“Kadrların peşəkarlığı baxımından mövcud olan əskiklər əsasən ölkəmizdə turizm sektorunun gənc olması ilə bağlıdır, amma ümumi tendensiya müsbətdir”
   
   Ölkəmizdə fəaliyyət göstərən beşulduzlu hotellərin baş menecerləri ilə apardığımız müsahibələr silsiləsindən daha bir həmsöhbətimizi təqdim edirik. Suallarımızı “Grand Hotel Europe”un baş direktoru Elgün Məmmədov cavablandırır.
   
   - Elgün bəy, öncə özünüzü oxucularımıza təqdim edərdiniz...
   - Ziyalı ailəsində dünyaya gəlmişəm. Atam arxitektor, anam ingilis dili müəlliməsidir. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişəm, ailəliyəm. İdmanın sambo və cüdo növləri ilə məşğul olmuşam, respublika çempionu adını qazanmışam.
   - Bəs turizm sektoruna, hotelçiliyə gəlişiniz necə oldu?
   - Hotelçiliyə gəlişim universitet illərinə təsadüf edir. İkinci kursda oxuyarkən yeni açılmış dördulduzlu “ABU arena” mehmanxanasında ön büroda qeydiyyatçı kimi işə başladım. Artıq 11 ildir ki, xidmət sektorundayam. Baş menecer kimi fəaliyyətim isə “Sultan İnn” hotelindən başlayıb. Hotelçilik sahəsində ən böyük istəyim dünyanın ən məşhur mehmanxanası olan “Bürc-əl Ərəb”də çalışmaq olub. Tale elə gətirdi ki, mən Dubaya gedə bilməsəm də, “Bürc-əl Ərəb”in də daxil olduğu “Jumeirah” hotellər şəbəkəsi Azərbaycanda fəaliyyətə başladı. Oradan satış müdiri vəzifəsinə iş təklifi alanda böyük məmnuniyyətlə qəbul etdim. Bilirdim ki, hotelçilik sahəsində standartları müəyyənləşdirən bu şəbəkədən çox şey öyrənə və gələcəkdə öz fəaliyyətimdə tətbiq edə bilərəm. “Grand Hotel Europe” mehmanxanasında isə bir ilə yaxındır ki, baş menecer kimi fəaliyyət göstərirəm.
   - O zaman bu hotel haqqında məlumat verərdiniz...
   - “Grand Hotel Europe” 1996-cı ildən fəaliyyət göstərir, Bakıda istifadəyə verilən ilk beşulduzlu mehmanxanalardan biridir. Hotelimizdə 96 otaq, restoran, kafe-bar, lobbi kafe və gecə klubu var. Ən müasir avadanlıqlarla təchiz olunmuş “Olympus” fitnes və spa mərkəzimiz də fəaliyyət göstərir. Açıq və qapalı hovuzlarımız daimi olaraq müştərilərimizin xidmətindədir. Otaqlarımız üç - “Deluxe king”, “Executive suit” və “King suit” kateqoriyalarına bölünür. Onu da deyim ki, otaqlarımızın orta ölçüsü şəhərdə fəaliyyət göstərən bir çox hotellərin göstəricilərindən yuxarıdır.
   - Bu gün ölkəmizdə yeni brend hotellər fəaliyyət göstərir. Bu sizin işinizə necə təsir edir?
   - Öncə onu deyim ki, birmənalı olaraq hər hansı müsbət və ya mənfi təsirdən danışmaq çətindir. Ümumilikdə ölkə turizmi yönündən məsələyə yanaşdıqda müsbət çalarlar daha çoxdur. Brend hotellər ölkə turizminin gələcəyinə, inkişafına qoyulmuş investisiyadır. Sırf bizim işimiz baxımından yanaşsaq, təbii ki, bu, rəqabətin artması deməkdir. Bildiyiniz kimi, bizim mehmanxana fəaliyyətə başladıqda, ölkədə yeganə brend hotel “Hyatt Regency” idi ki, bu baxımdan rəqabət elə də çətin deyildi. Ümumiyyətlə, 3-4 il əvvəl hotellərin illik doluluq faizi 60-70 faiz arasında dəyişirdi. Bu gün isə söhbət ən yaxşı halda 40-50 faizdən gedir. Sadə bir nümunə göstərim. Bir neçə il əvvəl bazarda hotellərin qiymət siyasəti daha sərt və sabit idi. Müştərilər əsasən fərdi və kooperativ kateqoriyalarına bölünürdü və sabit qiymət müəyyənləşdirilirdi. Ancaq bu gün demək olar ki, bütün hotellərdə qiymətlər bazara, mövsümə, müştəri sayına görə tənzimlənir. Bu, yeni bazar şərtlərinin diktə etdiyi məqamlardır ki, artıq bütün xidmət sektorunun hesablaşmalı olduğu reallığa çevrilib. Bu həm də turizm sahəsində açıq rəqabət mühitinin yaranması deməkdir. Təbii ki, bütün bunlar yeni hotellərin fəaliyyəti ilə birbaşa bağlı olan məsələlərdir. Bununla belə, bəzi həlli vacib məqamlar var ki, onlardan ən mühümü ixtisaslı kadr problemidir. Yeni hotellərin insan resursları da eyni dərəcədə mükəmməl olmalıdır. Sizin 30 nəfərlik işlək kadrınız varsa, bununla 50 nəfərin görə biləcəyi işləri asanlıqla yerinə yetirə bilərsiniz. Hələlik ölkəmizdə bu məsələ tam müsbət həllini tapmayıb. Məhz bu səbəbdəndir ki, hotellər bazarda olan məhdud iş qüvvəsi uğrunda rəqabətə qatılmalı olurlar ki, bu da bəzi hallarda yeni kadr yetişdirmək əvəzinə, mövcud kadrların bir hoteldən digərinə cəlb edilməsi ilə nəticələnir. İndiki dövrün tələblərini götürsək, bu gün hotellər, məncə, daha çox gəlir qazanmaq siyasətindən ziyadə düzgün qənaət üzərində fikirləşməlidirlər, çünki düzgün qənaət özü dolayı qazanc deməkdir. Turizm, hotelçilik böyük sənayedir. Burada təklif olunan mal və xidmətlərin çeşidi, sayı çoxdur, eyni zamanda müxtəlifdir. Bu baxımdan hər bir hotel nəyi nə zaman təklif etməli olduğunu, işçi sayını, işlətdiyi digər resursları optimallaşdırmağı bacarmalıdır. Əks təqdirdə indiki rəqabətli bazarda duruş gətirmək çətin olar. Bununla belə, ölkə turizminin gələcəyini olduqca müsbət görürəm. 3-5 ildən sonra Azərbaycanın turizm bazarında müsbət tendensiyaları daha qabarıq hiss edəcəyik. Dövlət səviyyəsində, Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə bütövlükdə xidmət sektorunun inkişafı istiqamətində böyük işlər görülür. Paytaxtın infrastrukturunda müsbət dəyişikliklər baş verir, ölkənin şimal rayonlarında qış turizminə investisiyalar yatırılır, Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bütün bunlar birmənalı olaraq deməyə əsas verir ki, turizm bir neçə ildən sonra ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevriləcək və mövsümi xarakter daşımayacaq.
   - Kadr məsələsinə toxundunuz. Siz “Grand Hotel Europe” olaraq bu problemi necə həll edirsiniz?
   - Biz hotel olaraq bu məsələyə xüsusi həssaslıqla yanaşdıq və insan resurslarının inkişafı ilə bağlı ayrıca “Training və development” departamentini yaratdıq. Departamentin işini vahid proqram əsasında qurduq və çalışdıq ki, istedadlı gənclərimizin xidmət sektorunda fəaliyyət göstərə bilməsi üçün lazım olan bilik və bacarıqları ən qısa müddətdə onlara verə bilək. İndiki dövrün şərtləri də göstərir ki, bu departamentin yaradılması çox düzgün və gələcəyə hesablanmış addım idi. Bu gün yeni hotellərin açılması peşəkar kadrlar uğrunda rəqabətin artmasına gətirib çıxarıb ki, istənilən vaxt bu və ya digər hotel öz işçisini itirmək təhlükəsi qarşısında qalır. Bu səbəbdən hotellərin özləri kadr hazırlığı işinə diqqət yetirməli olurlar ki, boşluqları qısa müddətdə və hazırlıqlı kadrlarla doldura bilsinlər. Odur ki, kadr hazırlığı məsələlərinə xüsusi diqqət ayırırıq. Ancaq onu da deyim ki, dünya ilə müqayisədə bizim kadrların peşəkarlıq baxımından əskikləri var. Bu da ölkəmizdə turizm sektorunun gənc olması ilə bağlıdır. Bununla belə, ümumi tendensiya müsbətdir. Vaxt ötdükcə əcnəbi kadrlar bazardan çıxır, onların yerini yerli mütəxəssislər tuturlar. Gələcəkdə bu sektor tamamilə yerli mütəxəssislərin çalışacağı, milli kadrların üstünlük təşkil edəcəyi sahəyə çevriləcək. Azərbaycan turizmini milli kadrlar daha irəliyə aparacaqlar. Düzdür, bəzi hallarda əcnəbi mütəxəssisləri əvəzləmək mümkün olmur. Bura əsasən mətbəx aiddir ki, bu da işin spesifikasından irəli gəlir. Hazırda bizim mətbəximizdə də əcnəbilər çalışır və onu da deyim ki, bu çox yaradıcı sahədir. Digər sahələrdə isə özümüz kadr hazırlığını təşkil edə bilirik. Müştərilərimizin də bizimlə bağlı qənaətləri doğru yolda olduğumuzu deməyə əsas verir.
   - Sizcə, əcnəbi turistlərin ölkəyə cəlb olunması üçün hansı tədbirlər görülməlidir?
   - Bu gün Azərbaycan dövləti beynəlxalq tədbirlərin Bakıya gətirilməsi istiqamətində çox ciddi addımlar atır və bunun nəticələrini də hiss etməkdəyik. “Eurovision”la başlayan bu tendensiya 2015-ci il Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları ilə davam etdiriləcək. Gələcəkdə beynəlxalq təşkilatlar Bakıda tədbirlərin keçirilməsi üçün böyük miqdarda vəsaitlər ayıracaqlar. Bu baxımdan ölkənin tanıdılması istiqamətində xərclənən vəsaitlər öz bəhrəsini verəcək və ölkəyə əlavə dividentlər qazandıracaq. Bundan əlavə, dünyanın aparıcı televiziya kanallarında ölkəmiz haqqında tanıdıcı reklamlar, çarxlar nümayiş olunur ki, bu da Azərbaycanın həm nüfuzuna, həm ölkəyə əcnəbi turistlərin cəlb olunmasına xidmət edir. Burada bir əsas məqama xüsusilə diqqət yetirmək lazımdır. Əgər ölkənin bütün dünya üzrə təbliğatı aparılırsa, böyük tədbirlər keçirilirsə, bu da öz növbəsində Azərbaycanı görmək istəyən insanların sayını artırır. Bəs biz onlara yetərli səviyyədə xidmət göstərməyə hazırıqmı, onların Azərbaycana səfər etmələri nə dərəcədə asandır? Bu kimi suallar cavablandırılmalıdır və çatışmazlıqlar varsa, qısa müddətdə aradan qaldırmalıyıq. Düşünürəm ki, ölkəmizin təbliğatı ilə yanaşı, turizm infrastrukturunun müasir tələblər səviyyəsində qurulması istiqamətində görülən işlər də yaxın gələcəkdə müsbət nəticəsini verəcək.
   
   Sadiq Musa