Əməkdar müəllim Məryəm Babayevanın kitabı böyük musiqiçinin vokal yaradıcılığına həsr olunub
   
   Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məryəm Babayevanın “Rəşid Behbudovun sənətkarlığı” adlı kitabı işıq üzü görüb. Xəzər Universitetinin nəşriyyatında nəfis tərtibatla çap olunan kitab Azərbaycanın böyük müğənnisi, parlaq ifaçılığı ilə musiqi mədəniyyətimizdə yeni yollar açmış Rəşid Behbudovun vokal oxuma tərzi və yaradıcılıq üslubunun əsas xüsusiyyətlərinə həsr olunub.
   
   Bu günlərdə redaksiyamızın qonağı olan müəllif nəşrlə bağlı suallarımızı cavablandırdı.
   - Kitabın necə ərsəyə gəlməsi barədə fikirlərinizi eşitmək istərdik. Niyə məhz Rəşid Behbudov yaradıcılığına müraciət etdiniz?
   - Kitab elmi-tədqiqat işimin əsasında yazıldı. 2006-cı ildə “Rəşid Behbudovun ifaçılıq üslubu milli və klassik vokal ənənələri sintezində” mövzusunda dissertasiya üzərində işə başladım. Rəşid Behbudov haqqında musiqişünas alimlər Elmira Abasova, İmruzə Əfəndiyeva, Kamil Şahverdiyev və başqalarının publisistik məqalələri, elmi tədqiqatları kitabçalar şəklində çap olunub. İlk dəfə bu sənətkar haqqında böyük həcmli elmi işi yazmaq isə mənə nəsib oldu. Bu kitab da həmin elmi tədqiqatın əsasında ərsəyə gəldi.
   - Kitab həm də dərslik kimi nəzərdə tutulub?
   - Bəli, ilk dəfə olaraq Rəşid Behbudov yaradıcılığından bəhs edən elmi işdən ali məktəb tələbələri üçün dərs vəsaiti kimi istifadə edəcəklər. Kitabda müğənninin sənətkarlığının, yaradıcılığının gələcək nəsillər tərəfindən öyrənilməsini önə çəkmişik. Dərs vəsaitində Rəşid Behbudovun yaradıcılıq yolunun mərhələləri, onun səs tembri və əsas üslub xüsusiyyətləri, müğənni və aktyorluğun vəhdəti kimi məsələlərə diqqət yetirilir. Kitab ali və orta ixtisas musiqi məktəblərində solo oxuma üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmaqla yanaşı, ifaçılıq tarixinin tədrisi prosesində mənbə kimi də istifadə oluna bilər. Eyni zamanda, müğənninin həyat və yaradıcılığı ilə bağlı geniş məlumat bazası kimi Rəşid Behbudov sənətinin pərəstişkarlarına bir hədiyyədir. Kitabın elmi redaktoru, Xalq artisti, professor Ramiz Zöhrabov, rəyçilər Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi, Əməkdar incəsənət xadimi Vaqif Əbülqasımov, sənətşünaslıq üzrə elmlər doktoru Cəmilə Həsənova və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Hüseynovadır. Bu nəşrin ərsəyə gəlməsində əməyi olan bütün insanlara təşəkkürümü bildirirəm. Kitabın çapına maddi köməklik göstərən AG Banka, böyük müğənninin sənətkarlığının tədqiqi sahəsində mənə verdikləri dəstəyə görə Rəşid Behbudovun həyat yoldaşı Ceyran xanıma, qızı Rəşidə xanıma minnətdarlığımı ifadə edərək, Azərbaycan musiqisinin rəmzinə çevrilmiş unudulmaz ifaçının ruhu qarşısında baş əyirəm.
   - Kitab üzərində işləyən zaman Rəşid Behbudovla bağlı hansı yeniliklərlə rastlaşdınız?
   - Araşdırmalarda məni ilk növbədə sənətkarın səsinin tembri maraqlandırırdı. Çünki onun özünəməxsus orijinal bir ifa üslubu var idi. O həm operalarda ariyaları, xalq mahnılarını, həm də estrada mahnılarını gözəl ifa edirdi. O, mahnılarda xırda, epizodik muğamlara da yer ayırırdı. Ötən əsrin arxivlərində sənətkarın səsi lirik-tenor kimi səciyyələndirilmişdi. Lakin elmi rəhbərim Ramiz Zöhrabovla bu tədqiqat nəticəsində sənətkarın səsinin bariton-tenor kimi təsdiqləməyə nail olduq. O, xalq mahnılarını akademik üslubda deyil, özünəməxsus tərzdə təqdim etməyi bacarmışdı. Bir yenilik də oldu ki, ondan hətta musiqiçilər də xəbərsizdirlər. Sənətkarın çox gözəl bəstələri olub və o, həmin mahnıları qastrol səfərləri zamanı da ifa edirmiş. Tofiq Quliyev müsahibələrinin birində qeyd edir ki, Rəşid müğənni olmasaydı, tanınmış bəstəkar olardı. Kitabı yazdığım zaman öyrəndiyim yeniliklərdən biri də o oldu ki, məşhur hind filmi olan “Avara”nın dillər əzbəri olan mahnısını elə Rəşid müəllim özü ifa edibmiş. Hamımıza məlumdur ki, sənətkar Rac Kapurla yaxın dost idi və film çəkilən zaman aktyor mahnının Rəşid Behbudov tərəfindən ifa edilməsini ondan xahiş edib.
   - Bir az da müəllimlik fəaliyyətinizdən danışaq...
   - Hazırda Milli Konservatoriyada xanəndəlik kafedrasında vokaldan dərs deyirəm. Bu fənn xanəndələrə ixtisasdan əlavə tədris olunur. Xanəndəlikdə texniki üsulları bilmək üçün bu fənn vacib sayılır. Eyni zamanda, Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən musiqi məktəbində çalışıram. Gözəl səsli şagirdlərim çoxdur. Bu yaxınlarda gənc vokalçılarımdan İslam Qasımov Novosibirskdə keçirilən festivalda çox uğurla iştirak edib. O, festivala Müslüm Maqomayevin mahnılarından ibarət repertuarla getmişdi. Yetirmələrimin uğuru bir pedaqoq kimi məni sevindirir.
   
   Lalə Azəri 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar