Tədqiqatçı Mehmet Rıhtım: “Azərbaycanın XV əsrdə dünyaya ixrac etdiyi bu fəlsəfi məktəb-sistemin dəyərlərinə çağdaş dünyanın ehtiyacı var”
   
   Mehmet Rıhtım Türkiyənin Kayseri şəhərində doğulub. 1987-ci ildə Atatürk Universitetində ilahiyyat fakültəsini bitirib. 1997-ci ildə Azərbaycana gələrək Qafqaz Universitetində çalışmağa başlayıb. AMEA-nın Əlyazmalar İnstitutunda “Şərqdə Xəlvətiyyə ədəbi təsəvvüfi görüşlərinin təşəkkülü və Seyid Yəhya Bakuvinin yaradıcılığı” mövzusunda dissertasiya edərək filologiya elmləri üzrə fəlsəfə doktoru adını alıb. Azərbaycan və Türkiyədə ədəbiyyat və mədəniyyət tarixinə dair on kitabı çap olunub. “Seyid Yəhya Bakuvi və xəlvətilik”, “Mövlanə İsmayıl Siracəddin Şirvani”, “Evliya Çələbi səyahətnaməsində Azərbaycan”, “Folklor və təsəvvüf lüğəti” və digər nəşrlərin müəllifidir.
   
   Hazırda Qafqaz Universiteti nəzdində fəaliyyət göstərən Qafqaz Araşdırmaları İnstitutunda direktor vəzifəsində çalışmaqla yanaşı, elmi araşdırmalarını davam etdirməkdədir. UNESCO-nun yubileylər proqramı çərçivəsində Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyinin qeyd olunmasını, Bakuvi irsinə diqqətin artmasını nəzərə alaraq alimlə həmsöhbət olduq.
   
   - Necə oldu ki, Seyid Yəhya Bakuvi irsini araşdırmağa başladınız?
   - 1997-ci ildə Qafqaz Universitetində müəllimlik fəaliyyətimə başlayanda paralel olaraq elmi fəaliyyət barədə də düşünürdüm, lakin hələ istiqamət müəyyənləşdirməmişdim. Bir dəfə Şirvanşahlar sarayına getmişdim və orada bir türbə gördüm. Bilirdim ki, tarixən adına türbə tikilən insanlar mütləq böyük şəxsiyyətlər olur. Burada Seyid Yəhya Bakuvi adlı şəxsin məzarı olduğunu öyrəndiyimdə önümdəki pərdələr yavaş-yavaş qalxmağa başladı. Əvvəlcə bu barədə bir məqalə hazırladım. Bu istiqamətdə axtarışlarım zamanı Azərbaycan mənbələrində çox cüzi məlumatlar olduğunu gördüm. Sonrakı araşdırmalarım Seyid Yəhya Şirvaninin zamanının böyük sufi şeyxi olduğunu göstərdi. Türkiyə kitabxanalarında onun haqqında xeyli məlumatlara rast gəldim. Beləcə, bu istiqamətdə yola çıxaraq 15 ildir ki, araşdırmalarımı davam etdirirəm.
   - Seyid Yəhya Bakuvinin Xəlvətiyyə təlimi XV əsrdə Şərqə və Qərbə çox geniş arealda yayılmağa başlayıb. Hansı məqamlar insanları bu məktəbə bağlayırdı, inandıra bilirdi?
   - Sufi mütəfəkkir-övliyalar tarixdə çox olub. Amma özündən sonra məktəb qoyub gedənlər azdır. Bu təlimlər İslam dininə bağlıdır. Seyid Yəhya Şirvani Qurani-Kərim və hədislərə çox bağlı olub, bu müqəddəs mənbələr əsasında təliminin bünövrəsini formalaşdırıb. Onun təlimi çox güclüdür, çünki yolu doğru yol olub. Əslən əhli-beytə mənsub olan mütəfəkkir İslamdan xaric bir istiqamət almayıb. Bunları əməlində, davranışlarında qoruyub saxlayıb. Yanına gələnlər sözü, niyyəti və əməli doğru olan bu insandan elm alardı, irfan alardı. 20 minə qədər insan onun təlimi əsasında dərs alıb, onlardan 360-a qədəri getdikləri yerdə bu məktəbi tədris etməyə səlahiyyət qazanıblar. Bundan başqa, bu təlim tolerantlığa önəm verir, elmi təbliğ edir, milli-mənəvi dəyərləri qoruyur, ictimai dəyərləri inkişaf etdirirdi.
   Azərbaycanda dörd əsrlik tarixi keçmişdə sufizmin ictimai dəyərləri tərk edildi, unuduldu və ya yanlış izah edildi. Bir sistem kimi inkişaf edə bilmədi. Daha sonralar saxta sufi mürşidlər ortaya çıxaraq insanları aldatmağa başladı. Bunda Azərbaycanın Rusiya tərəfindən işğalı, bəzi İslam təriqət və məzhəblərinin də sufiliyə qarşı mənfi münasibətlərinin böyük rolu oldu.
   - Bu günlərdə Bakıda Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirildi. Tədbiri necə dəyərləndirirsiniz?
   - Simpozium UNESCO-nun yubileylər proqramı çərçivəsində təşkil olunmuşdu və bu, Seyid Yəhya Bakuvi ilə bağlı bu səviyyədə təşkil olunmuş ilk tədbir idi. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun birgə təşkil etdikləri konfrans yüksək dəyərləndirilməlidir. 10-dan artıq ölkədən 50-dək alim, tədqiqatçı bir masa ətrafına toplaşdı. Beynəlxalq simpozium nəticəsində Bakuvinin adı daha geniş ictimaiyyətə çatdırıldı. Bu tədbirin yeni tədqiqatlara töhfə verəcəyi qənaətindəyəm. Amma çox istərdik ki, elmi müzakirələrə daha çox vaxt verilsin və alimlər Azərbaycanda doğulmuş və artıq bəşəri bir dəyərə çevrilmiş Bakuvi haqqında öz araşdırmalarını geniş şəkildə təqdim edə bilsinlər. Yeri gəlmişkən, Bakuvinin irsinə həsr olunmuş www.seyidyahyashirvani.az saytı yaradılıb və bu yaxınlarda təqdimatı oldu. Bu faktı da yüksək qiymətləndirirəm.
   - Bakuvi ilə Mövlanə Rumi arasında necə münasibətlər vardır? Sufilərin cəmiyyətə təsirləri hansı formada olmuşdur?
   - Bakuvi də Mövlanə Cəlaləddin Rumi kimi məktəb sahibi, bir üstün şəxsiyyətdir. Düşüncələrinin ifadə gücü, ədəbi şəxsiyyət olaraq Mövlanə, təbii ki, fərqlidir. Bu iki mütəfəkkirin mənəvi dünyası və düşüncə sistemləri eynidir. Amma yayılma və yetişdirdiyi mühüm şəxsiyyətlər baxımından Bakuvinin məktəbi Xəlvətilik Mövləvilikdən daha geniş yayılmışdır. Türk və İslam dünyasında ən çox yayılan sufi məktəbi Xəlvətilik olmuşdur. Dünyanın ən müxtəlif ölkələrində Xəlvətilik məktəbinin izləri mövcuddur.
   Əslində sufilik, xüsusilə də Xəlvətilik insanların bir çoxunun düşündüyü kimi gizli bir məktəb, özünə qapanma deyil, onun çox fərqli yönləri vardır. Sufilik eyni zamanda ictimai bir sistemdir. Cəmiyyətin hər təbəqəsinə nüfuz edib təlim verən, müəyyən mənada tərbiyələndirən pedaqoji bir məktəbdir. Tədqiqatlar göstərir ki, sufi cərəyanına mənsub olan insanlar cəmiyyətə yaxşı nümunə olublar. İctimai həyatda tolerantlığı, insanların bir-biri ilə yaxşı davranmasını, dinlərarası hörməti təbliğ ediblər. Seyid Yəhya Bakuvinin təlimi həm də bir fəlsəfi məktəbdir. Bu fəlsəfəyə müasir dünyanın çox ehtiyacı var.
   Müasir dünya inanmağa, dostluğa, sevgiyə, barışa, mənfəətdən uzaq münasibətlərə, yardımlaşmağa həsrətdir. Bu o demək deyil ki, sufilər o dönəmdə bütün bunların hər birinə nail ola bilmişdilər. Amma bu təlimi təbliğ edənlər ən azından yaşadıqları mühitdə müsbət atmosfer yarada bilirdilər.
   - Bakuvinin yubileyi ilə bağlı daha hansı tədbirlərin keçirilməsi nəzərdə tutulur?
   - Seyid Yəhya Bakuvi irsinin və yaradıcılığının daha geniş təbliği məqsədilə bu il daha bir beynəlxalq simpoziumun keçirilməsinin vacibliyini hiss edirik. Dekabr ayında müxtəlif təşkilatlarla birgə bu tədbiri təşkil edəcəyik. Məhz belə elmi konfranslar göstərir və təbliğ edir ki, sufilik təsbeh çevirərək yaşamaq deyil, cəmiyyətin bütün təbəqələrinə təsir edə bilən sistem-məktəbdir. Bu məktəbin təsiridir ki, müxtəlif ölkələrdən insanları çəkib buraya gətirib. UNESCO kimi bir təşkilatın da diqqətini çəkib. Bu gün dünyanın müxtəlif ölkələrində Xəlvətiyyə təliminə bağlı insanlar var. Onlar bir çox hallarda intellektual təbəqəyə mənsubdurlar, sosial-ictimai həyatda aktiv şəkildə fəaliyyət göstərirlər. Onlar cəmiyyətdə yaşayan sülhsevər, tolerant insanlardır. Onların fəaliyyətlərinin öyrənilməsinə ehtiyac var. Çünki Azərbaycan hələ XV əsrdə dünyaya özündə dinlər və mədəniyyətlərarası dialoqu ehtiva edən bu möhtəşəm islam anlayışını gətirib, inkişaf etdirib. Xəlvətiyyəni bu gün bir anlayış olaraq onlar təmsil edir. Bu, çox önəm daşıyır. Xəlvətilikdə İslam təfəkkürü, həyat sistemi var. Bu sistem müxtəlif ölkələrdə qorunmuşdur. Təəssüf edirəm ki, uzun illər Azərbaycanda bu istiqamətdə ciddi elmi araşdırmalar aparılmayıb. Bu irsi Azərbaycanın tədqiq etməsi, sahiblənməsi zəruridir. Bakuvi ilə bağlı bu il Türkiyənin İstanbul və Əskişəhər şəhərlərində, Parisdə toplantıların keçirilməsi də gözlənilir.
   - Bu il Bakuvinin “Şəfa əl-Əsrar” (“Sufiliyin sirləri”) əsərini yenidən nəşrə hazırladınız. Kitabın mövzusunu ümumiləşdirsək, Bakuvi nədən bəhs edir?
   - “Şəfa əl-Əsrar” dərin bir təsəvvüfi-fəlsəfi təfəkkürə sahibdir. Əsərdə mürşid-mürid əlaqələrinə dair şəfqətli bir həkimin xəstəsinin şəfa tapması üçün çırpınışları müşahidə edilir. Burada xəstə mənəvi dərdlərə düçar olmuşdur. Mürşid həkim onu şəfqətlə qucaqlayır və xəstə ruhunu mərhələ-mərhələ şəfa sirləri ilə müalicə edərək səhhətin zirvəsinə qaldırır. Bununla da kifayətlənmir, ona bütün şəfa sirlərini öyrədərək həkim dərəcəsinə çatdırır.
   Seyid Yəhya Bakuvi sağlam köklərimizdir, doğru düşüncəmizdir, zəngin mənəviyyatımızdır, tarixi irsimizdir. O, bizə əsl bizdən xəbər verir. Pozulmamış, deformasiya olmamış, təhrif edilməmiş əsl bizdən. Bizim dilimizlə, ruhumuzla danışır. Yad və yabançı fikirlər söyləmir. Zəhərli acı fikirlər deyil, təmiz, duru, saf və şirin fikirlər deyir. Onun sistemi və yolu dövrümüzün insanına uzaq və köhnə gələ bilər. Əslində o, fikrən, qəlbən, mənəvi dünyası etibarilə ölümsüzlər arasındadır. O, insanı aldatmaq üçün məntiq oyunları qurmur, zahiri-batini bir olan, aldatmayan həqiqətdən bəhs edir. Fitrətimizdən, daxili aləmimizdən xəbər verir. Ruhumuzu, qəlbimizi və düşüncəmizi təmizləmə, saflaşdırma yollarını göstərir. Hərislikdən, kinlərdən, nəfsani həvəs və arzulardan, düşmənçiliklərdən xilas olma yollarını istiqamət verir. Bəşəriyyət üçün faydalı, xeyirli, düzgün fərdlər olmağımızı istəyir. Halal yeməyi, doğru danışmağı, düzgün iş görməyi nəsihət edir. Məhəbbət, hörmət, şəfqət, köməkləşmə və səmimiyyət təlqin edir. Ruhumuzun mənəvi şifrələri onun sözlərində gizlidir. Onun fikir dünyasına səyahət etmək, arzu etdiyi məhəbbət dünyasını tanımaq üçün onun aləminə girmək lazımdır. O, bizə şərh etdiyi dünyagörüşü ilə bizi əslimizə dönməyimiz üçün səsləməklə yanaşı, bütün bəşəriyyətə qurtuluş müjdələri göndərir. Məhəmməd Peyğəmbərin (s.ə.s.) yolunda dosdoğru gedərək İmam Buxaridən İmam Əbu Hənifəyə, Hz. Əlidən Cəfəri-Sadiqə, Sührəverdidən Nizami Gəncəviyə, Əhməd Yəsəvidən Yunus Əmrəyə, Mövlanədən Şəms Təbriziyə uzanan sağlam və səhih bir mədəniyyət dünyasını bizlərə göstərir. Seyid Yəhya sonsuzdan gələn və sonsuzluğa gedən nəhayətsiz karvanın böyük bir sarbanıdır.
   
   Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar