“Geyim rəssamlığı məsuliyyətli sənətdir. Geyimdə bir eskizlə, ştrixlə çox sözü deməyi, obrazı tamaşaçıya çatdırmağı bacarmalısan”
   
   İstər səhnədə, istərsə də ekran əsərində yaradılan obrazın dolğun alınmasında, aktyor oyununun tamaşaçı tərəfindən qəbul edilməsində geyim üzrə rəssamın işi mühüm əhəmiyyət kəsb edir. Personajın tamaşaçıya müxtəlif rakurslardan, fərqli psixoloji situasiyalarda daha təsirli təqdim olunması üçün bu xüsusilə vacibdir. Geyim üzrə rəssam tamaşanın, filmin bütün incəliklərini, cərəyan edən hadisələrin tarixini, dövrün dəb tendensiyalarını bilməklə yanaşı, yaradılan obrazın psixologiyası, xarakteri, fəaliyyəti, sosial statusu və s. məqamları nəzərə almalıdır. Burada önəmli məsələlərdən biri də rəssamın fantaziyasıdır.
   
   Ömrünün 40 ildən çoxunu teatr və kinoda geyim rəssamlığına həsr edən Tair Tairovun sənət imzasına bir çox tamaşalarda, kinolentlərdə rast gəlmək olar. Rəssamın zəhməti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. Bu baxımdan 2013-cü il sənətkar üçün xüsusilə əlamətdardır. Azərbaycan peşəkar milli teatrının 140-cı yubiley ilində Tair Rəşid oğlu Tairov ölkə Prezidentinin sərəncamı ilə “Xalq rəssamı” fəxri adına layiq görülüb. Sərəncamın imzalandığı 25 iyun 2013-cü il tarixi rəssam üçün ikiqat sevincli oldu, o, Azərbaycan təsviri sənətinin təbliğindəki xidmətlərinə və teatr sahəsindəki uzun illik səmərəli fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyin “Zirvə” mükafatı ilə təltif edildi.
   Xalq rəssamı ilə söhbətimiz də əlamətdar bir tarixə - “Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyinə həsr edilmiş fotosərgidə baş tutdu. Həmsöhbətim öncə sənətə gəldiyi illəri yada saldı: “İlk işim görkəmli bəstəkarımız Rauf Hacıyevin “Azərbaycan süitası” baletinə hazırladığım geyimlər oldu. Bu iş uğurla keçdi. Tamaşa Fransada da göstərildi. Bundan sonra digər tamaşalara dəvətlər almağa başladım. Teatrı çox sevirəm. Çünki uşaqlıqdan teatr mühitində böyümüşəm. Hələ ilk dəfə “Sevil” operasında aktyor kimi səhnəyə də çıxmışdım. Valideynlərimin hər ikisi teatrda çalışdıqları üçün günümün çox hissəsini orada keçirirdim. Anam Opera və Balet Teatrının tikiş sexində işləyirdi, atam isə teatrın solisti idi. Hər ikisi 1938-ci ildə Moskvada ilk Azərbaycan incəsənəti dekadasında iştirak etmişdilər. Onlar Moskvada tanış olmuş, sonra ailə qurmuşdular.
   Məktəbi bitirdikdən sonra sənədlərimi indiki Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinə verdim. Mən qəbul olunan il fakültə təzə açılmışdı və 10 nəfər qəbul var idi. Rəhmətlik Elçin Məmmədovla bir kursda oxuduq və rəssamlıq fakültəsinin ilk məzunları olduq. Yavaş-yavaş bu sahədə addımlamağa başladım. Tale elə gətirdi ki, böyük bəstəkarımız Fikrət Əmirovun “Min bir gecə” baletinin kostyumlarını mən hazırladım. Sonra Dövlət Gənc Tamaşaçılar Teatrında “Qaraca qız” tamaşasının və Fərəc Qarayevin “Kaleydoskop” baletinin kostyumlarını hazırlamaq mənə həvalə olundu”.
   Rəssam deyir ki, hər hansı bir əsərə kostyum eskizi yaradarkən əsas tematika nəzərə alınmalıdır: “Dramın və komediyanın öz xüsusiyyətləri var. Obrazın xarakterini və zamanı büruzə verməyə çalışmalısan. Dövrü dəqiq bilməlisən ki, geyimdə onu əks edə biləsən. 1979-cu ildə “Babək” filminin kostyumlarını hazırlamağa dəvət alanda bunu bir daha yəqin etdim. Babəkin yaşadığı dövr haqqında məlumata malik deyildim. Filmin məsləhətçisi akademik Ziya Bünyadov idi. O da deyirdi ki, həmin dövrün tarixi haqqında hansısa detallar, demək olar ki, yox dərəcəsindədir. Elə bu səbəbdən də geyimləri hazırlayarkən öyrəndiyim məlumatlarla yanaşı, şəxsi təxəyyülümü də bura əlavə etməli oldum. Geyim rəssamlığı məsuliyyətli sənətdir. Geyimdə bir eskizlə, ştrixlə çox sözü deməyi, obrazı tamaşaçıya çatdırmağı bacarmalısan. Atalar haqlı deyib: “Gözəllik ondur, doqquzu dondur”.
   Hər hansı bir tamaşaya, yaxud filmə təklif alarkən təqdim olunan əsəri oxuyuram. Əgər mövzu məni tutursa, iş üzərində məmnuniyyətlə işləyirəm. Əks halda o təklifi qəbul etmirəm. Çünki bir işə qəlbən bağlanmasan, yaxşı nəticə əldə edə bilməzsən. Məsələn, “Cavad xan” filminin geyim eskizləri üzərində çalışdığım zaman əsas məqsədim dövrü, zamanı olduğu kimi çatdırmaq, tamaşaçını inandırmaq idi. Yaxud da götürək Nizami dövrünü. Hamımız bilirik ki, Nizaminin bizə təqdim olunan rəsmi, obrazı rəssam təxəyyülünün məhsuludur. Əsrlər keçib biz Nizamini bir şəkildə necə görmüşüksə, eləcə də qəbul edirik. Kinoda və tamaşada da bu məqamları nəzərə almaq lazımdır. Hər hansı bir iş üzərində işlədiyimiz zaman rejissor və aktyorlarla mübahisələrimiz, müzakirələrimiz də olur. Elə aktrisalar var ki, tamaşanın rəng ansamblını nəzərə almadan xoşladığı rəngdə kostyum hazırlanmasını istəyir. Düşünmək lazımdır ki, səhnədə təkcə sən deyilsən axı. Rənglərin sintezini, ansamblı diqqətdə saxlamaq vacibdir. Rənglərin hamısı gözəldir. Amma bunları seçərkən bütün incəliklər nəzərə alınmalıdır. Nizaminin “Yeddi gözəli” əsərinin özü də rənglərin rəmzidir. Onların hərəsinin öz hekayəsi var. Biz belə məqamlara diqqət yetirməməklə çox şey itirmişik. Fikir verirsinizsə, musiqinin yeddi notu, göy qurşağının yeddi rəngi, yeddi gün, yeddi həftə və ən nəhayət, Qız qalası da yeddi mərtəbədir. Biz hələ təbiətin sirlərini tam aça bilməmişik”.
   Rəssam sənətə xidmət etdiyi bu illərdə Opera və Balet Teatrına xüsusi bağlılığını da gizlətmir. Ərsəyə gətirdiyi geyimlərin əksəriyyəti məhz bu sənət məkanında öz sahibini tapıb: “40 ildən artıqdır bu sənətdəyəm. Tamaşalarda ilk işim Opera və Balet Teatrında oldu. Elə burada uğurlu işimin nəticəsi olaraq məni həm kinoya, həm də digər teatrlara dəvət etdilər. Milli Dram Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin “Büllur sarayda” tamaşasına və bir-neçə filmə geyim rəssamı kimi təklif aldım. Dahi bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baletinin də geyim rəssamı mən oldum. 2011-ci ildə “Yeddi gözəl” baletinin kostyumlarında çoxlu sayda Svarovski daşlarından istifadə etdim. Səbəb isə naxış və bəzək işlərinə çox yer ayrılması idi. Nizami deyilən zaman göz önündə onun əsərlərinə çəkilmiş miniatürlər canlanır. Buna görə də düşündüm ki, Qara Qarayev musiqisinə və Nizamiyə layiq necə bir nümunələr yarada bilərəm. Bu səbəbdən də dahi bəstəkarın musiqisinin təsiri altında baletin kostyumlarını yaratmışam. 1986-cı ildə Aqşin Əlizadənin “Babək” baletini görkəmli rəssamımız Tahir Salahovla birlikdə işlədim və bu böyük sənətkardan çox şey öyrəndim. Bütün işlərim əziyyətlə başa gəlib, amma mənə əsas uğur gətirən böyük tamaşa Fikrət Əmirovun “Min bir gecə”si oldu. Həmin tamaşa ilə mən xarici teatra da dəvət aldım. İki il əvvəl Misirin opera teatrından mənə təklif gəldi. Həmin teatrda həm dekoru, həm də kostyumları özüm hazırladım”.
   Xalq rəssamının son işlərindən biri də Xalq yazıçısı Anarın ssenari müəllifliyi, Ramiz Həsənoğlunun rejissorluğu ilə dövlət sifarişi əsasında çəkilmiş “Sübhün səfiri” filminə hazırladığı geyimlərdir. Hazırda yeni tamaşa və filmdə çalışmasa da, yaradıcılıq axtarışları davam edir: “Boş vaxtlarımda milli mövzuda, miniatür üslubda rəsm əsərləri yaradıram. Bir vaxtlar işlərim çox olduğundan vaxt darlığı var idi. Teatr və kino, demək olar ki, vaxtımı tamamilə almışdı. İndi bir az sərbəstəm və oturub miniatür əsərlər üzərində işləməyi düşünürəm. Beş ildən sonra, 70 illik yubileyimdə bir sərgi ilə tamaşaçıların görüşünə gəlməyi planlaşdırıram”.
   Sənətkar gənc rəssamlara tövsiyələrini də dilə gətirdi: “Gənc rəssamlara məsləhətim odur ki, geyim rəssamı olmaqdan çəkinməsinlər. Öz fikirlərini və rəssamlığın xüsusiyyətlərini qorumaqdan ötrü aktyor və rejissorlarla mübahisədən çəkinməsinlər. Böyük əsəb tələb etsə də, yalnız bu zaman uğurlu nəticə əldə etmək mümkündür. Şəxsən mən geyim rəssamı sənətini seçdiyimə görə heç də peşman deyiləm”.
   Həmsöhbətim sonda əməyimə verilən yüksək qiymətə görə ölkə rəhbərliyinə, Mədəniyyət və Turizm Nazirliyinə dərin minnətdarlığını bildirdi. Dövlətimizin bu etimadını bundan sonra da öz işi, yaradıcılığı ilə doğruldacağını vurğuladı.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar