“Mən filmi hisslərimi, duyğularımı nəzərə alıb çəkirəm. Hər hansı bir epizodu hiss eləməsəm, kim nə deyirsə-desin, çəkmirəm. Ürəyimdə çəkmək istədiyim, amma çəkə bilmədiyim filmlərin sayı qat-qat çoxdur”
   
   ... Onun kinoda uğuru “Baladadaşın ilk məhəbbəti”ndən başladı. “Qızıl uçurum”u keçib, “Yuxu”nu gerçəkləşdirdi, “Ölüm növbəsi”ni çəkdi...
   ... Onun rejissor xoşbəxtliyi ondadır ki, əlçatmaz arzuların dalınca qaçmadı, olanları olduğu kimi, duyduğu kimi, hiss etdiyi kimi çəkib tamaşaçıya təqdim etdi...
   ... Qismətinə on ildən bir film çəkmək düşsə də, içində “ölən” filmləri də az olmadı.
   Beləliklə, həmsöhbətimiz ömrünün 73-cü yayında beşinci ekran əsərini - “Polkovnikin xəzinəsi” filmini çəkməyə hazırlaşan Əməkdar incəsənət xadimi, tanınmış rejissor Fikrət Əliyevdir.
   
   - Hər şey yoldan başlayır, gedirsən, ancaq qarşıda səni nə gözləyəcəyini bilmirsən...
   - Qismət. İnsan yolla gedir, kimsə qarşısına çıxıb yolunu döndərir. Ya gedib uğur qazanır, ya da... Mənim qismətimə Ədil İsgəndərov (Adil İsgəndərovun zamanında yaşayanlar böyük sənətkarın adını həmişə belə tələffüz edirlər) çıxdı. O vaxtlar Ədil müəllimi Akademik Dram Teatrından uzaqlaşdırmışdılar, kino sahəsinə keçməyə hazırlaşırdı, Moskvada bu sahə üzrə təcrübə keçirdi. 1959-cu ildə Ədil İsgəndərov ilk dəfə Azərbaycanda kino kursu açdı. Kursa gələnlərin sayı yüzlərlə olsa da, ələyib aralarından 30-40 nəfəri seçdilər. O vaxt mən də müsabiqəyə getmək istəyirdim, başımı qırxdırmışdım, dedilər ki, bu görünüşdə səni götürməzlər. Amma “ya qismət” deyib getdim və müsabiqədən keçdim. Hamlet Xanızadə, Səfurə İbrahimova da o kursda oxuyurdular.
   
   Kino kursu mebel fabrikində işləyən 20 yaşlı gəncin gözləri qarşısında yeni bir dünya açır. O, kino adlı sehrli bir dünyadan heç vaxt uzaqlaşa bilmir...
   
   - Sovet dövründə belə bir qanun var idi ki, kim instituta sənəd verirdisə, ona bir ay məzuniyyət verirdilər. 1962-ci ildə mən də sənədlərimi indiki Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə verəndən sonra məzuniyyət götürüb Moskvaya getdim. Bakıya qayıdanda imtahan verib qəbul oldum. Kursda cəmi üç nəfər - Amaliya Pənahova, Elxan Qasımov və mən imtahanların üçündən də beş almışdıq. Biz Ədil İsgəndərovun qrupuna düşdük.
   İnstitutu bitirəndə bütün uşaqlar təyinatlarını almışdılar, amma mən Zaqatalaya getmək istəyirdim. O vaxt Ədil müəllim kinostudiyanın direktoru idi. Getdim onunla xudahafizləşməyə, dedim, bəs mən Zaqatalaya gedirəm. Dedi, qadam, mən sizə bir belə dərs vermişəm, istəyirəm bura gələsiz, burda yeni kadrlara ehtiyac var. Mən sizi Moskvaya oxumağa göndərəcəm. Dedim, yox, mən getmək istəyirəm. Dedi, get, sağ-salamat. Otaqdan çıxdım, qəbul otağında ayaq saxladım, qayıtdım təzədən Ədil müəllimin yanına, dedim, səhv eləmişəm, elə burda işləyəcəm.
   Sonra Ədil müəllim bizə ev verdi, Moskvaya oxumağa göndərdi, arxamızda durdu, qayğımıza qaldı. Onun kinostudiyadan getməyi təkcə kino üçün yox, bütün Azərbaycan mədəniyyəti üçün itki oldu.
   
   “Dəli Kür”dəki Şamxal
   
   Beləcə yollar kinostudiyaya gətirir. İlk dəfə Arif Babayevin “İnsan məskən salır” filmində assistent kimi işləyir. Arif Babayevin çəkdiyi “Uşaqlığın son gecəsi” və “Gün keçdi” filmlərində isə rejissor kimi özünü sınayır. Eyni zamanda filmlərə aktyor kimi dəvət alır. 1967-ci ildə Şamil Mahmudbəyov onu “Torpaq. Dəniz. Od. Səma” kinonovellasında Murad roluna çəkir. İki il sonra “Dəli Kür” filmində Şamxal rolu isə Fikrət Əliyevin aktyor kimi kinoda ən yaddaqalan və son rolu olur.
   
   - “Dəli Kür” romanı çap olunanda böyük əks-səda yaratmışdı. Roman əsasında film çəkiləcəyini eşidəndə ürəyimdən keçdi ki, məni Şamxal roluna çəkməyəcəklər, heç olmasa Əşrəf roluna çəksinlər. Ancaq ssenari hazır olanda məlum oldu ki. Əşrəf rolunu filmə salmayıblar. Bir nəfər aktyoru Şamxal roluna təsdiq elədilər, hətta onun üçün kostyum da tikdirdilər. Günlərin birində rejissor Hüseyn Seyidzadə dedi ki, bəs Gəncədə bir aktyor var, gərək onu da sınaq çəkilişinə dəvət edək. Dedilər, elədisə onda Fikrətə də şans verin. Belə də oldu. Mən pavilyondan çıxmamış Arif Babayev mənə dedi ki, Hüseyn Seyidzadə koridorda qışqırır ki, Şamxalı tapdım.
   
   Fikrət Əliyev 1971-1972-ci illərdə Moskvada ali rejissorluq kurslarında təhsil alaraq “Azərbaycanfilm” kinostudiyasında yaradıcılığını davam etdirir.
   
   “Baladadaşın ilk məhəbbəti”
   
   - Mən Abşeronda böyümüşəm, 1951-ci ildən Pirşağıda bağımız var. Özüm üçün həmişə xırda-xırda qeydlər edərdim, heç ağlıma da gəlməzdi ki, bu qeydlər gələcəkdə diplom işim “Baladadaşın ilk məhəbbəti” filminin ilk ştrixləri olacaq. Filmin ssenarisini hörmətli yazıçımız Elçin yazdı. Baladadaş roluna aktyor seçəndə də təsadüfən bir nəfər dedi ki, bəs qonşumuzda maraqlı bir oğlan var, İncəsənət İnstitutunda oxuyur. Bu rol üçün başqa aktyorları sınasam da, sonda həmin oğlanı - Şamil Süleymanovu seçdim. Film alındı. Mən filmi hisslərimi, duyğularımı nəzərə alıb çəkirəm. Hər hansı bir epizodu hiss eləməsəm, kim nə deyirsə-desin, çəkmirəm.
   
   Uçuruma aparılan “Qızıl uçurum”
   
   - Ədil müəllim kinostudiyadan gedəndən sonra mənim günümü qara elədilər. Bir gün kinostudiyada redaktor işləyən Vaqif Vəlixanov məni yanına çağırıb dedi ki, bir ssenari var, heç kim qəbul eləmir. Baxdım ki, İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” povestindən ssenari yazılıb, başdan-ayağa melodramadır. Ssenarini təkrar oturub işlədik.
   
   “Qızıl uçurum” barədə maraqlı bir fakt da nəzərimizdən qaçmır. Fikrət Əliyev filmdə baş rolu Rasim Balayevə, yoxsa Əliabbas Qədirova verəcəyi barədə xeyli düşünməli olur.
   
   - Rasim Balayev çox böyük aktyordur, amma ona yetim paltarı geyindirəndə də bəy balası kimi görünürdü. Adam inanmırdı ki, yetim olub, kasıbçılıqda yaşayıb, sonra gəlib bəy olub. Bilinirdi ki, bu, quramadır. Amma Əliabbas köhnə, nimdaş paltar geyinəndə olurdu kəndçi balası, bəy paltarı geyinirdi, olurdu bəy balası. Bunu gərək duyasan, hiss eləyəsən.
   
   “Qızıl uçurum”un çəkilişləri uğurla başa çatsa da, filmin başı bəlalı olur.
   
   - Film çəkilib qurtaranda məni “vurdular”. Bəyənmirdilər, deyirdilər, zəifdir. Məni o həddə çatdırmışdılar ki, filmdən imtina eləmək istəyirdim. Moskvaya da göndərmək istəmirdilər. Amma “Qızıl uçurum” Azərbaycan kino tarixində mənim bildiyim yeganə filmdir ki, heç bir düzəliş olmadan qəbul edildi. Yadımdadır, əvvəlcə komissiya filmə baxdı, sonra nazir müavini gəlib dedi ki, bu necə filmdir ki, heç bir düzəliş edilməyib. Oturub tək filmə baxdı. Film qurtaranda məni təbrik edib dedi ki, səni Vilnüsdə Ümumittifaq kinofestivalında gözləyirəm.
   “Qızıl uçurum”un taleyi belə oldu (gülür). Mən hər on ildə bir film çəkirəm. Bu gün dörd filmim var, baxsınlar, desinlər ki, Fikrət, bu film zəifdir. Çünki mən filmdə ağalıq eləmirəm, filmin nökəri oluram.
   
   Gerçək “Yuxu”
   
   Fikrət Əliyevin “Yuxu” filmi də Bakı kəndlərinin birində baş verən gerçək həyatın yuxu lövhəsidir. Bu film də “Baladadaşın ilk məhəbbəti” kimi Abşeron koloritini əks etdirən ən gözəl ekran əsərlərimizdən biridir.
   
   - O filmdə biz özümüzük. Bir-birinə pislik də, yaxşılıq da eləyən özümüzük. Filmdə böyük sənətkarlarımız oynayıblar: Nəsibə xanım, Yaşar, Siyavuş, Gündüz Abbasov. Allah onlara qəni-qəni rəhmət eləsin.
   
   “Yeni film insan talelərindən bəhs edən ekran əsəri olacaq”
   
   Fikrət Əliyev yeni filmini - “Polkovnikin xəzinəsi”ni Adil İsgəndərovun əziz xatirəsinə ithaf etmək arzusundadır.
   
   - “Ölüm növbəsi”nin ssenarisini İlqar Fəhmi ilə birgə yazmışdıq. “Polkovnikin xəzinəsi”nin ssenarisini də birgə yazdıq. Filmin ideyası mənim beynimdə çoxdan var idi. 2009-cu il dekabrın 25-də Buzovnada yerləşən “Qocalar evi”nə getdim. Direktora bu barədə məlumat verdik. Mən bir ay orda qaldım, insanların taleyi ilə tanış oldum, o auraya düşdüm. Orda hər insanın taleyi bir filmdir. Bu ssenarini beş variantda yazdıq və sonda qərara gəldik ki, film komediya janrında olsun. Filmdə qarşıma belə bir məqsəd qoymuşam: insanlar bu filmə baxa-baxa gülsünlər, gülə-gülə ağlasınlar. Bu film insan talelərindən bəhs edən ekran əsəri olacaq. Əminəm ki, film çəkilib qurtarandan sonra orda yaşayan insanlar ona böyük məmnuniyyətlə baxacaqlar. İşimiz qaydasında getsə, inşallah, avqustun əvvəlində çəkilişə başlayacağıq.
   
   “Ürəyimdəki filmlər”
   
   Fikrət Əliyevin filmlərində sevgi ülvi şəkildə tamaşaçılara təqdim olunur. Ülvilikdən kənarda hər nə varsa, gözəlliyini itirir. Yağış da onun üçün gizli bir simvoldur. Nə yazıq ki, hər bir rejissorun çəkmək istədiyi, amma çəkə bilmədiyi, elə ürəyində dəfn etdiyi filmləri var.
   - Ürəyimdə çəkmək istədiyim, amma çəkə bilmədiyim filmlərin sayı ərsəyə gələn filmlərimdən qat-qat çoxdur. Çox arzulamışam ki, “Leyli və Məcnun”u çəkim. İstəmişəm, o filmdə ülvi məhəbbəti olduğu kimi tamaşaçılara çatdırım. Ürəyimdə qalan belə arzuların sayı onlarladır...
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar