Zahid Abbasov: “Biz Şuşanın daşının da sayını bilirik. Şuşanın arxitekturası, memarlığı dünyanın heç bir yerində ola bilməz”
   
   Bu gün ölkəmizin ümumi həyat ahəngi, dinamik inkişafı, həyata keçirilən məqsədyönlü islahatlar regionların tərəqqisində də özünü göstərir. Bu baxımdan bölgələrimizdə mədəniyyət və turizmin inkişafının günün tələbləri səviyyəsində qurulması, bu istiqamətdə zəruri layihələrin, proqramların həyata keçirilməsi qarşıda duran ümdə vəzifələrdən biridir. Təəssüflər olsun ki, bu gün qədim və zəngin mədəniyyətə malik olan yurd yerlərimiz - Dağlıq Qarabağ və onun ətrafındakı rayonlarımız işğal altındadır. Yağı düşmən bu torpaqlarda mədəni irsimizi, tarixi abidələrimizi talan edib. Belə çətin bir vaxtda həmin bölgələrin mədəni irsini yaşatmaq və inkişaf etdirmək xüsusilə məsuliyyətli işdir.
   
   Müsahibimiz Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasovdur.
   
   - Zahid müəllim, artıq 21 ildir ki, qədim mədəniyyət beşiyi Şuşanın torpağı, təbiəti kimi tarixi abidələri, mədəni irsi də işğal altındadır. Bu zəngin irsi yaşadıb gələcək nəsillərə çatdırmaq üçün hansı addımlar atılır?
   - Şuşa Azərbaycanın tarixinə, mədəniyyətinə böyük töhfələr, misilsiz incilər, görkəmli sənətkarlar bəxş etmiş yurd yerimizdir. İşğal olunmuş digər bölgələrimiz kimi, Şuşanın da tarixi-mədəni irsini yaşatmaq bizim üçün şərəf məsələsidir. Rayon Mədəniyyət və Turizm Şöbəsi olaraq biz də 21 ildir həsrətində olduğumuz Şuşanın mədəniyyət və sənət irsini yaşatmağa və imkan daxilində inkişaf etdirməyə çalışırıq. Bu iş nə qədər çətin olsa da, hər bir şuşalı üçün Şuşaya qayıdacağımıza ən böyük ümid, ən böyük təsəllidir. Hazırda rayon üzrə 7 uşaq musiqi, 1 uşaq incəsənət məktəbi, 20 kitabxana, Rəsm qalereyası, 3 Mədəniyyət evi, 1 klub fəaliyyət göstərir. Fəaliyyət göstərən müəssisələrimiz hökumət tərəfindən lazımi inventar və avadanlıqlarla təmin olunub. Bütün bunlar imkan yaradır ki, şuşalılar, həmişə olduğu kimi, bu gün də respublikanın mədəni həyatında fəal iştirak etsinlər. Rayonun uşaq incəsənət və musiqi məktəblərində hazırda 1594 şagird təhsil alır. Onlara 338 müəllim dərs deyir. Bu il məktəbi bitirmiş 38 nəfər ali və orta ixtisas musiqi məktəbinə daxil olub və bu nəticə təbii ki, bizi sevindirir.
   - Ötən il Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsi hansı layihələri, tədbirləri həyata keçirdi, istərdim, bu barədə oxucularımıza məlumat verəsiniz.
   - 2012-ci ildə ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin 200, Xan qızı Natəvanın 180, SSRİ Xalq artisti Niyazinin 100, Xalq artisti Şövkət Ələkbərovanın 90 illik yubileylərini qeyd etdik, Xalq artisti, görkəmli dirijor, həmyerlimiz Rauf Abdullayevin 75 illiyi münasibətilə tədbirlər keçirdik. Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2012-ci il tarixli sərəncamına əsasən xüsusi sərgi hazırlayaraq Muzey Mərkəzində nümayiş etdirdik. Sərgidə Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən hazırlanmış “Şuşa - Pənahabad” kataloqunun təqdimatını keçirdik. AMEA-nın Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudovla birgə hazırladığımız tarixi bir nəşr - “Şuşa-Pənahabad” kitabı (müəlliflər Yaqub Mahmudov, Camal Mustafayev, məsləhətçilər Bayram Səfərov, Zahid Abbasov - red.) “Təhsil” nəşriyyatında nəfis tərtibatda işıq üzü gördü. Eyni zamanda Şuşanın tarixi ilə bağlı beş kataloq hazırlayıb beş dildə çap etdirdik.
   Ötən ilin uğurlu işlərindən biri Azərbaycanda ilk dəfə fəaliyyətə başlayan Dövlət Şuşa Uşaq Musiqi Məktəbinin 80 illik yubileyinin Beynəlxalq Muğam Mərkəzində təntənəli şəkildə qeyd edilməsi oldu. Qocaman təhsil ocağı Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanına layiq görüldü. Həmin tədbirdə mənim hazırladığım və nəfis tərtibatla çap olunan “Şuşa musiqi beşiyidir” kitabının da təqdimat mərasimi keçirildi. Bundan əlavə, ötən il musiqi məktəbinin nəzdində yeni yaradılmış “Şuşa” xalq çalğı alətləri ansamblının diski işıq üzü gördü.
   
   “Qarabağın mədəni irsini qoruyaq”
   
   - Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsi “Qarabağın mədəni irsini qoruyaq” adı altında konfranslar keçirir. Bu barədə də məlumat verərdiniz...
   - Mədəniyyət və Turizm Şöbəsi beş ildir ki, hər ilin yekununda rayon mədəniyyət işçilərinin konfransını keçirir. Konfransda şöbənin şəbəkələri ilə yanaşı, rayonda fəaliyyət göstərən bütün mədəniyyət müəssisələri, musiqi kollecləri iştirak edir.
   Ötən il biz konfransın dairəsini daha da genişləndirdik. Belə ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi ilə birgə Dağlıq Qarabağ bölgəsi rayonlarının İcra Hakimiyyətinin başçılarını da konfransa dəvət edib “Qarabağın mədəni irsini qoruyaq” mövzusunda müzakirələr apardıq. İcmanın nəzdində Mədəniyyət Komissiyası yaratdıq və bu qurum böyük işlər görür. İcma Qarabağın mədəni irsinin öyrənilməsi və qorunması sahəsində beynəlxalq görüşlərdə məsələlər qaldırır. Bir faktı qeyd edim ki, ötən il icmanın dəstəyi ilə rayonumuzun uşaq musiqi məktəblərinin kollektivləri İtaliyanın Milan şəhərində, Roma Konservatoriyasında uğurla çıxış ediblər. Səfər zamanı İtaliyada Şuşanın işğaldan əvvəl və işğaldan sonra dağıdılmış tarixi abidələrinin fotosərgisi nümayiş olunub. Bu fotosərgi iştirakçıları heyrətə salıb. Biz hər fürsətdən istifadə edib Qarabağ həqiqətini dünyaya çatdırmalıyıq.
   Bu istiqamətdə işlərimizi davam etdiririk. Bu il Avropa Şurasının qərargahında Şuşanın tarixi abidələrini əks etdirən sərginin keçirilməsi planlaşdırılır. Ötən ilin dekabr ayında Mədəniyyət və Turizm Nazirliyinin köməkliyi ilə Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin yeni internet saytı yaradıldı ki, bu da Şuşanın tarixini, mədəniyyətini, musiqisini təbliğ etmək istiqamətində növbəti addımlardan biridir.
   - Şuşa mədəniyyət beşiyi olmaqla yanaşı, eyni zamanda kurort şəhəri idi...
   - Hələ sovet vaxtı Şuşa kurort şəhəri elan edilmişdi. Hazırda Şuşanın düşmən əlində olması Azərbaycan turizminə çox böyük ziyan vurur. Bu baxımdan ölkəmizin təmsil olunduğu beynəlxalq turizm sərgilərində, mədəniyyət günlərində Qarabağın turizm potensialının nümayiş olunması xüsusi əhəmiyyət kəsb edir.
   - Şuşa tarixən sənətkarlar diyarı olub. Qarabağ xalça məktəbində zərif Şuşa xalçalarının da öz yeri var. Bu məktəbin ənənələrini yaşatmaq üçün hansı işlər görülür?
   - Şuşa çox qəribə şəhər idi. Bu qəribəlik ondan ibarət idi ki, Şuşada bütün sənət sahələri özünəməxsus şəkildə inkişaf etmişdi. Şuşa ölkəmizə musiqi korifeyləri ilə yanaşı, Azərbaycanın ən böyük xalça ustalarından biri olan Lətif Kərimovu bəxş etmişdi. Şuşada xalça muzeyi açılanda Lətif Kərimov evində özü üçün qənimət bilib saxladığı xalçaları muzeyə hədiyyə elədi. Torpaqlarımız işğal olunanda, təvazökarlıqdan uzaq da olsa, deməliyəm ki, evimdən heç nə götürmədim, amma Lətif Kərimovun böyük ürəklə muzeyə bağışladığı xalçaları xilas edə bildim. İndi o xalçalar Bakıda, Xalça Muzeyinin Şuşa filialında qorunub saxlanılır. Təbii ki, Qarabağ xalça məktəbinin ənənələrini yaşatmalı, inkişaf etdirməliyik.
   - Zahid müəllim, siz Şuşaya bağlı bir insansınız. Bilirik ki, uzun illərdir Şuşa mədəniyyətinə, Şuşanın mədəni irsinin qorunmasına xidmət edirsiniz. İstərdim, bu barədə özünüz danışasınız.
   - Mən bir müddət Şuşanın, Dağlıq Qarabağ Muxtar Vilayətinin komsomol komitəsində, vilayət partiya komitəsində çalışmışam. Şuşa Partiya Komitəsində şöbə müdiri vəzifəsində işləmişəm. 1990-cı ildən Şuşa Rayon Mədəniyyət Şöbəsinin (mədəniyyət və turizm şöbəsinin) müdiri vəzifəsində çalışıram. Bir şuşalı kimi özümə borc bilmişəm ki, Üzeyiri, Bülbülü, Rəşidi, yüzlərlə dahi incəsənət xadimini yetişdirən Şuşa mədəniyyətini belə dar gündə qoruyum. Az da olsa, nəyə nail olmuşamsa, ilk növbədə, hörmətli nazirimiz Əbülfəs Qarayevə, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərova minnətdaram. Onların köməyi, dəstəyi ilə bu istiqamətdə bir sıra ideyaları, layihələri həyata keçiririk.
   - Şuşa həm də möcüzələr şəhəri idi...
   - 1993-1994-cü illərin ən gərgin vaxtlarında insanlar ancaq sağ qalmaq, yaşamaq haqqında fikirləşəndə düşünürdüm ki, biz mütləq nə vaxtsa torpaqlarımıza qayıdacağıq, o zaman bizə çoxlu sübutlar lazım olacaq. Şuşa ilə bağlı bütün məlumatları axtarıb tapmağa başladım. Eşidəndə ki, respublikanın harasındasa kimsə nə vaxtsa İsa bulağında şəkil çəkdirib, mən o şəkli axtarıb tapıb üzünü çıxarıb götürdüm. Bu gün o fotolar sayəsində rəsm qalereyamızda Şuşanın üç yüzdən artıq yağlı boya ilə çəkilmiş rəsmi var. Şuşa tarixi abidələr şəhəridir. 1750-ci ildə Pənahəli xan tərəfindən salınmış bu gözəl şəhərin 17 məhəlləsi olub. Biz Şuşanın daşının da sayını bilirik. Şuşanın arxitekturası, memarlığı dünyanın heç bir yerində ola bilməz. Çünki Şuşada yollar asfaltdan çəkilmirdi, Şuşada yollar bülöv daşdan çəkilirdi. Bülöv daşı qiymətli bir daşdı, o daşı yerə elə döşəyirdilər ki, gecələr ay işığında Şuşaya fanar lazım olmurdu. Bu şəkillər bizə ona görə lazımdır ki, Şuşaya qayıdanda Şuşa adlı şəhəri olduğu kimi yenidən bərpa edə bilək.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar