“Bakının, regionların potensialı turizmi inkişaf etdirməyə, ölkənin əsas gəlir mənbələrindən birinə çevirməyə imkan verir”
   
   Ölkəmizdə fəaliyyət göstərən brend hotellərin təmsilçiləri ilə müsahibələr silsiləsindən növbəti həmsöhbətimiz “Kempinski Hotel Badamdar”ın baş meneceri Pyer Staçerdir (Pierre Stacher).
   
   - Cənab Staçer, öncə özünüz barədə oxucularımıza məlumat verməyinizi istərdik. Nə vaxtdan paytaxtımızda çalışırsınız?
   - Səkkiz aydır ki, şəhərinizin qonağı və sakiniyəm. Uzun illərdir hotelçilik sahəsində çalışıram. Dünyanın beş qitəsində, 16 ölkəsində fəaliyyət göstərmişəm, 12 ölkədə baş menecer işləmişəm. Bu isə o deməkdir ki, buraya sadəcə özümü deyil, həm də dünyanın müxtəlif ölkələrində olan turizm fəlsəfəsini, yanaşmasını, müxtəlifliyi və ən nəhayət, bütün bunların cəmindən yaranan təcrübəmi gətirmişəm. Hotelçilik biznesi mənim həyatımın ayrılmaz bir parçasıdır desəm, yanılmaram. Şəxsi həyatımla bağlı isə onu deyə bilərəm ki, 30 ildir ailəliyəm. Həyat yoldaşım burada mənimlədir. Oğullarımdan biri hotelçilik sahəsindədir, mənim sənətimi davam etdirir. O, “Four Seasons” hotellər şəbəkəsinin Sinqapur nümayəndəliyində çalışır. Digər oğlum isə Avstraliyada elmi araşdırma ilə məşğuldur.
   - Hotelçilik sahəsində çalışan oğlunuzun yəqin ki, çətinlikləri olmaz...
   - Yardımçı oluram, desəm, bu, yanlış olar. O hələ cavandır, öyrənməyə açıqdır. Mən ona yüksək səviyyədə təhsil almasına imkan yaratdım. İndi də öz işinin başındadır. Hesab edirəm ki, o özü öz yolunu tapmağa çalışmalıdır, uğurlar əldə etməlidir. Məncə, işinin öhdəsindən lazımınca gəlməyi bacarır. Biz də həyat yoldaşımla bərabər Bakıdakı işlərimizlə məşğuluq.
   - Azərbaycanda işləməklə bağlı təklif aldığınızda ilk reaksiyanız necə oldu?
   - Etiraf edim ki, bu təklifi alanda ölkəniz barədə, Bakı haqqında heç bir məlumatım yox idi. Bu təklifi almazdan öncə Seyşel adalarında yeni hotelimiz açılmaq üzrə idi. Fikirləşirdim ki, orada çalışacağam, ancaq məni buraya göndərdilər. Ölkənizlə ilk tanışlığım internet vasitəsilə oldu. Google-da Azərbaycan haqqında səhifələrə baxdım. İlk təəssüratlarımı normal qiymətləndirmək olar. Ancaq əyani tanışlıq məndə daha müsbət fikirlər yaratdı. Bakı inkişaf etmiş, müasir şəhərdir. Burada müasirliklə qədimlik, Şərqlə Qərb bir aradadır. İçərişəhərdə oldum. Əsrarəngiz dərəcədə gözəldir. Müasir və işıqlı küçələr, binalar cəlbedicidir. Hesab edirəm ki, Bakının, regionların potensialı turizmi inkişaf etdirməyə, ölkənin əsas gəlir mənbələrindən birinə çevirməyə imkan verir. Buraya əcnəbi dostlarım, həmkarlarım gəlir. Onlar da eyni fikirdədirlər. Deyirlər ki, Azərbaycan indiyə qədər necə olub ki, açılmamış sirr kimi qalıb?! Xaricdə ölkənizi daha çox neft məmləkəti kimi tanıyırlar.
   - Keçmiş sovet ölkələrində fəaliyyətiniz olubmu?
   - Xeyr, Azərbaycan bu sıradan ilk ölkədir. Bundan əlavə, yalnız bir dəfə Moskvada qısamüddətli layihəyə cəlb olunmuşam. Çində işləmişəm. O zaman bu ölkə təzə-təzə dünyaya açılırdı, Qərb şirkətləri Çin iqtisadiyyatına sərmayə qoymağa başlamışdı. Türkiyədə də müəyyən müddət fəaliyyətim olub. Müqayisə üçün deyə bilərəm ki, burada insanlar daha işgüzar və nizam-intizamlıdırlar.
   - Siz öz şəxsi təcrübənizdən necə görürsünüz, Azərbaycan turizmi hansı istiqamətdə inkişaf edir?
   - Azərbaycan turizmini Körfəz ölkələri ilə müqayisə etmək olar. Bu, qısa müddətdə sürətli yenilənmə və inkişafda özünü göstərir. Məsələn, Dubayda da az bir zaman kəsiyində infrastruktur layihələri həyata keçirildi, şəhərin siması tamam dəyişdi. Ancaq mən oxşarlıqlardan daha çox fərqləri görürəm. Dubay, belə demək olarsa, yoxdan yaradılmış, yenidən qurulmuş şəhərdir. Bakı isə keçmişi olan, uzun illərin oturuşmuş şəhəridir. Məncə, gələcəkdə Bakı sırf müasirlik, biznes və turizm mərkəzi baxımından Dubayın dünyada oynadığı rolu oynayacaq, zahirən daha çox bənzəyəcək, ancaq insanlar, mədəniyyət, tarix fərqlidir. Buranın mentaliteti Avropaya daha yaxındır.
   - Azərbaycan turizmi ilə işlədiyiniz ölkələrin turizmi arasında hansı fərqləri müşahidə edirsiniz?
   - Fərqlər çoxdur. Birincisi, turizmlə məşğul olan ölkələrə səyahət etmək olduqca asandır. Bu asan viza siyasəti ilə bağlıdır. Azərbaycan turizmində də bu mühüm məqam nəzərə alınmalıdır. Cəlbedicilik baxımından isə Azərbaycanın turizm sahəsində məşhur olan Avstriya kimi ölkələrdən də öndə olduğunu deyə bilərəm. Ölkəniz qədim İpək Yolunun, nəqliyyat qovşaqlarının üzərindədir. Ümumiyyətlə, indi dünyada turizmə yanaşma dəyişib. İnsanlar gördükləri, bildikləri yerlərə, məkanlara deyil, yeniliklərə can atırlar. Azərbaycan sadəcə təbliğatla həmin böyük turist axınını ölkəyə cəlb edə bilər. Viza sistemini daha da asanlaşdırmaq lazımdır. Bundan əlavə, Azərbaycan regional inkişafa da önəm verməlidir. Ölkəniz kiçik olduğundan Gürcüstan və Türkiyə ilə birgə əməkdaşlığa getməlidir. Məsələn, turizm marşrutlarına bölgələrlə yanaşı, Gürcüstan və Türkiyə də daxil edilə bilər ki, bu da turistlər üçün cəlbediciliyi artırmış olar. Qonşu ölkələr də eyni xətti yürütdükləri təqdirdə bu, ümumi regional inkişafa gətirib çıxarar. Bundan əlavə, turist haqqında “Boş-bekar, işsiz-gücsüz adam təsəvvürü” ən yanlış yanaşmadır. Təcrübə və təhlillər göstərir ki, səyahətə meylli şəxslər maddi cəhətdən təminatlı, intellektual səviyyəsi yüksək və vaxtı az olan insanlardır. Onlar daha çox 5-10 günlük qısa, ancaq mənalı səyahətlərə üstünlük verirlər.
   - Ölkəmizdə turizmi inkişaf etdirmək üçün daha hansı işlər görülməlidir?
   - Bakıya sadəcə bir şəhər və turist məntəqəsi kimi baxmaq lazımdır. Gələn qonağı burada yalnız 2-3 gün saxlamaq olar. Regionların turizmi inkişaf etdirilməlidir. Mənim həyat yoldaşım Qəbələdə oldu. Təəssüratlarından anladım ki, bölgələrdə turizm inkişaf etdirilərsə, daha yüksək nəticələrə nail olmaq olar. Çünki turist səfərə çıxanda ilk olaraq özünə “mən bu ölkəyə bir həftəlik səyahət etsəm, nələri görəcəyəm, nə edəcəyəm” sualını verir. Çalışmaq lazımdır ki, insanlar bu suala həmişə müsbət cavab tapsınlar. Bir məsələni də diqqətinizə çatdırım. Hazırda çox iddialı yanaşmanın da tərəfdarı deyiləm. Hələ ki, turistlərin üç həftəliyə, bir aylığa bura gələcəyini gözləmək tezdir. Birincisi, insanların bu qədər vaxtı yoxdur, ikincisi, Azərbaycan o qədər tanınmayıb. Məncə, ən uğurlu yol əcnəbilər üçün 7 günlük səyahət paketlərinin hazırlanması və bu sahədə təbliğat işinin qurulmasıdır. Azərbaycan turizminin təbliği üçün əcnəbi jurnalistlər, kanallar ölkəyə daha tez-tez dəvət edilməli, infoturlar təşkil olunmalıdır. Bizim sahə çox rəqabətlidir. Başqa ölkələr daha rahat şərtlər irəli sürürlər. Hətta bir çox ölkələrə vizasız səyahət mümkündür.
   Digər məqam hava nəqliyyatı ilə bağlıdır. Bir çox aviaşirkətlər hələ ki Bakıya reys açmayıb. Bakını dünya hava nəqliyyatının qovşağına çevirə bilsək, turizmin sürətlə inkişafına, ölkənin tanınmasına nail ola bilərik. Əsasən Avropa və inkişaf etmiş Cənub-Şərqi Asiya ölkələrinin hava yolları şirkətlərini ölkəyə cəlb etmək lazımdır.
   - “Kempinski Hotel Badamdar” olaraq turist cəlb edilməsi ilə bağlı işi necə qurmusunuz?
   - Bizim əsas müştərilərimiz Bakıya konfrans məqsədilə gələnlər və xarici neft şirkətlərində çalışanlardır. Ancaq bu ildən ciddi təbliğat işinə başlamışıq. Bir çox xarici kanallarda süjetlərimiz yayımlanıb, online səyahət agentliklər ilə əməkdaşlıq qurmuşuq, satış və reklam departamentimiz aktiv fəaliyyət göstərir. “Kempinsiki” hotellər şəbəkəsinin dünya üzrə müştəri cəlbi ilə məşğul olan təşkilatı mövcuddur. Onlar da hotelimizin təbliğatı, müştərilərin cəlb edilməsi işində lazımi köməklik göstərirlər. Bir müddət əvvəl Floridadan olan turoperatorun nümayəndələrini Bakıda qonaq etdik. Belə insanlar vasitəsilə də hotelimizə və ümumilikdə ölkəyə turist cəlb edirik. Bu il ilk dəfə Bakıda polo yarışları keçirəcəyik. Artıq bununla bağlı Birləşmiş Ərəb Əmirliklərinin qəzet və jurnallarında reklamlar yerləşdirilib, geniş təbliğat işlərinə başlamışıq. Xeyli sayda turistin Bakıya gələcəyini düşünürük. Bu sahədə işlək şəbəkə qurduğumuzu deyə bilərəm. Bununla belə, “otaqlarımızın hamısı doludurmu?” - deyə soruşsanız, deyərəm ki, xeyr. Hətta orta göstəricidən də bir qədər aşağıdayıq.
   - Turizm sahəsində çalışan insanlarımızın bilik və bacarıqları necə, sizi qane edirmi?
   - Kadr məsələsinə gəldikdə, ilk öncə çalışmaq lazımdır ki, hotel biznesinə bu sahənin təhsilini almış insanlar cəlb edilsin. Düzdür, Azərbaycanda Turizm İnstitutu fəaliyyət göstərir, ancaq bu sahədə hələ çox işlər görülməlidir. Məsələnin obyektiv tərəfləri də var. Ölkə iqtisadiyyatı əsas etibarı ilə turizm yönümlü deyil, aparıcı istiqamət neft və qaz sektorudur. Gənclər də bu sahələrə daha çox üstünlük verirlər. Bu səbəbdən brend hotellər olaraq kadr hazırlığına xüsusi diqqət ayırmalı oluruq. Mən bir menecer olaraq dil biliklərinə sahib, mədəni keyfiyyətləri olan gənclərin işə götürülməsinə və burada yetişdirilməsinə həmişə tərəfdar olmuşam. Dillə bağlı problemlər mövcuddur. Bir çox Cənub-Şərqi Asiya ölkələrində də eyni problem müşahidə olunurdu. Dəyişən tələblər onları vadar etdi ki, yapon dilindən başqa ingilis dilini də öyrənsinlər.
   - Azərbaycan mətbəxi ilə aranız necədir?
   - Yeməkləriniz çox xoşuma gəlir. Ancaq yaşımla əlaqədar pəhriz saxlamalı oluram. Ən çox bəyəndiyim ölkənizdə becərilən meyvə və tərəvəzlərdir. Burada istehsal olunan kənd təsərrüfatı məhsulları kimyəvi qatqısız və təzədir. İstərdim ki, hotellərimizdə yerli məhsullar daha çox istifadə olunsun. Artıq dünyanın bir çox yerində meyvə və tərəvəzlər öz əvvəlki dadını itirib. O ki qaldı milli mətbəxin hotelimizdə müştərilərə təqdim olunmasına, biz hotelçiliklə yanaşı Azərbaycan bazarına digər xidmətlərimizlə də çıxırıq. Nikah mərasimləri, banketlər, ad günləri təşkil edirik, alış-veriş mərkəzimiz fəaliyyət göstərir. Daha çox yerli müştərilər üçün nəzərdə tutulan bu xidmətlər bizdən milli mətbəxə də üstünlük verməyimizi tələb edir. Bundan əlavə, beynəlxalq konfranslar zamanı da mütləq Azərbaycan mətbəxindən müəyyən nümunələr qonaqlara təqdim olunur.
   - Bir çox brend hotellərdə olmuşam. “Kempinski”də milli ornamentlərə daha çox rast gəldim.
   - Bəli, dizaynda milli üslubla Qərb dəbdəbəsi birləşdirilib. Hotelimizi gəzsəniz, hər guşədə Azərbaycanla bağlı bir parça tapa bilərsiniz. Ümumiyyətlə, biz “Kempinski” hotellər şəbəkəsi olaraq yerli xüsusiyyətlərə daha çox önəm veririk. Çalışırıq ki, hotellərimiz ölkənin bütün müsbət tərəflərini özündə əks etdirsin.
   
   Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar