“Milli kadrların hazırlanması bu gün ölkənizin turizm sənayesinin qarşısında duran bir nömrəli məsələdir”
   
   Ölkəmizdə fəaliyyət göstərən brend hotellərin baş menecerləri ilə müsahibələr silsiləsindən daha bir həmsöhbətimizi təqdim edirik. Suallarımızı “Sheraton Baku Airport Hoteli”nin baş meneceri Cavaid Aktar cavablandırır. Müsahibimizdən əvvəlcə özü haqqında məlumat verməsini xahiş etdik:
   
   - Adım Cavaid Aktardır, pakistanlıyam. Bir ilə yaxındır ki, “Sheraton Baku Airport Hoteli”nin baş meneceri işləyirəm. Həyat yoldaşımla birlikdə hoteldə bizim üçün ayrılmış mənzildə yaşayırıq. Bu sizə bir qədər qəribə gəlməsin. Brend hotellərin əksəriyyətində baş menecerlər hoteldə onlar üçün xüsusi ayrılmış mənzillərdə yaşayırlar. Bu, sutka ərzində işə nəzarət imkanı yaradır. Bundan əlavə, özünü həqiqətən ev sahibi, müştəriləri isə qonaq kimi hiss edə bilirsən. İki övladım var, hər ikisi Amerikada ali təhsil alır. Oğlum mənim sənətimi seçib. Ümid edirəm ki, bu sənəti layiqincə davam etdirəcək.
   - Ölkəmizlə bağlı təəssüratlarınız necədir?
   - Təəssüratlarım olduqca müsbətdir. Azərbaycanın tarixi irsi, mədəniyyəti, Bakının siması buraya gəldiyim ilk günlərdən məni valeh etdi. Paytaxtda bütün Azərbaycanın əksini görmək olur. Müasirlik, tarix, ənənə bir arada cəmləşib. Mən, demək olar ki, dünyanın bütün qitələrində fəaliyyət göstərmişəm, uzun müddət Daşkənddəki “Sheraton” hotelində çalışmışam. Bu baxımdan əminliklə deyə bilərəm ki, Azərbaycan MDB məkanında ən sürətlə inkişaf edən, modernləşən ölkədir. Eyni zamanda tarixilik, mədəniyyət, ənənə baxımından da Azərbaycan Misir kimi ölkələrlə müqayisə edilə biləcək məmləkətdir. Mən Misirdə bir müddət işləmişəm. Dünya turizm mərkəzlərindən birinə çevrilən Misir bu uğuru sadəcə qədim tarixi ilə qazanıb. İnsanlar buraya keçmişi, fironluq dövrünü, sfinks və ehramları görməyə gəlirlər. Azərbaycan isə həm mədəniyyət, həm də tarix baxımından daha zəngindir. Çünki burada islam, xristianlıq, Avropa mədəniyyəti, qədim İpək Yolu kəsişir. Bütün bu sadaladığım müxtəlifliklər turistlər üçün maraqlıdır. Bundan əlavə, Azərbaycan dünya turizmində yeni marşrutdur ki, bu da həmişə maraqla qarşılanır. Onu da qeyd edim ki, mən bu sənəti sevirəm, çünki turizm dünyaya açılmaq, mədəniyyətlərlə tanış olmaq və onlarla birgə yaşamaq baxımdan əvəzsiz vasitədir.
   - Bir qədər hotelinizdən bəhs edərdiniz...
   - Biz 5 ulduzlu hava limanı hoteli kimi fəaliyyət göstəririk. Bu isə o deməkdir ki, əsas müştərilərimiz Azərbaycana gələn və ya buradan tranzit kimi istifadə edən turistlərdir. Düzdür, bu gün Bakı beynəlxalq hava yollarının kəsişdiyi əsas məkanlardan olmasa da, yeni hava limanı terminalının açılması ilə bu məsələ müsbət həllini tapacaq və bizdə “Sheraton Baku Airport Hotel” olaraq bu işdən qazanclı çıxacağıq. Bundan əlavə, Azərbaycanın hava nəqliyyatı sistemi böyük dəyişikliklər ərəfəsindədir. Artıq regionlarda da aeroportlar istifadəyə verilir, dünyanın bir çox məkanlarına reyslər açılır, qonşu ölkələrə səfər edən turistlər Azərbaycana da üz tuturlar. Bu isə o deməkdir ki, bizim hotelin tranzit müştərilərdən əldə edəcəyi mənfəət artan xətt üzrə davam edəcək. Bu gün üçün hotelimiz 45-50 faiz arasında dolu olur. Bizim hotelin digərlərindən bir üstün cəhəti də ondan ibarətdir ki, hava şərtlərindən asılı olaraq müştəri sayımızda gözləmədiyimiz artımlar olur, reyslər yubandıqda, təxirə düşdükdə turistlər bizim hotelə üz tuturlar. Beynəlxalq brend olmağımız da onlarda hər hansı tərəddüd yaratmır. Hazırda 205 hotel otağı ilə müştərilərimizə xidmət göstəririk ki, onlar da “Sheraton”un özünə məxsus kateqoriyalara malikdir. Prezident nömrəsindən tutmuş, klub, klassik, deluxe, suit və digər kateqoriyadan olan otaqlarımız mövcuddur. Altı aydan sonra möhtəşəm italyan restoranını müştərilərimizin ixtiyarına verəcəyik. Gözləyirik ki, bu restoran nəinki turistlər, eyni zamanda şəhər sakinlərinin də baş çəkdiyi əvəzolunmaz məkana çevriləcək.
   - Azərbaycan turizmini əvvəl çalışdığınız ölkələrlə müqayisə etdikdə hansı mənzərə yaranır?
   - Qeyd etdiyim kimi, Azərbaycan çox böyük sürətlə inkişaf edir. Əminliklə deyə bilərəm əvvəl çalışdığım heç bir ölkədə bu cür sürətli inkişafın şahidi olmamışam və ya həmin dövr mənim fəaliyyət illərimə təsadüf etməyib. Bu baxımdan haqlı olaraq Azərbaycanı Dubay və digər Körfəz ölkələri ilə müqayisə edirlər. Ancaq Azərbaycan mədəniyyət, tarix, təbiət etibarı ilə bu ölkələrdən üstündür. Qurulan infrastruktur ölkənin düzgün istiqamətdə getdiyini göstərir, Azərbaycan özünü gələcəyə - neftdən sonrakı dövrə hazırlayır. Görülən işlərin əsas bəhrəsini isə, heç şübhəsiz, Azərbaycan xalqı, yerli sakinlər görəcəklər. Çünki turist qonaqdır və o öz vətəninə qayıtmalıdır. Burada əsas məsələlərdən biri insan resurslarının da inkişaf etdirilməsidir ki, bu sahədə də böyük işlər görülür. Mən öz fəaliyyət sahəmizdən deyə bilərəm ki, artıq turizm sektoruna yüksək təhsilli yerli kadrlar gəlməkdədir ki, onlar gələcəkdə bizi əvəzləyəcəklər. Düzdür, hələ ki, onların sayı yetərincə deyil, amma gələcəkdə say etibarilə üstünlük təşkil edəcəklər. Yalnız bizim hoteldə dünyada ən məşhur turizm təhsili verən “Glion” universitetinin məzunu çalışır və biz də belə kadrlara böyük ümidlə baxırıq. Digər əməkdaşlarımız da hotelimizin xətti ilə Avropa ölkələrinə treninq keçməyə göndərilir. Bilirsiniz, turizm əmək tutumlu sahədir. Bu həm ölkədə işsizliyin aradan qaldırılmasına, həm də iqtisadiyyatın canlanmasına səbəb olur. Odur ki, milli kadrların hazırlanması bu gün Azərbaycan hotelçilyinin, turizm sənayesinin qarşısında duran bir nömrəli məsələdir. Bu gün boşluğu əsasən bizim kimi əcnəbi mütəxəssislər doldurur, ancaq bu, çox məsrəf tələb edir. Gələcəkdə onları yerli kadrlar əvəzləyəcək. Regionlarda görülən işlər də gələcəkdə öz bəhrəsini verəcək. Bu baxımdan əminliklə deyə bilərəm ki, Azərbaycan turizminin gələcəyini parlaq görürəm. Bilirsiniz, turizmdə böyük pullar qazanmaq olar, sadəcə gözəl infrastruktur və yüksək səviyyəli xidmət yaratmaq lazımdır. Məsələn, Amerikada günü 10 min dollara olan hotellər var və bütün otaqları da doludur. Turist ödədiyi məbləği deyil, əvəzində nə aldığını düşünür. Siz elə bir xidmət səviyyəsi yarada bilərsiniz ki, o bir günə 20 min dollar belə xərcləyə bilər, eyni zamanda çox məmnun qalar.
   - Lüks hotellərin çoxluq təşkil etdiyi indiki məqamda sizin üçün rəqabət aparmaq çətin deyil ki?
   - Bilirsiniz, ilk baxışda Azərbaycan kimi ölkələrdə lüks hotellərin çoxluğu bu sahədə işə başlayanları çəkindirə bilər. Ancaq məsələyə daha dərindən yanaşdıqda görürsən ki, bütün brend hotellərin öz seqmenti var və biri-birinin müştəri bazarına demək olar ki, o qədər də təsir etmirlər. Məsələn, biz əsasən ölkədən tranzit kimi istifadə edən müştərilər üçün fəaliyyət göstəririk. Onların Azərbaycanda bir və ya iki gün qalmaq imkanları olur. Onlar da bu vaxtı şəhərdə hotel axtarmağa sərf etmək istəmədiklərindən, şübhəsiz ki, bizi seçirlər və bu cür hava limanı hotellərinin inşasına ehtiyac da məhz bu səbəbdən yaranır. Şəhərin mərkəzi hissələrindəki hotellər üçün də biz rəqabət yaratmırıq. Çünki bu hotelləri biznes və ya istirahət məqsədilə ölkəyə gələn əcnəbilər seçirlər. Səbəb isə iş yerinə, istirahət məkanlarına, alış-veriş mərkəzlərinə yaxınlıqdır. Bundan əlavə, dediyiniz kimi, bu hotellərin hamısı beynəlxalq brenddir. Onlar bir ölkədə təmsil olunmazdan əvvəl bazar öyrənilir, imkanlar araşdırılır, müştəri qrupları, seqmenti müəyyənləşdirilir. Əksəriyyəti isə sırf bu günün şərtlərini deyil, beş ildən sonrakı vəziyyəti proqnozlaşdırıb bazara daxil olurlar. Bu baxımdan Azərbaycan hotelçilik bazarını o qədər də rəqabətli hesab etmək doğru deyil.
   - Ölkəyə daha çox turist cəlb etmək üçün hansı sahələrə daha çox diqqət yetirilməlidir?
 
  - Çox mühüm bir məqama toxunursunuz. Həqiqətən turizm çoxşaxəli sahədir və siz bazara ən güclü tərəflərinizlə qatılmalısınız. Mən Banqkokda (Tailand - red.) ilk dəfə gənc yaşlarımda olmuşam. O zaman Banqkokda demək olar ki, turizm sənayesi formalaşmamışdı, ancaq bu gün turistlərin üstünlük verdikləri məkanlar arasında dünya üzrə üçüncüdür. Onlar beynəlxalq turizm bazarına dəniz və çimərlik turizmi ilə daxil oldular və bunun üzərində böyük bir sənaye yaratdılar. Turizm sektoruna yatırılan investisiya digər sahələrin də inkişafına gətirib çıxardı. Ancaq onu da deyim ki, turizmdə ana istiqamətin müəyyənləşdirilməsi o qədər də asan məsələ deyil. Gərək yerli resurslarla bərabər qonşu ölkələrin potensialını da nəzərə alasan. Məsələn, bu gün Türkiyə regionda yay və çimərlik turizmi üzrə liderdir və onlarla bu sahədə rəqabət aparmaq asan məsələ deyil. İran müalicə turizmi sahəsində son illər xeyli uğur əldə edib. Gürcüstan da turizm infrastrukturunu yenidən canlandırır. Hələ ki, hər hansı bir istiqamət üzrə fərqlənməsələr də, istirahət turizmini təşkil edə bilirlər. Digər səbəb isə qiymətlərin ucuzluğudur. Azərbaycanda iqlim baxımdan dörd fəsil istirahət imkanı, qədim tarix, böyük mədəniyyət, zəngin musiqi, şəfalı neft var. Bütün bunları nəzərə aldıqda ölkəniz daha çox tarix, mədəniyyət, musiqi və təbiət resurslarının əsas götürüldüyü turizm sahələrini inkişaf etdirməlidir. Biznes turizmi isə xüsusi səy olmadan da hələ bir müddət öz inkişaf dövrünü yaşayacaq. Bu, neft və qaz sektoru ilə paralel mövcud olan, inkişaf edən sahədir. Bundan əlavə, regional turizmin də inkişaf etdirilməli olduğu qənaətindəyəm. Azərbaycan, Gürcüstan və Türkiyənin turizm imkanları birləşdirilə və vahid paket şəklində beynəlxalq bazara çıxarıla, vahid viza sistemi tətbiq edilə bilər. Bu layihənin uğurlu olacağına inanıram və bu istiqamətdə dünyada müsbət nümunələr də var.
   
   Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar