Həmid Qaradəniz: “Azərbaycan media nümayəndələrini iki ölkə arasında qardaşlığın daha da genişlənməsi üçün könüllərini, ruh dünyalarını ortaya qoyacaq qədər səmimi görürəm”
   
   Həmid Qaradəniz Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviridir. Əslən azərbaycanlı olan Həmid bəyin ata-babaları Borçalı bölgəsindəndir. Tale elə gətirib ki, sonralar Türkiyənin Qars vilayətinə köçüblər. Özünün dediyinə görə, ölkəmizə mətbuat müşaviri kimi göndərilməsində bu amil də müəyyən rol oynayıb. Azərbaycanda işləmək təklifi alanda məmnuniyyətlə razılıq verib. Biz də fürsət tapıb Həmid bəylə görüşdük, iki qardaş ölkənin media əlaqələri, səfirliyin mətbuat müşavirliyinin bu sahədə fəaliyyəti haqqında fikirlərini öyrənmək istədik.
 
   
   - Həmid bəy, gəlin, söhbətə medianın ümumi vəziyyətindən başlayaq. Sizcə, bu gün qloballaşan dünyada media insanların sürətli informasiya alma tələbatını ödəyə bilirmi?
   - Müasir dünyada insanlar mediaya çox yaxındır. Hər gün internet, televiziya və qəzetlərdən informasiya almaqla dünyadan xəbərdar oluruq. İndi dünyanın hər yerindən xəbər ala bilirsən. Belə bir şəraitdə informasiya texnologiyalarının gətirdiyi yeniliklərdən ən gözəl şəkildə yararlanaraq daha doğru-dürüst, daha səviyyəli xəbərləri ictimaiyyətə çatdırmaq vəzifəsini mətbuat yerinə yetirməlidir. İnsanları narahat edəcək xəbərlərdən uzaq, daha obyektiv, haqlara, hüquqlara xələl gətirməyən məlumatları vermək lazımdır. Əlbəttə, bir işi görərkən insanlara faydalı olmağı düşünməliyik. Bu baxımdan Azərbaycanda çalışmaqdan məmnunam. Təbii ki, Azərbaycan mətbuatının dövrün imkanlarından yararlanması üçün zamana ehtiyacı var. Ölkənizdə mətbuatın gələcək inkişafına inanıram.
   - Mətbuat müşaviri kimi fəaliyyətə başladığınız qısa müddətdə yerli qəzetlər, internet mediası nümayəndələri ilə görüşlər keçirmisiniz. İlkin müşahidələriniz Azərbaycan mətbuatı haqqında sizə nə deyir? Türkiyə mətbuatı ilə müqayisə etdikdə hansı fərqləri görə bilirsiniz?
   - Əlbəttə, Azərbaycanla müqayisədə Türkiyə mətbuatı uzun bir məsafə qət edib. Müasir mətbəələr, yüksək tirajlar və mətbuat ordusu ilə geniş imkanlara malik Türkiyə qəzetləri dünyanın hər yerinə müxbir göndərə bilir. Azərbaycan mətbuat təmsilçiləri ilə çox səmimi görüşlərimiz oldu. “Bir millət, iki dövlət” müdrik kəlamının mətbuat mənsubları üçün də nə qədər dəyərli olduğunu gördük. Biz də buradakı mətbuat nümayəndələrindən bu həssaslığı görüncə zaman-zaman qardaşlarımızın, dostlarımızın arzu və istəklərini nəzərə alaraq müxtəlif layihələr həyata keçirmək niyyətindəyik. Azərbaycan mediasının gözləntilərini yerinə yetirməkdə bir elçi rolunu oynayacağıq. İnanıram ki, bu qarşılıqlı mübadilə həm Azərbaycan, həm də Türkiyə mediasına çox şeylər qazandıracaq. Azərbaycan media nümayəndələri çox yaxşı niyyət sahibləridir, rahat danışıla bilən insanlardır. Onları iki ölkə arasında dostluğun inkişafında, qardaşlığın genişləndirilməsində könüllərini, ruh dünyalarını ortaya qoyacaq qədər səmimi görürəm. İnşallah, Türkiyə bu məsələdə azərbaycanlı qardaşlarımıza, media nümayəndələrinə bir sıra yardımlar edəcək. Burada olduğum müddətdə o da mənə bəlli oldu ki, Azərbaycanda elektron media çox böyük bir məsafə qət edib. Amma düşünürəm ki, qəzetlərin daha böyük tərəqqi etmələrinə ehtiyac var. Bu da yuxarıda qeyd etdiyim kimi, imkanların əldə olunmasına bağlıdır. İnanırıq ki, gənc və dinamik qardaş ölkəmiz mətbuatı lazım olan səviyyəyə qaldıracaq. Burada, təbii ki, dövlət-millət birliyinin nümunəsini görürük. Bu məsələdə mətbuatın üzərinə böyük vəzifələr düşür.
   - Sizcə, Azərbaycan-Türkiyə əlaqələrinin daha da yaxınlaşmasında, xəbərlərin obyektiv çatdırılmasında media nələr etməlidir?
   - Bizim hər zaman media olaraq doğrunu görmək, doğrunu söyləmək və doğrunu yazmaq kimi bir insani vəzifəmiz var. Eyni inancı, eyni mədəniyyəti, eyni adət-ənənələri paylaşırıq. Əlbəttə ki, bir sıra xəbərlər çatdırılarkən iki qardaş və dost ölkənin həssaslığına da çox diqqət etmək, incitməmək və inciməmək lazımdır. Yəni bəzən beynəlxalq mediadan Türkiyə ilə bağlı bir xəbər eşitdiyimiz zaman onu çox yaxşı araşdırmaq lazımdır. Türkiyə və Azərbaycanın dostluğunu, qardaşlığını istəməyən lobbilər, qruplar ola bilər. Bunun üçün xəbərin qaynağını dəqiq araşdırmaq, doğruluğu təyin edildikdən sonra şərh yazmaq lazımdır. Azərbaycan mətbuatının üzərinə düşən vəzifə onun haqqını, hüququnu qorumaq, Türkiyəyə söz söylətməmək, Türkiyə mətbuatının üzərinə düşən vəzifə də Azərbaycana yönəlmiş hər hansı yalan və iftiraya uymamaqdır.
   Bir neçə ay öncə Türkiyə ilə bağlı bəzi xəbərlərdə yanlış hərəkətlər, qaranı ağ, ağı qara göstərmək meylləri müşahidə olundu. Biz Azərbaycanı həmişə qardaşımız olaraq görürük. Təəssüf ki, bəzi dövlətlərin zərərli strategiyaları var. Amma biz türklər olaraq, nə olursa olsun, davranışlarımızla nümunə olacağıq. Biz sadəcə öz millətimizi deyil, digər millətləri də sevən xalqıq. Müharibələrdə belə əsir aldığımız insanlarla mərhəmətlə rəftar etdik. Çünki artıq savaş o anda bitib, əsir düşən insanı bir daha biz vura bilməzdik. Biz belə bir millətin övladlarıyıq. Keçmişi gələcəyə daşımaqla bağlı məqamlarda da bütün səylərimizi ortaya qoyacağıq. Əcdadlarımızla bütünləşərək yeni nəsillərə bu gözəl əcdadın mərhəmətini, insan sevgisini daşıyacağıq və burada da medianın üzərinə mühüm vəzifələr düşür. Ümumilikdə, bu xüsusiyyətləri Azərbaycanda da görürəm. Bu ölkə mənim üçün doğma, özümü məmnun hiss etdiyim bir məkandır. Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti, musiqisi, gənclərin milli geyimlərdə muğam söyləmələri məni çox təsirləndirdi və xoşuma gəldi. Media da bu sahəyə, bu səmimi inkişafa sahib çıxmalıdır. Gündəmi tutmalı, xəbəri obyektiv, daha dürüst çatdırmalıdır.
   - Bölgələrimizi gəzə bilmisinizmi? İlkin təəssüratlarınızı bilmək maraqlı olardı...
   - Azərbaycanı yaxşı tanıdığımı zənn edirdim. Amma bura gəldikdən sonra bunun heç də belə olmadığını dərk etdim. İndiyə qədər Azərbaycanı tarixi bilgilərlə tanımışam. Bakıda özümü ölkəmizdəki kimi hiss edirəm. Əslimiz Gürcüstanın Borçalı mahalındandır. Daha sonra Türkiyənin Qars vilayətinə köçmüşük. Elə ilk gündən burada səmimi, mehriban münasibətlər gördüm. Bu günə qədər bir neçə yerdə oldum və imkan olduqca gəzəcəyəm. Məsələn, Qubada, Xınalıqda sadə insanları gördüm. Onların səmimiyyəti məni heyran etdi. İnsanlar bölgələrdə öz saflıqlarını daha çox qoruyub-saxlaya biliblər. Qubadakı soyqırımı məzarlığı məni çox təsirləndirdi. Çox yaxşıdır ki, insanlar öz tarixlərinə hörmət edir, onu qoruyur, gələcək nəsillərə ötürürlər. Arzu edərdim ki, yaxın gələcəkdə nəqliyyat o qədər rahat olsun ki, türk vətəndaşları da bu bölgələri gəlib görsünlər. Eyni zamanda Azərbaycan vətəndaşları da Türkiyənin bütün tarixi ərazilərinə səyahət edə bilsinlər. Əlbəttə, bunun üçün vətəndaşlarımızda qarşılıqlı maraq oyandırılmalıdır ki, bu da medianın üzərinə düşür. Çünki insanlarımız bu tarixi, görməli yerləri təkcə tarix, coğrafiya kitablarını oxumaqla deyil, öz gözləri ilə də görməlidir.
   Məsələn, Bakıda diqqətimi çəkən məqamlardan biri də heykəllərdir. İnsanlar öz tarixlərini heykəllərdə yaşadır, öz uşaqlarına bu adamın kim olduğunu deyir, bununla tarix unudulmur, hər zaman xatırlanır. Bundan başqa Bakıdakı binalar, onların estetik görünüşü də çox xoşuma gəldi. Mənim doğulduğum Qarsda qədim abidələr, tarixi yerlər, eyni zamanda Kapadokyada Pəri bacaları kimi maraqlı yeraltı şəhər var. Türk xalqları bir-birilərinin ölkələrini daha yaxından tanımalı, bu yerləri görməli, dəyərləndirməlidirlər. Məşhur türk yazıçısı Peyami Safa deyirdi: “Bir milləti yox etmək istəsəniz, əsgəri istilaya lüzum yoxdur. Onun tarixini unutdurmaq, dilini pozmaq, dinindən soyutmaq və bir sözlə, mənəvi dəyərlərini, əxlaqını soysuzlaşdırmaq kifayətdir”. Beləliklə, vətəndaşlarımızın ölkələrimizdə görə biləcəyi, öyrənəcəkləri çoxlu yerlər var. Mən də öz növbəmdə burada olduğum müddətdə Türkiyə ilə Azərbaycan media əlaqələrinin, dostluğun genişləndirilməsinə çalışacağam.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar