Sinan Oğan: “Türk dünyasının alimləri, tələbələri, şagirdləri ortaq tarix anlamında bir araya gələrsə, Azərbaycanın milli bayramlarını Türkiyədə, Türkiyənin milli bayramını Qırğızıstanda tanıyıb bilərlərsə, o zaman bizim birliyimiz də möhkəmlənər”
   
   Türk dünyasının birliyi ideyası yüz illərdir mövcud olsa da, praktik müstəvidə, əməkdaşlıq formatı olaraq XX əsrin sonlarından - Sovet İttifaqı dağıldıqdan sonra təşəkkül tapmağa başlayıb. Türkdilli ölkələrin ənənəvi zirvə toplantılarının keçirilməsi, 2010-cu ildən bu münasibətlərin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində daha da mütəşəkkillik qazanması, türk xalqları və toplumlarının mədəni işbirliyinin ilbəil genişlənməsi bu məqsədə xidmət edir. Türkdilli ölkələrin beynəlxalq səviyyədə tanıdılması, onların problemlərinin həlli istiqamətində diaspor təşkilatları da mühüm rol oynayır.
   
   Türkiyənin İqdır bölgəsindən Azərbaycan əsilli millət vəkili, Böyük Millət Məclisində Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü və Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri Sinan Oğanla söhbətimizdə türkdilli ölkələrin siyasi və mədəni birliyi istiqamətində həyata keçirilən tədbirlərə, görülən işlərə nəzər saldıq.
   - Sinan bəy, uzun müddətdir ki, diaspor işi ilə məşğul olursunuz. Türk dünyasının diaspor qurumlarının daha geniş şəkildə bir araya gəlməsini hansı məqamlar əngəlləyir?
   - Biz bir araya gələ, gözəl layihələr ortaya qoya bilirik. Amma bu layihələrin həyata keçirilməsində müəyyən problemlər var. Çünki ortaya qoyulan məsələlər çox ciddidir. Onları qəbul etmək üçün ölkələrin parlamentləri, dövlət başçılarının razılıqlarının alınması lazımdır. Bu da birgünlük iş deyil. 70 il sovet rejimində yaşayan ölkələrdə birdən-birə vahid diaspor, birləşmə, türk birliyi ideyalarını həyata keçirmək iş deyil. 90-cı illərin başlanğıcında türk dünyasının aparıcı gücü Türkiyə idi. Bu mövzuda tədbirlərə ev sahibliyi və maliyyə yardımı Türkiyənin üzərinə düşürdü. İndi isə bu missiyanı Azərbaycan öz üzərinə götürüb. Qazaxıstanın da türk birliyi ilə bağlı ciddi təklifləri var. Yəni artıq türkdilli ölkələrin bu məsələdə mövqeyi özünü göstərməkdədir. Əsas problem ondadır ki, biz bəzən çox uzağa gedən hədəflər qoyuruq. Yəni bu məsələlərdə böyük hədəflərlə deyil, daha kiçik hədəflərlə irəliləmək lazımdır. Daha tez çata biləcəyimiz hədəflərə nail olduqdan sonra böyük məqsədlərə doğru getmək olar.
   - Kiçik hədəflər dedikdə, konkret olaraq nəyi nəzərdə tutursunuz?
   - Məsələn, əlifba, ortaq tarix kitablarının yazılması. Türkdilli ölkələrdə ayrı-ayrı tarix öyrənilir. Türk dünyasının alimləri, tələbələri, şagirdləri ortaq tarix anlamında bir araya gələrsə, Azərbaycanın milli bayramlarını Türkiyədə, Türkiyənin milli bayramını Qırğızıstanda tanıyıb bilərlərsə, o zaman bizim birliyimiz də möhkəmlənər. Yəni yuxarıda qeyd etdiyim kimi, daha kiçik hədəflər ortaya qoyaraq tədricən onlara nail olmaq lazımdır.
   - Ortaq türk tarixinin yazılması artıq Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun təşəbbüsü ilə başlanılıb. Amma tarixin bir sıra nöqtələrində, ayrı-ayrı tarixi şəxsiyyətlərlə bağlı anlaşılmazlıqlar hələ də müzakirə mövzusudur. Bunu necə çözmək lazımdır?
   - Mən Milliyyətçi Hərəkat Partiyasının millət vəkiliyəm. Partiyanın sədri Dövlət Bağçalı dedi ki, Yavuz Sultan Səlim nə qədər bizimdirsə, Şah İsmayıl da o qədər bizimdir. Sultan Səlim nə qədər türkdürsə, Şah İsmayıl da o qədər türkdür. Bunları qarşılaşdırmaq, bir-birləri ilə yarışdırmaq doğru deyil. Hər bir ölkədə belə məntiqli yanaşma olarsa, belə xırda anlaşılmazlıq da ortaya çıxmaz. Məsələn, Füzuli və Məhtimqulu bizim üçün eyni olmalıdır. Yeni nəsil uşaqlar türk dünyasının mütəfəkkirlərini, alimləri, şairləri, böyük dövlət adamlarını tanımır. Siz gedin, İstanbulda bir orta məktəbə və soruşun ki, Məhtimqulu kimdir, bilməyəcəklər. Ona görə ki, biz ortaq tariximizi bilmirik.
   - Bəzi türkdilli ölkələrdə tarixi-mədəni əlaqələrə önəm verilsə də, bilavasitə inteqrasiya prosesində müəyyən passivlik müşahidə olunur. Sizcə, bu nədən qaynaqlanır?
   - Hər bir ölkənin özünün daxili dinamikası var. Əgər Özbəkistan dövləti bu mövzularda çox həvəsli deyilsə, oradakı mədəni cəmiyyətləri də bu işə cəlb etmək mümkün deyil. Və ya Türkmənistan neytral dövlət olduğunu bəyan edibsə, oradakı diaspora təşkilatlarını inteqrasiya prosesinə çox cəlb edə bilmirik. Yəni bu məsələdə zamana ehtiyac var. Məsələn, Qırğızıstan və Qazaxıstan bu sahədə müəyyən addımlar atdı. Azərbaycan isə hətta Türkiyədən də önə keçdi. Ümid edirik ki, türkdilli ölkələr qısa zamanda türk birliyinə inteqrasiya olunacaq.
   - Rəhbərlik etdiyiniz TÜRKSAM (beynəlxalq əlaqələr və strateji analitik mərkəzi) təşkilatının Azərbaycanla bağlı tədbirləri olur. Yaxın zamanda belə bir toplantı gözlənilirmi?
   - Qurumun tədbirləri tez-tez olur. Mən siyasətə qoşulduqdan sonra buna bir qədər ara verildi. Lakin yenidən başlayacağıq. TÜRKSAM-ın qərargahını Ankaraya köçürürük, burada ilk tədbirimiz də sentyabrda Azərbaycanla bağlı olacaq. Mən həm də Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəriyəm və İqdırda da Azərbaycanla bağlı tədbirləri bu dərnək keçirirdi. Hazırda Türkiyənin bir çox yerlərində Türkiyə-Azərbaycan Dərnəyinin şöbələrini açırıq.
   - Yeri gəlmişkən, Türkiyədə Azərbaycan diasporunun durumu necədir?
   - Bir il əvvələ qədər bu sahədə müəyyən problemlər var idi. Amma yavaş-yavaş bunun bəlli nöqtəyə gəlindiyini görürəm. Problemlər çözülür. Son aylarda bir neçə yeni dərnək açıldı. Türkiyənin İqdır, Qars, Ərzurum, Van, Muş, Amasya, Antalya, Ankara, Qəbzə, Kocaeli, İzmir, İstanbul, Manisa şəhərlərində 3 milyondan artıq Azərbaycan əsilli türk yaşayır. Onların yaratdıqları dərnəklər fəaliyyət göstərir. Bu təşkilatlarda təkcə Azərbaycan türklərinin deyil, Anadolu türkləri də geniş iştirak edir. Amma aparıcı gücün mənbəyi Azərbaycan türkləridir. Bir sözlə, Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatlarında yeni bir canlanma meydana gəlib.
   - Bəzən türkləşmə, ortaq türk dili kimi anlayışları Türkiyənin təsiri altına düşmək kimi qəbul edənlər var...
   - Türkləşməni belə anlamamaq lazımdır. Bu, Türkiyənin təsiri deyil, öz mənliyinə, kökünə dönmədir. Bəzi türk respublikalarında Rusiya təsiri azaldıqdan sonra türkləşmə avtomatik olaraq gələcək. Türkiyə heç zaman böyük qardaş olmaq iddiasında olmayıb. Türk xalqlarının rus, fars təsirindən qurtarıb özünə dönmədir türkləşmə. “Öz” sözü Türkiyədən çox Azərbaycanda işlədilir. Deməli, Azərbaycan dili türk dilinin ən saf formasıdır. İnsanın özünə dönməsi, öz dəyərlərini ön plana çıxarmasıdır. Bir sözlə, ortaq qardaşların böyüyü, kiçiyi olmaz. Biz Azərbaycana sadəcə öz qardaşımız kimi baxırıq. Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri bir qardaş üçün söylənəcək sözlərdir. Ulu öndər Heydər Əliyevin də eyni şəkildə “Bir millət, iki dövlət” sözləri də budur zatən. Millətin də bir adı var - türk milləti.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar