Azərbaycan əcnəbi turistlərin gözü ilə
   
   
   “Azərbaycan əcnəbi turistlərin gözü ilə” rubrikasının növbəti qonağı “köhnə qitə”nin şimalından, Böyük Britaniyadan Bakıya təşrif buyurub. İlk dəfədir ki, şəhərimizin müsafiri olan Mark Makredi Azərbaycanı həm də böyük şahmat ölkəsi kimi tanıdığını, Teymur Rəcəbovun, Şəhriyar Məmmədyarovun beynəlxalq yarışlardakı çıxışlarını maraqla izlədiyini deyir. Özü də həvəskar şahmatçı olan müsahibim ölkəmizlə bağlı digər təəssüratlarını da bizimlə paylaşdı...
   
   - Cənab Makredi, öncə özünüzü qəzetimizin oxucularına təqdim edərdiniz...
   - Böyük Britaniyadanam. Neft sektorunda çalışan gənc mütəxəssislərə təlimlər keçməklə məşğulam. Ailəliyəm, bir qızım var. Təəssüf ki, ölkənizə ailəmlə gələ bilmədim. Ancaq onların da burda olmasını, əsrarəngiz şəhərinizi görməsini çox istərdim.
   - Yəqin bu, Bakıya ilk səfərinizdir? Səfərdən öncə ölkəmizlə bağlı nə qədər məlumatlı idiniz?
   - Bəli, ilk səfərimdir. Artıq 10 gündür ki, şəhərinizin qonağıyam və çox məmnun olduğumu deyə bilərəm. İşimlə əlaqədar hələ 6 ay burada olacağam. Ölkənizlə bağlı səfər öncəsi təəssüratlara gəldikdə, onu deyə bilərəm ki, Avropa Azərbaycanı yeni tanımağa başlayıb. Bu proses “Eurovision”la daha da sürət götürdü. Azərbaycan əsasən neft ölkəsi kimi tanınır. Ancaq mən Azərbaycanın həm də güclü şahmatçılar ölkəsi olduğunu bilirəm. Özüm də həvəskar şahmatçıyam. Teymur Rəcəbovun, Şəhriyar Məmmədyarovun beynəlxalq şahmat yarışlarında keçirdikləri oyunları maraqla izləyirəm. Deyə bilərəm ki, şahmatçılarınız çox güclüdürlər. Bilirsiniz, bu qədər gözəl şəhərinizin Avropada o qədər də tanınmamasını məlumatsızlıqla əlaqələndirərdim. Şəxsən mən Bakıya gəlməzdən öncə internetdə müəyyən araşdırma apardım. “Youtube” portalında yerləşdirilən videolarla müəyyən informasiya almağa çalışdım. Siz də razılaşarsınız ki, ölkəyə ilk dəfə səfər edən turist üçün bu olduqca az informasiyadır. Ölkənizlə bağlı fikirlərin bir çoxu subyektivdir və ziddiyyətlidir. Bu isə Azərbaycan haqqında düzgün fikrin formalaşmasına mane olur. Bəzən isə ziddiyyətli fikirlər ölkənizə səfər etmək istəyən turistləri çaşdırır, fikirlərindən yayındırır. Hesab edirəm ki, ölkənizin internet resurslarından istifadə etməklə tanıdılmasına daha çox diqqət ayırmalısınız. Çünki turistlərin məlumat əldə etmək üçün ilk müraciət etdikləri mənbə məhz internetdir.
   - Bəs sizdə hər hansı tərəddüd oldumu?
   - Xeyr, elə bir tərəddüd yaşamadım. Bilirsiniz, bizim işimiz beynəlxalq şirkətlərlə əlaqəli olduğundan dünyanın bir çox ölkələrinə səfər edirik. Səyahət bizim işimizin bir parçasıdır. Bununla belə, hər bir şəxs işləmək və istirahət etmək üçün getdiyi ölkə haqqında məlumatlı olmaq istəyir. Bu baxımdan mən bir az şanslı idim. Azərbaycanla bağlı müəyyən qədər də olsa məlumatlı olmağım qərar verməkdə çətinlik yaratmadı. Bura gəldikdə isə düzgün qərar verdiyimdən bir daha əmin oldum. Paytaxtınız olduqca müasir şəhərdir.
   - Bu müddət ərzində Bakını gəzə bilmisinizmi?
   - Şəhərin mərkəzi hissəsini, İçərişəhəri, Qız qalasını, Dənizkənarı bulvarı gəzmişəm. Burada həm müasirlik, həm qədimlik, həm də sovet dövrünün izləri var. İçərişəhər çox maraqlıdır. İlkin görkəmini indiyədək qoruyub saxlayıb. Küçələr dardır, qala divarı ilə əhatə olunub. Belə anladım ki, Bakı lap əvvəl yalnız bu hissədən ibarət olub, sonra böyüyüb. Beş və doqquz mərtəbəli binalar isə sovet dövrünü xatırladır. Yeni tikililəri olan müasir Bakı daha çox Livanın paytaxtı Beyruta bənzəyir. Arxitekturası, iqlimi də demək olar ki, eynidir. Orada da həm yeni, həm də qədim şəhəri bir arada görmək mümkündür. Düzdür, indi Beyrutda tamam başqa mənzərə yaranıb.
   - Bölgələrimizə səfər etməyi necə, planlaşdırırsınızmı?
   - Çox istəyərdim ki, bölgələrinizi də görüm. İlk imkanda səfər edəcəyəm. Onu da deyim ki, buraya səfər edən əcnəbi işçiləri bölgələrə təlimlərə aparırlar. Bilirəm ki, belə bir imkanım olacaq.
   - Azərbaycanı işlədiyiniz digər ölkələrlə müqayisə etdikdə hansı mənzərə yaranır?
   - Mən ölkənizi daha çox Şərqi Avropa ilə müqayisə edərdim. Beş il əvvəl Estoniyada idim. Azərbaycanda gedən iqtisadi proseslər, inkişaf mənə bu regiondan olan ölkələri xatırladır. İnanıram ki, Azərbaycan qısa müddət ərzində inkişaf etmiş Avropa ölkələri səviyyəsinə çatacaq. Onu da deyim ki, ölkənizlə Rusiya arasında da müəyyən oxşarlıqlar mövcuddur. Bu da yəqin ki, ortaq keçmişinizdən irəli gəlir. Müsəlman ölkələri ilə müqayisə etdikdə isə tamam başqa mənzərə yaranır. Mən Küveytdə, Birləşmiş Ərəb Əmirliklərində çalışmışam. Bu səbəbdən rahatlıqla deyə bilərəm ki, burada insanlar çox müasirdir. Qapalılıq yoxdur, hiss olunur ki, insanlar özlərini olduqları kimi ifadə edə bilirlər. Bu onların geyimlərində, davranışlarında hiss olunur.
   - Yəqin ki, bu müddət ərzində milli mətbəximizin dadına baxmısınız? Bəyəndinizmi?
   - Bəli, milli mətbəxinizdən dadmışam. Yeməklərinizi bəyəndim. Şəhərin mərkəzində yerləşən Azərbaycan mətbəxi restoranlarından birində bizə plov verdilər. Çox xoşuma gəldi. Meyvə və tərəvəzləriniz də dadlıdır.
   - Qiymətlər necədir?
   - Məhsullara görə, dəyişir. Avropa ilə müqayisə etsək, burada yemək daha ucuzdur. Düzü, mən belə gözləmirdim. Kirayə mənzil və hotel qiymətləri isə demək olar ki, eynidir. Elektronika malları isə çox bahadır. Mən burada telefonların, noutbukların satıldığı mağazada qiymətlərlə maraqlandım. Çox bahadır. Elektrotexnika mallarını heç vaxt Bakıdan almazdım. Bir də sizdə taksilər ucuzdur. Müşahidə etdiyim qədərilə, burada yerli sakinlər taksidən demək olar ki, gündəlik nəqliyyat vasitəsi kimi istifadə edirlər. Ancaq Londonda taksi çox bahalı nəqliyyat vasitəsidir və hər kəs onların xidmətindən istifadə edə bilmir.
   - Viza və aviareyslər baxımından ölkəmizə səfər etmək necə, asandırmı?
   - Vizanın alınması ilə bağlı heç bir çətinliklə üzləşmədim. Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə müraciət etdim, vizanı iki gün ərzində təqdim etdilər. Bildiyimə görə, dünyanın bir çox ölkələrində səfirlikləriniz və konsulluğunuz fəaliyyət göstərir. Bu baxımdan elə bir problem olduğunu düşünmürəm. Londondan əvvəlcə İstanbula, oradan isə Bakıya gəldim. Amma bilirəm ki, birbaşa London-Bakı reysi də var. İngiltərənin böyük neft şirkətləri Azərbaycanda fəaliyyət göstərir, burada xeyli britaniyalı işçi var. Azərbaycandan da Londona təhsil dalınca gedən tələbələr çoxdur. Qarşılıqlı turist səfərləri də az deyil. Bu baxımdan birbaşa hava reysinin olması çox vacibdir.
   - Sizcə, ölkəmizə səfər edən turistləri məmnun etmək üçün daha hansı işlər görülməlidir?
   - Mən burada olduğum müddətdə insanların çox siqaret çəkdiyinin şahidi oldum. Özüm siqaret çəkən deyiləm. Məncə, siqaret çəkən insanlar üçün ayrıca qapalı məkanlar olmalıdır. Ancaq mən burada belə yerlərin olduğunu müşahidə etmədim. Bu cür yerlər yaradılarsa, çox yaxşı olar. Qeyd etdiyim kimi, Azərbaycanla bağlı internetdə müəyyən məlumat qıtlığı var. Turistlərin ölkənizlə bağlı geniş informasiya əldə edəcəyi internet resurslarının yaradılması olduqca vacibdir.
   
   Sadiq Musa 






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar