Omar Senon Medina Kintero: “Mədəniyyət sahəsində əməkdaşlıq üçün geniş imkanlar var. 2013-cü ilin oktyabrında Azərbaycanda Kuba Mədəniyyət Günlərini keçirmək niyyətindəyik”
   
   Azərbaycanla Kuba arasında hələ sovet dövründə müxtəlif sahələri əhatə edən dostluq münasibətləri olub. Müstəqillik illərində isə bu əlaqələr daha da genişlənib. Həmsöhbətimiz Kuba Respublikasının Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Omar Senon Medina Kinterodur.
   
   - Cənab Kintero, Azərbaycana səfir təyinatını necə qarşıladınız? Buraya gələnə qədər ölkəmiz haqqında nə bilirdiniz?
   - Mən ali təhsilimi əvvəlcə Belarusun paytaxtı Minskdə, sonra isə Rusiyanın paytaxtı Moskvada almışam. Bu şəhərlərdə Azərbaycandan olan dostlarım da var idi. Ölkəniz haqqında ilk məlumatı onlardan almışam. Digər tərəfdən, o vaxtlar Bakıda, xüsusilə Azərbaycan Dövlət Neft Akademiyasında çox sayda kubalı tələbə təhsil alırdı. Bu da əlaqələrimizin mühüm bir hissəsini təşkil edirdi.
   Eyni zamanda, kubalıların Azərbaycanla tanışlığına bir vasitə də Bakıda istehsal olunan məişət kondisionerləri idi. Hər kəs bilir ki, Kubada hava çox isti olduğundan kondisionerlərə böyük ehtiyac var. Keçmiş SSRİ-də kondisioner Bakıda istehsal edilir, bu məhsullar Kubaya da ixrac olunurdu. Mənim evimdə də Bakı kondisioneri var idi. O zaman ağlıma da gəlməzdi ki, bir gün gələcək, Azərbaycanda səfir kimi fəaliyyət göstərəcəyəm.
   Səfir təyinatıma gəlincə isə, bundan əvvəl keçmiş Yuqoslaviyada, sonra Belarusda diplomat kimi fəaliyyət göstərmişəm. Bir gün Xarici İşlər Nazirliyindən bildirdilər ki, məni Azərbaycana səfir göndərirlər. Bəlkə bu ona görə idi ki, mən həm rus dilini bilir, həm də Qafqaz haqqında müəyyən təsəvvürlərə malik idim. Doğrudur, o vaxtadək həm təhsilimə, həm də peşə fəaliyyətimə görə, Avropa daxil olmaqla müxtəlif ölkələrdə olmuşdum. Bu regiona isə ilk dəfə idi ki, gəlirdim. Hətta Minskdə, Moskvada təhsil alarkən bizi müxtəlif yerlərə - Sibirə, Baltik sahillərinə aparırdılar. Amma o zaman mənə elə gəlirdi ki, Qafqaz regionu ilə tanışam. Azərbaycana gəlmək mənim üçün həm də böyük sürpriz oldu. Çünki Bakının bu qədər surətlə inkişaf etdiyini bilmirdim. Həmişə Bakıya gələn kubalılar geri qayıtdıqdan sonra danışırdılar ki, Bakı inkişaf edir. Amma bura gəldikdən sonra başa düşdüm ki, deyilənlər çox az imiş. Bakı çox surətli templə inkişaf edir.
   - Kuba Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələr sırasındadır. Artıq 20 ildən çoxdur ki, ölkələrimiz arasında diplomatik münasibətlər qurulub. Kuba keçmiş sovet respublikaları ilə əməkdaşlıqda hansı sahələri prioritet sayır?
   - Kubanın keçmiş Sovet İttifaqı ilə çox sıx əlaqələri olub. SSRİ dağılandan sonra yeni müstəqil dövlətlər yarandı və biz onların müstəqilliyini tanıyaraq əlaqələr qurduq. Doğrudur, Sovet İttifaqının süqutu Kuba üçün müəyyən çətinliklər törətdi. Çünki biz neft və digər vacib məhsulları SSRİ-dən alırdıq. Ona görə Kuba üçün SSRİ-nin dağılması böyük itki olsa belə, düşündük ki, hər bir xalq müstəqil olmaq hüququna malikdir. Ona görə də Azərbaycanın müstəqilliyini elə həmin ildə - 1991-ci ildə tanıdıq. 1992-ci ildə isə diplomatik əlaqələrimiz quruldu.
   Kuba böyük ölkə deyil. Amma kənardan bizim də müstəqilliyimizi istəməyənlər vardı. Biz ispan koloniyasından azad olduq, sonra amerikanlar gəldilər və hər şeyə hakim oldular. Kiçik Kuba həmin dövrlərdə böyük çətinliklərdən keçdi. İndi isə bütün Latın Amerikası ölkələri dəyişib. Bu ölkələr öz resurslarından istifadə edə bilirlər. Azərbaycan da belədir. Sizin rəhbərliyin siyasəti sayəsində öz resurslarınız xalqın rifahı naminə sərf olunur.
   Biz də başqa imkanlarımızı, məsələn, turizm, tibb sahələrini inkişaf etdirməyə başladıq. Kubada tibb sahəsi çox yüksək səviyyədədir. Yüksək tibbi texnologiyalara malikik. Əvvəllər Kubada 3 min həkim var idi, indi isə onların sayı 80 minə çatıb. Həkimlərin çoxu Latın Amerikası, Afrika ölkələrinə də işləməyə gedirlər. Biz bu xidmətlər üçün pul almırıq, əksinə, onlara yardım edirik. Məsələn, Haitidə böyük həkim briqadamız fəaliyyət göstərir. Bu baxımdan düşünürəm ki, Azərbaycanla bu sahədə mübadilə edə bilərik. Kubada hazırda turizm də inkişaf edir. Amma digər ölkələrlə müqayisədə Azərbaycandan Kubaya gələn turist sayı azdır.
   - Azərbaycanla Kuba arasında mədəniyyət sahəsində əlaqələri necə dəyərləndirirsiniz?
   - Mədəniyyət sahəsində əməkdaşlıq potensialımız da mövcuddur. Doğrudur, mədəniyyət gəlirli sahə deyil, amma hər zaman insana ülvi hisslər bəxş edir. Azərbaycan rəsmi nümayəndələri ilə görüşəndə də deyirəm ki, bu sahədə daha sıx əməkdaşlığa başlamaq zamanıdır. Məsələn, Azərbaycandan Kamal Vəliyev adlı heykəltəraş vaxtilə Kubada Leninin heykəlini yaradıb və bununla da bizim ölkəmizdə öz izini qoyub. Belə nümunələrlə incəsənət sahəsində əməkdaşlığı davam etdirmək olar. Düşünürəm ki, Azərbaycan üçün də Latın Amerikası xarici siyasətin prioritetlərindən biri kimi maraqlıdır. Azərbaycanın Argentina və Braziliyada səfirliyinin fəaliyyəti də bunu təsdiqləyir. Yəqin ki, digər Latın Amerikası ölkələrində də diplomatik nümayəndəlikləriniz açılacaq. Azərbaycanda az müddətdə fəaliyyətimə baxmayaraq, artıq əməkdaşlıqla bağlı 2-3 konkret addımlar atmışıq. Məsələn, elm, tibb sahəsində müəssisələr səviyyəsində artıq sazişlər də bağlanıb. Məncə, bu, normal başlanğıcdır.
   - İncəsənət sahəsində əlaqələrə toxundunuz. 2010-cu ildə Kubada Azərbaycan Mədəniyyət Günləri keçirildi. Kubalılar üçün Azərbaycan mədəniyyətinin hansı sahələri daha çox maraqlıdır?
   - Azərbaycanın zəngin mədəni irsi, bir çox sahələrdə inkişaf etmiş incəsənəti var. Amma mən qısa müddətdir ki, buradayam, gördüklərim məni heyran edib. Bakıdakı gözəl heykəllər, Opera və Balet Teatrınız çox xoşuma gəlir. Rəqsləriniz çox maraqlıdır. Bizi yaxınlaşdıran elementlərdən biri də simli musiqi alətlərdir. Məsələn, bizim milli alətimiz gitaradır. Sonra Afrikadan balabanı gətirmişik. Mən Azərbaycanda ispan dili öyrədilən məktəbdə də oldum. Onlar Kuba rəqslərini çox gözəl ifa edirdilər.
   Bizim də bir balet məktəbimiz var, orada bir çox ölkələrdən mütəxəssislər fəaliyyət göstərir. Latın Amerikasında balet yoxdur. Bizim baleti qonşu ölkələrə dəvət edirlər. Təbii ki, biz Kuba balet artistlərinin Azərbaycana da gəlməsini istərdik, amma bu, maddi cəhətdən çox böyük xərc tələb edir. Buna baxmayaraq mədəni əməkdaşlıqla bağlı bir layihə hazırlamışıq. 2013-cü ilin oktyabrında Azərbaycanda Kuba Mədəniyyət Günlərini keçirmək niyyətindəyik.
   Onu qeyd edim ki, bu ilin yanvarında, Azərbaycanda fəaliyyətə başlayandan az sonra mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevlə görüşümüz oldu. Nazir də ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yüksək potensialın olduğunu, Azərbaycan-Kuba hökumətlərarası komissiyasının həmsədri kimi əməkdaşlığın iqtisadi, mədəni, turizm, səhiyyə və digər sahələrdə canlandırılmasının zəruriliyini bildirdi. Görüş zamanı qarşılıqlı səfərlərin təşkili və komissiyanın növbəti iclaslarının keçirilməsi də təklif olundu. Eyni zamanda mən cənab nazirdən bu ilin payızında Bakıda Kuba rəssamlarının əl işlərindən ibarət sərginin təşkili istiqamətində nazirliyin dəstəyini xahiş etdim. Mən Kubanın müasir rəssamlarını Azərbaycana dəvət etmək istəyirəm. Hazırda bu layihə üzərində işlər gedir. Mədəniyyət günlərində burada milli musiqilərimizi də səsləndirəcəyik. Xatırladım ki, məndən əvvəlki səfirin fəaliyyəti dövründə də Bakıya Kubanın musiqi qrupu gəlmişdi. Kubada populyar ansambllar, rəqqaslar da var. Turistlər çox vaxt Kubaya təkcə dənizə görə deyil, həm də bu rəqslərə tamaşa etməyə gəlirlər.
   Sevindirici haldır ki, bu yaxınlarda Kubanın Azərbaycandakı səfirliyinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə Bakıdakı Müasir İncəsənət Mərkəzində kubalı rəssam, aparıcı dizayneri, prodüser və qrafika illüstratoru Xorxe Rodriquez Diesin sərgisi keçirildi. 10 gün davam edən sərgidə rəssamın qrafika və rəsm əsərləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.
   - Azərbaycanda olduğunuz müddətdə regionlarımıza baş çəkmək imkanınız olubmu?
   - Göyçayda «Nar bayramı»nda oldum. Çox maraqlı tədbir idi. Bu regiona gedərkən yolboyu gördüyüm mənzərədən belə qənaətə gəldim ki, Azərbaycanda daxili turizmi daha da inkişaf etdirmək istəyirlər. Digər tərəfdən, tədbirdə hər bir natiqin çıxışı inkişafa, daha yaxşı yaşamağa yönəlmişdi. Bunlar isə konkret arzulardır və mənim xoşuma gəldi. Azərbaycan Qafqazın sürətlə inkişaf edən lider ölkəsidir. Ümumiyyətlə, burada olduğum qısa zaman ərzində başa düşdüm ki, xalqlarımızın oxşar cəhətlərindən biri də ailənin bütövlüyünün qorunmasıdır. Bundan başqa, Azərbaycanda çoxlu sayda milli azlıqlar yaşayırlar. Siz də bizim xalq kimi tolerantsınız, ədaləti, düzgünlüyü sevirsiniz. Əlbəttə, bunun özü bizim əlaqələrimizin inkişafına yardım edə bilər.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar