Müşfiq Hətəmov: “Azərbaycafilm”də elə bir kino industriyası qurmaq istəyirik ki, özümüzdən başqa xarici şirkətlər də ölkəmizə gələrək burada film çəkə bilsinlər”
Bu il 115 yaşı tamam olacaq Azərbaycan kinosunun tarixində ilk dövlət qurumu ötən əsrin 20-ci illərində yaradılıb. 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (I Dövlət kinofabriki) təşkil edilib. Sonrakı illərdə bir neçə dəfə adını dəyişən qurum 1961-ci ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası adlanır. Ötən müddətdə kinomuzun salnaməsi burada yazılıb, milli filmoqrafiyamızın ən gözəl nümunələri burada lentə alınıb. 90-cı illərin əvvəlində respublikamızın yaşadığı ağır böhrandan, mədəniyyətimizin digər sahələri kimi, kino təsərrüfatımız da öz nəsibini aldı. Artıq bu çətin dövrlər arxada qalıb, dövlətin diqqət və qayğısı sayəsində Azərbaycan kinosu yeni inkişaf mərhələsinə qədəm qoyub. Filmlərimiz beynəlxalq arenaya, festival və müsabiqələrə çıxır. Bu gün müxtəlif özəl kinoşirkətlər, studiyalar da uğurla fəaliyyət göstərir. Lakin milli kinomuzun flaqmanı yenə zəngin tarixə malik "Azərbaycanfilm"dir.
Həmsöhbətimiz C.Cabbarlı adına “Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmovdur. Bir ilə yaxındır ki, bu vəzifədə çalışır. Ona ilk sualımız da ötən müddətdə görülən işlər, kinostudiyanın fəaliyyəti barədə oldu.
- Müşfiq müəllim, kino sənayemizin yenidən qurulmasında başlıca xətt, istiqamət nədən ibarətdir?
- Əsas məqsədimiz yeni kino təfəkkürünü yaratmaqdır. Müasir zamanda yeni maddi-texniki baza ilə yanaşı, yeni zövq, yeni düşüncə də vacib məsələlərdən biridir. Elə bu səbəbdən də kinoda düzgün işlək mexanizm qurmağa çalışırıq. Qarşımızda belə suallar var - biz bu yolda hansı prosesləri keçməliyik və hansı işləri görə bildik?
- Hansı işləri görə bildiniz?
- Bildiyiniz kimi, kinostudiyada 2008-ci ildən tamamlanmamış bir neçə film var idi. Bir il müddətində biz yeddi filmi tamamladıq və bir neçəsi də tamamlanmaq üzrədir. Bundan sonra düzgün istehsal mexanizmi qurmaq üçün bir çox addımlar atdıq ki, nəticəsi özünü doğrultmaqdadır. Azərbaycan özü kino üçün başdan-başa böyük meydandır. Qoruqlarımız, etnoqrafik məkanlarımız, tarixi yerlərimiz, qədim şəhərlərimiz var. Biz bunlardan düzgün istifadə edə bilsək, bu, kinonun inkişafı üçün əvəzsiz töhfə olar. Qeyd etdiyim kimi, əsas olanı düzgün iş mexanizminin qurulmasıdır. Bunun üçün də müvafiq hüquqi bazanın hazırlanması başlıca məsələlərdən biridir.
- Kinostudiyanın yenidən qurulması ilə bağlı layihələşmə prosesi nə yerdədir?
- Bu proses artıq başlayıb. Burada da əsas məqsəd elə bir kino industriyası qurmaqdan ibarətdir ki, özümüzdən başqa xarici şirkətlər də ölkəmizə gələrək burada film çəkə bilsinlər. Hazırda Fransa şirkəti ilə bərabər kinostudiyanın layihələşmə prosesi gedir. Layihələndirmə işlərinin 2013-2014-cü illərdə başa çatması gözlənilir. Çalışacağıq ki, “Azərbaycanfilm” kinostudiyası müasir və gözəl kino şəhərciyinə çevrilsin. Burada yaradılacaq mərkəz müasir avadanlıqlarla təchiz olunacaq. Həmçinin mehmanxana, kino zalları, kino muzeyi, texniki kadrların hazırlanması üçün laboratoriyalar və s. fəaliyyət göstərəcək. Bilirsiniz ki, neçə illərdir, televiziyalar “Azərbaycanfilm”dən getmişdilər. Artıq bu gün İctimai Televiziya kinostudiyanın pavilyonunda öz seriallarını çəkir. Hazırda ölkənin bir sıra teleşirkətləri ilə əməkdaşlıq edirik.
- Bəs kinoprokat sahəsini necə inkişaf etdirməyi düşünürsünüz?
- Avropa Şurasının nəzdində Kinonun İnkişaf Fondu fəaliyyət göstərir. Fondun dünya ölkələrində kinonun inkişafında öz yeri var. Qonşu ölkələrdən Rusiya və Gürcüstan artıq həmin fondun üzvləridirlər. Mədəniyyət və Turizm Nazirliyi həmin fonda üzv olmaq üçün müraciət edib. Artıq bizə cavab məktubu da gəlib. Hazırda üzv olmaq üçün lazımı sənədlər hazırlanır. Bu fonda üzv olmaqla filmlərimizin keyfiyyətli çəkilişinə nail ola biləcəyik. Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinə müraciət edərək “Kino haqqında” qanunda bəzi dəyişikliklər etmək təklifini də irəli sürmüşük. Nazirlər Kabinetində və İqtisadi İnkişaf Nazirliyində bizim hazırladığımız təkliflər paketinə baxılır. İstəyirik ki, kinodan əldə olunan gəlirlər müvəqqəti olaraq - beş il müddətinə vergilərdən azad edilsin. Təklifimiz müsbət qarşılanarsa, bu, Azərbaycan kinosunun inkişafına öz töhfəsini verəcək və ölkəmizə üz tutan xarici kino şirkətlərinin sayını artıracaqdır.
Prokatla bağlı onu deyim ki, “Azərbaycanfilm”in 90 illiyi ilə əlaqədar böyük bir kinoprokat layihəmiz həyata keçiriləcək. Hələlik bu barədə geniş məlumat vermək istəməzdim, amma onu bildirim ki, artıq nazirlikdə bu işlə bağlı müşavirə keçirilib. Bilirsiniz ki, prokat əsas məsələdir və biz bu işi qurmaqla kinomuza stimul verəcəyik. Yerli prokatın qurulmasında böyük bir addım atılacaq. Həmçinin respublikamız ilk dəfə olaraq Xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında çəkilmiş “Mahmud və Məryəm” filmi ilə dünya prokatına çıxa bildi. Azərbaycan və Türkiyə kinematoqrafçılarının birgə əməyinin məhsulu olan ekran əsəri artıq Avropanın 8 dövləti, Yaponiya və Amerikada prokata çıxarılıb. Bu ilk addım və böyük uğurdur.
- Digər layihələr barədə nə deyə bilərsiniz?
- Ötən bir ildə kinostudiyanın saytı yaradılıb, müxtəlif kiçik layihələr də həyata keçirilib. Kinostudiyanın 100 min şəkildən ibarət olan foto arxivi rəqəmsal sistemə köçürülüb. Bütün bu və ya digər işləri Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” çərçivəsində reallaşdırırıq. Dövlət Proqramında Azərbaycan kinosunun inkişafı ilə bağlı nəzərdə tutulmuş məsələlərin həlli istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çox ciddi işlər görülməkdədir.
- Ötən il çəkilişi başa çatan filmlər nə vaxt təqdim olunacaq?
- Ötən il çəkilən filmlərdən “Dərvişin qeydləri”, “Qisas almadan ölmə” və bir neçə digər filmin təqdimatını avqust ayının sonuna qədər həyata keçirməyi planlaşdırırıq. Bu yaxınlarda isə “Mahmud və “Məryəm”in təqdimatı Azərbaycanda keçiriləcək.
- Hazırda hansı filmlər istehsalata buraxılıb?
- Bədii film olaraq hələlik rejissor Fikrət Əliyevin “Polkovnikin xəzinəsi” filminə hazırlıq işləri gedir və bundan əlavə, qısametrajlı digər filmlər də istehsalata buraxılıb.
- Kinostudiya kənardan necə görünürdü və rəhbər olandan sonra onu necə görürsünüz?
- Rəhbər olandan sonra gördüm ki, kino istehsalatını düzgün qurmaq lazımdır. Bu əsasdır. Kino elə bir sahədir ki, əsas işin düzgün qurulması və kadr potensialının artırılmasıdır. Xaricdə təhsil almış gəncləri cəlb edirik, bu məqsədlə kinostudiyada beynəlxalq əlaqələr şöbəsi fəaliyyətə başlayıb. Mən son illərdə ölkəmizdə çəkilən filmlər haqqında xarici ekspertlərdən (Almaniya və Amerika) rəy almışam, o cümlədən bir neçə ssenarini də xarici ekspertlərə vermişəm. Bunların bir qismində plagiat var, bəziləri isə çox müsbət qarşılanıb. Öz kino mühitimizi saxlamaq şərti ilə çalışırıq ki, dünya kinosuna inteqrasiya edə bilək. Böyük texniki bazaya malik olan kino istehsal edən şirkətlərlə əməkdaşlıq edib onların nümayəndəliyini Bakıda açmağa çalışırıq. Kinostudiyanın təmirindən sonra gələn hər bir yeni texnika üzrə kadrlarımız da hazırlanacaq. Kadr məsələsində Təhsil Nazirliyi ilə əməkdaşlıq etməyi düşünürük. Kino üç əsas komponentdən ibarətdir - texnika, kadr, mexanizm. Bunların üçü bir yerdə cəmlənəndə nəticə gözəl alınır.
- Siz həm də Azərbaycan Prodüserlər Gildiyasına rəhbərlik edirsiniz. Bu qurumu yaratmaqda məqsədiniz nədən ibarətdir?
- Azərbaycanda olan kino mütəxəssislərinin hamısının bir yerə cəmlənməsi üçün Prodüserlər Gildiyasını təsis etdik. Qurumda respublikanın aparıcı 18 şirkəti cəmlənib. Bilirsiniz ki, hazırda dünyada əsas sözü prodüser filmləri deyir. Bunların bir-birinə olan köməyi nəticəsində artıq Gürcüstan və İrandan mütəxəssislərin gətirilməsi dayandırılmış və öz kadr potensialımızdan düzgün istifadə edilməyə başlanmışdır. Bundan sonra müsabiqə elan etdik. Müsabiqəyə görə Azərbaycanda ilk dəfə olaraq prodüserlər özləri ssenarini seçəcək. Kimin imkanı hansı maliyyəyə çatırsa, öz cibinə uyğun olan filmi çəkəcək. Bu da gələcəkdə özəl sahənin inkişafına böyük kömək göstərəcək. Eyni zamanda ekspert qrupu da dəvət olunacaq və filmin sinopsis variantından artıq ilk proqnozları verməyə nail olacağıq. Çünki maliyyənin hara sərf ediləcəyi bilinməlidir. Film uğurlu alınacaq, yoxsa çəkilib bir kənara qoyulacaq, qəbul etdiyimiz ssenarilər əvvəlkilərdən fərqli olaraq necə çəkiləcək, hansı keyfiyyətlərə malik olacaq və bunun yayımı necə olacaqdır - kimi suallara cavab tapacağıq. Digər işimiz isə beynəlxalq kino şirkətləri ilə birlikdə müştərək filmlərin çəkilməsidir. Bu yöndə də danışıqlar gedir və inşallah 2014-cü ilə qədər bu layihəni də həyata keçirəcəyik və inanıram ki, bu işlər Azərbaycan kinosunun dünyada tanınmasında mühüm rol oynayacaq.
- Müsahibəyə görə təşəkkür edirik.
Lalə Azəri