Sənan Hacıyev: “Bu il Gəncədə silsilə mədəniyyət tədbirləri keçiriləcək”
   
   Azərbaycanın mədəni həyatında hər zaman xüsusi rol oynayan qədim Gəncə bu gün də mühüm mədəniyyət mərkəzi, tarixi irs və müasirliyin qovuşduğu məkan kimi diqqəti cəlb edir. Əsrlər boyu İpək Yolunun keçdiyi, dünyanın müxtəlif yerlərindən ticarət karvanlarının, səyyah və alimlərin üz tutduğu dahi Nizaminin, böyük Məhsətinin yurdu, qəhrəman Cavad xanın vətəni hazırda abadlaşan siması, yeniləşən mədəniyyət və turizm infrastrukturu ilə şəhərə gələn qonaqları salamlayır. Müsahibəmiz də bu mövzudadır. Suallarımızı Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Sənan Hacıyev cavablandırır.
   
   - Gəncədə 30-dan artıq mədəniyyət müəssisəsi var. Bu müəssisələr şəhərin mədəni mühitinin inkişafında necə rol oynayır?
   
- Gəncə Azərbaycanın ən qədim şəhərlərindən, tarixi yurd yerlərimizdən biridir. Gəncə çayı vadisindəki əlverişli təbii-coğrafi şərait və maddi sərvətlər bu ərazidə hələ qədim dövrlərdə insanların məskunlaşması üçün zəmin yaradıb. Təsadüfi deyil ki, Azərbaycanın digər qədim şəhərləri ilə yanaşı, Gəncə də əsrlər öncəsi zəngin mədəniyyət mərkəzi kimi tanınıb. Hazırda Gəncədə 4 muzey, Heydər Əliyev Mərkəzi, filarmoniya, dram teatrı, kukla teatrı, 5 uşaq musiqi məktəbi, uşaq rəssamlıq məktəbi, uşaq incəsənət məktəbi, 3 mədəniyyət evi, 6 klub, rəsm qalereyası, musiqi evi, tarix-mədəniyyət qoruğu, Mərkəzi Kitabxana Sistemi, “Nizami” kinoteatrı, “Xan bağı” mədəniyyət və istirahət parkı fəaliyyət göstərir. Bu mədəniyyət ocaqları ölkənin mədəni mühitində gedən inkişaf prosesi ilə ayaqlaşmağa çalışır.
   Dövlətin diqqət və qayğısı ilə bir çox müəssisələrin müasir tələblər səviyyəsində yenidən qurularaq istifadəyə verilməsi biz mədəniyyət işçiləri üçün üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə mühüm stimuldur. Ötən dövr ərzində şəhərdə Dövlət Bayrağı meydanı istifadəyə verilib, “Xəmsə” abidə kompleksi yenidən qurulub, burada Nizami Gəncəvinin möhtəşəm heykəli ucaldılıb, Nəriman Nərimanov adına park istifadəyə verilib. Hazırda Gəncə Dövlət Filarmoniyasının yeni binasının, Nizami Muzey Mərkəzi və Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzində tikinti işləri davam edir. Yaxın gələcəkdə “Nizami” kinoteatrında əsaslı təmir başlanacaq. Qeyd edim ki, şəhər Mədəniyyət və Turizm İdarəsinin www.gencemedeniyyet.com internet saytı fəaliyyət göstərir. İnsanlar sayt vasitəsilə şəhərin mədəni mühitində gedən prosesləri yaxından izləyə bilirlər.
   - Qeyd etdiyiniz müəssisələrdə təmir və yenidənqurma işlərinin aparılması müsbət haldır. Quruculuq işləri bərpaya ehtiyacı olan tarixi abidələri əhatə edirmi?
   - Bir müddət əvvəl Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə XVII əsr tarix-memarlıq abidəsi olan Şah Abbas və Uğurlu Xan karvansaralarının əsaslı təmir-bərpasına başlanılıb, proses hazırda davam edir. Paralel olaraq “İmamzadə” dini kompleksində əsaslı təmir-bərpa işləri aparılır. Məlumat üçün deyim ki, indiyədək Gəncədə Nizaminin məqbərəsi, “Zərrabi” və Cümə məscidləri, “Çökək hamam” əsaslı təmir və bərpa olunub.
   - Şəhərin mədəni mühitindən danışanda çoxsaylı tədbirlər də yada düşür. 2012-ci ilin ən yaddaqalan hadisəsi, sözsüz ki, dahi Nizami Gəncəvinin yubiley tədbirləri oldu...
   - Əvvəla qeyd etmək istərdim ki, ölkəmizdə mədəniyyətin ümumi inkişafı, bu sahədə canlanma şəhərimizin mədəni həyatında da rəngarəng tədbirlərdə özünü göstərir. Bu tədbirlər sayəsində musiqiçilər, rəssamlar, dekorativ-tətbiqi sənət ustaları öz bacarıqlarını geniş ictimaiyyət qarşısında nümayiş etdirmək imkanı qazanır, ustalıqlarını daha da artırırlar. 2012-ci il Gəncə şəhərinin mədəni həyatında bir çox yaddaqalan mədəni tədbirlərlə əlamətdar oldu. Qeyd etdiyiniz kimi, bu tədbirlərin zirvəsi sentyabr ayında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin möhtəşəm təntənə ilə keçirilməsi oldu. Yubileyə dünyanın 40-dan çox ölkəsindən 150-dən artıq qonaq gəlmişdi. Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə keçirilən tədbirlər əhali tərəfindən böyük maraqla qarşılandı. Gələn qonaqların şəhərimizdən xoş təəssüratlarla ayrılmasına çalışdıq.
   Nazirliyin xətti ilə Gəncə şəhərində II Respublika dekorativ-tətbiqi sənət festivalının zona mərhələsi də geniş ictimaiyyətin marağını cəlb etdi. Festivalda Gəncədə yaşayıb-yaradan dekorativ-tətbiqi sənət ustalarından Məhbubə Həsənova, Ceyhun Heydərov, metalişləmə üzrə Şaiq Məmmədov, çini qablar ustası Rasim Hüseynov, misgər Məhəmməd Fəhimov, səbət toxuyan Vilayət Qurbanov, kağız üzərində miniatür ustası Ülviyyə Bağırova, xalçaçı Faiq Osmanov və başqaları iştirak etdilər. Digər bölgələrdən gələn sənətkarlara da öz əl işlərini sərgiləmək üçün lazımi şərait yaradılmışdı. Şəhərdə sənətkarların fəaliyyəti üçün ayrıca məkan olmasa da, Azərbaycan Rəssamlar İttifaqının üzvlərindən Nazim Babayev, Camaləddin Rüstəmov və Viktor Panomaryova məxsus emalatxanalar fəaliyyət göstərir.
   Ötən il Gəncədə ilk dəfə təşkil edilən beynəlxalq şərab festivalı da yaddaqalan tədbirlərdən oldu. Oktyabrda Bakıda keçirilən II Beynəlxalq Humanitar Forumun iştirakçıları da bu festivala qatıldılar. Onlar üçün şəhər üzrə ekskursiya, konsert proqramı təşkil olunmuşdu.
   - Bu il hansı mədəni layihələr həyata keçiriləcək?
   - Hər il əlamətdar hadisələr, yubileylər, tarixi günlər mədəniyyət müəssisələrində qeyd olunur. Bu il ulu öndər Heydər Əliyevin 90, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın 90, böyük ədib Mir Cəlal Paşayevin 105, eləcə də tanınmış mədəniyyət, incəsənət işçilərinin yubileyləri geniş qeyd olunacaq. Bu il həmçinin Gəncə və Bakı şəhərlərində böyük Azərbaycan şairi, rübailər ustası Məhsəti Gəncəvinin 900 illik yubileyinin keçirilməsi nəzərdə tutulub. Yubiley çərçivəsində təşkil olunacaq tədbirlərə müxtəlif ölkələrdən qonaqların gəlməsi gözlənilir. “Məhsəti Gəncəvi - 900” adlı kitab, rəsm sərgiləri, ədəbi-bədii kompozisiyalar, dekorativ sənət ustalarının əl işlərindən ibarət sərgilər, musiqi və poeziya saatları, “Məhsəti Gəncəvi” filminin nümayişi, eləcə də “Məhsəti” adına gənc qızlardan ibarət ansamblın yaradılması nəzərdə tutulur. Yubiley ilində Gəncədə II Asiya kitab sərgisi - ədəbiyyat festivalının keçirilməsi istiqamətində də şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq iş aparılır.
   - Gəncəli mədəniyyət işçilərinin, bu sahə üzrə ixtisas təhsili alanların sorağı tez-tez müxtəlif layihələrdən gəlir...
   - Belə səfərlər hər il təşkil olunur. O cümlədən ötən il şəhərin mədəniyyət müəssisələri müxtəlif xarici ölkələrdə, habelə respublikamızda keçirilən tədbirlərdə iştirak ediblər. 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə təşkil edilmiş müsabiqə və festivallarda uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri, istedadlı gənclər, ayrı-ayrı ifaçılar iştirak edərək fəxri fərman, diplom və hədiyyələrə layiq görülüblər. F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı Türkmənistan Respublikasında qastrol səfərində olub. Gəncə Dövlət Dram Teatrı Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində “Tuqanlıq” V Beynəlxalq festivalında Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasını uğurla təqdim edərək I dərəcəli diplomla təltif olunub.
   Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Elmira Əliyeva Ukraynada XVII Beynəlxalq Krım Konfransında, şəhər uşaq incəsənət məktəbinin “Gəncə qönçələri” rəqs ansamblı Türkiyədə keçirilən “23 aprel uşaq bayramı” festivalında iştirak edib.
   Bakıda, Dənizkənarı Milli Parkda keçirilən Novruz şənliyində Gəncənin dekorativ-tətbiqi sənət ustalarının sərgisi, “Gəncə mətbəxi”, “Gəncə bazarı” təşkil olunub. Bu siyahını uzatmaq da olar. Yeri gəlmişkən, ötən il şəhərimizdə folklor nümunəsi kimi F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası tərəfindən “Gəncə toyu” adlı musiqili ədəbi kompozisiya bərpa olunub.
   - Yəqin şəhərin qaynar mədəni həyatı hər zaman qonaq-qaralı olan Gəncəyə turist axınına da müsbət təsir göstərir?
   - Azərbaycan Respublikası Prezidentinin Gəncəyə olan xüsusi diqqət və qayğısı sayəsində şəhərdə tikinti-abadlıq, yenidənqurma, təmir-bərpa işləri böyük vüsət alıb. Şəhər gündən-günə öz görkəmini dəyişir. Bu da şəhərə gələn qonaqların, turistlərin böyük marağına səbəb olur. Onlar üçün şəhər üzrə müxtəlif muzeylərə və görməli yerlərə ekskursiyalar təşkil olunur. Şəhərə gələn turistlər Nizami məqbərəsi, Heydər Əliyev Mərkəzi, Cümə məscidi, “Çökək hamam”, Cavad xan küçəsi (piyadalar küçəsi elan olunub) və Cavad xan məqbərəsi, “Xan bağı” mədəniyyət və istirahət parkı, Nizami Gəncəvi adına Tarix-Diyarşünaslıq Muzeyi, Mir Cəlal Paşayev Muzeyi, İsrafil Məmmədovun xatirə ev-muzeyi, Gəncə Dövlət Rəsm Qalereyası, Hacıkənd qəsəbəsi, “Xəmsə” memarlıq kompleksi, Azərbaycan Dövlət Bayrağı meydanına ekskursiyalara aparılır, onlara Gəncənin tarixi, mədəni irsi haqqında məlumat verilir. Şəhərimizə gələn turistlərin sayı ildən-ilə artır. Ötən il Gəncəyə 21 mindən çox turist səfər edib.
   
   Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar