Səfir Prayono Atiyanto: “İki ölkə arasında dostluq əlaqələrini dərinləşdirmək üçün mədəni münasibətlər böyük əhəmiyyət kəsb edir”
   
   İndoneziya Respublikası Cənub-Şərqi Asiyada ən böyük dövlətdir. Ərazisinə (1,9 milyon kv. km) görə dünyada 14-cü, əhalisinin sayına (təxminən 245 milyon nəfər) görə Çin, Hindistan və ABŞ-dan sonra 4-cü yeri tutur. İndoneziyanın ərazisinə irili-xırdalı 17 minədək ada (ən böyük adalar Yava, Sumatra) daxildir ki, onların 6 minində əhali yaşayır.
   
   İndoneziya həm də dünyanın ən böyük müsəlman ölkəsidir, əhalisinin 80 faizini müsəlmanlar təşkil edir. Zəngin tarixə malik uzaq İndoneziyanı Azərbaycanla yaxınlaşdıran ilk məqamlardan biri də budur. Ölkələrimiz beynəlxalq qurumlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında qarşılıqlı əlaqələrə malikdir. 2005-ci ildə bu ölkədə səfirliyimiz fəaliyyətə başlayıb. 2011-ci ildən isə İndoneziyanın Bakıda səfirliyi açılıb. Bu günlərdə paytaxtımızda İndoneziyanın müstəqilliyinin 68-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Ölkənin mədəniyyəti, ənənələri və milli kulinariyasının təqdimatı oldu. İndoneziyanın ölkəmizdəki səfiri Prayono Atiyanto ilə söhbətimizdə iki ölkə arasında münasibətlərin mövcud durumuna və gələcək perspektivlərinə nəzər saldıq.
   
   - Cənab səfir, Azərbaycanla İndoneziya arasında münasibətlərin səviyyəsi haqqında nə deyə bilərsiniz? İki ölkənin əməkdaşlığında hansı sahələr prioritet təşkil edir?
   - Azərbaycanla İndoneziya arasında möhkəm əlaqələr və dostluq münasibətləri artıq 20 ildən çoxdur ki, həm ikitərəfli, həm də beynəlxalq səviyyədə inkişaf edir. Ölkələrimiz bir-birinin ərazi bütövlüyünü dəstəkləyir, bir çox qlobal məsələlərdə eyni baxışları paylaşır, onlara ümumi maraqlar kontekstindən yanaşırlar. Azərbaycanla İndoneziya həmçinin multikulturalizmə münasibətdə və dinlərarası dialoq istiqamətində eyni mövqedən çıxış edir. Prioritetlərə gəlincə, fikrimcə, 20 illik münasibətlərdən sonra artıq siyasi əməkdaşlığı iqtisadi və sosial-mədəni yaxınlığa çevirməyimiz lazımdır. Bu mənada çoxlu birgə səylərə ehtiyacımız var. Əlaqələri inkişaf etdirmək üçün Azərbaycanla İndoneziya böyük potensiala malikdir. Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü iqtisadiyyata malikdir. Ölkəniz təkcə yerləşdiyi regionda deyil, həmçinin Avropada enerji təhlükəsizliyi sahəsində vacib rol oynayır.
   Qlobal iqtisadi çətinliklərin olmasına baxmayaraq, İndoneziya da iqtisadi artımını qoruyub saxlaya bilib. Hazırda ölkəmizin iqtisadi artım tempi G20 ölkələri arasında Çindən sonra ikinci yerdədir. Bu mənada İndoneziya Azərbaycanla əməkdaşlığı artırmağa və dərinləşdirməyə hazırdır. Eyni zamanda ölkələrimiz arasında birbaşa ticarətin genişləndirilməsinə, kiçik və orta sahibkarlar arasında əlaqələrin qurulmasına ehtiyac var. Fikrimcə, münasibətlər təkcə dövlət səviyyəsində deyil, iki ölkənin cəmiyyəti, insanları arasında da qurulmalıdır. Məsələn, Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən “İndoneziya Araşdırma Mərkəzi” ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə və dostluğun möhkəmləndirilməsinə töhfə verir. Biz hər zaman azərbaycanlıları öz ölkəmizdə qəbul etməyə hazırıq. Onu da deyim ki, Bakıdakı səfirliyimiz ölkəmizə səfər etmək istəyənlərə ən qısa müddətdə viza verir.
   - Azərbaycanla İndoneziya arasında mədəni əlaqələri necə dəyərləndirirsiniz? Bu əlaqələri inkişaf etdirmək üçün nələr edilə bilər?
   - İki ölkə arasında dostluq əlaqələrini dərinləşdirmək üçün mədəni münasibətlərin böyük əhəmiyyəti var. Biz mədəniyyət və incəsənət sahəsində mübadiləni genişləndirməliyik. Bu amil xalqlarımız arasında dostluğu yaymağa, təbliğ etməyə kömək edəcək. Səfirlik olaraq belə əməkdaşlığa maraq göstəririk. Bu mənada Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, ölkənin mədəniyyət təşkilatları ilə əməkdaşlığa hazırıq. Azərbaycanda İndoneziyanın ənənəvi bambo musiqi alətini, angklung musiqisini tanıtmaq istəyirik. Məlumat üçün bildirim ki, UNESCO 2010-cu ildə angklung musiqisini Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edib. Eyni zamanda, UNESCO-nun həmin siyahısında yer alan Azərbaycan muğamının da İndoneziyada geniş şəkildə təbliği çox yaxşı olardı.
   Bundan başqa, biz təhsil sahəsində əməkdaşlığa da önəm veririk. Hazırda azərbaycanlı tələbələr İndoneziyada magistr təhsili, habelə İndoneziya dili və mədəniyyəti proqramlarında iştirak edirlər.
   - İndoneziyanın Azərbaycanda ilk səfirisiniz. Buraya gələnə qədər Azərbaycan haqqında nə bilirdiniz? Vəzifənizin icrasına başladıqdan sonra ölkəmizlə bağlı sizdə hansı təəssüratlar yaranıb?
   - Etiraf edim ki, ölkənizə gələnə qədər Azərbaycan və Bakı haqqında elə bir bilgim yox idi. Lakin sonra Odlar Yurdu, onun tarixi, insanları, təbiəti və mədəniyyəti haqqında məlumatlarla tanış olmağa başladım. Burada yaşadığım iki il müddətində müşahidə etdim ki, Azərbaycanla İndoneziya arasında bir sıra oxşarlıqlar mövcuddur. Hər şeydən öncə ölkələrimizin əhalisinin böyük hissəsi müsəlmanlardan ibarətdir. Bu mənada İndoneziya İslam dəyərlərini demokratiya ilə birlikdə inkişaf etdirərək genişləndirir. Azərbaycan kimi İndoneziya da multikulturalizm və dinlərarası dialoqa böyük önəm verir. Bilirəm ki, ölkənizin qədim və zəngin tarixi var. Azərbaycan həmçinin tarixi İpək Yolu üzərində yerləşən ölkə kimi tanınır. Müasir dünyaya inteqrasiya etməklə yanaşı, öz adət-ənənələrini qoruyub saxlamağa çalışır. Yeri gəlmişkən, hazırda Azərbaycan dilini öyrənməyə səy göstərir, ölkənizin insanlarına yaxın olmağa çalışıram.
   - İndoneziya dünyada həm də böyük turizm ölkəsi kimi tanınır. Ölkələrimiz arasında turizm əlaqələrini necə genişləndirmək olar?
   - Turizm əlaqələri əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün vacib sahədir. Bu əlaqələri genişləndirmək üçün imkan və potensial mövcuddur. Hətta bu istiqamətdə bir sıra addımlar da atılıb. Belə ki, İndoneziya 2012-2013-cü illərdə Bakıda keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirak edib. Mən şadam ki, Azərbaycan və İndoneziyanın turoperatorları və səyahət agentliklərinin uğurlu əlaqələri ölkələrimiz arasında turist mübadiləsinin artımına zəmin yaradır. Biz həmçinin turizm sektorunda insan resursları sahəsində də əməkdaşlığı inkişaf etdirə bilərik.
   - Bakıda olduğunuz müddətdə teatrlara, konsertlərə getməyə imkanınız olubmu?
   - Yaşadığımız ölkənin cəmiyyətini və mədəniyyətini başa düşmək hər zaman vacibdir. Odur ki, Bakıda konsertə, teatra, operaya getməyə çalışıram. Artıq muğam musiqisi ilə tanış olmuşam. Xüsusi olaraq vurğulamaq istərdim ki, Bakıda keçirilən “Eurovision-2012” musiqi yarışmasına tamaşa etmək imkanım olduğu üçün çox xoşbəxtəm. Lakin hələ də təəssüf edirəm ki, bu il V Qəbələ Beynəlxalq Musiqi Festivalına gedə bilmədim.
   Təqdirəlayiq haldır ki, Azərbaycan müasir musiqi janrlarını mənimsəməklə öz ənənəvi musiqi janrlarını qoruyub saxlamağa müvəffəq olub. Məsələn, xalqın klassik musiqisi olan muğamı bu günə qədər qoruyub saxlamasını çox bəyənirəm. Bununla yanaşı, azərbaycanlılar müasir musiqini də çox gözəl ifa edirlər. Onu da qeyd edim ki, İndoneziyada muğama çox bənzəyən “gambus” adlı musiqi janrı var və deyərdim ki, bu, Orta Şərq musiqisinin təsiri ilə meydana gəlib.
   - Ölkəmizin maraqlı və görməli yerlərinə səyahət edə bilmisinizmi?
   - Bakıda bir sıra muzeylərə baş çəkmişəm. Eyni zamanda Sumqayıtda, Şamaxıda, Nabranda, Şahdağ Qış-Yay Turizm Kompleksində olmuşam. Şəki və digər maraqlı yerlərə getməyə hazırlaşıram.
   - Bu günlərdə İndoneziyanın Müstəqillik Günü ilə bağlı təşkil etdiyiniz tədbirdə həm də İndoneziyanın qonaq qarşılama ənənələri, milli kulinariya nümunələri təqdim olundu. Bəs Azərbaycan milli mətbəxi ilə aranız necədir?
   - Mən Bakıda çox vaxt kabab, plov, dolma və düşbərə yeyirəm. Bizim ölkəmizdə də kababın müxtəlif növləri hazırlanır. Məlumat üçün bildirim ki, İndoneziyada 300-dən çox etnik qrup yaşayır. Onların özünəməxsus mədəniyyəti, mətbəxi, öz dili var. Lakin biz “bir ana vətən, bir millət və bir dil” əsasında “müxtəlifliyin birliyi” prinsipini qoruyuruq və əsl İndoneziya da elə budur. Burada da səfirlik olaraq mədəni irsimizi təbliğ etmək, o cümlədən mətbəx nümunələrimizi Azərbaycan xalqına təqdim etmək istəyirik. İndoneziya mətbəxində “sate” (toyuq və mal əti kababı), “nasi goreng (qızardılmış düyü), “mie goreng” (qızardılmış əriştə) və digər milli yemək nümunələri çox məşhurdur. Lakin bu yeməkləri burada hazırlamaq üçün İndoneziyadan ədviyyatların, müxtəlif ərzaq məhsullarının gətirilməsi lazımdır. Bu üzdən hazırda Azərbaycanda İndoneziya restoranı fəaliyyət göstərmir. Odur ki, Azərbaycan şirkətlərini İndoneziyadan ərzaq məhsulları idxal etməyə təşviq etmək istəyirik. Qeyd edim ki, İndoneziya halal ərzaq məhsullarının istehsalı sahəsində dünyada aparıcı ölkələrdən biridir.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar