Rathakit Manathat: “Azərbaycan və Tailand qədim və zəngin mədəniyyətə malikdir. İki xalqın mədəniyyətində bir çox oxşarlıqların olması bir-birimizi daha yaxından tanımağa kömək edir”
   
   Azərbaycan Respublikası ilə Tailand Krallığı arasında diplomatik münasibətlər 1992-ci ildə qurulsa da, ikitərəfli əlaqələrin inkişafı əsasən son illərə təsadüf edir. İki ölkənin illik ticarət dövriyyəsi təxminən 150 min dollar təşkil edir. Müqavilə-hüquq bazası hələlik iki ölkənin Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında protokoldan ibarətdir. Son illər bir neçə qarşılıqlı səfər gerçəkləşib, o cümlədən 2011-ci ilin aprelində Bakıda keçirilən I Dünya Mədəniyyətlərarası Dialoq Forumunda Tailandın mədəniyyət naziri Nipit İntarasombutun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Tailand Krallığı 2013-cü ilin mayında Bakıda gerçəkləşən II Dünya Forumunda da təmsil olunub. 2012-ci ilin noyabrında Tailandın, iqamətgahı Türkiyə olmaqla, eyni zamanda Azərbaycana yeni təyin olunmuş səfiri Rathakit Manathat etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edib.
   
   Hazırda isə ikitərəfli əlaqələr müxtəlif istiqamətlərdə, eləcə də mədəniyyət və turizm sahəsində inkişaf etdirilir. Bu günlərdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Bakıda, Gənc Tamaşaçılar Teatrında keçirilən “Tailand təcrübəsi - 2013” adlı mədəni tədbir ikitərəfli münasibətlər üçün əlamətdar hadisə oldu. Fürsətdən istifadə edib Tailand Krallığının Türkiyə və Azərbaycandakı səfiri Rathakit Manathata bir neçə sual ünvanladıq.
   - Cənab səfir, Azərbaycanla Tailand arasında münasibətlər necə inkişaf edir?
   - Ölkələrimiz arasında səmimi əməkdaşlıq qurulub. Avropa ilə Asiya arasında körpü rolunu oynayan Azərbaycan Cənubi Qafqazda Tailandın vacib tərəfdaşıdır. Azərbaycanın isə öz növbəsində Cənub-Şərqi Asiya regionu ilə əməkdaşlığa böyük önəm verməsi bizi çox sevindirir. İkitərəfli münasibətlərimizin əsasını iqtisadi əlaqələr təşkil edir. Lakin eyni zamanda xalqların bir-biriləri ilə daha yaxın ünsiyyət qurmalarında mədəni əlaqələr də mühüm yer tutur.
   - Yəqin ki, “Tailand təcrübəsi - 2013” layihəsini mədəni əməkdaşlıqda ilk tədbir hesab etmək olar.
   - Əgər biz ikitərəfli əməkdaşlığın inkişafından danışırıqsa, xalqlarımız arasında mədəni əlaqələrin qurulması, onların bir-birlərini yaxından tanımaları çox vacibdir. Azərbaycanla Tailand arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub, qarşılıqlı əlaqələr isə son illərdə təşəkkül tapmağa başlayıb. Bu baxımdan mədəniyyət sahəsinə xüsusi önəm veririk. Sevindirici haldır ki, Mədəniyyət və Turizm Nazirliyi bizim Bakıda belə bir tədbir keçirmək təşəbbüsümüzə dəstək verdi. Tədbirin məqsədi Tailand incəsənətinin, mədəniyyətinin unikallığını Azərbaycan tamaşaçısına göstərmək idi. Bu, Bakıda Tailand mədəni irsinin ilk təqdimatı idi. Ümumiyyətlə, belə tədbirlər vasitəsilə insanlar bir-birilərini daha yaxından tanıyırlar, tarixlərinə, mədəniyyətlərinə bələd olurlar. “Tailand təcrübəsi” tədbirində təşkil edilən sərgiyə insanların maraq göstərməsi məni fərəhləndirdi. Azərbaycanlılar bizim musiqilərimizi canlı şəkildə dinləmək, əl işlərimizi görmək imkanı əldə etdilər. Hesab edirəm ki, qarşılıqlı səfərlər, belə tədbirlər mədəniyyət və turizm əlaqələrini inkişaf etdirmək üçün gözəl vasitədir. Bir sözlə, tədbir əməkdaşlığımızın bariz nümunəsi oldu.
   Biz Azərbaycanı Avropaya açılan bir qapı hesab edirik. Ona görə də Azərbaycanda diplomatik nümayəndəliyin açılmasını da müzakirə edirik. Mən deyərdim ki, Azərbaycana səfərim, eyni zamanda bu tədbir artıq iki dövlətin insanlarının bir araya gəlməsi, tanışlığıdır. Ümid edirəm ki, gələcəkdə ölkələrimizdə qarşılıqlı olaraq mədəniyyət günləri də keçiriləcək. Çünki Azərbaycan və Tailand qədim və zəngin mədəniyyətə malikdir. İki xalqın mədəniyyətində bir çox oxşarlıqların olması bir-birimizi daha yaxından tanımağa kömək edir. Çünki mədəniyyət xalqları yaxınlaşdırmaq üçün ən gözəl vasitədir.
   - Azərbaycan mədəniyyətinin də Tailandda tanıdılması üçün belə tədbirlərin təşkili nəzərdən keçirilirmi?
   - Bu, əhəmiyyətli məqamdır və mən bunu çox istərdim. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Tailanda səfər etməsini istərdik. İstərdik ki, Azərbaycan da bizim ölkəmizdə belə bir mədəniyyət tədbiri keçirsin. Tailand Asiyanın bir hissəsidir. Azərbaycan bizim ölkə vasitəsilə öz imkanlarını böyük bir regionda təqdim edə bilər. Tailand həm də inkişaf etmiş turizm ölkəsidir. Bu baxımdan Azərbaycandan çoxlu sayda turistin Tailanda səfər etməsini istərdim.
   - Sizcə, Azərbaycan turisti üçün Tailandda cəlbedici ola biləcək məqamlar hansıdır?
   - Tailandı hər il milyonlarla turist ziyarət edir. Tibbi turizm, biznes turizmi ölkəmizə daha çox insan cəlb edir. Tailanda gələn turistlər qonaqpərvərliklə, isti münasibətlə rastlaşırlar. Tailandda dəniz sahilində dincəlmək də çox əlverişlidir. Ölkəmizdə çimərlik turizmində ən yüksək xidmət mövcuddur. Mən böyük məmnuniyyətlə Azərbaycanla Tailand arasında turizm əlaqələrinin qurulmasını, genişləndirilməsini istərdim. Bizim ölkəmizin turist sənayesi uzun illərdir ki, qurulub, bu sahədə böyük təcrübəmiz var. İstərdik ki, qarşılıqlı təcrübə əsasında əlaqələrimizi genişləndirək. Azərbaycanlılar da özlərini asiyalı hesab edirlər. Müasir Mərkəzi Asiya regionu ölkələrində indi qaz və neft sahəsi geniş inkişaf edib. Azərbaycan da həmçinin dünyaya neft ixrac edən ölkələrdən biridir. Tailandda bu sahədə çoxlu sahibkarlar var. Deməli, bizim əməkdaşlığımız üçün çoxlu imkanlar mövcuddur.
   - Səfir kimi Azərbaycana ara-sıra gəlirsiniz. Ölkəmizin tarixi məkanlarına, regionlarımıza baş çəkmək imkanınız olubmu?
   - Mən artıq dördüncü dəfədir ki, Azərbaycana gəlirəm. Bakını gəzmişəm, dəniz sahilində olmuşam. İçərişəhər və oradakı qədim karvansaralar, hamamlar, xüsusilə Qız qalası çox xoşuma gəldi. Azərbaycanda olmağımdan çox məmnunam və bura tez-tez gəlmək istərdim. Səfər proqramım həmişə çox sıx olur və ona görə hələlik bölgələrinizə gedə bilməmişəm. Mənim Bakıda çoxlu insanlarla görüşlərim olub və onlarla qarşılıqlı investisiya məsələlərini müzakirə etmişik. İstərdim ki, gələn səfərlərimdən birində ölkənin görməli yerlərinə səfərlər edim. Bakı təkcə Azərbaycan deyil. Digər şəhərləri gəzmək və onların özəlliklərindən zövq almaq istərdim. Burada Azərbaycan mətbəxinin də dadına baxdım və zövq aldım. Azərbaycanlılar çox xoşuma gəlir. Onlar da bizim insanlar kimi qonaqpərvər, istiqanlıdırlar. Ölkəyə gələn əcnəbilərə kömək etmək istəyirlər. Deyərdim ki, bax elə bu da xalqın özəlliklərindən biridir.
   
   Mehparə






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar