsiniz?
- 5-6 filmə çəkilmişəm, buna da şükür edirəm. İlk dəfə Arif Babayevin “Bizi bağışlayın” filmində çəkildim. Bir də Vaqif Mustafayevin filmlərində çəkilmişəm. Bəzən olur ki, rollarda seçim edirəm. Bunun da səbəbi ssenarinin zəif olması, obrazların mənə münasib olmamasıdır.
- Bəzən tanınmış aktrisalar bəsit süjetli filmlərə, seriallara çəkilməkdən boyun qaçırırlar. Halbuki peşəkar aktrisanın can-dildən yaratdığı sadə rolu belə qarşısındakı gənc aktyorlara stimul verə bilər, öz fərdi təfəkkür, improvizəsi ilə də filmin uğuruna səbəb olar...
- İnanmıram ki, aktyor və aktrisalara serialda maraqlı rol təklif olunsun və o, roldan imtina etsin. Baş rol təklif olunsa onlar mütləq gedəcəklər. Bilirsiniz, sənət adamı daim inkişaf etməlidir. Mən yerimdə addımlasam, heç bir inkişaf olmasa sabah tamaşaçının da yadından çıxacağam, sevilməyəcəyəm, yəni seriallara mütləq çəkilmək lazımdır. Peşəkar aktyorların çəkilməyi seriallara həm baxımlılıq gətirər, həm də gənc aktyorlar illərlə təcrübə toplamış aktyorlardan çox şey öyrənə bilərlər. Bir də ki, istər serial, istərsə də bədii film olsun, aktyorların yaxşı işləməsi üçün mütləq çəkiliş məkanlarında onlara şərait yaradılmalıdır. Serial çəkən rejissor birinci növbədə xeyir güdməməlidir. O, aktyorları və texniki təchizatı tam təmin etsə, yaradıcılığı da uğurlu alınar. İkinci-üçüncü dəfə daha keyfiyyətli məhsul bazara çıxarar. Tamaşaçılarımız darıxmasın, inşallah tədricən bizdə də onların qəlbinə yol tapan seriallar istehsal ediləcək. Sadəcə olaraq bizdə hələ ki, bu sahədə inkişaf gedir.
- Məncə, sənət təcrübəsini yalnız peşəkar rejissorların deyil, gənclərin filmlərində də göstərmək olar. Filmlərə çəkilmək üçün gənc rejissorlardan təkliflər alırsınızmı?
- Bu yaxınlarda tələbə rejissor Elçin Elxanlı öz hesabına film çəkdi. “İnam” adlı bu film onun diplom işidir. Ssenarini də özü yazmışdı. Firəngiz Mütəllimova, Zemfira Nərimanova və mən bu filmdə təmənnasız olaraq çəkildik. Ümumiyyətlə, mən tələbələrin filmlərində pulsuz çəkilirəm. Onlara nə kömək lazımdırsa, göstərirəm. Elçinin işi çox xoşuma gəldi. Gələcəkdə hansısa filmində mənə rol təklif etsə, mütləq çəkiləcəyəm.
- Uzun illərdir ki, Azərbaycan Radiosunda Məhluqə Sadıqovadan sonra “Bulaq” verilişinin qadın aparıcısısınız...
- Azərbaycan Radiosu ilə uzun illərdir əməkdaşlıq edirəm. Məhluqə Sadıqova rəhmətə gedəndən sonra artıq doqquz ildir ki, “Bulaq” verilişini İlham Əsgərovla birlikdə aparırıq. Dinləyici kütləmiz çoxdur. “Bulaq”ın hər sayında bizim yaralı yerimiz olan “Qarabağ” mövzusuna toxunuruq. O bölümü oxuyanda ürəyim sızıldayır. Hər dəfə də Allahıma dua edirəm ki, arzumuzu yerinə yetirsin, işğal altında olan torpaqlarımızı geri alaq. Bizim çox böyük folklorumuz var. Atalar sözləri, bayatılar, aşıq yaradıcılığı və s. Bulaq kimi qaynayır, daşır, baş vurduqca daha da dərinlərə gedirsən. Buna görə də o verilişin adı “Bulaq”dır. Qəlbə sərinlik, dilə şirinlik gətirən, tarixi salnaməmizi səhifə-səhifə vərəqləyib, adət-ənənələrimizə, milli mədəniyyətimizə sığal çəkən “Bulaq”.
- Qaynar bir yaradıcılığınız var. Yeganə övladınızın sənətə gəlməsinə razı olardınızmı?
- Oğlum sənətkar ailəsində dünyaya gəlib. Həyat yoldaşım Rüfət Quliyev 30 ildən çoxdur ki, Azərbaycan Televiziyasında səs rejissoru işləyir. Görsəm ki, oğlumda çox böyük sənət atəşi var, mane olmaram, əksinə, yol göstərərəm. Amma o qədər də istəmirəm ki, sənətə gəlsin. Çünki bu, çox çətin peşədir.
- Hər bir aktyorun, aktrisanın arzusunda olduğu rolu var. İndiyədək oynadığınız rollarınızdan razısınızmı?
- Açığını deyim, yüzdə-yüz yox. Mənə elə gəlir ki, hələ öz rolumu oynamamışam. Arzulayıram ki, tam ürəyimcə olan dolğun bir rol oynayım. Bir də çox istərdim ki, Qarabağ analarının ümumiləşdirilmiş bir obrazını yaradım. Həmişə bunu deyirəm, içim o qədər doludur ki, mənə elə gəlir, o obrazı çox gözəl oynayaram.
- Bir neçə il bundan əvvəl Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərirdiniz. Universitetdən niyə uzaqlaşdınız?
- 1995-2004-cü illərdə ADMİU-da aktyor sənətindən dərs deyirdim. Tələbə yetişdirmək çox məsuliyyətli bir işdir. Əməyini bu işə sərf etməlisən. Sadəcə vaxtım olmadığına görə bu işə ara verdim. Yəqin müəyyən vaxtdan sonra, görsəm ki, teatrda oynaya, seriallara, filmlərə çəkilə bilmirəm və əgər lazım bilsələr, təklif etsələr yəqin ki, yenidən pedaqoji fəaliyyətimi davam etdirərəm.
- Rollarınızdan da görünür ki, sizdə sənətə böyük bir həvəs, xüsusi bir şövq var. Məsləyinizə göstərdiyiniz sonsuz sevgidəndir ki, yaratdığınız obrazlar real alınır, rəğbət və hörmətlə qarşılanır. Sizə uzun ömür, tükənməz tamaşaçı alqışları arzulayıram.
- Çox sağ olun.

Şəhla Bürcəliyeva,
kinoşünas







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar