İlqar Əliyev: “Memarlarımız xaricdə təcrübə keçməli, dünyada baş verən yeniliklərlə tanış olmalıdırlar”
   
   Memarlıq binaları layihələndirmə, tikmə və bədii cəhətdən tərtib etmə sənətidir. Bu sənətin əhatə dairəsinə adi qapı dəstəyinin dizaynından böyük şəhər aqlomerasiyaların planlaşdırılmasına qədər müxtəlif məsələlər daxildir. Tikintinin bədii üslubu, xarakteri bilavasitə memarın düşüncə və zövqünün məhsuludur. Azərbaycan Memarlar İttifaqının üzvü, tanınmış memar İlqar Əliyev də bu sənətdə illərini yaşayış evlərinin layihələndirilməsinə həsr edib. Onunla redaksiyamızda görüşüb fəaliyyəti ilə tanış olduq. Həmsöhbətimiz əvvəlcə təhsil illərindən bəhs etdi:
   
   - 1980-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə qəbul olundum. Məktəbi bitirməmiş, 1984-cü ildə İnşaat Mühəndisləri İnstitutunun (indiki Memarlıq və İnşaat Universiteti) memarlıq fakültəsinə daxil oldum və iki təhsil ocağında eyni vaxtda oxudum. 1986-cı ildə Rəssamlıq Məktəbini, 1990-cı ildə institutu bitirdim.
   1995-ci ildə Amerika İnşaat Dizayn İnstitutuna (The America Institute of Building Design - AİBD) üzv qəbul edildim. Bu quruma üzvlük dünyada memarlıq sahəsində baş verən proseslərə qoşulmaq, başqa ölkələrin memarları ilə yarışmaq, ən əsası Azərbaycan memarlığını ABŞ kimi böyük bir ölkədə təmsil etmək, tanıtmaq imkanı verir. Təbii ki, Azərbaycan memarlarının professional səviyyəsini sübut etmək, Amerikanın Milli Sertifikatlaşdırma Şurasının sertifikatını qazanmaq istəyi də vardı. Digər tərəfdən, bu institut vasitəsilə hər il keçirilən memarlıq konfranslarında iştirak imkanı əldə etdim.
   - İlqar müəllim, indi isə 2013-cü ildə qazandığınız uğur haqqında ətraflı söhbət edək...
   - 2013-cü ilin iyul ayında Amerika İnşaat Dizayn İnstitutunun ənənəvi olaraq keçirdiyi “American Residential Design Awards” (ARDA) müsabiqəsinə qoşuldum. Müsabiqə Kaliforniya ştatının Pasadena şəhərində keçirilirdi. Bu müsabiqədə “konseptual dizayn” nominasiyasında ikinci yerin qalibi oldum. Sözsüz ki, Amerikada belə bir nailiyyət əldə etmək məni çox sevindirdi.
   - Bəs müsabiqəyə təqdim etdiyiniz layihə necə idi?
   - Müsabiqəyə su üzərində, sahildən 10 metr kənarda kiçik bir adada tikiləcək evin layihəsini təqdim etmişdim. Ev iki hissədən ibarətdir. Birinci hissə yaşlı valideynlər , ikinci hissə isə gənc övladlar üçün nəzərdə tutulub və bu iki hissəni birləşdirən kənarları tam şüşədən olan körpüdür. Bu onların rahat və sakit yaşaması üçün vacibdir. Evin əsas hissəsində böyük zal, mətbəx və gənclərin otaqları yerləşir. Layihənin fəlsəfəsi valideynlə övladların həm bir yerdə, həm də ayrı yaşama prinsipləridir.
   - Bu müsabiqələrdə iştirak sizə nə verir?
   - Mən bu müsabiqələrdə 1997-ci ildən iştirak edirəm. Başlıca məqsədim memar kimi Azərbaycanın adını tanıtmaqdır. 1997-1998-ci illərdə birinci yerə, 2008-ci ildə ikinci yerə layiq görülmüşəm. İstəyirəm ki, Azərbaycan memarlarının əl işləri daha geniş tanınsın, azərbaycanlıların bu sahədə də öndə olduqlarını dünya görsün.
   - Amerika İnşaat Dizayn İnstitutu haqqında bir qədər ətraflı məlumat verərdiniz...
   - Qeyd edim ki, ABŞ-da memar professional bacarığını sübut edən sertifikatını qüvvədə saxlamaq üçün ömrü boyu fasiləsiz təhsil sistemində iştirak etməlidir. AİBD də yaşayış evlərini layihələndirən, memar və layihə rəhbərlərini müdafiə edən, onların professional bacarıqlarına zamin duran, fasiləsiz təhsil sistemində yardım göstərən dünyada yeganə tanınmış milli təşkilatdır. Amerika İnşaat Dizayn İnstitutu 1950-ci ildə yaradılıb və ABŞ-dan kənarda 48 ölkədə üzvləri var. Bu institutda memarlar həm də dərs alır və kateqoriyalar üzrə yüksəlirlər. 1995-ci ildə həmin instituta üzv olduğum zaman interna, 2007-ci ildə isə professional kateqoriyasını aldım.
   - Bizim Memarlar İttifaqı ilə həmin təşkilatın fərqi nədədir?
   - Amerikadakı təşkilat memarları öz ətrafında birləşdirməklə yanaşı, həm də onların daha da püxtələşməsi üçün dərslər keçir. Bu dərslər birbaşa, yaxud onlayn da ola bilər. Bu imkandan yararlanaraq 2009-cu ildə ABŞ Konqresinin maliyyə dəstəyi ilə orada şəhərsalma universitetlərində bələdiyyə və başqa dövlət orqanlarının təşkil etdiyi seminar və məşğələlərə qatıldım. 2010-2011-ci illərdə GROHE və “Knauf” şirkətlərinin dəvəti ilə Almaniyada müasir texnologiyaları öyrənmək üçün işgüzar səfərdə olmuşam. Müxtəlif vaxtlarda İtaliya və Birləşmiş Ərəb Əmirliklərində olmuşam. Ərəb əmirinin oğlu üçün yaşayış evinin layihəsini hazırlamışam.
   - Azərbaycanın müasir memarlığını necə qiymətləndirirsiniz?
   - Bu gün memarlığımız dövlətin dəstəyi ilə inkişaf edir. Xaricdən dəvət olunmuş memarların layihəsi əsasında uğurlu sənət nümunələri yaradılır. Memarlarımızın əksəriyyəti təcrübə keçməli, dünyada baş verən yeniliklərlə, modern texnologiyalarla tanış olmalıdırlar. Xarici mütəxəssislərin müasir işləri bizim memarlara da yaradıcılıq stimulu verir.
   - Bizim memarlıqla dünya memarlığı arasında hansı fərqləri görürsünüz?
   - Fransalı memar Onri deyib ki, memarlıq sənəti təkcə klassika və gözəllik üçün deyil, memarlıq sifarişçinin gücünü və nəyə qadir olmağını göstərmək üçündür. Bu gün dünya memarlığı ilə yanaşı, Azərbaycan memarlığı da inkişaf edir. Ölkəmizdə yaradılan memarlıq nümunələri Azərbaycanı dünyada tanıdır və bu həm də dünyaya bir çağırışdır. Biz yeni layihələrimizlə dünyaya kim olduğumuzu sübut etmək istəyirik.
   - Arzusunda olduğunuz, lakin çox maliyyə tələb edən layihə varmı?
   - Bəli var. Mənim www.architecture.az adlı saytım fəaliyyət göstərir. Burada dərs dediyim tələbələrin işlərini nümayiş etdirməklə yanaşı, bu sahədə baş verən yenilikləri paylaşıram. Həmin qeyd etdiyiniz layihələri də, ola bilsin ki, yaxın gələcəkdə həmin saytda yerləşdirim.
   - Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində baş müəllimsiniz. Dərs dediyiniz gənclərin bu sahəyə marağı hansı səviyyədədir?
   - İstedadlı, sənəti sevən, böyük gələcəyi olan tələbələrim də var, tam təsadüfi gələnlər də. Onu da qeyd edim ki, mən özüm də nə vaxtsa bu sahəyə təsadüfən gəldim. Uşaq vaxtlarımdan rəssam olmaq arzusunda olmuşam. Hətta 1982-ci ildə sənədlərimi Moskvada Surikov adına Rəssamlıq Akademiyasına vermişdim. Amma sonradan memarlığı sevdim və bu sahəyə gəldiyim üçün heç də peşman deyiləm.
   - Memar olmaq istəyən insan necə olmalıdır?
   - O, kağızdan başqa ideyasının həcmini hiss etməyi bacarmalı, görməlidir. Bu onun daxilində özünü hiss etdirməlidir. Keçən il Rusiyanın Krasnoyarsk şəhərində “Memarlıq təhsilinə yardım üzrə regionlararası ictimai təşkilatı”n keçirdiyi beynəlxalq müsabiqədə memarlıq universitetlərinin ən yaxşı diplom işləri nümayiş olundu. 5 magistr və 12 bakalavrımızın diplom işləri həmin müsabiqədə iştirak edirdi. Tələbələrimizin 11 nəfəri birinci, 5 nəfəri ikinci, bir nəfər isə üçüncü yerə layiq görüldü. Müsabiqədə azərbaycanlı memar tələbələrin diplom işlərinin yüksək səviyyəli olduğunu xüsusən qeyd etdilər. Bu nailiyyətlərin əldə olunmasında universitetimizin rektoru, Milli Məclisin üzvü, professor Gülçöhrə Məmmədovanın memar kimi professionallığı və gözəl zövqü böyük rol oynayır.
   - Bəs sizin qalib olan işlərinizdə əsas hansı meyarlar nəzərə alınıb?
   - Mənim işlərimdə əsasən Abşeron tərzi diqqətləri cəlb edib. Bakının xarakterik iqliminə məxsus layihələrim xaricdə daha çox maraqla qarşılanıb. Düşünürəm ki, Azərbaycan memarlığının özünün xüsusi cizgiləri var və bu da başqa ölkələrdə seçilir, maraq doğurur.
   - Hazırda yeni memarlıq layihələrində sizi qane etməyən məqamlar varmı?
   - Əsas məsələlərdən biri bəzi layihələrdə əlillərin və yaşlı insanların nəzərə alınmamasıdır. Məsələn, böyük parkın tikilməsi hamıya sevinc gətirir. Nəzərə alsaq ki, parkda əsasən yaşlı təbəqə, uşaqlar, eləcə də əlillər istirahət edir, bu zaman parka daxil olmaq üçün rahat keçidlərin olması vacibdir. Parka keçidlərdə sıfırdan başlayan panduslar olmalıdır, yanı üstə qoyulmuş bordür daşı problemi həll etmir. İkinci məsələ isə yeni yaradılan memarlıq nümunələrinin təkcə paytaxtda deyil, bölgələr də layihələndirilməsidir. Çox istərdim ki, bölgələrimizdə gözəl müasir memarlıq nümunələri yaradılsın, bu sahə inkişaf etsin. Böyük memarlıq nümunəsi olan daha çox muzey və başqa binalar tikilsin. Məsələn, Almaniyanın Essen şəhərində dünyanın tanınmış ingilis memarı Foster tərəfindən RED DOT böyük dizayn muzeyinin layihəsi verilib.
   - Yeni layihələriniz, planlarınız haqqında nə deyərdiniz?
   - Mən hündür mərtəbəli binaları layihələndirmirəm. Bu günə kimi 80-dən çox bir neçə mərtəbəli ev və 50-dən artıq interyer layihəsinə imza atmışam. Son böyük layihəm isə Ələtdə inşa olunacaq dəniz limanının sərnişinlər üçün nəzərdə tutulan vağzal hissənin eskizi olub.
   Universitetdə bir çox işlərimiz, layihələrimiz var. Universitetin rektoru, professor Gülçöhrə Məmmədova tələbələrimizə və müəllim kollektivinə bütün işlərində yaxından köməklik göstərir. Hər bir yeni ideya və layihəyə diqqət ayırır, tələbələri işləməyə ruhlandırır. Biz müəllimlər də bu yolda daim gənclərə dəstək olmağa çalışırıq. Onların müsabiqələrdə və digər tədbirlərdə iştirakına şərait yaradırıq. Bu il memarlıq fakültəsinin diplom işləri Sankt-Peterburq şəhərinə - “Memarlıq təhsilinə yardım üzrə regionlararası ictimai təşkilatı”n keçirdiyi beynəlxalq müsabiqəyə göndərilib. Ümid edirəm ki, uğur qazanacağıq.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar