Şakimaşrip İbrayev: “Türk xalqları tez-tez bir araya gəlib ümumi problemləri müzakirə etməli, ümumi yanaşmalar hazırlanmalıdır”
Xəbər verildiyi kimi, iyunun 21-də Bakı növbəti mötəbər tədbirə - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumuna ev sahibliyi etdi. Foruma Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın diaspor təşkilatlarının təmsilçiləri, dövlət və hökumət rəsmiləri, QHT nümayəndələri, elm və mədəniyyət xadimləri qatılmışdı. İştirakçılar arasında Qazaxıstanın paytaxtı Astanada fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyasının rektoru Şakimaşrip İbrayev də vardı. Filologiya elmləri doktoru, professor Ş.İbrayev Akademiyanın fəaliyyəti, türkdilli ölkələrin ortaq layihələri və bu birliyin möhkəmləndirilməsi istiqamətində nəzərdə tutulan planlarla bağlı suallarımızı cavablandırdı.
- Beynəlxalq Türk Akademiyasının yaranma zərurəti nə idi?
- Tarixən geniş coğrafiyaya yayılmış türklər zəngin mədəniyyətə sahibdir. Dünya mədəniyyətinə böyük töhfələr verən türk xalqlarının bu istiqamətdə əlbir fəaliyyəti üçün daha geniş imkanlar var. Bu işdə mühüm rol oynaya biləcək Beynəlxalq Türk Akademiyasının yaradılması ideyası 2009-cu ilin oktyabrında türkdilli ölkələrin başçılarının Naxçıvanda keçirilən sammitində Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülüb. O, çıxışında bildirmişdi ki, türk xalqlarının ortaq dəyərlərini, tarixini, mədəniyyətini araşdıracaq və geniş şəkildə təbliğ edəcək quruma ehtiyac var. Bu təklifə xeyir-dua verildi və 2010-cu ilin 25 mayında Astanada Türk Akademiyasının rəsmi açılış mərasimi keçirildi. Mərasimdə Türkiyə Prezidenti Abdulla Gül, tanınmış türk alimləri, ziyalıları da iştirak edirdi. Akademiyanın yaradıcıları 4 türk dövləti - Türkiyə, Qazaxıstan, Azərbaycan, Qırğızıstandır. Qurum hələlik Qazaxıstan tərəfindən maliyyələşdirilir. Ötən il Bişkekdə keçirilən zirvə toplantısında Türkiyə, Qazaxıstan, Azərbaycan, Qırğızıstan tərəfindən Türk Akademiyasının yaradılması haqqında beynəlxalq müqavilə imzalandı. Hazırkı mərhələdə bu sənədin parlamentdə ratifikasiyası keçirilir. Sənəd qüvvəyə minəndən sonra Akademiya beynəlxalq təşkilat statusu alacaq. Bununla belə, hazırda Qazaxıstan tərəfdən ayrılan vəsait aparılan tədqiqatlara kifayət edir. Akademiyada indilik 60 əməkdaş çalışır. Elmi layihələrdə demək olar ki, dünyanın hər yerində yaşayan 100-dən çox türkoloq iştirak edir. Ümumilikdə hazırda 24 elmi layihəmiz var, onların hər birinə 8-10 alim cəlb olunub. Layihələr tarix, dil, ədəbiyyat, din, mədəniyyət, fəlsəfə sahəsini əhatə edir. Bütün bu sosial-siyasi, humanitar predmetlərə həm tarixi, həm də müasir tərəfdən yanaşırıq.
- Dünyada Avropa, ərəb sivilizasiyası kimi anlayışlar mövcuddur. Bu məkanda türk sivilizasiyasının yerini, türk tarix və mədəniyyətinin rolunu və mahiyyətini necə müəyyən etmək olar?
- Türklər qədim dünya mədəniyyətinin yaradıcılarındandır. Məsələn, qədim göytürklərin öz yazıları olub. Bu ondan xəbər verir ki, artıq bu etnos mədəniyyətin yüksək zirvəsinə çatıb. Orta əsrlərdə türklər böyük mədəniyyət yaratmışdılar, Kiçik Asiya və Mərkəzi Asiyada imperiyalara sahib idilər. Məsələyə daha geniş aspektdən yanaşsaq, belə nəticəyə gələ bilərik ki, bu, doğrudan da, bəşəriyyət tarixində böyük sivilizasiya idi. Ona görə də biz türkoloq alimləri bir araya gətirməklə dünya sivilizasiyası məkanında türk tarix və mədəniyyətinin rolunu və mahiyyətini müəyyən etməliyik. Eyni zamanda hazırda türkdilli ölkələrin müasir inteqrasiya proseslərini də öyrənirik.
- Yeri gəlmişkən, hazırda türk dünyasında nə baş verir? Qloballaşma kontekstində türkdilli ölkələr öz yerlərini tuturlarmı və bu məsələlərə Türk Akademiyasının yanaşması nədən ibarətdir?
- Ən önəmlisi türk mədəniyyətinin dünyadakı yerini təsbit etməkdir. Bu fəaliyyətin nəticəsi türk dünyasının işbirliyinə, bərabərliyinə xidmət edir. Akademiya yarandığı gündən bu istiqamətdə bir sıra işlər görüb. Məsələn, sosial elmlər sahəsində tarix, ədəbiyyat, etnoqrafiya, dil, folklor, mədəniyyət, sənət, iqtisadiyyat, dinlə bağlı 40-a yaxın elmi araşdırma kitabını nəşr edərək yaymışıq. Kitablar seriya halında - “Çağdaş türkologiya”, “Türk təhsil elmi”, “Türk lüğət elmi”, “Türkoloqların biblioqrafik mənbələri” mövzuları üzrə yayımlanıb. Nəşrlər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin dilləri ilə yanaşı, rus və ingilis dillərində də hazırlanır. Şuranın 2011-ci ildə Almatıda keçirilən zirvə toplantısının qərarına əsasən, Türk Akademiyası hər il türk dünyası ədəbiyyatı ilə bağlı antologiya hazırlayır. “Əsl xəzinə” adını daşıyan bu antologiya türklərin tarix səhnəsinə çıxdıqları vaxtdan günümüzə qədər olan mədəni dəyərlərini əhatə edir. Bu il Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Bakıda keçiriləcək zirvə görüşündə “Türk tərbiyəsi” adlı antologiyanın təqdimatını keçirəcəyik. Kitabın mahiyyəti bundan ibarətdir: türklər digər etnoslardan nə ilə fərqlənir, öz övladlarını necə tərbiyə edirlər. Əlbəttə, bu tərbiyənin əsasında qonaqpərvərlik, bir-birimizi başa düşmək, qarşılıqlı anlayış, yardımlaşma, böyük sözünü dinləmək dayanır. Bu xüsusiyyətlər, digər xalqlardan fərqli olaraq, türklərdə çox güclüdür. Bütün bunlar bizim folklor nümunələrimizdə, eposlarımızda da öz əksini tapıb. Kitaba daxil olan materialları türk xalqlarının hər birinin öz nümayəndəsi hazırlayıb. Lakin bu iş sistemləşdirilmiş şəkildə, yəni müəyyən model daxilində həyata keçirilib. Kitab türk, Azərbaycan, tatar, qazax, qırğız, türkmən, eləcə də rus və ingilis dillərində hazırlanıb. Bu, türk tarixində təlim-tərbiyə sahəsində hazırlanan ilk toplu bir nəşrdir. Bundan başqa, Akademiyanın “Altay türkologiyası” jurnalı nəşr olunmaqdadır. Jurnalda Akademiyanın elmi araşdırmaları və dünya türkologiyasındakı yeniliklərlə bağlı məqalələr dərc olunur. Akademiyanın internet saytı 4 dildə fəaliyyət göstərir və gələcəkdə bu sayı artırmağı düşünürük.
Akademiyanın təşəbbüsü ilə türk xalqlarının ortaq tarixinin hazırlanmasına başlanılıb və bununla əlaqədar alimlərdən ibarət komissiya yaradılıb. Çünki türklərin tarix səhnəsinə çıxmasından başlayaraq günümüzə qədər inkişafını, formalaşmasını, yaşadıqları dövrləri təsnif edib ortaya qoymaq lazımdır. Bundan sonra məktəblər üçün ortaq türk tarix dərsliyi qaynaqları hazırlamaq asan olar. Dərsliklər isə bizim üçün çox vacibdir. Gələcək nəsillər də bu dəyərli tarixi, mədəniyyəti öyrənməlidirlər. Akademiya bu məqsədlə müxtəlif layihələr hazırlayır. Məsələn, türk tarixinin təsnifləndirilməsi, türk uyarlığı, soyağacı və transformasiya məsələsi, türk xalqlarının sosial, mədəni dəyərləri, türk dünyası siyasi-mədəni əlaqələri bu sıraya daxildir. Akademiya, eyni zamanda, ortaq terminologiya işlərini də layihə halına gətirib. Bu il layihələrə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Tatarıstan elm adamları cəlb ediləcək. Ortaq çalışmalar ilk barını verməyə başlayıb. Bir sözlə, Türk Akademiyası dünya türkologiya elminin bu günə qədər əldə etdiyi nailiyyətlərini dəyərləndirəcək və gələcəyə doğru planlar quracaq, dəstəkləyəcək elmi araşdırma mərkəzidir.
- Qeyd etdiniz ki, Akademiyanın hazırladığı kitablar türk dilləri ilə yanaşı, rus və ingilis dillərində də nəşr edilir. Maraqlıdır, türk ortaq dəyərlərini türk xalqları arasında tanıtmaq, yoxsa dünyada təbliğ etmək daha prioritet hədəfdir?
- Biz bu məsələyə hər iki tərəfdən yanaşırıq. İlk öncə məqsədimiz gənc nəsli tariximizlə tanış etməkdir. Onlar bu tarixlə böyüməli, tərbiyə almalıdırlar. Eyni zamanda dünyanı türk tarixi, elmi və mədəniyyəti ilə daha yaxından tanış etmək niyyətindəyik. İstəyirik ki, dünya bu böyük mədəniyyəti daha yaxından tanısın. Ona görə ki, biz nəşr etdiyimiz bütün kitabları dünyanın hər tərəfində fəaliyyət göstərən türkoloji mərkəzlərə, bu sahədə ixtisaslaşan universitetlərə göndəririk. Bu nəşrlərə lüğətlər, biblioqrafiya da daxildir. Türk Akademiyası dünyada fəaliyyət göstərən türkoloji mərkəzləri də bir növ koordinasiya edir. Dünya türkoloqları türklər haqqında nə deyir, onu da araşdırırıq. Amerikada, Yaponiyada da türkoloqlar var. Onlarla da əlaqə yaratmaq, birlikdə işləmək lazımdır.
- Digər türkdilli ölkələrdən mütəxəssisləri layihələrə cəlb edə bilirsinizmi? Ümumiyyətlə, ortaq tarix zəminində ortaq məxrəcə gəlmək mümkündürmü?
- Bu günə qədər hər bir türk respublikasının tarixi öz baxışlarından yanaşılaraq yazılıb. İndi baxanda görürsən ki, bu tarixlər fərqlidir. Ona görə də Akademiya mütləq bu alimləri bir yerə toplamalı və danışıqlar aparmalı, ümumi nəticəyə gəlinməlidir. Tariximizlə bağlı ümumi metodoloji istiqamətlər əldə olunmalıdır. Çünki tariximiz oxşardır. Amma biz hələ də götür-qoy edirik. Akademiya türk dünyasının tarixçiləri üçün açıqdır və onlar razılaşdıqdan sonra artıq birgə tarix kitabları yazmaq çətin olmayacaq. Nə qədər ki, biz müxtəlif yerlərdə əyləşib koordinasiya olmadan mübahisələr edəcəyik, ortaq məxrəc də alınmayacaq. Mən həmin tarixçilərə üzümü tutub deyirəm, ortaq tariximizi hər kəs öz tərəfinə çəkməkdənsə, ümumi nəticəyə gələk.
- Ötən il Astana “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdu. Bu, Türk Akademiyasının fəaliyyətinə əlavə stimul verdimi?
- Əlbəttə, bu hadisənin bizim fəaliyyətimizə müsbət mənada böyük təsiri oldu. Bu həm də Astananın türk dünyası coğrafiyasının mərkəzində yerləşməsinin dərki idi. Astana çox gözəl şəhərdir. Bu şəhər türk dövlətlərinin müstəqilliyi ilə eyni vaxtda doğuldu. Biz hesab edirik ki, yeni şəhər həm də ümumi türk tarixi və mədəniyyəti üçün yeni mühitin yaradılmasına bir zəmindir.
- Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Bakı Forumu ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Türklər dünyanın bütün ölkələrində yaşayırlar. Onlar nə ilə nəfəs alır, nə haqqında düşünürlər - bunları bilmək maraqlıdır. Əlbəttə, onlar öz kökləri, vətənləri haqqında da fikirləşirlər. Biz də onları mənəvi qida ilə təmin etməliyik ki, öz köklərini unutmasınlar. Təklif etdiyimiz mənəvi qida bizim ümumi mədəniyyətimiz, tariximiz, böyük və zəngin irsimizdir. Ona görə də türk xalqları tez-tez bir araya gəlib ümumi problemləri müzakirə etməli, ümumi yanaşmalar hazırlanmalıdır. Bu baxımdan Bakı Forumunun əhəmiyyətini yüksək qiymətləndirirəm.
Mehparə