Düsen Kaseinov : “TÜRKSOY təşkilatı olaraq müasir dünyada aktuallaşan mədəniyyətlərarası dialoqu daim diqqətdə saxlayırıq”
   
   Türk dünyasının UNESCO-su hesab edilən TÜRKSOY təşkilatı 20 illik yubileyini qeyd edir. Yubiley ili təkcə türkdilli ölkələrdə deyil, türk mədəni irsinə maraq göstərən bir sıra ölkələrdə də müxtəlif tədbirlərlə müşayiət olunmaqdadır. Qurumun son illər həyata keçirdiyi tədbirlər, yubiley mərasimləri, gələcək layihələr və fəaliyyət istiqaməti ilə bağlı suallarımızı TÜRKSOY-un baş katibi Düsen Kaseinov cavablandırır.
   
   - 20 yaşını qeyd edən TÜRKSOY təşkilatının bugünkü fəaliyyətini necə qiymətləndirirsiniz? Qurum türkdilli xalqların yaşadığı coğrafiyaya nə dərəcədə nüfuz edə bilir?
   - Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, hər ötən il TÜRKSOY-un fəaliyyət dairəsinin genişlənməsi ilə müşayiət olunur. Bu gün təşkilatımızın həm türkdilli dövlətlərlə, həm də türk xalqlarının yaşadıqları Rusiya, Ukrayna, Moldova ilə əlaqələri dinamik şəkildə inkişaf edir. Son vaxtlar keçirdiyimiz tədbirlərə baxsaq, bunu aydın şəkildə görərik. Məsələn, Ankarada keçirilən “19 may - Atatürkü anma, gənclik və idman bayramı\"na Yakutiyadan Aralıq dənizinə qədər geniş coğrafiyadan türk gəncləri qatılmışdı. Bu doğrudan da, əsl bayram idi. Hər kəs öz mədəniyyətini, milli rəqslərini nümayiş etdirirdi. Gənclər bir həftə ərzində sıx ünsiyyətdə oldular, Türkiyə Prezidenti Abdulla Gül nümayəndə heyətlərini qəbul etdi. “Gənclik həftəsi” bizim ilboyu keçirdiyimiz tədbirlərin davamı idi. Bilirsiniz, TÜRKSOY-un fəaliyyəti təkcə təşkilata üzv ölkələrlə məhdudlaşmır, biz türk mədəniyyətini bütün dünyaya tanıdırıq. Məsələn, biz bu il Londonda və Kembric Universitetində Novruz bayramını qeyd etdik, türk mədəni irsinin nə qədər geniş coğrafiyaya malik olduğunu bütün dünyaya göstərdik. Sevindirici haldır ki, bu gün dünyada ümumtürk mədəniyyətinə maraq artmaqdadır. Bunu keçirdiyimiz tədbirlər də isbatlayır.
   Bu il TÜRKSOY-un 20 illik yubileyi ilə əlaqədar olaraq genişmiqyaslı tədbirlər keçirməyi planlaşdırmışıq. Əlbəttə, bu asan deyil. Lakin hər belə tədbirdən sonra böyük əminlik hissi keçirirsən. Bu əminliyin təməlində isə bizim birləşə bilmək amalımız dayanır. Bəli, biz birləşə bilirik. Bu gün türk xalqları, türk millətlərinin təmsilçiləri müxtəlif ölkələrdə, hətta ayrı-ayrı qitələrdə yaşayır. Zəngin mədəniyyətimiz sərhədləri aşaraq bütün dünyaya yayılır. Bu gün Amerikada türk mədəniyyətinə böyük maraq var. Buna bir misal göstərim: iyun ayının əvvəllərində Amerika Birləşmiş Ştatlarından Qremmi mükafatçısı olan 100 nəfərlik Conatan Qrift xoru Əhməd Adnan Sayqunun “Yunus Əmrə” oratoriyasını ifa etmək üçün Türkiyəyə gəldi. Bildiyiniz kimi, Yunus Əmrənin əsərlərində Allah və insan sevgisi bir arada səslənir. Keçən il biz bu oratoriyanı Nyu-York və Vaşinqtonda təqdim etdik. Vaşinqtonun Linkoln zalında 2200 nəfər dinləyici əsəri çox bəyəndi və ilk dəfə amerikalıların ifasında türk dilində belə gözəl əsər dinlədiklərini dilə gətirdilər. Bu il isə Türkiyə Cümhurbaşqanlığı simfonik orkestri ilə birlikdə təqdim edilən konsertlər 2013-cü il “Türk mədəniyyəti paytaxtı” olan Əskişəhərdə, eləcə də İstanbul və Ankarada gerçəkləşdi.
   - 20 illik yubiley çərçivəsində demək olar ki, bütün türkdilli ölkələrdə tədbirlər keçirilir. TÜRKSOY-un yekun yubiley mərasimini harada və nə zaman keçirməyi planlaşdırırsınız?
   - Mən dəfələrlə qeyd etmişəm ki, bütün türkdilli ölkələrdə özümü evimdəki kimi hiss edirəm və qardaş ölkələrdə keçirilən hər bir böyük mədəniyyət tədbirində məmnuniyyətlə iştirak etməyə çalışıram. Bu il türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantısının avqust ayında Azərbaycanda keçirilməsi planlaşdırılır. Biz istəyirik ki, zirvə görüşü çərçivəsində Azərbaycanda TÜRKSOY-un yubileyini geniş tədbirlə qeyd edək. Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşümüzdə də bu fikrimizi bildirdik. Bununla əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına müraciət etmişik.
   Lakin TÜRKSOY-un baş qərargahı Ankarada olduğundan biz əsas yubiley tədbirini oktyabrın 3-də bu şəhərdə qeyd edəcəyik. Xatırladım ki, 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən zirvə toplantısında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması barədə mühüm qərar qəbul olunmuşdur. 2010-cu ildə İstanbulda keçirilən zirvə toplantısında 3 oktyabr tarixi Türkdilli Ölkələrin Əməkdaşlıq Günü kimi qəbul edilmişdir. Və bu il TÜRKSOY-un yubileyini də həmin tarixdə qeyd edəcəyik. Bu münasibətlə təkcə türk dilli ölkələrdən deyil, digər ölkələrdən də qonaqlar gözləyirik. Bu baxımdan mayın sonunda Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak bizim üçün böyük fürsət oldu. Forumda iştirak edən UNESCO-nun baş direktoru İrina Bokovanı və İSESCO-nun baş katibi Əbdüləziz əl-Tuveycrini də yubileyə dəvət etdim.
   - Yeri gəlmişkən, dünyanın dörd bir yanında yaşayan türk xalqlarının mədəniyyətini yaşadan, təbliğ edən TURKSOY-un digər beynəlxalq təşkilatlarla əlaqələri barədə nə deyə bilərsiniz?
   - Biz bu istiqamətdə də fəaliyyət göstəririk. Məsələn, İSESCO ilə son iki ildə bir neçə birgə tədbir keçirmişik. Əvvəlcə İSESCO-nun baş qərargahının yerləşdiyi Rabatda sərgi düzənlədik. Almatıda və Bişkekdə müasir muzey və turizm mövzusunda birgə tədbir gerçəkləşdirdik. Ötən il Bakıda media nümayəndələrinin toplantısını keçirdik. Türkmənistanda qədim kitablar, əlyazmalarla bağlı tədbirimiz oldu. Eyni zamanda, digər beynəlxalq təşkilatlarla əməkdaşlığımız genişlənir. Məsələn, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu ilə birlikdə Avrasiya türkoloqlarının biblioqrafik lüğətini hazırlamışıq. Artıq kitabın ikinci cildi nəşr olunub. Bu, böyük əmək sərf edilmiş bir layihədir. İyunun sonunda Moskvada nəşrin təqdimatı planlaşdırılıb. Növbəti mərhələdə Mərkəzi Asiya və Avropa türkoloqlarının biblioqrafik lüğətini tərtib edəcəyik.
   Biz bütün türk xalqlarının mədəni irsini diqqətdə saxlamağa çalışırıq. Məsələn, məşhur karaçay-balkar şairi və yazıçısı Bert Qurtuyevin 100 illik yubileyini Rusiyanın Lermontov Komitəsinin dəstəyi ilə Kabardin-Balkar Respublikasından gələn böyük nümayəndə heyəti ilə birlikdə mayın sonunda Ankarada, sonra Konya və Əskişəhərdə qeyd etdik. Lermontov Komitəsi Qafqaz xalqlarının ədəbiyyatı ilə məşğul olur. Qurumun sədri Vladimir Zaxarov, ədəbiyyatçılar, incəsənət xadimləri yubileyə gəlmişdi.
   Bildiyiniz kimi, TÜRKSOY türk dünyasının UNESCO-su hesab edilir və bu baxımdan bizim UNESCO ilə də işbirliyimiz var. Sentyabrın 17-də Parisdə qurumun qərargahında TÜRKSOY-un 20 illik yubileyini qeyd edəcəyik. Bu il həm də dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operasının 100 illik yubileyi UNESCO çərçivəsində qeyd edilir. Bu iki yubiley münasibətilə biz Qazaxıstanın “Tattınbəy” orkestrinin müşayiəti ilə Azərbaycan, Qazaxıstan və digər türkdilli ölkələrin sənətçilərinin ifasında türk dünyasının qüruru Üzeyir Hacıbəylinin bu ölməz əsərini UNESCO-da təqdim etməyi planlaşdırmışıq. Əlbəttə, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində belə layihələri gerçəkləşdirmək böyük zəhmət tələb edən işdir. Amma bu işlərin nəticəsini görəndə məmnuniyyət hissi keçiririk.
   - TÜRKSOY-un reallaşdırdığı bu işləri nəzərdən keçirəndə Mustafa Kamal Atatürkün vaxtilə sovetlər birliyindəki türk xalqları barədə dediyi sözlər yada düşür. O deyirdi: “Dünyanın bu bölgələrində qardaşlarımız var. Bu gün onlara nə isə edə bilmirsiniz. Amma müəllim göndərin, türk dilinin yaşamasını təmin edin. Mədəniyyət xadimləri göndərin, onların ziyalılarının düşüncələrini əks etdirən kitablar alın. Bizim onlarla üç körpümüz var - irqimiz, mədəniyyətimiz və tariximiz birdir”. Yəni bir zamanlar Atatürkün arzu kimi səsləndirdiyi fikirlər TÜRKSOY vasitəsilə, belə demək mümkünsə, reallığa çevrilir...
   - Bəli, bu sözlərdə böyük həqiqət var. Düzdür, hələ ki, biz bu birliyə, əməkdaşlığa tam arzu olunan səviyyədə nail olmamışıq. Qarşıda böyük işlərimiz var. Əlbəttə, BMT-nin böyük zalında, dünyanın gözü qarşısında türk xalqlarının mədəni irsinin, musiqi və rəqsinin təqdim olunması kimi möhtəşəm tədbirlər böyük təəssürat və qürur hissi yaradır. Bu, ortaq mədəniyyətimizin nümayişidir. TÜRKSOY təşkilatı olaraq biz bütün türk xalq və toplumlarının dilini, mədəniyyətini, ədəbiyyatını, folklorunu diqqətdə saxlamağa çalışırıq. Ona görə ki, bu, böyük bir tikilinin kərpicləridir. Biri düşsə bina uçar. Tədbirlərimizdə türkdilli xalqlardan başqa türklərlə qonşu olan xalqlar - dağıstanlılar, kalmıklar, kürdlər də iştirak edir. Türkiyədə İraq, Suriya kökənli vətəndaşlar yaşayır ki, onlar da tədbirlərimizə maraq göstərirlər. Bu, icma, birgəyaşayış, dialoq ideyasıdır. Əsrlərlə bu xalqlar yanaşı yaşayıb və təbii ki, bir-birilərinin mədəniyyətlərinə təsirləri olub. Bu həm də müasir dünyada aktuallaşan mədəniyyətlərarası dialoqdur ki, TÜRKSOY olaraq bu amili diqqətdə saxlayırıq.
   - Bu günlərdə Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiniz. Forumla bağlı fikirlərinizi bilmək maraqlı olardı?
   - Artıq ikinci dəfə keçirilən Bakı Forumu çox mühüm bir mədəniyyət layihəsidir. Dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar mədəniyyət sahəsində ideyaları bölüşməyə, bir-birimizi başa düşməyə, öz milli və dini dünyamızı birləşdirməyə, ən kiçik dövlətin mədəniyyətini belə dünya miqyasına çıxarmaq istiqamətində iş birliyi qurmağa çalışırlar. Müharibələrin getdiyi, terrorizmin yayıldığı bir dövrdə belə forumların keçirilməsi çox vacibdir. Çünki sülhə can atan cəmiyyət, hər bir şüurlu insan mədəniyyət haqqında ideyaları dəstəkləyir. Belə tədbirlər insanları, xalqları bir-birinə daha da yaxınlaşdırır. Beləliklə, mədəniyyət körpümüz daha da möhkəmlənir. Fürsətdən istifadə edərək belə bir Forumun yüksək səviyyədə təşkil olunması və möhtəşəm keçirilməsi münasibətilə Azərbaycan xalqını təbrik edir və bu ideyanın təşəbbüskarı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına dərin minnətdarlığımı bildirmək istəyirəm.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar