Todori Kalamaris: “Bakını turizm şəhəri kimi daha çox tanıtmaq lazımdır”
   
   Bu gün Azərbaycanda turizmin inkişafı istiqamətində dövlət səviyyəsində böyük işlər görülür. Biz də “Mədəniyyət” qəzeti olaraq, ölkəmizdə fəaliyyət göstərən brend hotellərin baş menecerləri ilə mövcud durum və perspektivlərlə bağlı müzakirələr apardıq. Budəfəki müsahibimiz isə “Hilton Baku” hotelinin baş meneceri Todori Kalamarisdir. 
      
   - Cənab Kalamaris, öncə özünüz və hotelçiliyə necə gəlməyiniz barədə oxucularımıza məlumat verərdiniz...
   - Evliyəm, bir oğlum var. O, fransız məktəbində təhsil alır. Bakıda fransız dilli təhsil verən məktəb olmadığından ailəmi buraya gətirə bilmədim. Onlar hazırda İstanbuldadırlar. Hotelçiliyə gəlişimlə bağlı isə onu deyə bilərəm ki, uzun illərdir, bu sahədəyəm. Artıq 20 ildir beynəlxalq “Hilton” hotellər şəbəkəsi ilə əməkdaşlıq edirəm. Hotelçiliyə Afinadakı “Hilton”da başladım. Bu sahəyə gəlişimdə dayımın rolu olub. O, hoteldə ön büro müdiri işləyirdi. Gənc yaşlarımda tez-tez onu ziyarətə gedirdim. Böyük, dəbdəbəli hotel məni özünə cəlb edirdi. 21 yaşımda həyatımı bu sahə ilə bağladım. “Hilton İstanbul”da ön büro müdiri işlədim, satış direktoru oldum. Baş menecerlik isə “Hilton Parksa”dan başladı. Daha sonra İzmirdə “Hilton”un baş meneceri oldum. İzmirdən də Bakıya gəldik.
   - Uzun müddət Türkiyədə çalışmısınız. Bakıda çətinlikləriniz olmaz...
   - Burada özümü heç əcnəbi kimi hiss etmirəm, desəm, yalan olmaz. Türk dilini də yaxşı bildiyimdən olduqca rahatdır. Artıq 7 ay arxada qalıb, insanlarla tanış oldum, yerli mədəniyyəti öyrənmək imkanım oldu. Çox səmimi, mehriban, qonaqpərvər insanlarınız var. Azərbaycan dilində də müəyyən kəlmələri öyrənmişəm. İnsanlara onların öz dillərində müraciət etmək ünsiyyətə əlavə gözəllik qatır.
   - Bakıda işləməklə bağlı təklifi necə qarşıladınız? Burada gözlədiklərinizlə gördükləriniz arasında fərqlər oldumu?
   - Öncə onu deyim ki, gözlədiklərimlə gördüklərim arasında müsbət mənada ciddi fərq oldu. “Eurovision” Azərbaycanın tanıdılması baxımından çox gözəl fürsət idi və siz bundan layiqincə yararlandınız. Bakı ilə qiyabi tanışlığım da bu müsabiqədən başladı. İnanılmaz dərəcədə müsbət emosiya aldım. Həmin vaxt Bakıya gələcəyim müəyyənləşməmişdi. Gördüklərimdən isə onu deyə bilərəm ki, Bakı inkişafda olan şəhərdir. Bunu əslində bilirdim. Amma buraya gəldiyimdə inanılmaz inkişaf sürəti gördüm. İnşaat sektoru, hotelçilik, turizm, taksilər, hava limanı çox sürətlə yenilənir. Bütün ölkənin siması dəyişir. Bakı gözəl şəhərdir, müasir həyat tərzi var, insanları da çox mehribandır. Bütün bunlar paytaxtınızın güclü potensialından xəbər verir. Sadəcə Bakını turizm şəhəri kimi daha çox tanıtmaq lazımdır.
   - İşlədiyiniz ölkələrlə Azərbaycan arasında hansı fərqləri müşahidə edirsiniz, sizcə ölkə turizmi hansı yöndə inkişaf edir? Bizi adətən Körfəz ölkələri ilə müqayisə edirlər...
   - Ölkənin turizm sektorunun dirçəlişdə olduğu göz önündədir. Məncə, bu sahədə Azərbaycanın özünəməxsus inkişaf yolu var. Düzdür, inkişafın sürətində, inşaat sektorunda, yeni tikililərdə Körfəz ölkələri ilə müəyyən yaxınlıq müşahidə olunur. Ümumi inkişaf baxımından da oxşarlıq mövcuddur. Körfəz ölkələri kimi, biz də şan-şöhrəti, möhtəşəmliyi, keyfiyyəti sevirik. Rəng, dekor, işıqlandırma, yüksək tavanlar, gözəl istirahət məkanları bizi cəlb edir. Məhz o səbəbdən buradakı “Hilton” bizim ən yaxşı hotellərimizdən biridir. Digər hotellər də burada yüksək səviyyədə təmsil olunurlar. Mənim sezdiyim Avropa havasının Azərbaycan turizmində ağırlıq təşkil etməsidir. Avropalaşma istiqamətində inanılmaz irəliləyiş var. Qonaqların da çoxu Avropa ölkələrindən olduğu üçün Azərbaycan hotelçiliyi Avropa bazarına daha çox uyğunlaşmalı oldu. Azərbaycanlı müştərilərimiz də bizdən Avropa səviyyəsində xidmət gözləyirlər. Bütün bunları nəzərə aldıqda, əminliklə demək olar ki, turizm və hotelçilik daha çox Avropa yönündə inkişaf edir.
   - Bu gün Azərbaycanda lüks hotellər çoxdur. Bəziləri də açılmaq üzrədir. Biz tələbi aşmırıq ki?
   - Bəli, indiki vəziyyətdə təklif tələbdən çoxdur. Amma məsəlinin digər tərəfi də odur ki, bu qədər böyük işləri tələbdən sonra da görə bilməzsiniz. Bu dəfə də müştəriləriniz qapını döyər, onları yerləşdirəcək məkanınız olmaz. Tutulan yol əslində doğrudur. Amma bir məsələ diqqətə alınmalıdır. Tələbin az olduğu dönəmi maksimum qısaltmaq və müştəri cəlb etməklə bu sahədə rentabellik yaratmaq lazımdır. Əks təqdirdə, sərmayəçilər uzun müddət əlavə xərclərlə hotelləri saxlamaq imkanını itirə bilər. Otaqlarının yalnız 30 faizini satan lüks hotellər üçün bu xüsusilə çətindir. Çünki lüks hotellər xərclərini azaltmaq üçün xidmət səviyyəsini aşağı salıb bəlli bir standartın altına düşə bilmirlər. Buraya həm işçi sayı, həm avadanlıq, həm də keyfiyyətli məhsul daxildir. O səbəbdən də çalışmalıyıq ki, tələb və təklif arasında qısa müddətdə balans yaradaq. Hökumət və Mədəniyyət və Turizm Nazirliyi də bu istiqamətdə ciddi işlər görür.
   - Sizcə, hotelçilik bu dönəmi nə zamana qədər aşacaq? 2015-ci ildə Avropa olimpiya oyunları Bakıda keçiriləcək. Bu, dönüş ili ola bilərmi?
   - Belə böyük tədbirin Bakıda keçirilməsi turizmin inkişafı baxımından mühüm imkandır. Məncə, 2015-ci ildə turizm sektoru artıq bu dönəmi başa vurub karlı sahəyə çevrilməlidir. Bu məsələ daha iki və ya üç il uzadıla bilməz. Bu xüsusda görüləsi işlər də var. Buradakı hotellər əsasən iş adamları və biznes üçün işləyir. O biri sahələrdən turistləri hələ ki, cəlb edə bilmirik. Sahə turizmini inkişaf etdirmək üçün Mədəniyyət və Turizm Nazirliyi ciddi işlər görür. Mənim özümün də daxil olduğum qrup beynəlxalq konfransların Bakıya salınması ilə bağlı konsepsiya hazırlayır. Vizanın sadələşdirilməsi məsələsində də irəliyə doğru addımlar atıldı, elektron vizaların verilməsinə başlandı. Ümumiyyətlə, turist səbirsizdir, deyirlər. O ən rahat, tez viza ala biləcəyi, vaxt itirməyəcəyi ölkə axtarır. Proses uzun olduğu zaman tez də fikrini dəyişir və başqa məkanlara üz tutur. Məsələn, Türkiyəni götürək. 80-dən artıq ölkə ilə təktərəfli qaydada vizanı ləğv etdi, sərhəddə viza verilməsinə başlandı.
   - Bakının turizm infrastrukturu yetərlidirmi? İnkişaf etdirilməli olan sahələrimiz hansılardır?
   - Bakıda yetərli qədər restoranlar, hotellər, istirahət və əyləncə mərkəzləri var. Təbii ki, restoran işində müəyyən irəliləyişlər etmək olar. Regionların mətbəxini, dünya mətbəxindən müəyyən nümunələri paytaxta gətirmək mümkündür. Onu da deyim ki, ölkə rəhbərliyi hər sahədə inkişafa nail olmağa çalışır və nəticələr də var. Məncə, zamanla heç bir problem qalmayacaq. Qeyd etdiyim kimi, ölkəniz, paytaxtınız davamlı inkişaf edir, yenilənir. Alış-veriş sahəsində də turist istədiyi bir malı, markanı tapmaqda çətinlik çəkmir. Düzdür, qiymətlər bir az bahadır. Amma məncə, rəqabət qiymətlərə də təsir göstərəcək. Hava limanında yeni beynəlxalq terminal inşa edilir. Yol və nəqliyyat sistemində müsbət dəyişiklər edilir. Görülməli işlərdən biri də marketinqin düzgün qurulması və bu sahədə işlərin intensivləşdirilməsidir. Beynəlxalq sərgilərdə iştirak önəmlidir. İstanbul da bu mərhələni keçdi.
   - Turisti cəlb etmək nə qədər önəmlidirsə, onu məmnun yola salmaq da bir o qədər önəmlidir. Əcnəbi hava limanından endiyində artıq iş başlayır. Turizm sahəsində çalışan insanlarımız buna hazırdırmı?
   - Bəli, çox düzgün qeyd etdiniz ki, hava limanında “Welcome to Azerbaijan” deyən insanla iş başlayır. Hotel səviyyəsində isə biz “qapıçı ilə iş başlayır” - deyirik. Bu baxımdan turizm sahəsində işləyən insanların hazırlığı çox önəmlidir. Hotelə gələnə qədər artıq turistdə ölkə haqqında müəyyən fikir formalaşır. Bu səbəbdən işin hər mərhələsində xüsusilə diqqətli olmaq vacibdir. Gülərüzlü, səmimi xidmət çox önəmlidir. Xidmət dediyin gülərüzlüyü sevir. Xoşniyyətli, öyrənməyə həvəsli gənclərimiz var. Onları lazımınca yetişdirməklə, xidmət məntiqini aşılamaqla bu problemləri yoluna qoya bilərik. Unutmaq lazım deyil ki, bizim qonaqlarımız artıq dünya, Avropa standartlarını bilən müştəridir. O, eyni münasibəti bütün “Hilton” hotellərindən gözləyir. Fərqli münasibət sərgiləyə bilmərik.
   - “Hilton Baku” olaraq bu sahədə problemləri aşmaq baxımından hansı işləri görürsünüz?
   - Öz daxilimizdə treninq proqramlarımız var. İşçilərimizi treninq məqsədilə Türkiyəyə, İngiltərəyə və digər ölkələrə də göndəririk. Təhsilə çox diqqətlə yanaşırıq. Ölkə səviyyəsində götürsək, məncə, müasir tələblərə uyğun kadrlar yetişdirmək məqsədilə məktəblərə, universitetlərə dəstək verilə bilər. Bizim kimi insanlar tədrisə cəlb oluna, “master klas”lar təşkil edilə bilər. Məsələnin obyektiv tərəfi də var. Bundan əvvəl Azərbaycanda böyük hotellər olmadığından müasir xidməti bilən kadrlar yetişməyib. İnkişaf sürətli getdiyi üçün çatışmazlıqlarımız tez göründü. Amma onları aradan qaldırmaq mümkündür.
   - Qonaq olduğunuz restoranlarda xidmətdən məmnunsunuzmu?
   - Servisdə problemlər var. Bu qarşılamadan yeməyə qədər hiss olunur. Bəzi yerlərdə isə bu məsələlər həllini tapıb. İşçilərin səviyyəsi standartlara cavab verir. Servis müəyyən qədər inkişaf etdirilməli, yanaşma dəyişməlidir. Müştərini məmnun etməyə çalışmalıyıq. Nəzərə almaq lazımdır ki, bütün hotellərdə yataq, restoran, lobbi var. Yəni bina olaraq hamısı aşağı yuxarı eyni imkanlara sahibdir. Fərqi yaradan xidmət və onun səviyyəsidir. Müştərilər xidmətə görə hotel və ölkəni seçirlər.
   - Ümumi fikirdə belə bir yanaşma var ki, Bakı artıq çox yüklənib. Turizm obyektləri, hotellər bölgələrə daşınmalıdır. Sizin fikriniz necədir?
   - Məncə, Bakı çox yüklənməyib. Digər şəhərlərlə müqayisə etdikdə bu daha aydın hiss olunur. Amma bu o demək deyil ki, regionlarda iş görülməməlidir. Şəhər hələ ki, inkişafa açıqdır. Sadəcə regionlarda da işlər görülməlidir ki, Bakıdan oraya turist axını olsun. Turist sadəcə Bakı ilə kifayətlənməyəcək. Zamanla regionlara da üz tutacaqlar. Regionlar da buna hazır olmalıdır. Azərbaycanın təbiəti, mədəniyyəti, musiqisi imkan verir ki, turisti hər cür məmnun edə biləsən. Eyni zamanda Bakı çox təhlükəsiz şəhərdir, günün istənilən saatında ailənizlə və ya tək istədiyiniz yerə gedə bilirsiniz. Bu çox önəmli məsələdir. Hətta Amerikada, bəzi Avropa şəhərlərində təhlükəsizlik məsələsi tam həll edilməyib.
   - “Hilton Baku”da lüks hotel havası hiss edilir. Bəs Azərbaycandan hotelə bir şeylər qatdınızmı? Dizaynda, mətbəxdə və sair...
   - Dizaynda elə bir şey qata bilməsək də, mətbəxinizdən istifadə etdik. Buna tələb də var. Əsasən beynəlxalq konfranslar, tədbirlər olduğu zaman milli mətbəxə aid yeməklər, şirniyyat mütləq olur. Əcnəbilər özləri də bunu istəyirlər. Azərbaycan mətbəxi onlar tərəfindən məmnunluqla qarşılanır. Yerli müştərilərimiz isə əcnəbi mətbəxə üstünlük verirlər. 360 dərəcə fırlanan restoranımız həm yerli, həm də əcnəbi qonaqlarımızın marağına səbəb olur. 58 dəqiqə ərzində istirahətlərindən ayrılmadan bütün Bakını görə bilirlər.
   
   Sadiq Musa