Peşəkar
   
   
   “Bu, şair üçün də belədir, yazıçı üçün də, rəssam üçün də. Zəhmətsevərlik, əziyyətə qatlaşmaq isə bunlardan sonra gəlir”
   
   Öz sahəsində sayılıb-seçilən insanları təqdim etdiyimiz “Peşəkar” rubrikasının budəfəki qonağı Azərbaycan Dövlət Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri, Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü, professor Paşa Qəlbinurdur. Paşa Qəlbinur eyni zamanda geniş oxucu kütləsinin rəğbətini qazanmış şair, publisistdir. 
   Onunla çalışdığı özəl klinikaların birində görüşdük. Gözlərinə nur verməyə çalışdığı bir pasiyentin əməliyyatından təzəcə çıxmışdı. Bununla belə, otağının qarşısında onu gözləyənlər, nicat axtaranlar var idi. İşinin bu qədər çox olmasına rəğmən peşəkar cərrahla vaxt tapıb söhbətləşə bildik...
   
   - Paşa müəllim, öncə peşəkarlıqdan başlayaq. Sizin aləminizdə peşəkarlıq meyarı nədir?
   - Peşəkarlığa müxtəlif tərəflərdən yanaşmaq olar. Əgər empirik yanaşsaq, peşəkarlıq uca dağı fəth etmək, görünməyənləri görmək, bilinməyənləri bilmək deməkdir. Burada fizika qanunları ilə bir uzlaşma da var. İnsan nə qədər yuxarı, əlçatmaza doğru qalxırsa, görüş və bilik dairəsi bir o qədər böyüyür, aydınlaşır. Təsadüfi deyil ki, türklər elmli insanlara “aydın” deyirlər. Bu fikirdə, anlayışda, görüşdə aydınlıq deməkdir. Yəni, həm aydın görə bilir, həm də dərk edə. Bunun üçün də gərək mütləq həmin peşənin zirvəsini fəth edəsən ki, hər şey gün üzünə çıxsın, aydınlaşsın. Peşəkarlıq məhdudiyyətləri sevmir. Bu səbəbdən peşəkarlığa həm də mükəmməllik kimi baxıram. Məsələn, Leonardo da Vinçiyə siz peşəkar rəssam kimi baxa bilərsiniz və haqlısınız da. Amma mən ona mükəmməl şəxsiyyət kimi baxıram. Onun şəxsiyyəti bir neçə sənətin və elmin sintezi idi. Bu, beş zirvəni eyni anda fəth etmiş insanın ortaya qoyduğu sənətdir. Onun rəssamlıqdakı gücü bir neçə elmə vaqif olmasında idi. O, bu elmləri çox mükəmməl şəkildə çəkdiyi rəsm əsərlərində əks etdirə bilirdi. Məsələn, onun “Cokonda”sında qoyduğu sirlərin hamısı elmi sirlərdir ki, bu gün də öyrənilir. Ona görə də mənim üçün əsas peşəkarlıq meyarı elmdir. Füzuli də deyirdi, “elmsiz şeir özülsüz divar kimidir”. Hər bir yaradıcı insanın bulaq təki qidalana biləcəyi əsas mənbə elmdir. Ancaq bununla bahəm, mütləq ilham olmalıdır, seçdiyi sahəyə aşiqlik, vurğunluq olmalıdır. Bu, şair üçün də belədir, yazıçı üçün də, rəssam üçün də. Zəhmətsevərlik, əziyyətə qatlaşmaq isə bunlardan sonra gəlir, mənim aləmimdə.
   - Belə çıxır ki, siz oftalmologiyanın vurğunusunuz. Şeriyyat, yazıçılıq ondan sonra gəlir...
   - Şeriyyat, şairlik əslində daha əvvəl gəlib, mənimlə doğulub. Bir şeirimdə var bu haqda. “Anam məni şair doğub, sonra həkim olmuşam”. Obrazlı desək, şairlik məni seçib, mən isə oftalmologiyanı. İlk şeirimi 13 yaşında yazmışam, ancaq mən ondan əvvəl də şair idim. Şeir yazmasam da, hadisələrə, təbiətə, insanlara baxışım poetik, şairanə olub. Bu yaradıcılıq şeirlə başlayıb, getdikcə, belə desək, ətə-qana dolub, elmləndikcə sanballaşıb. Ancaq elə an yetişdi ki, artıq öz seçimimi etməli oldum. O vaxt mən oftalmologiyanı seçdim. Əslində seçdiyim sahənin özündə də poetiklik var. Oftalmologiya təbabətin poeziyasıdır, göz bədənin şeriyyatıdır. Sonra illər keçdikcə oftalmologiya da mənim beynimdə, qəlbimdə, ruhumda böyüyüb, ətə-qana doldu, bu iki sahə - şeriyyat və həkimlik qovuşdular, daima qarşılıqlı təmasda oldular.
   Daha sonra bunlara elm və fəlsəfə də qarışdı. Bu qarışıq mənə yeni üfüqlər açdı, başladım esselər yazmağa. Bu janrın Azərbaycan ədəbiyyatında ənənəsi yoxdur, əsasən Qərb ədəbiyyatına xas olan istiqamətdir. Bu yaxınlarda mənim 22 ildə yazdıqlarımdan ibarət esselər kitabım işıq üzü gördü. Kitaba bütün yazdıqlarımı deyil, ayaq tutub yeriyə biləcək, yaşamaq hüququ qazanacaq esselərimi cəmlədim. Daha sonra məqam gəldi ki, özümü dünya ədəbiyyatının başqa bir janrında - miniatür roman istiqamətində sınadım. Bu janrın özəlliyi böyük mövzunun miniatürləşdirilməsi, obrazlı desək, almazın işlənib saflaşdırılaraq brilyanta çevrilməsidir. Mən ilk Azərbaycan miniatür romanı olan “Qara su”nu yazdım, 2009-cu ildə Moskvada çap olundu. İsraildən, Avropadan, Amerikadan məktublar aldım, böyük əks-səda doğurdu. Daha sonra isə bu janrda daha kiçik “Göz dağı” romanını qələmə aldım. Bir misralıq şeirləri də Azərbaycan ədəbiyyatına ilk dəfə mən gətirdim. İki misralıq şeirlər olub, ancaq mən ikini birə endirdim və yaxşı da qarşılandı. Amma söhbət yığcamlıqdan gedirsə, bunu ədəbiyyata mən gətirməmişəm. Min il əvvəl Ömər Xəyyam da yığcam yazırdı. Yığcam yazmağa həm də oxucuların vaxtına hörmət kimi yanaşıram. İndiki dövrdə, həqiqətən də, oxumağa o qədər də vaxt qalmır.
   - Bir qədər səhiyyədən, daha doğrusu, sağlamlıq turizmindən danışaq. Artıq sağlamlıq ayrıca bir turizm sahəsinə çevrilib. Ancaq çox təəssüf ki, bu gün insanımız sağlamlıq dalınca bəzən xaricə üz tutur. Biz nəyi düz etmirik?
   - Mən bu suala bir qədər poetik cavab vermək istəyirəm. Bizim bir atalar sözümüz var, “su axar, çuxurunu tapar”. Çuxur da asan gedilən yerdir, məmnun qalınan yerdir. Bu tibb sahəsində də belədir. Sağlamlığına qovuşmaq istəyən pasiyent onun üçün ən rahat, ən əlverişli, məkanı axtarır. Demək ki, burada tapa bilmədiyini İranda, Türkiyədə, başqa ölkədə tapır ki, oraya üz tutur. Burada yenə də iş gəlib sizin mövzuya - peşəkarlığa dayanır. Hər bir sahədə mütləq yüksək professionallıq, peşəkar yanaşma olmalıdır. Məsələn, bu gün istirahət üçün bütün dünyadan Türkiyəyə gəlirlər. Turizm sektoru “buyurun, baş üstə, arzunuz, istəyiniz nədir”lə idarə olunan xidmət sahəsidir. Bu qədər sadə bir peşəni peşəkarcasına görməklə böyük gəlirlər əldə edirlər. Niyə? Çünki peşəkar yanaşırlar, qüsursuz xidmət göstərirlər. Səhiyyə də xidmət sahəsidir. İndi insanlar dincələrək, istirahət edərək sağlamlıqlarına qovuşmaq istəyirlər. Azərbaycanda peşəkar insanlar var, ancaq sayı azdır. Məncə, əsas çatışmayan cəhət peşəkar yanaşmadır, ixtisaslı kadrdır. Bu gün ən müasir avadanlıqlar ölkəyə gətirilir. Onlarla düzgün davrana bilirikmi? Professionallığımız yetərlidirmi? Kadr məsələsinə diqqət ayırmalıyıq. Ən gec və baha başa gələn məhz peşəkar kadr hazırlığıdır. Amerikalı alimlər hesablayıblar ki, bir insanın hər hansı sahədə mütəxəssis olması üçün ən azı 20 il vaxt lazımdır. Yenə poetik nümunə göstərəcəyəm. Yazdığınız bir şeiri rəy almaq üçün birinə verirsiniz. İlk öncə həmin şəxs bilməlidir ki, bu şeirdi, yoxsa qafiyəli nəsr. Təkcə bunu bilmək üçün 10 il şeir oxumaq lazımdır. Qızılla müqayisə etsək, əsərin əyarını deməsi üçün onu oxumalı, təhlil etməlidir, vəzni, qafiyəni, janrı bilməlidir və bunun üçün də bir 10 illik təcrübə lazımdır. Beləliklə, tibbi dildə ifadə etdikdə isə, bir şeirə diaqnoz qoymaq üçün 20 il vaxt lazımdır. Digər sahələrdə bu müddət daha da uzundur. Xaricdə həkim və hüquqşünasların təhsil müddətinin çox olması da məhz həmin sahələrin dərinliyi ilə əlaqədardır. Məncə, peşəkarlığı artırmaqla bu sahədə üzləşdiyimiz problemləri aşa bilərik.
   - Bizdə böyük oftalmologiya ənənəsi olub. Bəs bu sahədə indiki vəziyyət sizi qane edirmi? Son zamanlar eynəklərdən azad olmaq üçün bir çox əməliyyatlar edilir. Bunlar nə dərəcədə effektivdir?
   - Azərbaycan oftalmologiyası bəxtli, taleli sahə olub, sovet dövrü ideologiyasının mənfi təsirindən uzaqda qala bilib. O dövrdə elm sahələrinin taleyi tək-tək adamların əlində olurdu. Bu da həmin sahələrin ya inkişafına, ya da tənəzzülünə gətirib çıxarırdı. Məsələn, sovet ideologiyası genetikanın inkişaf etməsinə mane oldu. Dissertasiyaları ləğv etdilər, on illərlə elmi araşdırmalar aparılmadı. İndi də bu sahə özünə gələ bilməyib. Ürək cərrahiyəsi də eyni aqibəti yaşadı. SSRİ-nin səhiyyə naziri Petrovski ürək əməliyyatlarının əleyhinə idi, dərmanlarla müalicəni daha effektiv sayırdı. Ancaq oftalmologiya sahəsinə toxunan olmadı. Bizim sahənin başında duran Elmlər Akademiyasının müxbir üzvü Ümnisə xanım Musabəyli idi. Daha sonra onun tələbələri - akademik Zərifə xanım Əliyeva, Zəhra xanım Quliyeva bu sahəni daha da inkişaf etdirdilər. Onlardan sonra biz üçüncü nəsil gəldik.
   Azərbaycan oftalmologiyasının indiki durumu da kifayət qədər yaxşı vəziyyətdədir. Səhiyyə sahəsində dünya ilə ayaqlaşan az-çox sahələrdən biri də oftalmologiyadır. Biz bu sahədə dünyada gedən proseslərdən arxada deyilik və hətta bəzi məqamlarda öndəyik. Məsələn, mənim “Musayev üsulu”m var ki, qlaukomada bütün dünyada tətbiq olunur. O ki qaldı eynəkdən azad olunma ilə bağlı əməliyyatlara və geniş reklam olunmasına, mən bu məsləyə bir o qədər də müsbət yanaşmıram. Bu sadəcə müalicə üsullarından biridir. Bir müalicə üsulunun da kütləvi tətbiqi yolverilməzdir. Hər kəsə bu cür lazer əməliyyatlarının edilməsini yanlış hesab edirəm. Daha bir narahatedici məqam isə xaricdən dəvət olunmuş həkimlərin təmtəraqlı təbliğatıdır. Həmin şəxsin öz ölkəsində nə qədər uğurlu bir cərrah və ya həkim olduğunu bilmədiyimiz halda, onu Azərbaycan cəmiyyətinə az qala sehrli çubuğu olan bir şəxs kimi təbliğ edirik. Bu olduqca yanlışdır.
   
   Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar