Zərifə Salahova: “Bu muzey ölkəmizin kitab xəzinəsidir”
   
   Müsahibimiz Azərbaycanın görkəmli ictimai xadimi, Respublika “Kitab” Cəmiyyətinin sədri, Əməkdar mədəniyyət işçisi, "Şöhrət" ordenli Zərifə Salahovadır.
   
   - Zərifə xanım, Miniatür Kitab Muzeyi dünyanın nadir muzeylərindən biridir. Bu muzeyi yaratmağa necə nail oldunuz?
   - Təbii ki, arzular birdən-birə reallaşmır. Bu muzeyi 30 il ərzində topladığım miniatür kitab kolleksiyası əsasında yaratdım. Mən 19 il partiya işində çalışmışam. Bunun 11 ilini partiya informasiya bölməsinin müdiri vəzifəsində işləmişəm. O vaxtlar Heydər Əliyevin imzası ilə mərkəzə gedən informasiyalar mənim bölməmdə hazırlanırdı. 11 ildə bir səhv, bir nöqsan, narazılıq olmayıb. Ona görə də hər il ilin axırında mükafat alırdım.
   Bir gün Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin adına rast gəldim. Sovet vaxtı qeyri-hökumət təşkilatları çox az idi. Öyrəndim ki, cəmiyyət Moskvadakı Ümumittifaq Könüllü Kitabsevərlər Cəmiyyətinə tabedir. İnanırsınız, mən heç cəmiyyətin harada yerləşdiyi ilə də maraqlanmadım, kitabla sıx bağlı olduğuma görə bu təşkilatda işləmək qərarına gəldim. 1982-ci ilin noyabr ayında Moskvada ilk dəfə miniatür kitabları gördüm və o gündən bu kitabların “xəstəsi” oldum.
   - Maraqlıdır, kolleksiyanızın ilk kitabı hansı oldu?
   - 1982-ci ildə Moskvada Könüllü Kitabsevərlər Cəmiyyətində mənə 23 rubla İvan Krılovun təmsillərinin kiçik formatlı faksimile nəşrini (1835-ci il) almağı təklif etdilər. O vaxt üçün bu çox bahalı olsa da, necə olursa-olsun bu kitabı almaq qərarına gəldim. Pulu kassaya ödəyib anbara getdim və orada ilk dəfə mini-kitablar gördüm. Bu, nəfis tərtibatda və çox az tirajla çap olunmuş kitablar idi. Təbii ki, belə kitablar satışda olmurdu. Miniatür kitablar əsasən Moskvanın “Kitab” nəşrlər evi tərəfindən buraxılırdı. Mən kitabları aldım, sonra öyrəndim ki, Moskvanın Miniatür Kitabsevərlər Klubunda bu nəşrlərdən yoxdur. Ona görə də anbardan bu kitablardan alıb kluba hədiyyə etdim. Onlar da öz növbəsində qarşılıqlı olaraq mənə kömək edirdilər.
   - Belə məlum olur ki, bu muzeyin hər kitabının öz tarixi var...
   - Ümumittifaq Könüllü Kitabsevərlər Cəmiyyətinin xətti ilə mən bütün dünyanı gəzmişəm. Kitab sərgilərində iştirak etmişəm, ayrı-ayrı ölkələrdən qədim kitablar almışam. 1985-ci ildə Moskva Kitabsevərlər Cəmiyyətinin sədr müavini Lyonovla Çexoslavakiyada nəşriyyatların işi ilə tanış olmaq üçün Praqaya getmişdik. Elə oldu ki, iki saat boş vaxtımız oldu, Praqa nəşriyyatının müdiri işçisinə tapşırdı ki, bizi şəhərlə tanış etsin. Dedim ki, məni apar qədim kitablar satılan dükana. Kitab dükanının antikvar şöbəsində iki nadir kitab gördüm. Bu kitablardan biri 1887-ci ildə Nyu-Yorkda çex dilində çap olunan “Katolik dua kitabı” - üzü dəridən idi, kənarlarına qızıl suyu çəkilmişdi - o biri isə 1879-cu ildə alman dilində çap olunmuş miniatür kitab idi.
   Qayıdanda müdir işçisindən soruşdu, hara getdiniz, dedi ki, getdik qədim kitab dükanına, antikvar şöbədən iki miniatür kitab aldı. Bu, bahalı kitablar idi. Müdir çox təəccübləndi. Dedim ki, miniatür kitabları toplayıram. Bu sözləri eşidəndən sonra seyfini açıb, çap etdikləri hansı miniatür kitabdan iki nüsxə vardısa, birini mənə bağışladı. Hazırda muzeyin üç rəfində Çexoslavakiyada çap olunmuş kitablar nümayiş olunur.
   1985-ci ildən etibarən miniatür kitablar nəşr etdirməyə başlamağımın da bu işdə əhəmiyyətli rolu oldu. Mən onları keçmiş SSRİ-nin digər regionlarında və xaricdə nəşr edilmiş miniatürlərlə dəyişməyə başladım.
   Hazırda muzeydə nümayiş olunan ən kiçik ölçülü mikro-kitablar 1979-cu ildə Yaponiyanın “Toppan” nəşriyyatında çap olunan, ölçüsü 2x2 mm olan nadir nümunələrdir. Bu unikal mikro-kitablar "Çiçəklərin əlifbası”, “Qiymətli daşların rəmzləri” və "Zodiak işarələri” adlanır. Cildi qoyun dərisindən hazırlanan bu kitablar 16 səhifədən və 50-100 işarə və illüstrasiyadan ibarətdir. Bu kitabları oxumaq üçün məxsusi olaraq hazırlanmış lupadan istifadə olunur. Muzeyin ən böyük ölçüyə malik kitabı isə 100x100 mm-dir.
   - Zərifə xanım, Miniatür Kitab Muzeyi dünyanın nadir kitabxanası hesab olunur. Bu olduqca maraqlı bir faktdır...
   - Bəli, bu faktdır. Sovet vaxtı Ukraynanın Qorlovka şəhərində Razumov Aleksandr Vilyaminoviç adlı bir nəfər yaşayırdı. O, İkinci Dünya müharibəsindən əvvəl miniatür kitablar toplamağa başlamışdı. 1985-ci ildə onunla tanış olanda 5 minə yaxın kitabı vardı. Bu adam müharibədə əlil olmuşdu, tək yaşayırdı. 1988-89-cu illərdə evində miniatür kitab muzeyi yaratdı. Sonralar mən bu insanın taleyi ilə maraqlandım, dedilər ki, dünyasını dəyişib, evini söküb, kitabları şəhər kitabxanasına köçürüblər. Şəhər kitabxanasında da bir otaq ayırıb minə yaxın kitabı nümayiş etdirirlər.
   Amerikanın Kaliforniya ştatının Los-Anceles şəhərində Beynəlxalq Miniatür Kitab Həvəskarları Assosiasiyası fəaliyyət göstərir. Mən o assosiasiyanın üzvüyəm. Onlar sayt vasitəsilə muzeylə tanış olurlar. Eyni zamanda Amerikada Azərbaycanla bağlı “Azerbaijan İnternational” jurnalı çap olunur. Assosiasiya sifariş vermişdi ki, muzeyimizlə bağlı material hazırlasınlar. Həmin material assosiasiyanın jurnalında çap olundu. O məqalədə yazılır ki, bizim muzey dünyada unikal və yeganə muzeydir.
   
   Ekspozisiyanın bəzəyi olan kitablardan Prezident Heydər Əliyevin andiçmə mərasimi münasibətilə çap olunan “Vətənə, xalqa, dövlətə sədaqət andı” (1995) və Bakıda nəfis şəkildə tərtib olunan "Heydər Əliyev. Əsrin müqaviləsi" kitabı (1998), 1815-ci ildə Londonda buraxılmış "İngiltərə tarixi illüstrasiyalarda", 1850-ci ildə Parisdə çap edilən Lafontenin “Təmsillər”i, Leypsiqdə işıq üzü görən U.Şekspirin “Hamlet”i və digərləri qiymətli eksponatlardır. 1964-cü ildə Almaniyanın Münhen şəhərində çap olunan 3,5x3,5 mm formatlı 4 mikro-kitab - “Olimpiya andı”, “Ulu Tanrı”, “Sevirəm”, “Azadlıq zəngi” nəşrləri dünyada cəmi 50 nüsxədir ki, həmin nüsxələrdən biri də bu muzeydə qorunub saxlanılır. Hələ A.S.Puşkinin sağlığında 1837-ci ildə Sankt-Peterburqda işıq üzü görmüş "Yevgeni Onegin" poemasının da daxil olduğu “Puşkiniana” mövzulu 320 miniatür kitab muzeyin nadir kitablarından sayılır. 1985-ci ildə Moskvada "Kniqa" nəşrlər evində beş dildə çap olunan, A.S.Puşkinin və A.M.Qorkinin kitab haqqında kəlamlarının cəmləşdiyi "Möcüzələr möcüzəsi" adlı 5x5 mm-lik nadir incilər də muzeyin daimi “sakin”lərindəndir.
   
   - Zərifə xanım, aprelin 23-də muzeyin 11 yaşı tamam olur. Maraqlıdır, niyə məhz 23 aprel tarixini seçdiniz?
   - Bu tarixi təsadüfən seçməmişik. 1616-cı il aprelin 23-də dünya ədəbiyyatının klassikləri Uilyam Şekspir və Migel de Servantes vəfat ediblər. UNESCO-nun qərarı ilə həmin gün bütün dünyada “Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü” kimi qeyd edilir.
   
   Ötən illər ərzində Zərifə xanımın şəxsi kolleksiyasından olan miniatür kitablar Kabildə (1984), Dəkkədə (1991), Xayfada (1994), Xay Rouda (Çin, 1995), Moskvada (1997 və 2000), Kiyevdə (2000), Sidneydə (2000), Mayntsda (2003), Ankarada (2005), Parisdə (1999 və 2006), Ər-Riyadda (Səudiyyə Ərəbistanı, 2007), Londonda (2009), Minskdə (2009, 2012), Şanxayda (2010), Pekində (2011), Havanada (2011) nümayiş olunub. Bu ilin fevral ayında Minsk şəhərində Heydər Əliyevlə bağlı keçirilən tədbirdə ümummilli liderə həsr olunmuş 37 miniatür kitab təqdim edilib. Muzeyin nəşrləri dəfələrlə Bakıda Milli Kitabxanada nümayiş olunub.
   
   - Zərifə xanım, hər dəfə sevə-sevə və min bir əziyyətlə yaratdığınız muzeyə gələndə hansı hissləri keçirirsiniz?
   - Tahir Salahov öz qalereyasını tablolarla birlikdə ölkəmizə bağışlayıb, mənim yaratdığım bu muzey də ölkəmizin kitab xəzinəsidir. Bir dəfə Dillər Universitetində xaricdən gəlmiş bir qonağa miniatür kitab göstərdilər. O dedi ki, kitab nə qədər balacadırsa, o ölkənin mədəniyyəti o qədər yüksək səviyyədədir. Muzeydəki rəy kitablarını oxuduqca deyirəm ki, biz Tahirlə nahaq yaşamamışıq.
   - Qarşıdakı planlar barədə də bir qədər məlumat verməyinizi istərdik...
   - Aprelin 26-da muzeyimizdə iki yeni miniatür kitabın təqdimatı olacaq. Bu kitablardan biri Əziz Əliyevin 115 illiyi, o biri isə akademik Zərifə Əliyevanın 90 illiyi münasibətilə çap olunub. Hər iki kitabın müəllifi millət vəkili Hüseynbala Mirələmovdur.
   
   Bu günə kimi Miniatür Kitab Muzeyini 160 mindən çox insan ziyarət edib. Muzeyin daha bir qiymətli sərvəti isə rəy kitabındakı ürək sözləridir. Burada minlərlə nəsr və nəzmlə yazılmış rəy var. Rəy kitabında Estoniya Respublikasının keçmiş Prezidenti Arnold Rüytelin səmimi ürək sözlərinə rast gəldim. O yazır: “Əziz Zərifə xanım və əziz muzey işçiləri! Siz dünyada ən böyük sərvətə maliksiniz - bu sərvətə görə biz sizə minnətdarıq! Sizə böyük uğurlar!”
   
   Qəzetimizin kollektivi və ölkəmizin bütün kitabsevərləri adından biz də bu ürək sözlərinə qoşuluruq və kitabı sevən hər kəsi bu muzeyi ziyarət etməyə dəvət edirik: İçərişəhər, I Qala döngəsi.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar