“Azərbaycanın bölgələrinin təbiəti, müalicə turizmi əsas istiqamətlərdən ola bilər. Qış turizmi canlandırılmalıdır ki, ölkəyə ilboyu turist cəlb etmək mümkün olsun”
   
   Ölkəmizdə fəaliyyət göstərən brend hotellərin baş menecerləri ilə müsahibələr silsiləsindən daha bir qonağımızı təqdim edirik. Suallarımızı “5+” kateqoriyalı “Excelsior Hotel Baku”nun baş meneceri Turhan Poyraz cavablandırır.
   
   - Turhan bəy, öncə özünüzü oxucularımıza təqdim edərdiniz...
   - Azərbaycanlı bir xanımla ailə həyatı qurmuşam, iki qız övladımız var. Artıq 12 ildir ki, Azərbaycanda yaşayıram. Bakıya ilk dəfə 2000-ci ildə gəldim. 2001-ci ildə burada öz şirkətimi qurdum və iş həyatıma başladım. Türkiyədə turizm və hotel idarəetməsi fakültəsini bitirmişəm. Məzun olduğum ilk illərdən bu sahədə fəaliyyət göstərmişəm. Türkiyədə məşhur “Hilton” hotelində uzun illər çalışdım. Onu da deyim ki, bu gün Türkiyədə ən bacarıqlı hotel menecerlərinin böyük əksəriyyəti “Hilton”un çətiri altından çıxıb, bu məktəbi keçiblər. Hotelçilikdə ən aşağı pillədən başlamışam, departament müdiri, baş menecerə qədər yüksəlmişəm. Ancaq 90-cı illərdə turizm sahəsindən uzaqlaşdım, reklam və marketinq sahəsində çalışmağa başladım. Azərbaycanda qurduğumuz şirkət də bu sahə ilə məşğul olurdu. Təbii ki, ilk əlaqə qurduğum sahə turizm və hotelçilik oldu. Turizm, marketinq, reklam işində konsaltinq xidmətləri göstərməyə başladıq, yeni hotellərin açılması işinə dəstək verdik. Bildiyiniz kimi, 2000-ci illərdə Azərbaycanda bu sahədə kadr qıtlığı hiss olunurdu. Biz hotellərin inşaat məsələlərindən dizaynına qədər layihələr hazırlayırdıq. Daha sonra hotellərə mal və xidmət satan yeni bir şirkət qurduq, onların yerli və əcnəbi kadrlarla təminatı məsələsində yardımçı olmağa çalışdıq. İndi baş meneceri olduğum “Excelsior Hotel Baku”da bizim konsaltinq xidməti göstərdiyimiz hotellərdən biri idi. Burada baş menecer kimi təxminən bir il əvvəl fəaliyyətə başlasam da, artıq uğurlu nəticələrimiz var. Əminliklə deyə bilərəm ki, bizim indiki vəziyyətimiz ölkə üzrə orta göstəricidən yüksəkdir. Otaqlarımızın 50 faizi daimi olaraq dolu olur.
   - Elə isə hoteliniz barədə bir qədər ətraflı danışın.
   - Öncə onu deyim ki, “Excelsior Hotel Baku” ölkədə yeganə “5+” kateqoriyalı hoteldir. Bu isə o deməkdir ki, burada deluxe hotelə xas olan bütün müsbət keyfiyyətlər ən yüksək səviyyədə qonaqlarımıza təqdim olunur. Hotelimizin daxili və zahiri tərtibatı klassik üslubdadır və bu, deluxe hotellərə xas olan ortaq cəhətdir. Burada beynəlxalq səviyyədə nəzərdə tutulmuş bütün xidmətlər müştərilərə təqdim edilir. Restoranımız, barımız, banket və konfrans zalımız, spa mərkəzimiz fəaliyyət göstərir, qapalı və açıq hovuzlarımız, trenajor zalımız, tennis kortu və digər xidmətlərimiz daimi olaraq qonaqların ixtiyarındadır. Hotelimizdə 62 otaq var, onlardan 8-i suit, 8-i isə juniordur. Bizim hoteldə ölkədə yeganə 350 kvadratmetr sahəsi olan kral suit yerləşir. Kral suitin ayrıca təhlükəsizlik sistemi, xüsusi lifti və qarajı var.
   - Lüks hotellərin çoxluq təşkil etdiyi indiki məqamda sizin üçün rəqabət aparmaq çətin deyil ki?
   - Xeyr, çətin deyil. Düzdür, müştəri qıtlığını hiss edirik, ancaq Azərbaycanın gələcəyi Dubay modelidir. Ölkə rəhbərliyi də Bakını dünyanın turizm, mədəniyyət, nəqliyyat və alış-veriş mərkəzinə çevirməyi düşünür və bu sahədə də böyük işlər görülür. Bu səbəbdən ölkədə lüks kateqoriyalı hotellərin açılması vacibdir və bu, gələcəyə hesablanmış addımdır. Bir insan qonaq qəbul etməzdən əvvəl evini səliqəyə saldığı kimi, ölkələr də ilk öncə turizm infrastrukturunu yaratmalı, gələn turistləri məmnun yola salmalıdırlar. Əks təqdirdə, bu, ölkənin nüfuzuna mənfi təsir etmiş olar. Mənim 2000-ci illər yaxşı yadımdadır. Regionlarda hotel yox idi. İcra hakimiyyətləri böyük çətinliklə bizi qalacaq yerlə təmin edirdilər. Ancaq indi demək olar ki, bütün rayonlarda müasir hotellər inşa edilib. Türkiyə də turizmdə eyni mərhələni keçib. Biz də o zaman Yunanıstana baxıb qibtə edirdik, ancaq dövlət dəstəyi, müəyyən proqramlar və infrastrukturun qurulması ilə bu gün Türkiyə böyük turizm mərkəzinə çevrilib.
   - Lüks hotel eyni zamanda yüksək səviyyəli xidmət deməkdir. Xidməti necə, eyni səviyyədə təşkil edə bilirsinizmi?
   - Bu məsələdə bir az əskik tərəflərimiz var. Bu gün Azərbaycanda hotel binalarının tikintisinə, onların böyük zövqlə tərtib olunmasına böyük önəm verilir. Bununla yanaşı, unutmaq lazım deyil ki, sizin ən möhtəşəm hotelinizdə belə standartlara cavab verən xidmət səviyyəsi qurulmasa, bunun heç bir önəmi olmaz. Kadr baxımından müəyyən çətinliklər yaşayırıq. Azərbaycan Turizm İnstitutunda ixtisaslı kadrlar hazırlansa da, bu, yeni açılan hotellərin kadrla təmin olunmasına kifayət etmir. Digər məsələ isə Azərbaycanda insanların xidmət sektoruna yanaşması ilə bağlıdır. Hotelçiliyə hələ də prestijli iş kimi baxmayanlar var. Bu işin öz çətinlikləri var. Xidmət sektoru vaxt, səbir, təmkin tələb edən sahədir. Bizim Türkiyədəki “Hilton” hotelində iş günümüz çox uzun idi. Gecə yarısı işdən çıxırdıq, bayramları iş başında olurduq. Ancaq burada elə deyil. İnsanların iş saatı bitdikdə, o dəqiqə iş yerini tərk edirlər. Yeni əməkdaşlar cəlb edirik, onlara işi öyrətməyə çalışırıq, amma yarım ay tamam olmamış işdən ayrılırlar. Soruşuram, niyə çıxırlar, deyirlər ki, iş ağırdır.
   Digər bir vacib məsələ isə nəqliyyatdır. Bakı şəhərində ictimai nəqliyyat yaxşı təşkil olunsa da, rayonlarla bağlı hələlik bunu demək tezdir. İnsanlar daha çox taksilərdən istifadə etmək məcburiyyətində qalır. Avropa və digər inkişaf etmiş ölkələrdə taksi bahalı və çox az istifadə olunan nəqliyyat vasitəsidir. Məsələn, Qəbələni internetdə görüb bəyənən turist Bakıya gəldi, amma rayonlara necə gedəcək. Turistlər ictimai nəqliyyatdan rahat istifadə edib hava limanına və digər yerlərə tez bir zamanda çatmaq istəyir. Düzdür, bu həm də şəhərin yenidən qurulması ilə bağlıdır, ancaq qısa müddətdə həll olunmalı məsələlər sırasındadır. Biz “Excelsior Hotel Baku” olaraq şəhərin mərkəzinə ayrıca avtobus ayırırıq ki, müştərilərimiz rahat hərəkət edə bilsinlər.
   - Sizcə, mövcud resursları nəzərə alaraq ölkədə hansı turizm sahələri daha çox inkişaf etdirilməlidir?
   - Bildiyiniz kimi, Azərbaycanda hələlik turizm əsasən Bakı ilə məhdudlaşır və ana istiqamət də biznes turizmidir. Sadə turistləri cəlb etmək üçün əlavə imkanlar olmalıdır. Real yanaşsaq, turistləri dəniz, təbiət, tarix, mədəniyyət, qış turizmi imkanları və müasir əyləncə və alış-veriş mərkəzləri cəlb edir. Dəniz baxımından alternativlərlə müqayisə etsək, o qədər də böyük resurs görmürəm. Təbiət baxımından regionlarda böyük potensial var. Tarix, mədəniyyət, musiqi baxımından üstünlüklər mövcuddur. Qış turizmi ilə bağlı Qusarda böyük işlər görülür. Müasir ticarət və əyləncə mərkəzləri isə Bakıda tikilməkdədir. Məncə, təbii imkanlardan daha çox istifadə edilən turizm sahələrinə yönəlmək lazımdır. Regionların təbiəti, müalicə turizmi əsas istiqamətlərdən ola bilər. Azərbaycanda bir çox şəfalı sular və müalicəvi neft var. Bunlardan səmərəli istifadə etmək lazımdır. Qış turizmi canlandırılmalıdır ki, ölkəyə ilboyu turist cəlb etmək mümkün olsun. “Şahdağ” turizm kompleksi bu baxımdan gözəl nümunədir. Bu işi digər bölgələrdə də həyata keçirmək olar. Türkiyədən nümunə göstərim. Uludağda onlarla qış turizm mərkəzi fəaliyyət göstərir və kifayət qədər də turist cəlb edə bilir. Dənizlə bağlı turizmi ancaq yerli turistlər və ən uzağı MDB ölkələri üçün mümkün hesab edirəm. Avropa və ya Asiyadan olan turistlər İtaliya, İspaniya, Türkiyə, Yunanıstan və ya Tailand kimi tanınmış dəniz turizmi ölkələrinə üstünlük verirlər. Bununla belə, bütövlükdə ölkənin və Bakının turizmlə bağlı gələcəyini dinamik görürəm və hesab edirəm ki, gələcəkdə də əsas sahə biznes turizmi olacaq. Çünki buraya daha çox iş imkanları üçün gəlirlər və biznes sahələri daha da genişlənir. Təbii ki, bununla bərabər digər turizm sahələrini də inkişaf etdirmək lazımdır. Gələcək iki-üç il nisbətən çətinliklər ola bilər, ancaq beş ildən sonra indi fəaliyyət göstərən bütün hotellər mənfəətlə işləyəcəklər.
   - 2015-ci il Avropa Oyunlarından bir hotel olaraq nə gözləyirsiniz?
   - Belə beynəlxalq tədbirlər ölkənin tanıdılması, turizmin təbliği baxımından əvəzsizdir. Bundan əlavə, 2015-ci il üçün görülən hazırlıqlar, yenidən qurulan infrastruktur ölkənin özü üçün də faydalıdır. Bu cür tədbirlər ölkədə 5-10 ilə görüləcək işlərin daha tez bir zamanda tamamlanmasına gətirib çıxarır. Bundan əlavə, Azərbaycanın da artıq dünyadakı mövqeyi, statusu dəyişib. “Eurovision” müsabiqəsi sübut etdi ki, burada ən böyük beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etmək olar. Bu baxımdan “Eurovision”la müqayisədə 2015-ci il Avropa Oyunlarına daha çox turist gələcək və ölkə özünü dünyaya daha geniş göstərmiş olacaq. Bir məqamı da diqqətinizə çatdırım ki, “Eurovision” musiqi yarışması, ümumiyyətlə, böyük turist axını ilə müşahidə olunan yarışma deyil. Cəmi üç gün davam edən proqramın əsasən final gecəsinə gələnlər üstünlük təşkil edir. Ancaq Avropa Oyunları ən az yarım ay davam edəcək. Bu isə o deməkdir ki, paytaxt Bakı bir ay qonaq-qaralı olacaq. Bu səbəbdən dəqiq deyə bilərəm ki, 2015-ci il ölkə turizmi üçün həm təbliğat, həm də turist sayı baxımından uğurlu il olacaq.
   
   Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar