Tarixən insanlar sudan istifadə və onun müəyyən məsafələrə daşınması üçün yollar aramış, müxtəlif vasitələrdən istifadə etmişlər. Qədim tarixə malik kəhrizlər də bu zaman ortaya çıxmışdır. Azərbaycanda da içməli və təsərrüfat məqsədli suyun istifadəsi əsasən kəhriz sistemləri vasitəsilə mümkün olmuşdur. Zaman-zaman insanlar bu sistemi təkmilləşdirmiş, onun tikintisində memarlıq elementlərindən istifadə etmişlər. Xalqımızın əsrlərdən bəri qoruyub saxladığı bu “yeraltı su kəmərləri” - kəhrizlər haqqında məlumat almaq üçün AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlı ilə həmsöhbət olduq.
   
   Mütəxəssisin sözlərinə görə, kəhrizlər Azərbaycanda qədim suvarma mədəniyyətinin mühüm elementi olub:
   - Arxeoloji qazıntılar nəticəsində əldə edilən məlumatlara əsasən demək olar ki, Azərbaycan qədim suvarma əkinçiliyi mədəniyyətinə malik bir ərazi olub. Tarixən regionlarda su qıtlığı olduğundan suvarma mənbəyi kimi kəhrizlərdən geniş istifadə edilib. Qarabağda 50 min desyatindən (1,09 hektara bərabər yer ölçüsü) çox torpaq kəhrizlər vasitəsilə suvarılıb.
   - Azərbaycanda hətta Kəhrizli adlı kənd də var...
    - XIX əsrin 80-ci illərində indiki Ağcabədi rayonunda Qarabağ bəylərindən Əhməd bəy Cavanşirin mülkü olan Kəhrizli kəndində xeyli kəhriz olub. Bu səbəbdən də ərazi belə adlandırılıb. Kənddə Əhməd bəy kəhrizinin suyu iki dəyirmanı eyni zamanda işlətməyə kifayət edib. Kəhrizin suyu ilə 1100 ha sahə suvarılıb. 1917-ci ilin məlumatlarına görə, Gəncə ətrafında, Şuşa və Cəbrayıl qəzalarında 1160 kəhriz olub. Onların suyu ilə 39 min desyatin ərazi suvarılıb. 1938-ci ildə Gəncə şəhəri yaxınlığında, Şəmkir çayı vadisində arxeoloji qazıntı aparan Yakob Hummel qədim kəhriz qalıqları aşkar edib və onların eradan əvvəl birinci əsrə aid olduğu təsdiq edilib. Kəhrizlərin qazılma işi çoxillik təcrübə və nəsildən-nəslə keçən sənətlə bağlıdır. Ənənəyə görə, kəhrizlər əsasən dağətəyi ərazilərdə, sulu çay məcralarında qazılıb.
   - Mənbələrdə göstərilir ki, 1940-cı illərədək kəhrizlər respublikamızda etibarlı su mənbəyi olub...
   - Bəli, ötən əsrdə də, ondan əvvəllər də Azərbaycanın çay şəbəkəsi zəif inkişaf etmiş bölgələrində geniş münbit torpaqların suvarma suyu, əhalinin içməli su ilə təminatı kəhrizlər hesabına ödənilib. 1920-1930-cu illərdə əkinçilikdə kəhrizlər suvarma şəbəkəsi kimi çox mühüm rol oynayıb. 1938-ci ildə Azərbaycanda 885 kəhriz işlək vəziyyətdə olub. Onların su sərfi il ərzində təxminən 420 milyon kubmetr təşkil edib. Bu gün isə Azərbaycanda kəhrizlərdən götürülən suyun miqdarı 1938-ci ildəki həcmin 20-25 faizini təşkil edir. Azərbaycanda vaxtilə fəaliyyət göstərən kəhrizləri bərpa etməklə böyük həcmdə su ehtiyatından istifadə etmək olar. Onu da deyim ki, bu gün 340-dək kəhriz erməni işğalı altındakı torpaqlarımızdadır.
   
   “Kəhrizlər memarlıq tariximizin bir hissəsidir”
   
   - Tarixən şəhərsalma mədəniyyətində kəhrizlərin əhəmiyyəti nədən ibarət olub?
   - XX əsrin əvvəllərinə qədər Gəncə, Cəbrayıl, Füzuli, Bərdə, Ağdam, Naxçıvan, Ordubad və s. şəhərlərin və 200-dən çox kəndin su təchizatını kəhrizlər təmin edib. Naxçıvan Dövlət Universiteti ekologiya və ümumi texniki fənlər kafedrasının müdiri Əlövsət Quliyev araşdırmalarında göstərir ki, XVII əsrin əvvəllərində Ordubadda üstü günbəzlərlə örtülmüş su təchizatı olan kəhriz sistemi fəaliyyət göstərib. 71 kəhrizi ilə tanınan Ordubad şəhərinin su təchizatı sistemi bütövlükdə memarlıq mədəniyyəti nümunəsidir. Şəhərdə kəhrizlərin və onların üzərində inşa olunan “40 pillə”lərin yerləşdirilməsi məharətlə həyata keçirilib. Belə abidələr Hacı Abutalıb, Hacı Tağı, Hacı Fəttah, Hacı Abbas, Dilbər, Mingis, Sərşəhər, Hamam, Nəhər, Əngəc və s. kəhrizlər üzərində daha çoxdur.
   Kəhrizlərdə həm qidalanma zonası ətrafında, həm də suyun yer səthinə çıxana qədər yolu boyunca sanitariya normalarına riayət olunub. Yəni kəhriz quyuları elə etibarlı mühafizə olunub ki, oraya heç bir yerüstü axıntılar və çöküntülər daxil ola bilməyib. Ordubadda həyətlərdən keçən kəhrizlərdən olduqca məharətlə istifadə olunub. Kəhriz hesabına həyətlərdə həmişə əlverişli mikroiqlim yaranıb. Bəzi həyətlərdə kəhrizlərin yer səthinə çıxışından sonra su arxla həyəti dolanır və hovuzun doldurulmasını təmin edir. Məhəllələrdə qoyulmuş “40 pillə”lər yalnız su götürmək üçün istifadə olunub.
   Şəhərlərin genişlənməsi və abadlaşdırılmasında kəhrizlərin rolu böyük olub. Maraqlıdır ki, 1970-ci illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyində kəhrizlər şöbəsi də olub. Sonrakı illərdə kəhrizlər unudulub. Əvəzində subartezian quyularına üstünlük verilib.
   - Müasir dünyada kəhrizlərə münasibət necədir?
    - Müxtəlif illərdə kəhrizlərə həsr olunan ümumdünya konqresləri keçirilib. 2004-cü ildən İranın Yəzd şəhərində UNESCO-nun köməyi ilə “Su muzeyi” və Taft şəhərində “Qanat” kolleci yaradılıb. Naxçıvan MR-də 1999-cu ildən başlayaraq kəhrizlərin bərpası işi ilə beynəlxalq mütəxəssislər məşğuldur. Onlar Azərbaycanın Goranboy, Samux, Gəncə və s. bölgələrində də kəhriz-bərpa işləri ilə məşğul olublar. Kəhriz sahəsində mütəxəssislərin azlığı təəssüf doğurur. Çünki bu sistemlərin batması ərazilərdə qrunt suları səviyyəsinin artmasına və suffoziya kimi ekzogen proseslərin inkişaf etməsinə şərait yaradır.
   - Sizcə, kəhrizləri xilas etmək mümkündürmü?
   - Kəhrizlərin bərpa və inkişaf etdirilməsi üçün hidrogeoloqlar, hidrotexniklər, hidroloqlar, dağ-mədən mütəxəssisləri və peşəkar kankanların iştirakı ilə geniş şəkildə müzakirələr aparmaq, yollar tapmaq lazımdır. Bərpa işləri müəyyən vəsait tələb edir. Kəhrizlərin pasportlaşma işi mühəndis qrafikası əsasında sənədləşdirilsə daha yaxşı olar. Kəhrizlər iqtisadi cəhətdən də səmərəli hidrotexniki qurğudur. Kəhriz sistemləri strateji və tarixi əhəmiyyətli abidələr kimi dövlət qeydiyyatına alınıb. Lakin onların sayı hələ də dəqiqləşdirilməyib. Eyni zamanda, kəhrizlər və onların üzərində qurulan abidələr memarlıq tariximizin bir hissəsi kimi qorunmalıdır. Onları yaşatmaq tarixə xidmətdir.
   
   Savalan Fərəcov