“Bakı Dubay kimi səhrada yerləşmir, burada turizm üçün lazım olan bütün təbii resurslar mövcuddur. Bu səbəbdən də qısa müddətdə böyük uğurlar qazanılacağını düşünürəm”
   
   Azərbaycanda turizm sektorunun mühüm seqmentlərindən biri paytaxtımızda fəaliyyət göstərən brend hotellərdir. Tanınmış hotellər şəbəkəsinin təmsilçiləri ilə müsahibələr silsiləsindən növbəti müsahibimiz “JW Marriott Absheron Baku” mehmanxanasının baş meneceri Qi Qodedir.
   
   Fransız Qi Qode uzun illərdir ki, turizm sektorundadır və dünyanın bir çox ölkələrində çalışıb. Ölkəmiz və paytaxtımız barədə təəssüratları isə belədir:
   - Bakıya ilk dəfə 2011-ci ildə gəldim. Etiraf edim ki, bu səfərdən öncə ölkəniz haqqında, demək olar ki, hər hansı məlumata malik deyildim. Əvvəllər Bakıda işləmiş dostlarımla əlaqə yaratdım, onlardan məlumat almağa çalışdım, internetdən Azərbaycanla bağlı yazıları oxudum. Onu da deyim ki, məndən çox həyat yoldaşım araşdırma aparırdı. Qərar verməkdə yeniliklərə açıq xarakterim daha çox rol oynadı, desəm, səhv etmiş olmaram. “Marriott” hotellər şəbəkəsinin Bakıda fəaliyyətə başlaması da onu göstərirdi ki, narahatlığa əsas yoxdur. Çünki bizim hotellər lüks kateqoriyaya aid olduğundan ölkənin təhlükəsiz, rifah səviyyəsinin yüksək olması vacib cəhətlərdir. Bundan əlavə, digər beynəlxalq brend hotellərin də Bakıda fəaliyyət göstərməsi özlüyündə çox şey deyir. Bakıya gələndən sonra qənaətimdə yanılmadığımı gördüm. Şəhərin mərkəzinə doğru irəlilədikcə paytaxtınıza valeh oldum. Təmiz, geniş, işıqlı yollar, yeni tikililər məni özünə cəlb etdi. Şəhəri dolaşdım, mənzillərə baxdım, həyat şəraiti ilə tanış oldum, mağazalara baş çəkdim. İlk təəssüratımı həyat yoldaşımla bölüşdüm və ona dedim ki, bura internetdə təsvir olunan məkan deyil və sən buranı mütləq görməlisən. Beləliklə, artıq iki ildir ki, buradayam.
   
   - Azərbaycanın hotelçilik bazarında rəqabət yüksəkdir. Bu sizi qorxutmadı ki?
   - Düzdür, rəqabət yüksəkdir, ancaq dramatik deyil. Mənim inandığım odur ki, tələb yaratmaq həmişə mümkündür. Məsələn, Afrikada ayaqqabı satmaq istəyən tacir məsələyə iki cür yanaşa bilər. Afrikalıların ayaqqabı geyinmədiyini görüb fikrindən vaz keçə və ya fürsət kimi dəyərləndirib daha çox satacağını düşünə bilər. Eyni anlayış hotelçiliyə də aiddir. Əgər bazara yeni bir məhsul gətirirsinizsə, bu, insanlar tərəfindən maraqla qarşılanır, diqqəti cəlb edir. Ölkədə gedən proseslər, tikinti-quruculuq işləri də göstərir ki, yaxın gələcəkdə Azərbaycan yeni turizm məkanlarından birinə çevriləcək. Hökumətin həyata keçirdiyi beynəlxalq tədbirlər də hotellərə əlavə müştəri qazandırır. Bütün bunlar gələcəyə ümidlə baxmağa imkan verir.
   
   - 2015-ci ildə Avropa oyunlarının Bakıda keçirilməsi də yəqin ki, sizin üçün əlavə stimul olacaq...
   - Bəli. Ümumiyyətlə düşünürəm ki, “Eurovision” təcrübəsindən yararlanmaq lazımdır. Bu beynəlxalq musiqi yarışması ölkə turizmi üçün böyük töhfə oldu. Olimpiya oyunlarına da xeyli sayda turistin gələcəyini, komandaların iştirak edəcəyini nəzərə alsaq, nikbin ola bilərik. Ancaq bu cür tədbirlərdə, məncə, əsas məqsəd ölkənin turizm mərkəzi kimi tanıdılması olmalıdır. Təcrübə göstərir ki, istənilən beynəlxalq tədbirlər maksimum 1 ay öz təsirini saxlayır, turistlər daha çox final oyunlarına 3-5 gün qalmış ölkəyə gəlirlər. Onların çox qalacağını gözləməyə də dəyməz. Çalışmalıyıq ki, gözəl xidmət, yaxşı şəraitlə onların bir daha Azərbaycana qayıtmasına stimul yaradaq. Onlar nə qədər xoş təəssüratla ölkələrinə dönsələr, bir daha yenidən qayıtma ehtimalları o qədər yüksək olar. Bu səbəbdən bəzi məsələlər, məncə, indidən həllini tapmalıdır. Viza rejimi sadələşdirilməli, Bakıya uçuşun və vizanın qiymətləri aşağı salınmalıdır. Çünki turist bütün faktorları nəzərə alır və şərtlər qane etmədikdə tez də fikrini dəyişir.
   
   - Turizm sahəsində əvvəl çalışdığınız ölkələrlə Azərbaycan arasında hansı fərqləri müşahidə edirsiniz?
   - Öncə onu deyim ki, keçmiş sovet respublikalarından Azərbaycan ilk ölkədir ki, fəaliyyət göstərirəm. Bundan öncə əsasən Cənub-Şərqi Asiya ölkələrində - Tailand, Cənubi Koreya, Sinqapur və Tayvanda çalışmışam. Ən böyük hotelçilik təcrübəsini isə Britaniyada keçmişəm. Cənub-Şərqi Asiya ölkələri turizm sahəsində son onillikdə xüsusilə böyük uğurlar əldə etdi. Bu ölkələrdə əvvəllər turizm infrastrukturu, demək olar ki, olmayıb. Bununla belə, turizmə ölkənin ayaqda qalması üçün yeganə vasitə kimi baxıldı və inkişaf etdirildi. Milli mədəniyyət, buddizm fəlsəfəsi də xidmət sektorunun inkişafına əlavə stimul yaratdı. İkinci nümunə kimi kiçik liman şəhəri olan Dubayı göstərmək olar. Ərəblər səhranın ortasında süni turizm infrastrukturu yaratdılar və bu gün Dubay dünyanın ən çox turist qəbul edən ticarət və turizm şəhəridir.
   Bütün bunları nəzərə aldıqda Azərbaycanın imkanları olduqca genişdir. Birincisi, sizin ölkə üçün turizm ayaqda qalmaq üçün vasitə deyil, əlavə gəlir mənbəyidir. İkincisi, bura səhra deyil, turizm üçün lazım olan bütün təbii resurslar mövcuddur. Bu səbəbdən də mən ölkənin qısa bir müddətdə turizm sahəsində böyük uğurlar qazanacağını düşünürəm. Bununla belə, sadaladığım ölkələrlə müqayisədə bəzi əskikləriniz də var. Bu sahədə çalışan insanların peşəkarlıq səviyyəsini qaldırmaq, yüksək bilik və bacarığa sahib gənc kadrları cəlb etmək lazımdır. Sizə bir nümunə göstərim. Fransada masa xidmətçisi olmaq üçün ikiillik məktəb oxumalı, müvafiq sertifikat almalısan. Marketinq sahəsində də müəyyən işlər görülə bilər. Rusiya və Çin kimi böyük bazarlardan ölkəyə turist cəlb etmək mümkündür. Hotellərin yerli kənd təsərrüfatı məhsulları ilə təminatı məsələsində də müəyyən irəliləyişlərə nail olmaq olar. Qonaqlarımız da bizdən daha çox yerli məhsulları istəyirlər.
   
   - Peşəkarlıqla bağlı “JW Marriott Absheron” olaraq hansı işləri görürsünüz?
   - İşçilərimizi təlimlərə cəlb edirik. Əməkdaşlarımızı xaricə göndərməyə o qədər də üstünlük vermirik. Əsasən əcnəbi mütəxəssisləri ölkəyə dəvət etməklə yerli kadrların inkişafına nail olmağa çalışırıq. Çünki daha çox işçini xaricə göndərmək imkanı olmur. İl ərzində, demək olar ki, 80 saat təlimlərə vaxt ayrılır. Xüsusilə fərqlənən, öyrənməyə daha çox açıq olan əməkdaşlar isə təcrübə keçmək üçün “Marriott”un digər hotellərinə göndərilir.
   
   - Regionlarda necə, olmusunuzmu?
   - Qobustana, şimal bölgəsinə qısamüddətli səfərlərim olub. Bununla belə, deyə bilərəm ki, gördüklərim çox xoşuma gəldi. Bölgələrinizin turizm imkanları da olduqca genişdir. Müəyyən işlər görməklə arzu olunan səviyyəyə çatmaq mümkündür.
   
   - Necə fikirləşirsiniz, turizmin regionlara daşınmasının vaxtıdırmı?
   - Məncə hələ ki, turizmi regionlarla şaxələndirmək tezdir. Öncə hansısa əsas turizm məkanı formalaşdırılmalıdır, daha sonra digər region və bölgələrə keçmək olar. Yenə Tailanddan nümunə göstərəcəyəm. Bu ölkə əsas turizm şəhəri kimi Bankoku seçdi, reklam işi, əsas turizm obyektləri bu şəhərin üzərində quruldu. Daha sonra Pattaya formalaşdı. Azərbaycan nümunəsində isə əsas məkan Bakıdır. Əsas iş paytaxtda qurulmalı, daha sonra ətraf rayon və şəhərlərə yayılmalıdır.
   
   - Azərbaycan mətbəxi ilə yəqin tanışsınız...
   - Əlbəttə. Milli yeməkləriniz, kababların bütün növləri xoşuma gəlib. Əsasən də lüləkabab. Hotelimizdə də Azərbaycan mətbəxinə geniş yer verilir. Qiymətlərimiz də münasib olduğundan əcnəbi qonaqlarımız milli mətbəxdən böyük məmnuniyyətlə dadırlar.
   
   Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar