“Bakı-Ceyhan neft kəməri kimi İstanbul-Bakı teatr xəttini qurmağı arzulayıram”
   
   İyun ayı bir çox mədəni hadisələrlə yadda qaldı. Onların içərisində ən möhtəşəmi isə Azərbaycan peşəkar milli teatrının 140 illiyinin təntənəli şəkildə qeyd edilməsi oldu. Bu sənət bayramında iştirak etmək üçün türk dünyasının tanınmış teatr xadimləri şəhərimizdə qonaq oldular.
   UNESCO-nun nəzdində Beynəlxalq Teatr İnstitutunun Teatr Təhsili və Treninq Komitəsinin “Avropa mədəniyyət paytaxtları” elçisi, İstanbul Dövlət Teatrının beynəlxalq münasibətlər üzrə koordinatoru, dramaturq və teatrşünas Emre Erdem də qonaqların sırasında idi. Onunla söhbətimiz teatr və bu sahədə əməkdaşlıq layihələri barədə oldu.
   
   - Emre bəy, Bakıya neçənci gəlişinizdir? Azərbaycan teatrı ilə nə dərəcədə tanışsınız?
   - Bir teatrşünas kimi əsas vəzifəm teatrımızı və mədəniyyətimizi dünyada, fərqli qitələrdə tanıtmaqdır. Bu günə kimi münsiflər üzvi olaraq UNESCO-nun bir çox teatr layihələrində iştirak etdim. Bakıya ilk dəfə 2010-cu ildə Beynəlxalq Teatr Konfransının iştirakçısı olaraq gəldim və buradakı sənət mühiti məni özünə cəlb etdi. Azərbaycan teatrı məndə böyük təəssürat yaratdı. Bu, Bakıya üçüncü gəlişimdir. Azərbaycan teatrının köklü, 140 illik peşəkar sənət tarixi var. Bu, damarları ağac kimi dərinliyə kök salmış bir mədəniyyət deməkdir. Ən önəmlisi odur ki, Bakıda baş tutan I Beynəlxalq Teatr Konfransı müxtəlif ölkələrdən gəlmiş sənət adamlarına Azərbaycan teatrını tanıtdı. Ölkənin demokratik, mədəni zənginliyi bütün dünyadan tanıdığım teatr insanlarını da sevindirdi. Azərbaycan peşəkar teatrının 140 illiyində yenidən Bakıya dəvət almağım məni çox sevindirdi. İnşallah, neçə belə illər əl-ələ verərək iki dost və qardaş ölkənin önəmli qarşılıqlı teatr layihələrini ərsəyə gətirmək istərdim.
   - Birgə layihələrlə bağlı konkret plan və təşəbbüsləriniz varmı? Bu barədə hansısa görüşləriniz olubmu?
   - Mədəniyyət və turizm nazirinin müavini hörmətli Ədalət Vəliyevlə görüşümüz oldu. Türkiyənin də mədəniyyət və turizm naziri ilə görüşüb 2014-cü ildə İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərimizdə Azərbaycan mədəniyyəti ayını gerçəkləşdirmək istəyirəm. Bu bir ay müddətində Azərbaycanın zəngin mədəni irsinə həsr olunmuş tədbirlər - teatr tamaşaları, kino, musiqi, muğam, Azərbaycan mətbəxi və s. əhatə edəcək böyük bir təşkilati işi reallaşdırmaq istəyirəm. Biz, bir-birimizi yaxın dost və qardaş kimi tanımaqdan əlavə, həm də mədəniyyət sahəsində də bir örnək olmalıyıq. Azərbaycanla Türkiyəni bağlayan bir körpü olan Bakı-Ceyhan neft kəməri kimi İstanbul-Bakı teatr xəttini qurmağı arzulayıram. Yəni biz azərbaycanlı sənətçiləri İstanbulda görək, Azərbaycanda isə Türkiyə teatrı ilə yaxından tanış olsunlar, yazarlar, teatrşünaslar görüşsünlər. Bütün bunlar həyata keçiriləsi böyük layihələrdir. Yəni bu ideyalar o qədər də böyük zəhmət tələb etməz. Önəmli olan hədəflərimizi düzgün istiqamətləndirməkdir. Avropa ölkələri və yaxud da ətrafımızda olan ölkələr bir şəbəkə içərisində çalışırlar. Bunu biz niyə etməyək? Yaxın olan dostluğumuzu biz daha da yaxınlaşdıraq. Azərbaycanda Türkiyənin, Türkiyədə də Azərbaycanın bir çox sahələrdə yatırımları var. Niyə mədəniyyət sahəsində belə bir münasibətlər qurulmasın? İş adamlarını da cəlb edib mədəniyyətin iqtisadiyyatla birlikdə baş-başa irəliləməsi xəttini çəkməliyik. Biz mədəniyyət bayrağımızı göylərə çəkib bu işləri görə bilsək, qarşımıza çıxan bütün çətinlikləri aradan qaldıra biləcəyik. Bakıda keçirilən ilk Beynəlxalq Teatr Konfransı qapıları açdı, insanların belə bir mədəni mərkəzdə görüşmələrinə imkanlar yaratdı. Bu da öz töhfəsini zaman-zaman verəcəkdir. Bu cür konfranslar ölkəni tanıdır və belə fürsətləri dəyərləndirmək lazımdır. 2012-ci ildə Bakıda gerçəkləşən “Eurovision” yarışması da ölkəniz üçün böyük bir qazanc idi. Ölkənin imicinə, onun dünya arenasında tanınmasına və xarici ölkələrin Azərbaycana münasibətinin dəyişməsində böyük əhəmiyyət kəsb edirdi.
   - Hazırda ikitərəfli mədəni əlaqələrimizi bir teatrşünas kimi necə dəyərləndirirsiniz?
   - Azərbaycan sürətlə inkişaf edən bir ölkədir. Paytaxt Bakı inanılmaz şəkildə böyüyən, yenilənən bir dünya şəhəridir. Avropanın ən gözəl şəhərləri ilə belə yarışa biləcək bir şəhəriniz var. 140 illik bir teatrınız, tarixi bir əsri aşan operanız, zəngin musiqiniz, ədəbiyyatınız var. Mədəniyyəti dünyaya tanıtmaqdan ötrü ən böyük məqsədimiz əl-ələ verməkdir. Bakıya səfərlərimdən əldə etdiyim mühüm uğurlardan biri Azərbaycan teatrlarının Konyada keçirilən Beynəlxalq Teatr Festivalına sürəkli dəvət olunmalarıdır. Bu bizim üçün böyük bir qazancdır. Teatr xadimləriniz İsrafil İsrafilov və Azər Paşa Nemətov Türkiyədə oldular, teatr adamları ilə görüşdülər. Ədalət Vəliyevin Azərbaycan teatrı haqqında kitabları türk dilinə tərcüməyə hazırlanır. Bilirəm ki, çox dəyərli rejissorlarınız türk yazarlarının əsərlərini səhnəyə qoyublar. Mənim üçün ən önəmli olan qarşılıqlı fikir alış-verişi, iki ölkənin teatrını dünyada tanıtmaqdır. Məsələn, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında məşhur İsveç yazarı Astrid Lindqrenin eyniadlı pyesi əsasında “Balaca və damda yaşayan Karlson” tamaşası hazırlanıb. Bu yazıçının Stokholmda bir fondu var. Niyə bu tamaşanı orada nümayiş etdirməyək? Bunu sevə-sevə həyata keçirəcəyəm. Mətbəxdə özümüz hazırlayıb özümüz yeməməliyik, türk mədəniyyətini həm də dünyaya tanıtmalıyıq. O zaman bizim özəlliklərimizi, fərqliliyimizi dünyaya tanıda biləcəyik. Bilirəm ki, Mədəniyyət və Turizm Nazirliyiniz çox aktiv şəkildə dünyanın hər bir ölkəsi ilə mədəni əlaqələri uğurla davam etdirir. İstəyirik, biz də bu işə dəstək olaq və mədəniyyətimizi daha da yüksəklərə qaldıraq.
   - Azərbaycan dramaturqlarının yaradıcılığı ilə tanışsınızmı?
   - Xalq yazısı Elçinin əsərlərini oxumuşam. Onun əsərləri çox geniş tamaşaçı kütləsini cəlb edə bilir.
   - Bəs bizim teatr rejissorları ilə işbirliyini necə qurmaq fikrindəsiniz?
   - Teatrda, əlbəttə ki, əsas məsələlərdən biri də rejissor işidir. Birgə layihələr üçün rejissorlar hər iki mədəniyyətə dərindən bələd olmalıdırlar ki, ortaya maraqlı tamaşa qoya bilsinlər. Birgə layihədə gənc dramaturqların da dəstəklənməsini çox istəyirəm. Layihə əsasında hədəflərimizi ortaya qoya biləcəyik. Məsələn, üç il ərzində bir filmimi çəkəcəyik, kitab çap edəcəyik və s. Nəzərdə tutduqlarımızı mərhələli şəkildə həyata keçirmək niyyətindəyik. Bütün bu işlərlə əlaqədar Türk Təhsil Vəqfinin də fikrini öyrəndim və onların da istəyi gənclər üçün qarşılıqlı təqaüdlərin ayrılmasıdır.
   - Sözsüz ki, qarşılıqlı mədəni əlaqələrimiz həmişə olub və uğurla davam edir. Siz bu əlaqələrə hansı yeniliklər gətirmək istəyirsiniz?
   - Mədəni əlaqələrimizin inkişafında TÜRKSOY çox önəmli işlər görür. Eyni zamanda da xalqlarımızın əsrlərdən bəri mövcud olan münasibətləri bu əlaqələrə mühüm zəmindir. Mən kiçik-kiçik addımların deyil, daimi bir əlaqəyə ehtiyacımız olduğunu hiss edirəm. Xüsusən də teatr sahəsində. Azərbaycan teatrında məni sevindirən əsas cəhətlərdən biri odur ki, sovet dövründə teatrınız assimilyasiyaya uğramayıb, özünəməxsusluğunu qoruyub saxlaya bilib. Buna görə də hər hansı elmi bir toplantıda Azərbaycan dramaturgiyası, Azərbaycan aktyorluq və rejissorluq məktəbi deyilə biləcək bir səviyyəyə sahibsiniz. Bu zənginliyin bizim Türkiyədə də tanıdılması lazımdır. Düşünürəm ki, iki ölkə aktyorları üçün özəl yeni bir əsər səhnəyə qoymaq, birgə truppa yaratmaq olar. İki ölkə aktyorlarından ibarət truppanın digər ölkələrə qastrola çıxa bilməsinə şərait yaradıla bilər. Altı il əvvəl Finlandiyada bir festivalda münsif oldum. Beynəlxalq Qadın Teatrları Festivalı idi. Orada mənə dedilər ki, bu festivalı İstanbulda keçirmək daha məqsədəuyğun olardı. Hazırda fikirləşirəm ki, Bakıda da buna şərait var. Belə bir festival nədən Bakıda keçirilməsin. Bu feminizm deyil. Qadının söyləyə biləcəyi o qədər çox söz var ki... Bu layihəni burada gerçəkləşdirmək beynəlxalq qadın teatrlarının Bakıda görüşmələri çox böyük qazanc olur. Bu fikrimi hörmətli nazir müavini Ədalət Vəliyevə bildirdim, geniş teatr ictimaiyyətinə isə ilk dəfə sizin qəzetiniz vasitəsilə çatdırıram. Bu layihə həyata keçsə, böyük bir əks-sədaya səbəb ola bilər. Bu layihə ilə bağlı müvafiq danışıqlar aparmağı düşünürəm. Əl-ələ verib birgə görəcəyimiz işlər çoxdur. Mən çox şadam ki, İstanbulun ən gözəl yerində Heydər Əliyev parkı və küçəsi var, eləcə də Bakıda Atatürk Mərkəzi, Atatürk prospekti, ölkələrimizin qardaşlığını yaşadan çoxlu təsisatlar var. İnanıram ki, görəcəyimiz işlər gələcəyə bir yatırım olacaq və gələn nəsillər də bunlardan bəhrələnəcəklər.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar